Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şair Məmmədhüseyn

Həyatı
Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır.

Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir. Deyilənə görə ucaboylu, qədd-qamətli, iri gövdəli adam olub. Qalın çatma qaşları ona xüsusi yaraşıq verərmiş. Əkinçiliklə, maldarlıqla məşğul olub.

Şair Məmmədhüseyn 1880-ci ildə qabaqcadan özünə agah olmuş olan ilan çalması nəticəsində doğma Daşkənd kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.

Yaradıcılığı
Onun məşhur "Məhəbbət dastanı"ndan başqa gəraylı, qoşma, təcnis, müxəmməs və divani şeir növündə yazılmış yüzlərlə şeri vardır. Divani şəklində yazdığı şeirləri də çox məşhur olan Məmməd Hüseyn o dövrdə yüksək mənsəb tutanlara həcvlər yazdığı üçün daim təqib edilmişdir. Şair Məmmədhüseynin çoxlu dini şeirləri, mərsiyələri Şirvanda və Muğanda mərsiyəxanalar tərəfindən oxunur. "Xəbər al deyim" qoşması demək olar ki, Azərbaycanın hər yerində hamının dillər əzbəridir. Şeirlərində bəxtindən, sevgilisindən və zəmanəsindən şikayət edən Hüseyn yazdığı dördlüklərdən birində deyir:

İgidin dönməsin əhdi,
Yana çevrilməsin təxdi,
Məmməd Hüseynin bəxdi,
Yatıb, oyanmaz, oyanmaz.

Şair Məmmədhüseyn XIX əsr Göyçə aşıqları və el şairləri içərisində seçilən görkəmli sənətkarlardandır. Haqqında bir çox kitablarda, eləcədə dərsliklərdə şeirləri çap olunmuşdur. Şair haqqında ilk yazılı məlumat F.Qasımzadənin 1956-cı ildə çap olunan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabında rast gəlinir. Şair haqqında Əhliman Axundovun 1961-ci ildə nəşr olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" adlı kitabında "XIX əsrdə yetişən görkəmli aşıqlar" sərlövhəli məqaləsində də verilmişdir. Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi"(1998) kitabında da şair haqqında geniş məlumat və bir neçə şeirləri çap olunmuşdur (səh.28-37). Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (2006) kitabında şairin şeirləri və həyatı haqqında geniş məlumat verilmişdir (səh.173-301). Şair Məmmədhüseynin seçilmiş şeirlərindən ibarət "Yatıb oyanmaz, oyanmaz" (2005) və "Xəbər al deyim" (2006) adlı kitabları çap olunub.


Tarix: 07.02.2015 / 13:52 Müəllif: Feriska Baxılıb: 156 Bölmə: Qərbi Azərbaycan
loading...