beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nafilə namazları

1.Rəbiə bin Kəb əl-Əsləmidən belə deməsi rəvayət olunur: «Bir dəfə Peyğəmbər (sav) mənə dedi: «Dilə!» Dedim: «Cənnətdə sənin yanında olmaq istəyirəm». Dedi: «Bundan əlavə nə?» Dedim: «Təkcə bunu». Dedi: «Onda öz nəfsinə qarşı [mübarizədə] çoxlu səcdə etməklə kömək et».
Hədisi Müslim rəvayət etmişdir.
2.Əli ibn Əbu Talibin belə deməsi rəvayət olunur: «Vitr namazı heç də fərz namazların sırasına daxil deyil, lakin o Allah elçisinin özündən sonra bizə qoyub getdiyi bir sünnətdir». Hədisi Nəsai və Tirmizi rəvayət etmiş, sonuncusu hədisi yaxşı, Hakim isə səhih hesab etmişdir.
Əli ibn Əbu Talibdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Ey Quran əhli! Vitr namazını qılın, çünki Allah təkdir və təki sevəndir».
Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir. İbn Xüzeymə də hədisi səhih hesab etmişdir.

3.Aişədən rəvayət olunur ki, Peyğəmbər 9sav) zöhr namazından qabaq dörd, sübh namazından qabaq isə iki rükət nafilə namazını heç vaxt buraxmazdı.
Hədisi Buxari rəvayət etmişdir.

4.Yenə də Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) heç bir nafilə namazına sübh namazının iki rükət nafilə namazı kimi diqqət yetirmirdi. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Müslimin digər rəvayətində deyilir: «Sübh namazının iki rükət nafiləsi, dünya və dünyadakı gözəlliklərdən daha xeyirlidir».

5.Möminlərin anası Ümm Həbibənin belə deməsi rəvayət olunur: «Allahın elçisinin belə deməsini eşitdim: «Kim gündüz və gecə ərzində on iki rükətə qədər namaz qılsa, buna görə onun üçün Cənnətdə ev tikilər».
Hədisi Müslim rəvayət etmişdir.
Digər rəvayətdə deyilir: «... on iki rükət nafilə namazı...».
Tirmizinin buna bənzər rəvayətində deyilir: «Dörd rükət zöhrdən əvvəl, iki rükət də ondan sonra, məğribdən sonra iki, işadan sonra iki və sübhdən də əvvəl iki rükət».
Yenə də Ümm Həbibədən rəvayət olunan digər bir hədisdə deyilir: «Kim müntəzəm olaraq zöhrdən əvvəl və sonra dörd rükət nafilə qılsa, Allah Cəhənnəmi ona haram edər».
Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.


6.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Allah əsr namazından öncə dörd rükət nafilə namazı qılana qarşı mərhəmətli olar».
Hədisi Əhməd, Əbu Davud və Tirmizi rəvayət etmiş, sonuncusu hədisi yaxşı, İbn Xüzeymə isə səhih hesab etmişdir.

7.Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) sübh namazından qabaq iki rükət nafiləni o qədər qısaldardı ki, onun belə tez qılması mənim öz-özümə «Görəsən o, Quranın anasını (əl-Fatihə) oxuyurmu?» sualını verməyimə səbəb olurdu. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

8.Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) sübh namazının iki rükətlik nafiləsində «əl-Kafirun» və «əl-İxlas» surələrini oxuyardı. Hədisi Müslim rəvayət etmişdir.

9.Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) sübh namazının iki rükətlik nafiləsini qıldıqdan sonra sağ tərəfi üstündə uzanardı. Hədisi Buxari rəvayət etmişdir.

10.Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Sizlərdən biri sübh namazının ikirükətli nafiləsini qıldıqdan sonra sağ tərəfi üstündə uzansın».
Hədisi Əhməd, Əbu Davud və Tirmizi rəvayət etmiş, sonuncusu isə səhih hesab etmişdir.

11.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Gecə namazının rükəti iki-iki qılınar. Əgər sizlərdən biri bunun sübh namazı ilə üst-üstə düşməsindən ehtiyat etsə, onda qoy daha bir rükət də qılsın ki, qılınmış rükətlərin sayını tək ədədə çatdırsın».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macənin rəvayətlərində deyilir: «Gecə və gündüz namazlarının rükəti ik-iki qılınar». Hədisi İbn Hibban səhih hesab etmiş, Nəsai isə bunun yalnış olmasını qeyd etmişdir.
(Hədis səhihdir. Əhməd, 2/26; Əbu Davud, 1295; Tirmizi, 597; Nəsai, 3/277; İbn Macə, 1322; İbn Hibban, 2482; “Səhih İbn Macə”, 1097.)

12.İbn Ömərin belə deməsi rəvayət olunur: «Mən Peyğəmbərin (sav) on rükət nafilə namazı qılmasını yadımda saxladım. İki rükət zöhrdən əvvəl, iki də sonra, məğribdən sonra iki rükət evində, həmçinin işadan sonra iki rükət evində və iki rükət də sübhdən əvvəl». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Onların digər rəvayətində deyilir: «...və cümə namazından sonra iki rükət evində».

13.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Fərz namazından sonra ən fəzilətli namaz gecə namazıdır». Hədisi Müslim rəvayət etmişdir.

