beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

El Hecc Suresi

*****1*****
Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır.
*****2*****
Onu görəcəyiniz gün hər bir əmzikli (körpəsi olan) qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görə­­cəksən, halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir.
*****3*****
İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir.
*****4*****
Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər.
*****5*****
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.
*****6*****
Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir,
*****7*****
Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.
*****8*****
İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir.
*****9*****
O, başını (təkəbbürlə )o yan bu yana çevirir ki, (insanları) Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik.
*****10*****
(Ona deyiləcəkdir:) "Bu, əvvəllər öz törətdiyin əməllərin əvəzidir, yoxsa Allah qullarına əsla zülm edən deyildir”.
*****11*****
İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.
*****12*****
O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur.
*****13*****
Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O nə pis köməkçi, nə pis yoldaşdır!
14
Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər.
*****15*****
Kim ki, dünyada və axirətdə Allahın( Peyğəmbərinə) kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb (boynuna keçirsin), sonra da (ayağını yerdən) üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu (Allahın bu köməyinə) mane ola bilərmi.
*****16*****
Beləcə, Biz (Quranı) açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir.
*****17*****
Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir. Çünki Allah hər şeyin şahididir!
*****18*****
Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.
*****19*****
Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.
*****20*****
Bununla, olanların bətnlərindəkiləri və dərisi əridiləcəkdir.
*****21*****
Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır.
*****22*****
Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): "Dadın odun əzabını!”(– deyiləcəkdir.)
*****23*****
Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır.
*****24*****
Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq (Allahın) yoluna yönəldilmişlər.
*****25*****
Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə (haqdan) dönmək istəyənlərə üzücü bir əzab daddıracağıq.
*****26*****
Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”(– demişdik.)
*****27*****
İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər.
*****28*****
Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!
*****29*****
Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər.
*****30*****
Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan söz­­lərdən də çəkinin;
*****31*****
ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar.
*****32*****
Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır.
*****33*****
Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır.
*****34*****
Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;
*****35*****
o kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər.
*****36*****
Biz qurbanlıq dəvələri də sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.
*****37*****
Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!
*****38*****
Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir.
*****39*****
(Kafirlərin )vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.
*****40*****
Onlar ancaq "Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.
*****41*****
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.
*****42*****
Əgər səni yalançı saysalar, (bil ki,) səndən əvvəl Nuhun xalqı da, Ad və Səmud tayfaları da (elçiləri) yalançı saymışdı.
*****43*****
İbrahim tayfası da, Lut xalqı da
*****44*****
və Mədyən əhli də (elçiləri yalançı saymışdı). Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir (görəydin)!
*****45*****
Neçə-neçə şəhərlər olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır.
*****46*****
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, (zalımların aqibətini) qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur.
*****47*****
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!
*****48*****
Neçə-neçə şəhərlərə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları (əzab)(­la) yaxaladım. Dönüş də ancaq Mənədir!
*****49*****
De: "Ey insanlar! Mən sizə yalnız açıq xəbərdarlıq edənəm.
*****50*****
İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ruzi hazırlanmışdır.
*****51*****
Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər.
*****52*****
Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi)(oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir.
*****53*****
(Belə edər ki,) şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq (vasitəsinə) çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.
*****54*****
Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.
*****55*****
Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üstünü alanadək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək, (Quran) barəsində şəkk-şübhə içində qalarlar.
*****56*****
O gün hökm yalnız Allahındır. (Allah) onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim bağlarında olacaqlar.
*****57*****
Kafir olub ayələrimizi yalan hesab edənləri isə rüsvayedici bir əzab gözləyir.
*****58*****
Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Hə­­qiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!
*****59*****
(Allah )onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah Biləndir, Həlimdir!
*****60*****
Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, (bilsin ki,) Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!
*****61*****
Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir.
*****62*****
Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür.
*****63*****
Məgər Allahın göydən yağış yağdırdığını və (onunla )yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.
*****64*****
Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir.
*****65*****
Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir.
*****66*****
Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur.
*****67*****
Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən (onları) Rəbbinə (ibadət etməyə) dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.
*****68*****
Əgər səninlə mübahisə etsələr, de: "Allah sizin nə etdiyinizi daha yaxşı bilir.
*****69*****
İxtilaf etdiyiniz məsələlər barəsində Allah sizə Öz hökmünü Qiyamət günü verəcəkdir”.
*****70*****
Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır.
*****71*****
Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz.
*****72*****
Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: "Sizə bundan daha pisini xəbər verimmi? (Bu, )Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. O nə pis qayıdış yeridir!”
*****73*****
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də!
*****74*****
Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!
*****75*****
Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!
*****76*****
(Allah) onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır.
*****77*****
Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız.
*****78*****
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!


Tarix: 04.12.2014 / 10:57 Müəllif: Aziza Baxılıb: 463 Bölmə: Maraqlı melumatlar