beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Cür Oğlanlarla Ailə Qurun

Ötən məqalədə qadınların müsbət xüsusiyyətlərindən bir neçəsini qeyd etmiş və ailə qurmağa hazırlaşan oğlanların bu keyfiyyətlər əsasında özlərinə tərəf-müqabili seçməsini məsləhət görmüşdük. Əksəriyyəti zərif cinsin nümayəndələri olan bəzi oxucularımızın xahişi ilə mövzunu davam etdirərək, indi də kişilərdə bəyənilən xüsusiyyətlər haqqında söhbət açırıq.

Gənc qızlar ərə gedərkən hansı cəhətlərə malik olan oğlanlara üstünlük versinlər ki, qurduqları ailə möhkəm və etibarlı olsun?

Əvvəla, oğlanın gözəl xasiyyətli, əxlaqlı olması əsas şərtdir. Gözəl xasiyyət, həlimlik, başqasını başa düşmək bacarığı insana gərəkən ən mühüm əxlaqi dəyərlərdən sayılır. Dini kitablarda bunu “hüsni-xülq” adlandırırlar. Qızını ərə verən atalar və eləcə də ailə quran gənc qızlar, onlarla qohum olmaq istəyən oğlanın xasiyyətinə, qabiliyyətinə və əxlaqına xüsusi diqqət yetirməlidirlər. Rəvayət edirlər ki, bir nəfər Imam Həsənin (ə) yanına gəlib, qızını kimə ərə vermək haqqında o həzrətdən məsləhət istədi. Imam ona buyurdu: “Qızını təqvalı adama ərə ver. Əgər o, sənin qızını sevsə – onu əziz tutacaq, əgər ona qəzəblənsə – ona zülm etməyəcək”. Göründüyü kimi, Imam ailənin gələcəyi ilə bağlı iki fərqli vəziyyəti nəzərə alaraq öz fikrini bildirir. Əgər tərəflər arasında sevgi və sayğı gələcəkdə də davam edəcəksə, onda təqvalı adam öz həyat yoldaşının qədrini biləcək, onu əzizləyəcək, hər cür xoşagəlməz haldan qoruyacaq və özü də onu incitməməyə çalışacaq. Yox, əgər ailədə narazılıq yaranarsa, kişinin ürəyi öz həyat yoldaşından sınarsa, yenə təqva onu həddi aşmaqdan saxlayacaq. Təqvası olmayan, yəni Allahdan qorxmayan, halal və haramlara riayət etməyən adamdan nə desən gözləmək olar. Ürəyində Allah xofu olan insan isə əməllərinə məsuliyyətlə yanaşar və həyat yoldaşını incitməz. Bu adam həmişə Peyğəmbərin aşağıdakı xəbərdarlığını yadda saxlayar: “Kim öz arvadını haqsız yerə incitsə, qiyamət günündə mən onunla düşmənçilik edəcəyəm”. Peyğəmbərə düşmən olan adamın qiyamətdəki əhvalı isə, şübhəsiz, yaxşı olmayacaq. Bunun əksinə, o həzrət buyururdu ki, hər kim öz arvadının dolanışığını və rahatlığını təmin etmək üçün çalışsa, Allah yolunda cihad etmiş kimi savab qazanar.

Həsən ibn Bəşşar adlı bir nəfər Imam Rzaya (ə) məktub yazıb soruşdu ki, qohumlarımdan bir nəfər qızıma elçi düşüb, amma xasiyyəti yaman pisdir. Qızımı ona ərə verimmi? Imam cavab yazdı: “Əgər xasiyyəti pisdirsə, qızını ona vermə”.

Hədislərdə qızı şərabxor və əyyaş, əxlaqsız və zinakar adama ərə vermək də bəyənilmir. Fasiq, yəni günahkarlıqda ad çıxarmış, ardıcıl olaraq günah işlər görən adama qız vermək də bu qəbildəndir. Peyğəmbər buyururdu ki, qızını fasiq adama ərə verən ata sanki qəti-rəhim etmiş kimidir. Qəti-rəhim qohumlarla rabitəni kəsməyə deyilir və böyük günahlardan sayılır. Aydındır ki, dindar atanın qızı fasiq oğlana ərə getsə, ata evi ilə rabitəsi çox zəifləyəcək və hətta bəlkə də tamamilə kəsiləcək. Çünki qızın atası ilə əri arasında böyük uçurum vardır və bu iki nəfər bir-birini həzm etməyəcəklər.
Oğlanın dürüst əxlaqlı, ailəsinə, arvadına bağlı adam olması da mühüm şərtlərdəndir. Gəzəyən, gözü ətrafda olan, əxlaqsızlıq edən oğlana qız verilməz. Amma əgər oğlanın keçmişdə günahı olubsa və sonra tövbə edib doğru yola qayıdıbsa, təbii ki, tövbəsinə əməl etdiyi məlum olarsa, onunla qohum olmağın maneçiliyi yoxdur.

Müqəddəslərimiz həmişə özlərinə kürəkən seçərkən oğlanın dindarlığını, əxlaqını, şücaətini, ibadətini əsas şərtlərldən sayıblar. Bunu xatırlamaq kifayətdir ki, Peyğəmbərimiz öz sevimli qızı Fatiməni, elçilərin çoxluğuna rəğmən, məhz yuxarıdakı keyfiyyətlərin sahibi olan Əli ibn Əbu Talibə (ə) ərə vermişdi.

Böyük alimlər də özlərinə kürəkən seçəndə oğlanın savadını, təqvasını, əxlaq və qabiliyyətini əsas tuturdular. Bir çox böyük alimlər tələbələri içindən seçilmiş cavanlara öz qızlarını ərə verirdilər. Tarix səhifələri bu cür faktlarla zəngindir.

Sonda bunu da qeyd edək ki, oğlanın kasıb olması onun elçiliyini rədd etməyə əsas vermir. Necə qızı seçərkən gözəllik əsas şərt sayılmır, oğlanda da var-dövlət və maddi imkan əsas deyil. Əlbəttə, oğlanın həyat üçün zəruri olan şəraitə malik olması daha yaxşıdır. Amma oğlanın və valideyninin sərvəti, vəzifəsi gərək qız atalarının gözünü qamaşdırmasın. Çünki var-dövlət üzərində qurulan ailələrin bünövrəsi adətən çox zəif olur. Əksinə, mənəviyyat, əxlaq, ruhi yaxınlıq və sosial uyğunluq meyarının əsasında qurulan ailələr daha möhkəm və sağlam olurlar.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 162 Bölmə: Maraqlı melumatlar