beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muqeddes Qurani-Kerim haqqinda

Nazil olduğu gündən özünün əsrarəngiz gözəlliyi ilə hamını heyran edən, oxunduğu zaman ilahi ahəngi ilə hər bir kəsi, hətta ərəb dilini bilməyənləri belə ovsunlayıb ülvi aləmlərə aparan Quran bəşəriyyətin rifahı və səadəti üçün Allah dərgahından göndərilmiş bir nicat gəmisidir.

Qurani-Kərim bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların sonuncusudur. İlahi gözəlliyə malik olan bu əsər ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə hakim kəsilmiş, onların canına, qanına hopmuş, beyninə nüfuz etmişdir.
Muqeddes Qurani-Kerim haqqinda

Quran hər şeydən əvvəl bir müqəddəs kitab kimi dünya mədəniyyətinin görkəmli abidəsidir. O, uzun əsrlər boyu yüz milyonlarla insanların həyat prinsiplərinin, düşüncə və hərəkətlərinin əsasını təşkil etmiş, bəşər tarixində başlıca mədəniyyətlərdən biri olan müsəlman mədəniyyətinin simasını müəyyən etmiş bir çox dünya hadisələrinə təkan vermişdir.

Bununla yanaşı, Quran həm də peyğəmbərlik yaradıcılığı prosesini, peyğəmbərliyin təşəkkül etməsini və yeni dünya dininin əmələ gəlməsinin konkret mənəvi tarixini təxminən sənədli şəkildə təsbit etmiş müstəsna dərəcədə zəngin tarixi-mədəni abidədir. Quran bəşəriyyətin qədim dövrdən orta əsrlərə keçməsi ilə, əsatirlərlə bağlı məhəlli dünyagörüşünün ümumdünya təkallahlıq əqidəsi ilə əvəz olunması ilə əlamətdar olan mənəvi yüksəliş dövrünü əks etmişdir.

Quran sözünün mənası "oxumaq”, "tələffüz etmək”, daha doğrusu, Allahdan Muhamməd peyğəmbərə nazil olan sözlərin oxunması, tələffüz edilməsi deməkdir. Qurana, həmçinin mushaf (səhifələnmiş kitab, lülə halında bükülmüş kağız), zikr (xəbərdarlıq, xatırlatma, öyüd-nəsihət), furqan (haqla-nahaqqı ayırd edən) və s. də deyilir.

Qurani-Kərim Muhamməd peyğəmbərə təqribən 23 il ərzində Allah-Təala tərəfindən vəhy olunmuşdur. Vəhy sözünün hərfi mənası "gizli səs”, "gizli danışıq”, "gizli işarə”, "pıçıltı”, "rəmz” və "ilham” deməkdir. Bəqərə surəsinin sonuncu iki ayəsi istisna olmaqla (bu iki ayə peyğəmbərə bilavasitə Allah-Təala tərəfindən meracda vəhy edilmişdir) Qurani-Kərim Muhamməd peyğəmbərə Allahın əmri ilə vəhy mələyi Cəbrail vasitəsilə nazil olmuşdur. Muhamməd peyğəmbərə Ramadan ayında nazil olan Quran 114 surədən, müxtəlif qiraət variantlarına və bölgülərinə görə 6204, yaxud 6236 ayədən, 77934 sözdən ibarətdir. Quranın fəsillərini təşkil edən surələr bir-birindən bismillahla ayrılır. Yalnız 9-cu surədə bismillah yoxdur. Müfəssirlər bunun səbəbini onun 8-ci surənin ardı olması ilə izah edirlər. Quranın ilk surəsi Fatihə istisna edilməklə, qalan surələr, əsasən, uzundan qısaya qaydası ilə düzülmüşdür. Surələrin, eləcə də bir sıra ayələrin xronoloji ardıcıllığı isə təfsirlərdə müəyyən edilmişdir. Hər surə ayələrə bölünür: ayə bəzən bir, iki və ya bir neçə cümlədən ibarət olur. Ayələrdə, ümumiyyətlə, 1-dən 68-ə qədər söz mövcuddur. Quranın ən uzun surəsi Bəqərə 286 ayədən, ən qısa surəsi Kövsər isə 3 ayədən ibarətdir. Musanın Tövratından, İsanın İncilindən fərqli olaraq, Qurani-Kərim Peyğəmbərə birdən-birə, bütöv şəkildə deyil, hissə-hissə, əvvəlcə Məkkədə, sonra isə Mədinədə nazil olmuşdur. Odur ki, Quranın nazil olması dedikdə onun Allah-Təalanın əmri ilə Cəbrail tərəfindən təqribən 23 il ərzində Muhamməd peyğəmbərə ayə-ayə, hissə-hissə çatdırılması nəzərdə tutulur. İslam alimlərinin fikrincə, Qur`anın təxminən 90 surəsi Məkkədə, 24 surəsi, yəni beşdə biri Mədinədə nazil olmuşdur. İlkin Məkkə surələri həcmcə çox qısadır


Tarix: 03.12.2014 / 17:18 Müəllif: Aziza Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar