beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əziz Əliyev görkəmli dövlət xadimidir

Əziz Əliyev İkinci dünya müharibəsi illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana yollanır. Təbrizdə, Urmiyədə, Ərdəbildə, Mərənddə, Zəncanda olub. Onunla gedən və mədəni-maarif işi ilə məşğul olan ziyalılardan Süleyman Rüstəm, Osman Sarıvəlli, Qılman Musayev, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov "Vətən yolunda" qəzetinin redaksiyasında fəaliyyət göstəriblər. Əziz Əliyev Cənubi Azərbaycanda İmran Qasımov, Rəsul Rza, Mehbalı Əmiraslanov və başqaları ilə yaxın təmasda olur.

Əziz Əliyevin fəaliyyət dairəsi olduqca rəngarəng və çoxcəhətli olub. O, müəyyən müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışır. Akademik M.Topçubaşov haqlı olaraq yazırdı ki, "Əziz, Aşıq Ələsgər demişkən, "hər elmdən hali" idi. Onun hansı institutu bitirdiyini müəyyənləşdirmək çətin idi. Əziz Əliyev bütün sahələrdə özünü yüksək səviyyəli mütəxəssis kimi göstərə bilirdi".

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilir. O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyir.

Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayır . Həmin medalyon hal-hazırda Azərbaycanın Tarix Muzeyində saxlanılmaqdadır. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilir.

Ə.Əliyev I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub.

Əziz Əliyevin iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni və bir çox medallarla təltif edilib.


Tarix: 06.02.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 190 Bölmə: Qərbi Azərbaycan