beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsti havalarda necə yatmalı?

Son günlər Britaniyada havaların kəskin isti keçdiyi müşahidə olunur.
Hazırkı hərarət son 8 ildə görünməyib.
Adətən soyuq və yağışlı ölkədə günəşli və isti hava xoşagələn olsa da, öz problemləri var.

Məsələn, gecələr yatmaq çətin olur.

Britaniya Meteoroloji Ofisi xəbər verir ki, qarşıdan gələn günlərdə temperatur enməyə başlayacaq, lakin rütubət xeyli yüksək, 60-80 faiz civarında qalacaq.
Rütubət problemin əsas hissəsidir, beləki o tərin buxarlanmasına mane olur.
Tər içində yuxuya getmək xeyli müşkül məsələyə çevrilir.
Britaniyadan fərqli olaraq ABŞ-da kondisionerlərdən istifadə geniş yayıldığı üçün isti və rütubətli hava yatmaq istəyənlərə problem yaratmır.
Hava eksperti Philip Eden yaxşı yuxu üçün Aralıq dənizi ölkələrində geniş istifadə edilən üsulları məsləhət görür.

Ekspert deyir ki, gündüz saatlarında Günəş şüalarının otağa düşməsinin qarşısını almaq üçün pərdələri örtmək lazımdır.
Evin kölgəli tərəfində pəncərələri açıq, günəşli tərəfində isə qapalı saxlamaq məsləhətdir. Beləliklə, gün ərzində bəzi pəncərələr və pərdələr açılır, digərləri isə qapadılır.
Lakin pəncərələri açıq saxlamaq heç də həmişə mümkün olmur. Oğurluq, müxtəlif həşərat və ağcaqanadlar da daxil müxtəlif təhlükələr nəzərə alınmaqla bəzi pəncərələri daim qapalı saxlamaq lazım gəlir.

Ventilyator

London İmperiya Kollecinin yuxu və tənəffüs fizilogiyası professoru Mary Morrell hesab edir ki, elektrik sərinkeşləri yaxşı yatmaq üçün ağlabatan vasitədir.
Sərinkeş otaqdakı havanı hərəkətdə saxlamaqla tərin buxarlanmasına yardım edir.

Xanım Morrell hesab edir ki, yataq üçün neylon kimi örtüklərdən yox, pambıqdan hazırlanmış yataq dəstlərindən istifadə etmək məsləhətdir.
Pambıq dəstlər neylondan fərqli olaraq təri çəkir və insanın bədənini quru saxlayır.

O həmçinin ağcaqanadlardan qorunmaq üçün pəncərələrə tor çəkilməsini məsləhət görür.
Lakin Lafboro Universitetinin Kliniki Yuxu Tədqiqat bölümünün direktoru, professor Kevin Morgan bildirir ki, rütubət və həşəratlar yuxunun baslıca düşməni deyil.
Onun fikrincə, isti havalarda yatağa uzanan insanın ruhi və fiziki durumu müxtəlif ola bilər.
Məsələn, kimsə qədərindən artıq alkoqol qəbul edib, kimi isə cari işlərlə əlaqədar narahatlıq keçirir.

Alkoqol yuxu gətirirmi?

"İsti havalarda yatağa girirsən və yuxuya gedə bilmirsən, - deyir professor Morgan, - sizi yuxuya getməyə qoymayan düşündüklərinizdir. Yatağa uzanarkən işdə qabağa çəkilməməyinizin səbəbləri barədə düşünməyin. Bu yuxusuzluq üçün ən yaxşı dərmandır".

"Əvəzində qalxın, qəzetdən-zaddan oxuyun, ya da başqa iş görün. Amma kompüteri işə salmayın və emailləri yoxlamayın" – deyir professor.
Əgər bu sizin normal adətiniz deyilsə, bir qədəh gecə içkisinə əl atmayın, o deyir.
"Əgər siz yatmazdan əvvəl bir-iki qədəh şəraba adət etmisinizsə və bu kömək edirsə, qoy olsun, - deyir Morgan, - yox əgər belə bir adətiniz yoxdursa, bunu etməyin. Alkoqol yaxşı yuxu gətirir, lakin uzunmüddətli yaxşı yuxuya kömək etmir".

Professorun fikrincə, yatmazdan qabaq soyuq duş da yaxşı ideya deyil. Soyuq duş əvvəlcə sizə ləzzət verəcək, lakin dərinizdəki məsamələri qapayacaq, az tərləyəcəksiniz. Duş qəbul etmək istəyirsinizsə, bunu ilıq su ilə edin.
Başlıcası budur ki, yuxusuzluqdan narahat olmayın. İki gecə az yatmaq sağlam adamlara o qədər də ziyan vurmur.
"İki yuxusuz gecədən sonra, o qədər yorğun olacaqsınız ki, havadan asılı olmayaraq yuxu özü gələcək" – deyir Morgan.


Tarix: 08.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Saglamliq