14.Əbu Əyyub əl-Ənsaridən rəvayət olunur ki, Peyğəmbər 9sav) buyurmuşdur: «Vitr namazını qılmaq hər bir müsəlmanın borcudur. Kim istəsə beş, kim istəsə üç, kim də istəsə bir rükət qılsın». Hədisi Əbu Davud, Nəsai və İbn Macə rəvayət etmişdir. İbn Hibban da onu səhih hesab etmişdir. Nəsai isə hədisin mövqüf isnadla rəvayət olunduğunu qeyd edir.
(Hədis səhihdir. Əhməd, 5/418; Əbu Davud, 1422; Nəsai, 3/238; İbn Macə, 1190; İbn Hibban, 2407, 2411.)

15.Xaricə ibn Hüzafədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Allah-taala sizi qırmızı dəvələrdən daha xeyirli olan bir namazla mükafatlandırmışdır». Soruşduq: «Ey Allahın elçisi! O hansı namazdır?» Dedi: «İşa ilə sübh arasındakı vitr namazıdır». Hədisi Əhməd, Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmişdir.
(Hədis zəifdir. “Daif Sünən Əbu Davud”, 1418; “əl-Mişkət”, 1267; “Daif əl-Camii əs-Sağir”, 1622. Bununla belə şeyx Əlbani «qırmızı dəvələrdən daha xeyirli olan» ifadəsi olmayan rəvayəti səhih adlandırıb. Bax: “Səhih əl-Camii əs-Sağir”, 1772, “İrva əl-Qalil”, 423; “Silsilə əl-Əhadis əs-Səhihə”, 108. Bu ifadə isə sübh namazının iki rükəti haqqındadır. Bax: “Silsilə əl-Əhadis əs-Səhihə”, 1141.)


16.Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav) nə ramazanda nə də digər aylarda gecə namazını on bir rükətdən artıq qılmazdı. Əvvəl dörd rükət qılardı və bunların necə gözəl və nə qədər uzun olmasını heç soruşmaq da lazım deyil. Sonra yenə də dörd rükət qılardı və yenə də onların necə gözəl və nə qədər uzun olmasını soruşmaq sizə gərək deyil. Sonra yenə üç rükət qılardı. Bir dəfə ondan soruşdum: «Ey Allahın elçisi! Vitrdən öncə yatırsanmı?» Dedi: «Ey Aişə! Yatan gözlərimdir, qəlbim yatmır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Onların Aişədən rəvayət etdikləri digər bir hədisdə isə deyilir: «Peyğəmbər (sav) gecə on rükət, sonra bir vitr, daha sonra isə sübh namazının iki rükət nafiləsini qılardı. Bu da on üç rükət edərdi».

17.Həmçinin Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav)gecənin istənilən vaxtı vitr namazını qılar və hətta dan yeri sökülməyənə qədər təxirə salardı.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

18.Abdullah ibn Əmr ibn əl-Asın belə deməsi rəvayət olunur: «Bir dəfə Allahın elçisi mənə dedi: “Ey Abdullah! Gecə oyanıb, gecə namazını qılmaqdan boyun qaçıranlara bənzəmə”». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

19.İbn Ömərdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Gecə namazınızı vitrlə tamamlayın».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

20.Təlq ibn Əlinin belə deməsi rəvayət olunur: «Allahın elçisinin 9sav) belə deməsini eşitdim: “Bir gecə ərzində iki dəfə vitr namazı qılmayın». Hədisi Əhməd, Əbu Davud, Tirmizi və Nəsai rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir.

21.Übey ibn Kəbdən rəvayət olunur ki, Allahın elçisi (sav) vitr namazını qılarkən «əl-Əla», «əl-Kafirun» və «əl-İxlas» surələrini oxuyardı.
Hədisi Əhməd, Əbu Davud və Nəsai rəvayət etmişdir.

22.Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) hər rükətdə bir surə, sonuncu rükətdə isə «əl-İxlas», «əl-Fələq» və «ən-Nas» surələrini oxuyardı.
Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir.

23.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Vitr namazını dan yeri sökülməmiş qılın». Hədisi Müslim rəvayət etmişdir.
İbn Hibbanın rəvayətində isə deyilir: «Dan yeri sökülməmiş vitr namazını qılmayan onun mükafatını qazanmayacaq».

24.Yenə də Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sav)buyurmuşdur: «Kim vitr qılmadan yatsa, yaxud da onu qılmağı unutsa, qoy onda onu dan yeri söküləndən sonra, yaxud da yadına düşəndə qılsın».
Hədisi Əhməd, Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmişdir.

25.Cabirdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim vitr namazını gecənin son saatlarında qıla bilməməyindən ehtiyat etsə, onda qoy onu gecənin ilk saatlarında qılsın və kim də məhz gecənin son saatlarında qılmaq niyyətindədirsə, onda o vaxt qılsın. Həqiqətən, gecənin son saatlarında qılınan namaz müşahidə olunur və bu daha fəzilətlidir». Hədisi Müslim rəvayət etmişdir.

26.İbn Ömərdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Dan yeri söküldükdə bütün gecə namazlarının, o cümlədən vitr namazının qılınma vaxtı başa çatar. Buna görə də vitr namazını dan yeri sökülməmiş qılın».
Hədisi Tirmizi rəvayət etmişdir.

27.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi 9sav) buyurmuşdur: «Kim düha namazını on iki rükət qılsa, Allah-taala onun üçün Cənnətdə saray ucaldar». Hədisi Tirmizi rəvayət etmişdir.

28.Aişənin belə deməsi rəvayət olunur: «Allahın elçisi (sav) mənim evimə daxil oldu və səkkiz rükət düha namazı qıldı». Hədisi İbn Hibban rəvayət etmişdir.


Tarix: 25.04.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 286 Bölmə: Maraqlı melumatlar