beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrət Fatimə (s.ə) Təsbihi

İmam Sadiq (ə) buyurur: “Hər kim vacib namazdan sonra ayaqlarını cütləməmişdən qabaq Həzrət Fatimənin (s.ə) təsbihini edərsə, Allah onu bağışlayar”.

Mehriban Allah böyük İlahi neməti bəyan etdikdən sonra insanları düz yola hidayət etmişdir. “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin, və küfr və nemətlərimə nankorluq etməyin” (“Bəqərə” 152).

Bu ayədən göründüyü kimi, tərbiyəvi bir məsələyə işarə edilir. “Məni yada salın”, yəni bütün yaxşılıqlar mənbəyi olan Pak Zatı xatırlayın.

Bu yolla öz ruh və canınızı pak edin və Allah rəhmətini qəbul etməsi üçün hazırlayın. Bu Pak Zata diqqət etmək bəndənin bütün fəaliyyətlərini daha xalis, güclü edər.

Allahı zikr etmək ancaq dillə olmur. Məqsəd odur ki, bəndə bütün qəlb və canı ilə Allahın Pak Zatına diqqət etsin. Bu diqqət insanı günahdan saxlayar və itaət etməyə əmr edər.

Muhəmməd ibni Müslim İmam Baqirdən (ə) nəql edir: “Həzrət Fatimənin (s.ə) təsbihi o zikrlərdəndir ki, Allah (ona əmr etmiş və) buyurmuşdur ki, Məni yada salın ki, sizi yadıma salım”.

Bu hədisdən belə başa düşürük ki, əgər insan bu təsbihi qəlb diqqəti ilə bir yerdə edərsə, bu zaman bu zikr ən çox zikrlər sırasına girmiş olar.

İmam Sadiq (ə) buyurur: “Hər kim Həzrət Fatimənin (s.ə) təsbihi ilə yatarsa, “Allahı çox yada salan qadın və kişilərdən” olar”.

Allah Təala buyurur: “Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin”. (“Əhzab” 41-42).

İsmayil ibni Əmmar deyir: “İmam Sadiqdən (ə) soruşdum ki, Allahın Quranda buyurduğu çoxlu zikrin həddi və qədəri nə qədərdir? Buyurdu: “Allahın Rəsulu (s) Həzrət Fatiməyə (s.ə) 34 dəfə təkbir, 33 dəfə təsbih və 33 dəfə həmd deməyini öyrətmişdir. Əgər sən bir dəfə gündüz və bir dəfə də gecə bu işi görsən, həqiqətdə Allahı çoxlu zikrlə yada salmış olarsan”.

Xanım Zəhra (s.ə) təsbihinin fəzilələtləri:

1. İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, o gündən bəri ki, Allahın Rəsulu (s) bu zikrləri mənə öyrətmişdir, onları heç bir zaman tərk etməmişəm”. Bir nəfər soruşur: “Hətta Siffeyn döyüşü gecələrində də tərk etməmisiniz?” Buyurur: “Bəli. Hətta Siffeyn döyüşünün gecələrində də tərk etməmişəm”.

2. İmam Baqir (ə) buyurur: “Allahı həmd və zikr etmək cəhətindən Həzrət Fatimeyi-Zəhra (s.ə) təsbihindən yaxşısı yoxdur. Əgər olsaydı, Peyğəmbər (s) onu Zəhraya (s.ə) əta edərdi”.

3. İmam Baqir (ə) buyurur: “Hər kim Həzrət Fatimənin (s.ə) təsbihini deyərsə, ondan sonra istiğfar edərsə, bağışlanar. Bu, dildə yüz zikrdir. Ancaq əməl tərəzisində min hesab edilir. Şeytanı uzaqlaşdırır və Allahı razı salır”.

4. İmam Sadiq (ə) buyurur: “Hər kim vacib namazdan sonra Həzrət Fatimənin (s.ə) təsbihi ilə yüz dəfə təsbih edərsə, onun ardınca bir dəfə “Lə iləhə İlləllah” deyərsə, bağışlanmış olar”.

5. İmam Sadiq (ə) buyurur: “Hər gün hər namazdan sonra edilən Həzrət Fatimənin (s.ə) təsbihi Allah yanında hər gün qılınan min rükətli namazdan daha sevimlidir”.

Bəli, belə hədislər çoxdur və bunlardan belə başa düşmək olur ki, bu təsbihin dəyəri çox yüksəkdir. Onu deməyin ən yaxşı zamanı, namaz halını dəyişmədən hər vacib namazdan sonradır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar