beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybdən Xəbər Verən Alim

Qeyb aləmi Allahın ixtiyarındadır və qeybi bilmək mütləq mənada yalnız Allaha xasdır. Qurani-kərimdə buyurulur: “Qeyb ancaq Allaha məxsusdur” (Yunus, 20; həmçinin Nəml, 65; Ənam, 59).

Hətta Quranda buyurulduğuna görə, Həzrət Mühəmməd Peyğəmbər (s) belə, qeyb aləmindəki bəzi məlumatlardan xəbərsiz idi (Ənam, 50). Bu ayələrdə xatırlanan qeyb mütləq qeyb qisminə aiddir (məsələn, qiyamətin vaxtı, Mehdinin zühur vaxtı). Bunları Allahdan başqa heç kim – nə insan, nə cin, nə də mələk bilməz.

Qeybin başqa bir qismi isə izafi qeybdir ki, Allah bunları öz istədiyi bəndələrinə xəbər verə bilər. Yenə Qurani-kərimdə oxuyuruq: “Qeybi bilən ancaq Odur (Allahdır) və öz qeybini heç kəsə əyan etməz; bəyənib seçdiyi peyğəmbərdən başqa” (Cin, 26-27). İzafi qeyb aləmindən xəbər vermək peyğəmbərlərin möcüzəsidir; peyğəmbərlər bu yolla camaatı inandırıb Allahın dininə dəvət edirlər.

Bir çox kitablarda yazıldığı kimi, imamlar, mömin şəxslər, övliyalar, din alimləri də izafi qeyb aləmindən bəzi xəbərlər verməyə qadirdirlər. Bu xüsusiyyətə kəramət deyilir. Tarixdə çox adamlar olub ki, gələcəkdə baş verəcək, yaxud çox-çox uzaq məkanlarda baş vermiş hadisələri insanlara danışıb, onların təəccübünə səbəb olublar. Bir qayda olaraq, qeybdən məlumatı olanlar bunu yayıb faş etməyi xoşlamır, yalnız zərurət halında açıb söyləyirlər. Çünki qeybdən xəbər vermək insanların heyranlığına səbəb olur, həmin adamı hörmət-izzətlə əhatə edirlər. Əsil Allah dostları isə bunu həmişə öz nəfsləri üçün təhlükə hesab etmiş, təkəbbürə düşməkdən qorxmuşlar. Qeyb aləmindən məlumatlar övliyalara çox zaman yuxuda verilir, ya da istədikləri məsələni öyrənmək barədə Allaha dua edirlər və duaları müstəcab olur.

Qeyb aləmindən qismən məlumatı olan kəramət sahibi alimlərdən biri də XIX əsrdə yaşamış məşhur müctəhid Şeyx Mürtəza Ənsari idi. Onun şagirdlərindən biri başına gələn bu əhvalatı öz dostlarına danışmışdı: “Cavan vaxtımda dini təhsil almaq üçün Nəcəfi-əşrəfə gəlib, Şeyx Ənsarinin dərsinə qatıldım. Amma ilk dövrlərdə təhsilim çox ağır gedirdi. Muəllimin dediklərini başa düşmürdüm, sanki zehnim bağlanmışdı. Axırda Həzrət Əlinin (ə) məzarına pənah gətirdim, orada dua edib Allaha yalvardım ki, bu məzarın xatirinə mənə zehn açıqlığı versin, hafizəmi gücləndirsin, elmimi artırsın. Gecə yuxuda İmam Əlini (ə) gördüm. O həzrət mənim qulağıma “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini oxudu. Həmin yuxudan sonra hiss etdim ki, dərsi yaxşı qavrayıram. Getdikcə şagirdlərin arasından seçilməyə başladım. Elə bir səviyyəyə çatdım ki, hərdən dərs vaxtı Şeyx Ənsari ilə elmi mübahisə də aparırdım. Bir müddətdən sonra məndə özündən razılıq və təkəbbür yarandı. Artıq müəllimlə söz güləşdirməyə, şagirdlərin gözü qarşısında ona etiraz etməyə başlamışdım. Günlərin birində yenə dərsdə ustadımla mübahisə etdim. Dərs başa çatandan sonra tələbələr dağılışıb getdilər. Şeyx Ənsari mənə yaxınlaşdı, heç kim eşitməsin deyə, yavaşca qulağıma pıçıldadı: “Oğlum, yuxuda sənin qulağına “bismillah”ı oxuyan müqəddəs zat mənim qulağıma “vələzzallin”ə kimi oxuyub”. Şeyx bunu deyib getdi, mən isə heyrət içində qaldım. Çünki gördüyüm yuxu barədə heç kimə danışmamışdım; bu, mənimlə Allah arasında bir sirr idi”.

Şeyx Ənsarinin müasiri olan məşhur Nəcəf alimlərindən Şeyx Mühəmməd Hüseyn Kazimi xatırlayırdı ki, bir gün Həzrət Əlinin (ə) hərəmində (məqbərəsində) ziyarətlə məşğul idim. Şeyx Ənsari mənə yaxınlaşdı, əbasının altından bir pul kisəsini mənə uzadıb dedi: “Bu pulu götür, yarısını özünə xərclə, yarısını da tələbələrin arasında bölüşdür”. (Şeyx Ənsari öz zamanının ən böyük mərceyi-təqlidi olduğu üçün, şiə dünyasının xüms-zəkat pulları demək olar ki, yalnız ona təqdim edilirdi. O da həmin pulu şəriətdə nəzərdə tutulan istiqamətlərdə xərcləyir, pulun bir hissəsini Nəcəfdə dərs deyən müəllimlərə verirdi ki, öz tələbələrinin ehtiyacını ödəsinlər).

Kazimi deyir ki, pulu alıb evə gəldim. Həmin vaxtlar xeyli borcum var idi. (O zamanlar alimlərin gəliri az olduğu üçün, çox zaman ərzağı və sair vacib ləvazimatı bazardan nisyə alır, bəzən isə imkanlı adamlardan borc götürürdülər). Pulu sayıb gördüm ki, düz mənim borcum qədərindədir. Ağlıma bir fikir gəldi ki, pulun hamısını verib borcumu ləğv edim, sonra əlimə pul keçəndə tələbələrə pay verərəm. Bu fikirlə həmin günü başa vurdum. Ertəsi gün yenə hərəmə gəlib ziyarət edəndə Şeyx Ənsari mənə yaxınlaşıb astaca dedi: “Tələbələrin pulunu gecikdirmə. Mənim əlimə pul gələn kimi sənə verərəm ki, borcunu bağlayasan”. Kazimi ürəyindəki niyyətin Şeyx Ənsariyə necə əyan olmasından heyrətə düşür, bunun Allah tərəfindən ona xəbər verildiyini anlayır və Şeyxin sözünə əməl edir.

Şeyx Ənsari ilə bağlı başqa bir hadisəni İranın Düzful şəhərindən olan Seyyid Mühəmməd Əli adlı bir nəfər rəvayət edib. Seyyid Mühəmməd Əli Kərbəlaya ziyarətə gəlir, amma qəfildən pulu qurtarır. Heysiyyatını alçaltmaq istəmədiyi üçün heç kimə ağız açmır. Əlacı buna qalır ki, İmam Hüseynin (ə) hərəminə gəlib, Ona təvəssül etsin. Özünü İmamın məzarı üzərindəki zərihə (məhəccərə) çatdırıb, o həzrətin ruhuna xitabən deyir: “Əgər hörmətiniz xatirinə Allahdan mənə yardım istəməsəniz, məcbur olub Sizin qızıllarınızdan götürüb xərcləyəcəyəm”. Demək istəyirmiş ki, zərihin qızıllarından qoparıb, vətəninə qayıtmaq üçün yol tədarükü görəcək. Bu sözləri deyib, hərəmdən çıxmaq istəyəndə Şeyx Ənsarinin xidmətçisi ona yaxınlaşıb deyir ki, ağam sizi yanıa çağırır. Seyyid Mühəmməd Əli xidmətçiyə qoşulub Şeyx Ənsarinin hüzuruna yollanır. Şeyx Ənsari heç bir sorğu-sual etmədən otuz tümən pulu Seyyidə verib deyir: “Cəddin bunları mənim yanımda əmanət qoyub ki, sənə çatdırım. Bu pulları götür, evinə qayıt”. Seyyid Mühəmməd Əli pulu alıb çıxmaq istəyəndə Şeyx Ənsari arxadan onu səsləyərək deyir: “Amma həzrətin qızıllarını oğurlamayasan ha”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 191 Bölmə: Maraqlı melumatlar