beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin əxlaq məktəbindən dərslər

Həzrət Mühəmməd Peyğəmbər (s) paltarını özü tikər, ayaqqabılarını özü yamayar, qoyununu özü sağardı. Kölələrlə birlikdə yemək yeyər, miniyə minib başqasını da tərkinə alardı. Ehtiyacı olan malı bazardan alıb özü evinə aparardı.

Həm kasıblarla, həm də varlılarla görüşəndə özü birinci əl uzadar, həmin adam əlini çəkməyincə o həzrət əlini çəkməzdi. Hətta müsəlmanlar Onun bu xasiyyətindən xəbər tutandan sonra görüşərkən birinci özləri əllərini geri çəkərdilər ki, o həzrəti yorub incitməsinlər. Hamıya – varlı ya kasıb, kiçik ya böyük olmasına baxmayaraq – birinci salam verərdi. Kim ona nə isə versəydi, hətta çürümüş xurma olsa belə, qəbul edər, o adamı təhqir etməzdi. Az gülərdi, amma həmişə üzündə təbəssüm olardı. Üz-gözünü büzüşdürməzdi, amma həmişə nə haqdasa düşünürmüş kimi görünərdi. Özünü zəlil göstərməzdi, amma həmişə təvazökarlıq edərdi. İsrafa yol vermədən səxavət göstərərdi. Ürəyi yumşaq idi, bütün müsəlmanlarla mehriban davranardı. Tam doyana kimi yeməzdi, heç nəyə tamah salmazdı.

O həzrətin adəti bu idi ki, güzgüdə özünə baxar, saç-saqqalını darayardı. Bəzən bunu suyun səthinə baxaraq edərdi. Özünü yalnız ailə üzvləri üçün deyil, səhabələri üçün də səliqəyə salar və buyurardı: “Allah xoşlayır ki, bəndə öz din qardaşları ilə görüşmək üçün evdən çıxanda özünü səliqəyə salsın”.

Həzrət buyurub: “Ölənə kimi bu beş xasiyyətdən əl çəkmərəm: yerdə oturub kölələrlə bir süfrədə yemək, sadə miniyin tərkində gəzmək (yəni ya bər-bəzəkli yəhər-yüyəni olmayan miniyə, ya da uzunqulaq və qatır kimi daha aşağı səviyyəli sayılan miniklərə minmək), öz əllərimlə keçini sağmaq, yundan libas geyinmək və uşaqlara salam vermək. Bu xasiyyətləri ona görə tərgitmərəm ki, məndən sonra ümmətim də bunlara adət etsin və bunlar sünnəyə çevrilsin”.

Peyğəmbərin oturuş tərzi üç cür idi. Bəzən dizlərini sinəsi bərabərində qatlayar, qollarını dairə kimi çarpazlayıb dizlərini qucaqlayardı. Bəzən iki dizini yerə qoyub oturardı, bu zaman ayaqlarının baş barmağı da yerə dəyərdi. Bəzən isə bir ayağını dizdən qatlayar, o biri ayağını onun üzərinə uzadardı. O həzrəti heç vaxt bardaş qurub oturmuş halda görmədilər. Hüzurunda başqa bir adam olanda, o həzrət ayaqlarını qabağa uzatmazdı. Çox vaxt üzü qibləyə tərəf əyləşərdi.

Ömrünün sonuna kimi yemək yeyəndə dirsəklənməzdi. Süfrəyə hamıdan qabaq əl uzadar, hamıdan sonra süfrədən əl çəkərdi (ki, heç kim utanmasın və hamı doyunca yeyə bilsin). Başqaları ilə eyni qabdan xörək yeyəndə qabın öz qabağındakı hissəsindən yeyərdi. Suyu üç nəfəsə içərdi. Suyu asta-asta, sovuraraq içərdi, birnəfəsə udmazdı. Yeməyi və suyu sağ əllə götürərdi. Ümumiyyətlə, işlərinin çoxunu sağ əllə görərdi. Bir şeyi götürüb-qoyanda, paltarını və ayaqqabılarını geyinəndə, saç-saqqalını darayanda sağ əlinə üstünlük verərdi.

Duanı adətən üç dəfə təkrar edər, amma danışanda təkrara yol verməzdi. Namazı başqalarının namazından, xütbəsi başqalarının xütbəsindən qısa olardı (ki, Ona iqtida edənlər və Onu dinləyənlər yorulmasınlar). Bir evə daxil olmazdan qabaq üç dəfə salam verib icazə alardı. Əgər üçüncü dəfədən sonra içəridən icazə cavabı eşitməsəydi, qayıdıb gedərdi.

Peyğəmbər müsəlmanlarla xoş zarafatlar edib onları sevindirərdi, amma zarafat edəndə də düzünü söyləyərdi, yalan və bihudə danışmazdı. Bir gün bədəvi ərəblərdən biri o həzrət üçün hədiyyə gətirdi. Vidalaşanda zarafatla Peyğəmbərə dedi ki, indi hədiyyəmin pulunu ver gedim. Peyğəmbər bu sözdən xoşlanıb güldü. Deyirlər ki, sonralar bu hadisəni yada salıb buyurarmış: “Harda qaldı bu ərəb? Kaş yenə gələydi”.

O həzrət özü miniyin belində hərəkət edəndə yanında heç kimin piyada yol getməsinə razı olmazdı. Ya həmin adamı tərkinə alıb aparar, ya da onu özündən qabağa buraxıb tapşırardı ki, qərarlaşdıqları yerdə Onu gözləsin. Adətən, bir yerə gedəndə hansı yoldan keçmişdisə, qayıdanbaş həmin yolla yox, başqa yolla qayıdardı. İmam Rizadan (ə) bu məlumatın doğru olub-olmadığını soruşanda təsdiq etmiş, özünün də belə etdiyini buyurmuşdu. Səbəbini isə belə izah etmişdi ki, bu əməl insanı ruziyə yaxınlaşdırar (yəni ruzi qazanmağı asanlaşdırar).

Peyğəmbər müsəlmanlardan hər hansı birini üç gün görməsəydi, onun haqqında soruşub maraqlanardı. Səfərdə olduğunu desəydilər, sağ-salamat qayıtması üçün dua edərdi; evdə olduğunu söyləsəydilər, görüşünə gedərdi; xəstə olduğunu bilsəydi, yanına gedib ziyarət edərdi.

Yanına gələn adam üçün ayağa qalxar, öz döşəyini ona verib oturmasını istəyərdi və həmin adam oturmayınca israr edərdi.

Uşaq yaşlarından 9 il o həzrətə xidmət etmiş Ənəs ibn Malik xatırlayırdı ki, bu müddət boyunca Peyğəmbər bircə dəfə də olsa mənə acıqlanmadı, “niyə tapşırdığım filan işi görmədin?” demədi, səhvimi üzümə vurmadı. Hətta Peyğəmbərin xanımları hər hansı səhvimə görə məni danlayanda o həzrət məni müdafiə edər, bu səhvi qəsdən yox, bilməyərəkdən etdiyimi söyləyərdi.

(Küleyninin “əl-Kafi”, Qəzzalinin “İhyaü ülumid-din”, Təbrisinin “Məkarimül-əxlaq”, Deyləminin “İrşadül-qülub” kitablarına istinadən).


Tarix: 04.06.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Maraqlı melumatlar