Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxu pozğunluğu

Alimlər müəyyən etmişlər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır.
Yuxu pozğunluğunu somnologiya elmi öyrənir. Somnoloqların fikrincə, yer kürəsi əhalisinin 8-18%-i müxtəlif cür yuxu pozğunluğundan əziyyət çəkirlər. İri şəhərlərdə əhalinin 40%-i bu problemlə üzləşir.
Daha tez-tez rast gəlinən yuxu pozğunluqları hansılardır?

İlk növbədə yuxsuzluq. Onun əsas səbəbi isə stress və nevrozlardır. Kişilərə nisbətən qadınlar yaşlı dövrdə yuxusuzluqdan daha çox əziyyət çəkirlər. Stitistikaya görə, daha az yatanlar hüquq sahəsində çalışanlar, təhsil, incəsənət və mədəniyyət işçiləridir.
Bundan başqa, düzgün olmayan udma sindromu, tənəffüsün dayanması, qəribə yuxu görmələr, xorultu normal yuxuya təsir edən amillərdir.


Yuxunu normallaşdırmaq üçün nə etməli?

Bunu təkcə yuxu gətirici dərmanlarla deyil, davranışda bəzi sadə qaydalara əməl etməklə əldə etmək olar. Həkimlər məsləhət görürlər ki, sabit gündəlik rejim yaratmaq üçün hər gün eyni vaxtda yatıb durmaq lazımdır. Gecə gəzintisi və duş qəbul etmək kömək edir. Yatmazdan heç olmazsa 3 saat əvvəl şam etmək olar. Rahat yataq və xüsusən balış vacib şərtlərdəndir. Onun qalınlığı təxminən sizin çiyninizin eninə bərabər olmalıdır. Hazırkı sintetik materiallardan olan müasir balışlar havanı buraxır, nəmi özünə çəkir, formasını saxlayır.
Deyirlər: «kim gecəni pis yatırsa, səhər onun əhvalı daha pis olur». İnsan bir neçə gün yuxusuz qaldıqda sanki ayaq üstə yatır. Bu çox təhlükəlidir. Xüsusilə texniki işçilər, sürücülər üçün.
İnsan həddəindən artıq yuxulu olduqda həkimlər, heç olmazsa, 15-20 dəqiqəlik gündüz yuxusu məsləhət görürlər. Bəzən bu, gecə yuxusuna nisbətən daha çox effekt verir.
Alman alimi Peter Akst hesab edir ki, gündüz vaxtı gərgin fiziki işdənsə, passiv istirahət daha faydalıdır. Gərgin fiziki iş yaddaş pozğunluğu və daha tez qocalmaya gətirib çıxarır. Alim boş qalan vaxtın bir hissəsini məhz yatmaq, heç olmazsa uzanmağı məsləhət görür.
Gecə yuxusuna təsir edən amillərdən biri də xorultudur. Yaşı 40-ı keçmiş kişilərin 70%, qadınların 20%-i xorultudan əziyyət çəkirlər. Adətən yüksək çəkili insanlar bu problemlə üzləşirlər. Əsas səbəb yumşaq damaq əzələlərinin tonusdan düşməsidir. Yaş artdıqca onların sallanması, yuxuda isə dilin də sallanması, üstəlik hava axınının təsirindən yumşaq damaq toxumalarının əsməsi başlayır və müxtəlif cür səslər çıxır. Bundan azad olmağın bir neçə üsulları var.
Yuxuya təsir edən başlıca amillərdən biri də yuxu hormonu melotoninin sintezidir. O, orqanizmdə digər endokrin vəzilərin fəaliyyətinə də təsir göstərir. 25 yaşından sonra orqanizmdə onun sintezi azalır.
ABŞ-da yuxu hormonunun rolu öyrənilmiş və bir neçə cür dərman formasında istehsal edilir. Lakin bəzi alimlər hesab edirlər ki, insanlar yuxugətirici dərmanlarla ehtiyatlı olmalıdırlar. Onlar əvvəlkilərdən fərqli olaraq, daha az təsir göstərirlər. Lakin imtina etmək daha tezdir. Çünki pis yuxu insult, infarkt, hipertoniya və digər ciddi xəstəliklərə yol açır.
Yuxu ilə bağlı maraqlı hadisələr

Kaçalkin adlı bir şəxs 1898-ci ildə yuxuya getmiş və oktyabr inqilabından sonra ayılmışdır. Norveçli Avqusta Makqir cavan qız ikən 22 il yatmışdır. Oyandıqdan sonra isə sürətlə qocalmağa başlamış və cəmi 5 il yaşamışdır. Kanadalı Makgir cavan qız ikən 40 il yatıb.
Böyük Britaniya sakini Con Mur 30 ildir ki yatmır. İsveçli Olaf Eriksonun keçirdiyi qrip xəstəliyindən sonra yuxusu çəkilmiş və o, 46 ildir ki yatmır. Alimlər hesab edirlər ki, bu cür hallar baş beyində olan yuxuya cavabdeh mərkəzdəki pozğunluqla əlaqədardır.
Alimlər yuxu pozğunluğunu tənhalıqla əlaqələndirirlər

Araşdırmanı Çikaqo Universitetindən Liann Karinanın rəhbərliyi ilə bir qrup mütəxəssis aparıb. Onların işi ilə bağlı hesabat "Sleep" jurnalında dərc olunub.
Tədqiqatda ABŞ-ın Cənubi Dakota ştatının 95 sakini iştirak edib. Könüllülər arasında orta yaş həddi 40-a yaxın təşkil edib. Alimlər onlara tənhalıq, depressiya, narahatlıq və stresslə bağlı bəzi suallar veriblər, eləcə də onlardan yuxunun keyfiyyətini və gündüz saatlarında yuxusuzluqla bağlı subyektiv fikir söyləməyi xahiş ediblər.
Bundan əlavə, həftə ərzində bütün iştirakçılar biləklərinə xüsusi qolbaq taxıblar. Bu elektron qurğunun köməyi ilə tədqiqatçılar yuxunun davamlılığını ölçüblər, həmçinin yuxu fazalarının dəyişməsini və gümrahlığı qeydə alıblar.
Alimlər aydınlaşdırıblar ki, özlərini tənha hiss edən iştirakçılar gecələr başqalarına nisbətən daha tez-tez yuxudan ayılırlar. Bu zaman qəfildən oyanmaların tezliyi birbaşa yalqızlıq hissinin ifadə olunmasından asılı olub. Bu hissin yuxunun davamlılığı və ya onun keyfiyyətinin subyektiv qiymətləndirilməsi ilə heç bir əlaqəsi aşkar olunmayıb.
Karinanın sözlərinə görə, yuxu pozğunluğuna sosial təcridin şəxsi qavranışı səbəb olur. O, sonda qeyd edib ki, tədqiqatın nəticələri sosial və psixoloji amillərin insan sağlamlığına təsirini sübut edir.


Tarix: 10.01.2013 / 13:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 628 Bölmə: Saglamliq
loading...