beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanların məzhəblərə bölünmə səbəbləri

İslam müxalifətçiləri və istismarçılar həmişə müxtəlif vasitələrlə, yollarla müsəlmanların tərəqqisinin qarşısını almağa çalışıblar. Onların təsir yollarından biri də müsəlmanların birliyini pozmaq, aralarında ayrı-seçkilik salmaq, nifaq yaratmaqdır.
islam dini ağıla, məntiqə əsaslanan, bəşərə xoşbəxtlik gətirən ilahi bir dindir. insan heç də öz-özünə yaranmayıb və onun bir yaradanı vardır. O Yaradan insanları bəşəri səadətə çatdırmaq üçün xüsusi qayda-qanunlar qoymuşdur. islama görə, hər bir insan ağıl və məntiqə əsaslanaraq öz dinini sərbəst şəkildə seçə bilər. Bizim danışacağımız mövzu hazırda müsəlmanlar arasında ortaya çıxan ixtilaflar haqqındadır. Cəmiyyətimizdə mövcud məzhəblərin yayılması haqqında mətbuatda yazılar dərc olunsa da, onların meydana gəlmə səbəbləri göstərilmir. İslamda müxtəlif fikir cərəyanları və məzhəblər çox erkən dövrlərdə təşəkkül tapmışdır.
Bəşəriyyət inkişaf etdikcə müxtəlif fikirlər ortaya çıxmış və bununla da yeni fəlsəfi, sosial, iqtisadi nəzəriyyələrin meydana gəlməsinə səbəb olmuşdur. Əgər biz insanların ixtilaf etmə səbəblərini sadalamağa çalışsaq, buna gücümüz çatmaz. Ancaq bu yazıda onların bir neçə səbəbini araşdırmağa çalışacağıq.
Mühəmməd Əbu Zəhra Məzhəblər tarixi kitabında insanların ixtilaf səbəblərini belə izah edir:1. İxtilaf mövzusu olan məsələlər əslində asanlıqla başa düşülmür, qavranılması nisbətən çətindir. Keçmişdən bu günümüzə qədər filosoflar, bir çox çətin başa düşülən mövzuları izah etməyə çalışmışlar. Əslində bu mövzuları dərk etmək çətin, anlatmaq yolları isə müxtəlifdir. Buna görə də filosofların hər biri sadəcə olaraq gözüylə gördüyü, dərk edə bildiyi mövzuları izah etməyə çalışmışdır. Bəlkə bütün filosofların görüşü birləşərsə tədqiq edilən məsələnin mahiyyəti ortaya çıxar. Alimlərin ayrı-ayrılıqda görüşü isə həqiqətin ancaq bir hissəsini aydınlaşdıra bilər. Bəzən ixtilaflar məsələnin çətin olmasından deyil, ixtilaf edən tərəflərin bir-birinin görüşünü bilməməsindən ortaya çıxar. Buna görə də Sokrat belə deyir: "Mübahisə mövzusu olan şey bilindiyi anda hər bir mübahisə qurtarır."
2. insanların ixtilaf etmə səbəblərindən biri də arzuların, həvəslərin müxtəlif olmasıdır. Çünki hər bir insan məsələləri öz arzusuna görə qavrayır. Bu haqda Spino­za deyir ki, "bizə əşyanı gözlə göstərən bəsirətimiz de­yil, arzu və istəklərimizdir." Bəli, həqiqətən də arzu və istəklər əşyanın yaxşı və ya pis olduğuna qərar verən dəyər ölçüsünə malikdir.
3. İnsanlar müxtəlif sənətlərdə və peşələrdə çalışmaqdadırlar ki, bu da müxtəlif düşüncələrin və fikirlərin ortaya çıxmasına səbəb olur. Müxtəlif elm adamlarının eyni mövzu haqqında fikirləri də başqabaşqadır. Bunların ixtilaf etmə səbəbləri isə şübhəsiz ki, metodlarının müxtəlif olmasındadır.
4. İxtilaf etmə səbəblərindən biri də özündən əvvəl gələn insanların fikirlərini olduğu kimi qəbul etməkdir. Bunlardan başqa anlayış qabiliyyətlərinin müxtəlif olması, lider olma arzusu və başqalarına hökm etmə istəyi də insanların ixtilaf etmə səbəblərindəndir.
Şübhəsiz ki, müsəlmanlar heç bir zaman dinin əsas prinsiplərində fikir ayrılığına düşməmişlər. Onların arasında baş verən siyasi və e'tiqadı parçalanmalar şərdən başqa bir şey deyildir. Peyğəmbərimiz bir hədisində belə buyurmuşdur. "Yəhudilər yetmiş bir qrupa, xristianlar yetmiş iki qrupa ayrılmış, ümmətim isə yetmiş üç qrupa ayrılacaq."
İslamda baş verən siyasi və e'tiqadi parçalanmaların xaricində qalan və islam hüququ sahəsindəki baş verən bölünmələr müsəlmanlar üçün bir asanlıqdır. Və bu barədə Peyğəmbərimiz "ümmətimin fiqh sahəsindəki ixtilafı rəhmətdir" buyurmuşdur.
Buradan belə bir nəticəyə gəlirik ki, müsəlmanların ixtilafı iki hissədən ibarətdir. Birincisi, müsəlmanları parçalamır, onları bir-birinə düşmən etmir, ikincisi isə islam ümmətini parçalayır, onun birlik və bərabərliyini pozur.
Peyğəmbərimiz bir hədisi şərifində "Ey insanlar, yaxşı bilin k), Rəbbiniz birdir, atanız da birdir. Ərəbin ərəb olmayana, ərəb olmayanın ərəbə, ağ dərilinin qara dəriliyə, qara dərilinin ağ dəriliyə heç bir üstünlüyü yoxdur. Üstünlük, ancaq Allah qorxusundadır" demişdir. Peyğəmbər irqçilik və millətçiliyi açıq sübutlarla ortadan qaldırmağa çalışmışdır. Ancaq Peyğəmbərin vəfatından sonra III Xəlifə Osmanın dövründə hakimiyyəti ələ keçirmək üçün millətçilik məsələləri daha da qızışıb.
Siyasi ixtilaflara yol açan ən mühüm səbəblərdən bi­ri də Xəlifə seçimidir. Bu ixtilaf Peyğəmbərin vəfatından sonra ortaya çıxmışdır. Mədinənin yerliləri olan Ənsar, "Peyğəmbərə biz yer verdik, ona biz kömək etdik. Ona görə də Xəlifə bizdən olmalıdır," deyirdilər. Məkkədən Mədinəyə hicrət edən mühacirlər isə "Biz hər kəsdən əvvəl müsəlman olduğumuz üçün Xəlifəliyə biz layiqik" dedilər. Ənsarın qüvvətli imanı nəticəsində bu problem I Xəlifə Əbubəkrin dövründə ortadan qalxsa da sonradan yenidən alovlandı və İslam ümmətini parçalayan ən mühüm faktor oldu.
"Qur'ani Kərim"də mənası başa düşülməyən mütəşabih ayələr də müsəlmanların ixtilaf etmə səbəblərindəndir. Bu barədə Aliİmran surəsinin 7-ci ayəsində buyurulur: "Sənə kitabı endirən Odur. Onun bir hissə ayələrinin mənası açıqdır. Buayələrkitabın əsasıdır. Digər bir hissə ayələri də mütəşabihdir, başa düşülməsi çətindir. Ürəklərində əyrilik olanlar, fitnə çıxarmaq, arzularına görə izah etmək istəyənlər mütəşabih olanlarına tabe olarlar. Halbuki bunların izahını ancaq Allah bilir. Elmli adamlar isə "Biz bunlara iman etdik. Hamısı Rəbbimizdəndir"deyirlər. Bunları ancaq ağıl sahibi olanlar düşünür". Bu ayə Quranda çətin başa düşülən, mənası ancaq Allah tərəfindən bilinən ayələrin də olduğunu göstərməkdədir. Bəzi alimlər bu ayələri izah edərək mənalarını vermək istəmişlər. Lakin mənaları ancaq Allah tərəfindən bilindiyinə görə aralarında fikir müxtəliflikləri ortaya çıxmışdır.
Həzrət Osmanın dövründə ortaya çıxan hekayələr də fikir müxtəlifliyinə səbəb olmuşdur. Həzrət Əli hekayə söyləyən adamları yaxşı qarşılamamış, hətta onları məscidlərdən uzaqlaşdırmışdır. Çünki bunlar insanların beyinlərinə həqiqi olmayan hekayələr, islam dininə isə xürafə və əfsanələr daxil etməyə çalışırdılar. Bu hekayələrin çoxu isə köhnə dinlər olan Xristianlıq və Yəhudilikdən alınmışdır.
islamda ortaya çıxan ixtilafların başlanğıcı siyasi olmuş, daha sonra əməli və etiqadı fikirlər Kitab və Peyğəmbərin hədisləri ilə əsaslandırılmışdır. Peyğəmbərimiz hakimiyyət haqqında bir hədisində belə buyurmuşdur. "Məndən sonra xilafət 30 ildir. Ondan sonra səltənət (monarxiya) başlayacaqdır". Həqiqətən də Hz. Osman və Hz.Əlinin dövrlərində meydana gələn ixtilaflar nəticəsində Əməvi hakimiyyəti başlamış və islami idarə bəzən ədalətli, bəzən də zülmverici bir monarxiyaya çevrilmişdir.


Tarix: 27.11.2014 / 14:53 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar