beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmişə cavan qalmağın sirrləri

Söhbət açacağımız mövzu insanlar üçün daim aktualdır: həmişə cavan qalmaq arzusu... İnsanlar üçün bu əzəli və əbədi arzuya nail olmaq üçün davamlı olaraq müxtəlif tədqiqatlar aparılmaqdadır. Bəşər övladı hələ ki həmişə cavan qalmağa nail olmağın yollarını tapa bilməyib, amma uzun ömür sürmək mümküdür. Uzun ömürlü insanların təcrübəsini diqqətlə öyrənən mütəxəsislər həyatı uzatmağı mümkün sayırlar.

Məşhur uzunömürlülər

Alimlər belə hesab edirlər ki, insana genetik olaraq 150 il yaşamaq təminatı verilsə də, hazırda bəşər övladının ömrü xeyli qısadır. İndi dünyada yetmiş yaşından sonrakı dövr qocalıq sayılır. Halbuki, uzunömürlülüklə bağlı məsələləri araşdıran alimlər-herentoloqlar 80-90 yaşdan sonrakı dövrün əsl qocalıq zamanı olduğunu iddia edir, hətta 200 il yaşamağın mümkün ölduğunu söyləyirlər. Onların fikrincə, insan ömrü sağlam keçibsə, o, qocalanda da fiziki işlə məşğul olmağa qadirdir.
Aparılan müşahidələr göstərir ki, insan ömrünün müddəti ayrı-ayrı tarixi dövrlərdən və ictimai-iqtisadi şəraitdən çox asılıdır. İndiyədək dünyada 150 ildən artıq ömür sürmüş xeyli adam tarixə düşüb. Məsələn, 1724-cü ildə Macarıstanda Ksartel adlı bir nəfər 185 yaşında vəfat edib. Onun oğlunun o vaxt 95 yaşı varmış. İngiltərədə Tomas Parr adlı kəndli 152 il yaşayıb. O, 120 yaşında təkrar evlənibmiş. Con Rovel adlı macar öz arvadı Sara ilə 147 il birlikdə ailə həyatı sürüb. Azərbaycanan Lerik rayonundan olan Şirəli Müslümov isə 168 il yaşayıb. Onun atası 110, anası 90 il ömür sürüb. Maraqlıdır ki, Şirəli Müslümov 136 yaşı olanda 57 yaşlı bir qadınla evlənib və onların qızı dünyaya gəlib.

Ömrün uzadılmasına cəhdlər

Ömrün uzadılması və sağlamlığın qorunması istiqamətində daim müxtəlif yollar axtarılıb, cürbəcür vasitələrdən istifadə edilib.
Qədim misirlililər və romalılar ömrü uzatmaq ümidilə böyük miqdarda sarımsaq yeyirdilər. Yəhudilər isə belə hesab edirdilər ki, zəifləmiş qoca kişilərin cavan qızlarla təmasda olması, yaxınlıq etməsi onları cavanlaşdırır və ömrünü uzadır.
115 yaşında ölmüş romalı Hermippaus qadın məktəbində müəllim işləyib və məhz cavan qızlarla daima ünsiyyətdə olması onun uzun ömür sürməsinə səbəb olub.
Qədim dövrlərdə səhhəti yaxşılaşdırmaq və gümrah qalmaq üçün bəbir ödündən və pələngin cinsiyyət vəzilərindən alınmış ekstratatlardan da istifadə ediblər. O zamanlar cavan qalmaq üçün qancıq və ya qadın südü içir, güclü olmaq üçün gürzə əti, ayı iliyi yeyirdilər. Şərq aləmində isə məsələyə baxış başqa cürdür. Hesab edilir ki, insanı üç şey cavan saxlayır: hər səhər hamamlanmaq, hər səhər ac qarına bir alma yemək və aktiv cinsi fəaliyyətdə olmaq. XVIII əsrin məşhur alman professoru Qufeland bütün başqa yeməklərdən daha çox bitkilərdən hazırlanmış qidalardan istifadənin uzun ömür sürməyə imkan verdiyini vurğulayıb. Alimin fikrincə, ət xörəkləri daha çox çürümə və zəhərlənmə verir, bitki xörəkləri isə əksinə, çürümənin qarşısını alır. XX əsrin 20-ci illərində məşhur alim A.Malinovski ömrü uzatmaq və qocaları cavan saxlamaq üçün onlara uşaqlardan, yeniyetmələrdən qan köçürməyi təklif edib. Amerikanın bəzi laboratoriyalarında Malinovskinin üsulu tədqiq edilib və cavan heyvanlardan qoca kişilərə ilik köçürülməsi əməliyyatları keçirilib. İnsanların ömrünü uzatmaq problemilə rumın həkim Anna Aslan da məşğul olub. Onun 1948-ci ildə kəşf etdiyi «hepovital» adlı preparat bir müddət cavanlaşmaq arzusunda olanların diqqətini özünə cəlb edib. Düzdür, dəri altına vurulan bu dərman insanları müəyyən müddətə saç ağarmasından, karlıqdan, impotensiyadan xilas edə bilib. Lakin sözügedən dərman preparatı insanları qocalmaqdan xilas edə bilməyib. Yapon ailimi Nişi isə insanı cavanlaşdırmaq üçün başqa bir üsuldan istifadəni məsləhət görüb. O, cücərmiş buğda yemək və özünün müəyyənləşdirdiyi Nişi qaydalarına riayət etmək təklifini irəli sürüb. Alim cücərmiş buğanın orqazimdə «cavanlıq hormonu» əmələ gətirdiyini qeyd edib. Cücərmiş buğda yemək yaşlı adamlarda saçları qaraldır, sıxlaşdırır, görmə qabilliyyətini yaxşılaşdırır, dişləri bərkidir. Belə buğdanı yeməyə başlayandan iki həftə sonra orqanizmdə sağlamlıq vəziyyəti yaxşılaşmağa başlayır.

Heç bir tənbəl uzun ömür sürmür

Sübut olunub ki, insan həyatda iki şey haqqında yalnız onları itirdikdən sonra heyfsilənir. Bunlar sağlamlıq və cavanlıqdır. Adətən cavanlığın qocaldıqda, sağlamlığın isə xəstələndikdə qədri bilinir. Maraqlıdır ki, bütün insanlar çox yaşamağı, qocalmaq istəməməyi arzu etsələr də, heç də hamı sağlamlığının qayğısına qalmır. Halbuki, düzgün olmayan yaşayış tərzi, sağlamlığın qayğısına qalmamaq erkən qocalmaya səbəb olur. Buna görə də əbəs yerə deyilməyib ki, uzun ömrün təməlini cavanlıqda qoymaq lazımdır.
Alimlərin fikrincə, insan ömrünü artıran amillərdən biri əməkdir. Əmək sağlamlıq mənbəyi, həyat üçün həvəs və maraq oyadıcı şərtdir. Bekarçılıq, işsizlik zamanı orqanizm kifayət miqdarda hərəkət etmədiyi üçün onun qüvvəsi zəifləyir, bu da xəstələnməyə, erkən qocalmaya səbəb olur. Məşhur alman həkimi Qufeland sübut edib ki, heç bir tənbəl uzun ömür sürmür. Əməklə sağlamlıq bir-biri ilə sıx əlaqədardır. Əmək qocaların həyatında da başlıca rol oynayır. Azərbaycanın Lerik rayonunda 152 il yaşamış Mahmud Eyvazov əməklə bağlı maraqlı ifadə işlədib: «Mən əməyi bizim dağların havası, öz uşaqlarımı və nəvələrimi sevdiyim kimi sevirəm».
Qədim loğmanlardan biri sağlam olmaq üçün üç şeyi - dəryazla ot çalmağı, oraqla taxıl biçməyi və balta ilə odun doğramağı məsləhət görüb.
Əməyin və əməkdən sonra düzgün istirahət etməyin böyük əhəmiyyəti var. Zehni əməklə məşğul olan şəxs yorulduqda bunu fiziki əməklə əvəz etməlidir. Məsələn, Lev Tolstoy zehni əməkdən sonra ot çalmağı sevirmiş. Mendeleyev asudə vaxtlarında çamadan düzəldirmiş.

Yuxu, qida, mənəvi rahatlıq...

Sağlamlıq üçün yuxunun da böyük əhəmiyyəti var. Sağlam adam sutka ərzində 7-8 saat yatmalıdır. Qida rejimi də sağlamlıqda xüsusi rol oynayır. Məşhur azərbaycanlı həkim Əlfəddin Abdullayev gündə 4 dəfə yeməyi məsləhət görür. Onun fikrincə, tələsik yemək yeyən zaman danışmaq və oxumaq olmaz. Xörəyi çox isti və soyuq yemək də ziyanlıdır. İstiot, sirkə və bu kimi tünd ədviyyat az işlədilməlidir. Yeməkdən dərhal sonra su və çay içmək məsləhət görülmür. Çünki maye mədə şirəsini durulaşdıraraq onun həzmetmə qabiliyyətini azaldır. Çox yemək sağlamlığa pis təsir göstərir, piylənməyə səbəb olur. Bu da müxtəlif xəstəliklər əmələ gətirərək erkən qocalmanı sürətləndirir.
Ə.Abdullayevin fikrincə, sağlamlığa pis təsir göstərən amillərdən biri də ruhi sarsıntıdır. Yersiz deyilmiş hər sözün, təhqir olunmağın, qəfil bəd xəbərin nəticəsində ruhi sarsıntı yaranır. Kəskin ruhi sarsıntı infarkta gətirib çıxarır. Uzun ömür sürməkdə ailə xoşbəxtliyinin rolu az deyil. Bədən tərbiyəsi, idman da ömrü uzadan başlıca amillər sırasına daxildir. Siqaret və spirtli içkilər isə qocalmanı sürətləndirir. Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov təbii mühitin insanın tez və ya gec qocalmasına xüsusi təsir göstərdiyi qənaətindədir. Onun fikrincə, son illər ölkəmizdə havanın, suyun, torpağın çirklənməsi insanların səhhətinə mənfi təsir göstərir, ömrün azalmasını sürətləndirir.

«Rekordlar Kitabı»na düşə biləcək uzunömürlülərimiz

Beynəlxalq herentologiya təcrübəsinə əsasən, 90 yaşına çatmış insanlar uzunömürlü hesab olunurlar. Ölkəmizdə isə belə insanların sayı ildən-ilə azalır. İnkişaf etmiş əksər ölkələrdə həyatının bu mərhələsinə çatan yaşlı nəslə diqqət və qayğı vacib məsələlərdən biridir. Məsələyə ideoloji baxımdan yanaşan bəzi dövlətlərdə uzunömürlülər hətta unikal insanlar kimi təbliğ olunur. Məsələn, Türkiyə məhz bu ölkədə yaşayan 122 yaşlı Səhər Bulut sayəsində adını Ginnesin «Rekordlar kitabı»na yazdırdı. Hazırda Azərbaycanda türkiyəli Səhər nənədən də uzunömürlü insanlar var və onlar dünyanın ən yaşlı sakinləri kimi Ginnesin «Rekordlar kitabı»na düşməyə haqlıdırlar.
Amma Azərbaycan hələ ki, belə unikal vətəndaşlarından ideoloji məqsələr naminə istifadə etməyi bacarmır. Onlara ölkə daxlində ayrıca güzəştlər ya da xüsusi müavinətlərin verilməsi isə müzakirə olunmur. Tarixən uzunömürlülər ölkəsi kimi tanınan Azərbaycan indi yaşı 100-dən yuxarı vətəndaşlarının sayına görə öyünə bilmir. Son 20 ildə baş verən sosial-iqtisadi, ekologi dəyişikliklər, Qarabağ müharibəsi ölkəmizdə uzunömürlülərin sayının azalmasına təsir göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1989-cu ildə keçirilən sonuncu siyahıyaalınma zamanı Azərbaycanda 2639 uzunömürlü olub. Lakin ötən əsrin 90-cı illərindən sonra uzunömürlülərin sayı sürətlə azalmağa başlayıb.


Tarix: 10.01.2013 / 13:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 686 Bölmə: Saglamliq