Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmanın faydaları və səmərələri

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfislərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Səhih və səmimi bir imanın həm dünya həyatında həm də axirət həyatında faydaları və səmərələri vardır. Bunlardan bəzilərini sizlərə təqdim edirik:

• İman əhli Allahın dostluğuna nail olan bəxtiyarlardır. Allah təala buyurur: "Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!» . (əl-Bəqərə, 257)

• İman əhli gözəl bir həyatın səadətini yaşayırlar. Allah təala buyurur: "Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)» . (ən-Nəhl, 97)

• İman əhlini Allah da sevir, möminlər də sevir. Allah təala buyurur: "Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır)» . (Məryəm, 96)

• İman əhlini Allah qoruyur. "Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!» . (əl-Həcc, 38)

• İman əhli üçün dünya və axirətdə müjdələr var. "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!» . (Yunus, 62-64)

• İman əhlinin bəla və müsibətlər qarşısındakı ən böyük təsəlliləri yenə də imandır. Allah təala buyurur: "Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!» . (ət-Təğabun, 11)

• İman əhli əmin-amanlıq və rahatlıq içərisindədirlər. Allah təala Peyğəmbəri İbrahimdən aleyhissəlam bəhs edərkən belə buyurur: "Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!» . (əl-Ənam, 81-82)

• İman əhli imanlarına tərəf qaçarlar və başlarına gələn hər cür yaxşılıq və pislikdə, itaət və asilikdə, asanlıq və çətinlikdə güc və qüvvə tapırlar. Allah təala buyurur: "O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər» . (Ali-İmran, 173)

• İman əhli öyüd və nəsihətlərdən faydalanırlar. Allah təala buyurur: "Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): “Bu sizin hansınızın imanını artırdı?" – deyənlər də var. Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər. Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların murdarlığı (küfrə, nifaqı) üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!» . (ət-Tovbə, 124-125)

• Allah iman əhli ilə bərabərdir . "Allah, həqiqətən, möminlərlədir!» (Ənfal, 19) "Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!». (Nəhl, 128)

• İman əhlinin imanı onları çirkin və iyrənc şeylərə düşməkdən qoruyur. Allah təala Peyğəmbəri Yusufdan -aleyhissəlam- bəhs edərkən buyurur: "Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!» . (Yusuf, 12/24)

• İman əhli haqq ilə batili, hidayət ilə zəlaləti, sünnət ilə bidəti imanlarının nuru ilə ayırd edirlər. Allah təala buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!» . (əl-Hədid, 57/28)

• İman əhlinə Allah təala kömək vəd edir. Allah təala buyurur: "Möminlərə kömək etmək Bizə vacibdir!» . (ər-Rum, 47)

• İman əhli üstün və qiymətlidirlər. "Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!». (əl-Munafiqun, 8)

• Allah təala iman əhlinin dərəcələrini dünya və axirətdə yüksəldir. Allah təala buyurur: "Allah da sizdən iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar. » . (ər-Rum, 47)

• İman əhli üçün Rəhmanın ərşini daşıyan mələklər bağışlanma istəyirlər. Allah təala buyurur: "Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!» . (Mucadilə, 7)

• İman əhlini Allah təala imanları səbəbi ilə sıratı-mustaqimə sövq edir. "İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol nemətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol göstərər]». (Yunus, 9)

• İman əhlinə Allah təala dünya və axirətdə əmin-amanlıq və xoşbəxtlik içində olacaqlarını, axirətdə də daimi nemətlərlə müjdələyir. "Şübhəsiz: “Rəbbimiz Allahdır!" – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!"» . (Fussilət, 30-32)

• İman əhlinə Allah təala əbədiyyət cənnətini və orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi nemətləri vəd etmişdir. "Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!» . (ət-Tovbə, 72)
Bərəkətli iman ağacının bunlardan başqa əlavə meyvələri vardır ki, Allah və Rəsulunu başqa hər şeydən daha çox sevdiyi, Allah üçün sevdiyi və Allah üçün qəzəbləndiyi, Allah onu küfürdən qurtardıqdan sonra küfrə təkrar düşməyi atəşə atılmış kimi qoxduğu zaman mömin qısa bir müddət içində bu ağacın meyvələrini dadır və bu meyvələr də kamilləşib yetişir.
Sonda sizlərə Allah təalanın bu ayəsini xatırladıram. Allah təala buyurur: "Qoy yarışanlar onun üçün yarışsınlar!» (Mutaffifun, 26)
Sonsuz qüdrət sahibi olan Allahdan bizə iman ləzzətini, həqiqətini və kamilliyini bəxş etməsini, beləcə bizi peyğəmbərlərlə, şəhidlərlə və salehlərlə həşr etməsini diləyirik. Onlar necə gözəl dostdurlar. Şübhəsiz ki, Allah çox Cəvvad və Kərimdir.


Tarix: 08.05.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqlı melumatlar
loading...