beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏZRƏTİ NUH

Həzrəti Nuh, Qurani Kərimdə və Həzrəti Məhəmmədin hədislərində digər peyğəmbərlərlə müqayisədə daha çox məlumat verilən və "ülül-azm" olaraq adlandırılan 5 böyük peyğəmbərdən biridir. Qurani Kərimdə, 28 surədə haqqında məlumat verilmiş və 43 yerdə adı zikr edilmişdir.

Qurani Kərimin tərtib ardıcıllığında ilk dəfə "Ali İmran" surəsinin 33 ayəsində Həzrəti Nuhun adı çəkilir: “Şübhə yoxdur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini öz dövrünün insanları içindən seçərək üstün qıldı.” Ayədə 3 peyğəmbərin və bir də Həzrəti Məryəmin atası İmranın adı birlikdə zikr edilir. “Saflaşdırılaraq seçilmək” mənasındakı “istifa” kəlməsi yaradılış qanunudur. Adəmin seçimi bəşəriyyət içindən insaniyyətə, Nuhun seçimi insaniyyət içindən Risalətə dəlalət edir. İbrahim ailəsindən sonra eyni kökdən olan İmran ailəsinin seçimi; soyun seçiminin Yəhudilərin iddia etdiyi kimi o soya aid olan hər kəsin seçimi anlamına gəlmədiyinə işarədir. İbrahim ailəsi də, İmran ailəsi də Allaha olan borclarını bir ailə olaraq ödəmiş və bunun da müqabilində seçilmişdilər. Həzrəti İbrahim bir rəsul olaraq imtahan verib Xəlulullah [Allah dostu] olmuşdu. Amma burada onun tək deyil ailə olaraq seçilməsindən söhbət gedir. Xanımı Həcər, oğlu İsmayılla birlikdə verdiyi imtahan onların hər üçünü seçilənlərdən etdi. Həzrəti İmranın xanımı Hannə isə hələ dünyaya gəlməmişdən əvvəl doğulacaq körpəsini Allaha qurban dedi. Allaha qurban deyilən Həzrəti Məryəm isə qadınlar içindən seçilərək üstün qılındı, dünyanın ən böyük möcüzəsi onun əli ilə həyata vəsiqə qazandı: Həzrəti İsa. İmran ailəsi deyilərkən – Hannə, Məryəm, İsa nəzərdə tutulur.

Nuhun seçimi Risalətə dəlildir dedik. 28 ayədən ibarət olan 71-ci surə onun adını daşıyır və əvvəldən axıra qədər onun tövhid mübarizəsindən, ədalətə dəvətindən bəhs edir. Qurani Kərimdə tamamilə bir peyğəmbərin mübarizəsini ehtiva edən buna bənzər başqa bir surə yoxdur.

Həzrəti Nuhun qövmü öz inkarları və batildə israrları baxımından Həzrəti Məhəmmədin qövmünə bənzədiyinə görə bu qissə bir çox surələrdə fərqli məqsədlərlə anladılmışdı: məsələn, Hud surəsində Həzrəti Məhəmmədə təsəlli olaraq, Zariyat surəsində zalım qövm kimi müşrikləri təhdid edərək.
Onu da qeyd edək ki, Qurani Kərim, Nuhun həyatının yalnız peyğəmbər olaraq vəzifələndirildikdən sonrakı mərhələsindən bəhs etmiş; doğumu, böyüməsi və peyğəmbərlik vəzifəsinə gətirilməsi haqqında məlumat verməmişdir. Quranda onun haqqındakı məlumatlar, təbliğ metodu, qövmünün ona həddindən artıq düşmənçiliyi, bunun əvəzində tufan ilə cəzalandırılmaları, eləcə də o və ona iman edənlərin xilas olması barəsindədir. Həzrəti Nuhdan bəhs edən ayələrin çoxunda qövmünün onu yalanlaması ilə məruz qaldıqları ilahi əzaba diqqət çəkilmiş, geniş məlumat verilmişdir.

Həzrəti Adəmdən sonra insanlığın “ikinci atası” sayılan Həzrəti Nuhun qövmü Allaha ibadəti tərk edərək, öz uydurduqları saxta ilahlara, yəni bütlərə tapmağa başlamışlar. Get-gedə bütpərəstlik yayılmış, doğru yoldan uzaqlaşan insanlar hər cür pisliklərə bulaşmışlar. Zumər [39] surəsinin 3 ayəsi istisna olmaqla Nuh qövmünün azmaqlarının səbəbi Qurani Kərimdə açıqlanmır.
Nuh qövmünün azmasına qarşılıq olaraq Allah Nuhu onlara son dəfə xəbərdarlıq etməsi üçün göndərmişdi:
“Qövmünə can yaxıcı bir əzab gəlməmişdən öncə xəbərdar et/çəkindir!” [Nuh 71,1]

Qövmünə ünvanlanmış dəvətində əvvəlcə əzabı xəbər verərək başlaması olduqca tükürpədəndir. “Allah heç bir qövmü xəbərdar etmədən o qövmə əzab verməz.” Həzrəti Nuh Allahın xəbərdarlığını qövmünə xatırlatmaq üçün göndərilmişdir. Bunula belə o Allahdan da ümid kəsilməyəcəyini söyləyir, bu günə qədər işlənən günahlardan çəkinərlərsə dünya və axirətdə bağışlana biləcəklərini də xatırladır.

TÖVHİDƏ DƏVƏT VƏ İNKAR MODELİ
Xəbərdarlıq və pisliklərdən, şirkdən çəkindirmək üçün göndərilən Həzrəti Nuh bizə dəvət metodunu öyrədir: gizli və açıq dəvət [Nuh, 9], elmə istinad edərək dəvət [Nuh, 14], Allahın ayələrinə, yaradılanlara diqqət çəkərək dəvət [Nuh, 15-20] etmək. Gözlərimiz önündə qəribə bir mənzərə açılır: dəvətçinin dəvətini insanlara çatdıra bilməsi üçün hər fürsəti dəyərləndirməsi, kafirlərin küfrdə israr etmələri üçün ciddi-cəhdləri. Qarşılaşdığımız mənzərə olduqca ibrətamizdir: uşaq inadı ilə eşitməmək üçün barmaqlarını qulaqlarına tıxayanlar, başlarını libaslarının altında gizlədənlər… Olduqca tanış bir mənzərədir, elə deyilmi? İnkar edənlər zaman dəyişsə də, məkan dəyişsə də dəyişmirlər. İman edənlər necə? Həzrəti Nuh kimi quruda gəmi düzəldə bilirlərmi?!

Peyğəmbərlər modeli iman edənlər üçün bir örnəkdir. "Nuh" surəsində Həzrəti Nuhun dəvətini hansı üsullarla aparılması iman edənlərə nümunə olaraq göstərilir:
“Gün oldu ki, mən onlara açıq dəvət etdim; Gün oldu ki, həm dəvətimi onlara elan etdim, həm də gizli dəvət etdim; Nəhayət dedim ki: “Rəbbinizdən bağışlanma diləyin; unutmayın ki, O bağışlayandır” [Nuh, 8-10]
Əvvəlcə dəvətə cavab verəcəksən. İman etdikdən sonra da Allah səni bağışlayacaq. İman olmasa bağışlanma da olmaz.

Daha sonra Allahın ruzisini vəd edir: “Göydən yağış endirəcək; mal və övlad verərək dünyəvi rifahınızı artıracaq; daha sonra sizin üçün tərifi mümkün olmayan cənnətlər və nehrlər bəxş edəcək.” [Nuh, 11-12]
Burada Allahdan bağışlanma diləməklə ruzilər arasında bir bağlantı qurulur. Qurani Kərimin bir çox ayəsində qəlblərin islahı, Allahın hidayətinə uyması ilə ruzinin asanlaşması və rifahla bir bağlantı var. [Baxın Əraf, 6; Maidə 65-66, Hud, 2-3]
Bunlardan sonra Nuh qövmünə yaxşı məlum olan bir təkamül prosesinə, inkişaflı olan bir mərhələyə diqqət çəkir: “Sizi uzun mərhələlər içində haldan‐hala keçirərək yaradan Odur” [Nuh, 14]
“Etvar” ərəb dilində hər bir halqası digərindən fərqli olan “çox zamanlı və çox mərhələli proseslərə” dəlalət edir. İnsanın tabe olduğu təkamül qanunun ifadəsidir. Həzrəti Nuhun söz etdiyi mərhələ qövmünün anladığı, şahid olduğu bir mərhələ idi. Həzrəti Nuh belə bir xatırlatma ilə onlara təsir edib dəvətinə müsbət cavab vermələrinin təmin etmək istəyirdi.

Bütün bunlardan aydın olur ki, Nuh qövmünü yaxşı tanıyır və onlara necə xitab etmək lazım olduğunu bilirdi. Bütün dəvətçilər bu üsulu nəzərdə tutaraq, müxətiblərinin tanıyaraq dəvət etməlidirlər.

HESABAT
Nuh surəsinin 6-21-ci ayələri sanki Nuhun Rəbbinə bir hesabatıdır: “Mən bütün dəvət metodunu sınaqdan keçirdim. Artıq bacarmıram və Sən onları cəzalandır...”
Bunu söyləməyə onun mənəvi haqqı var idi. Mindən əlli il əskik usanmadan, yorulmadan, bezmədən dəvət etmişdi. Dəvətini nəticəsini görməyəndə isə üzülərək “Rəbbim! Yer üzündə tək bir dənə də olsa kafir buraxma” [Nuh, 26] demişdi. Ondan başqa heç bir peyğəmbər belə böyük miqyaslı “qəhr et!” deyə bəd dua etməmişdir. Həzrəti Musanın Maidə surəsi 25-ci ayədə bizə bildirilən bəd duası isə Allahın yardımını gördükləri halda Onun əmrlərinə qarşı gələn İsrailoğullarına yönəlmişdi. [Bu barədə Həzrəti Musanın qissəsini işləyərkən geniş məlumat verəcəyik]

İNSANLIĞIN İLK ETİQADİ SAPMASI
Buxari, İbn Abbasın [r.ə] belə söylədiyini rəvayət etmişdir: "Həzrəti Adəm ilə Həzrəti Nuh arasında on nəsil var, [bu on nəsilin] hamısı da İslam dini üzrə idilər. " İbn Kəsr, "əl-Bidayə vən-Nihayə" adlı kitabında bu hədis ilə əlaqədar olaraq belə deyir: "Hədisi şərifin mətnində keçən "qarin" yəni "nəsil" kəlməsində məqsəd, 100 ildirsə, deməli Həzrəti Adəm ilə Həzrəti Nuhun arasında [100x10] 1000 il keçmişdir. Amma bu, İbn Abbasın söylədiyi "[Bu nəslin] hamısı da İslam dini üzrə idilər" qeydinə əksdir. Çünki bu vəziyyətdə ikisinin arasında Müsəlman olmayan başqa nəsillər də yaşamış ola bilər. Lakin Əbu Ümamənin bu barədəki hədisində isə, ikisinin arasında yalnız on nəslin keçmiş olduğuna dəlalət edir. İbn Abbasın rəvayət etdiyi hədis isə, ikisi arasında keçən nəsillərin Müsəlman olduqları qeydini əlavə etmişdir ki, bu da tarixçilərin və digər Əhli Kitabın ortaya atdıqları “Qabil və oğulları atəşə tapmışdılar” iddiasını inkar edir.

Nuh surəsi 23-cü ayədən də aydın olduğu kimi, Nuh qövmü, adları zikr edilən,- Vədd, Suva, Yəğus, Yəuq və Nəsr,- bütlərə ibadət edirdilər. Ancaq onların arasında bütpərəstliyin nə vaxt və necə ortaya çıxdığı dəqiq məlum deyil və bu barədə fərqli rəvayətlər mövcuddur. Buxarinin İbn Abbasdan nəql etdiyi bir rəvayətə görə, ayədə adları keçən bütlər, xalq arasında yaxşılıqlarıyla tanınmış, ad-san qazanmış bəzi saleh insanlar idilər. Onların vəfatından bir müddət sonra cəmiyyətin öndə gedənləri, şeytanın təşviqiylə bu şəxslərin xatirələrini unutmamaq, adlarını və yaxşılıqlarını əbədiləşdirərək hər kəsin nümunə götürməsini təmin etmək məqsədi ilə onların heykəllərini düzəltmişdilər. Sonra isə bu şəxslər haqqındakı məlumatlar unuduldu və yeni nəsillər onları özləri ilə Allah arasında vasitəçi olaraq qəbul edərək onlara ibadət etməyə başladılar. [1]

Quranın bizə söylədiyi ilk etiqadi sapma Nuhun mənsub olduğu qövm arasında baş vermişdi. Bu ilk şirk, Allahın varlığını inkar deyil; uydurulan bütləri Ona ortaq qoşmaqla, bütləri Allahla insanlar arasında vasitə olaraq qəbul etməklə təzahür tapmışdır. Və “Biz onlara sadəcə bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik!” deyirdilər. [Zumər 39/3] Beləliklə də Allaha şərik qoşmuş olurdular. Allah isə heç bir qövmü xəbərdar etmədən o qövmə bir bəla göndərməz. O qövmün xalqını yalnız Allaha ibadət etmələri, unutduqlarını xatırlamaları, səhvlərini düzəltmələri üçün hər dövrdə rəsullarını o qövmlərə göndərmişdi.
“Biz səndən öncə hansı bölgəyə bir xəbərdar edən göndərmişiksə, oranın rifah içində olan azmış seçkinləri həmişə belə deyərdilər: Biz atalarımızı adətləşmiş bu inanc üzrə gördük; bu halda bizə düşən onları təqib etməkdir” [Zuhruf43, 23]
Nuh qövmünün sakinləri də, daha doğrusu azğınları da eyni bəhanəni gətirmişdilər: “Biz atalarımızı adətləşmiş bu inanc üzrə gördük; bu halda bizə düşən onları təqib etməkdir.” Atalarımızı bu inanc üzrə gördük! Bu Nuhun qövmündən sonra gələnlərin də bəhanəsidir. Nuh qövmündəkilərin ataları Həzrəti Adəmdirsə onun hansı inancda olduğu məlumdur: Tövhid. Nuhdan sonra gələnləri ataları isə Nuhdur, İbrahimdir…!! Atalarımızın dini üzrəyik deyərkən hər halda özlərini bu peyğəmbərlərin varisləri olaraq görmürlər.
Əslində isə inkar edənlər daha asan bir yolu təqib edirlər: düşüncəsizliyi. Təfəkkür etmədən, təqlid etməyi adət halına gətirmişdilər. Nəyi və niyə təqlid etdiklərini isə bilmirdilər. Bunu soruşmağa, araşdırmağa da tənbəllik edirdilər. Atalarının xatırlamaları üçün heykəllərini qoyduqları iman əhlinin kimə ibadət etdiklərini unutmuş, onları bütləşdirmişdilər. Artıq bu heykəllər onlara imanı xatırlatmırdı. Onları bu yanlış inancdan çəkindirmək istəyən Nuha isə düşmən münasibəti bəsləyir, Allaha üsyan edirdilər.

Nuhun qövmünün ən böyük günahı Allaha şərik qoşmaq idi. Özlərindən [ibadətdə!] daha üstün saydıqları insanları bütləşdirir, onlara sitayiş edir, Allahı ya unudur, ya da ki, bu bütləri özləri ilə Allah arasında vasitəçi görürdülər. İnsanlar bir daha bu səhvi işləməsinlər deyə Allah Qurani Kərimdə dönə-dönə "Mən qullarıma şah damarlarından daha yaxınam" deyir. Ey insan sənin şah damarın hardadır? İlk əvvəl onun yerini müəyyən et! Əgər o sənə yaxındırsa [!] deməli sənə Allaha ibadət və itaətdə vasitəçi lazım deyil. Yox əgər uzaqdırsa [!] bu zaman da sənə vasitəçi lazım olmayacaq. Çünki o Allaha sənin mesajını çatdırmaq üçün ilk əvvəl sənin şah damarını tapmalıdır.

TUFANIN BAŞ VERDİYİ MƏKAN
Aparılan araşdırmalar, Avstraliya Aborijinlərindən Quatamala yerlilərinə, Seylan xalqından Eskimolara qədər, qapalı havza toplumları da daxil olmaqla bir “tufan” qissəsi olduğunu meydana çixartmışdı. Bu, tufanın dünya miqyasında olduğunu deyil, o zamanlarda insan nəslinin bugünki kimi dağınıq bir halda olmadığını göstərir. Digər bir ayədə də “Fəqət onu və gəminin sakinlərinin hamısını qurtardıq; və bunu [gəmini və ya cəzanı] bütün insanlığa [ibrət üçün] bir sənəd qıldıq" deyilir. [Ənkəbut 29/ 15] Bu bir daha fəlakətin insanlığın ortaq hafizəsində özünə yer etdiyinə dəlildir. Yəqin ki, Rəbbimiz insanlığa buraxılan sənəd deyərkən bunu nəzərdə tutur. Allahu a’ləm.

NUHUN İMTAHANI
“Nuh Rəbbinə yalvardı və “Rəbbim” dedi, “o, mənim oğlumdu, ailəmdən biriydi!... Bir daha anladım ki, Sənin sözün [hər kəsi ehtiva edən] həqiqətin özü imiş; və ən haqlı höküm verən Sənsənmiş!” [Allah] “Ey Nuh! O sənin ailəndən sayılmaz; başqa sözlə bu doğru olmayan bir davranışdır; bundan belə, hikmətini bilmədiyin bir şeyi məndən istəmə: Əlbəttə Mən sənə cahillərdən olmamağını nəsihət edirəm! dedi” [Nuh] “Rəbbim! Haqqında biliyim olmayan bir şeyi istəməkdən Sənə sığınıram!Əgər məni bağışlamaz və mənə mərhəmət etməzsən, tamamilə iflas edənlərdən olaram!” dedi.[Hud, 45-47]


EYNİLİK
Həzrəti Nuhun qövmünün bütün bəhanələri Həzrəti Məhəmməd qövmünün bəhanələrinə çox bənzəyir [dövrümüzün inkarçılarının da!]. Bütün tüğyan edənlər danılmaz bir faktı göz önündə tutmağa hazır olmalıdır. Hər tüğyanın bir tufanı var. Bu tufan inkar edənlər üçün fəlakət olduğu kimi, iman edənlər üçün də bir hicrətdir… "Allahın sünnətində heç bir dəyişiklik görməzsiniz" [İsra, 77]
Atəşin yandırmaması üçün onun qarşısına İbrahim imanı çıxartmaq lazımdır… Tufandan xilas olmaq üçün isə imandan bir gəmi düzəltmək ən vacib şərtdir. Ancaq düzəldəcəyin gəmi mütləq Allahın qanunlarına uyğun olmalıdır. Quran, bütün tufanlarda quruda gəmi düzəldənlərə bələdçi, rəhbər, mayaq və yol xəritəsidir.
“Bizim rəhbərliyimiz altında və bildirdiyimiz şəkildə gəmini inşa et...” [Hud 11/36]
Bu ilahi fərman bizə bunu söyləyir: Sən, Quranın rəhbərliyi altında həyat gəmini inşa et! Tufana qərq olacaq bir tüğyan selində, yalnız Allahın rəhbərliyi altında inşa edilmiş bir həyat gəmisi ilə xilas ola bilərsən. Günah okeanlarında savab adası olmaq quruda gəmi düzəltməkdir. Sən quruda gəmini düzəlt, çünki sənin işin yalnız budur. Lazım olarsa, Rəbbin dənizi ayaqlarına gətirər. Necə gətirəcəyinin misalı Qəmər surəsinin 11-12-ci ayələrdə açıqlanır... “Biz də bardaqdan boşaldarcasına tökülən bir su ilə səmanın qapılarını açdıq. Və torpağı fişqıran çeşmələrə çevirdik və qərarlaşdırılmış bir vəzifəni həyata keçirmək üzrə su[lar] birləşdi.”

GƏLDİYİMİZ QƏNAƏT
İman edənlər tüğyan selində həm özü, həm də iman edənlərin xilas olması üçün Allahın öyrətdiyi kimi, quruda da olsa gəmilərini düzəlməlidirlər.
İman qardaşlığı soy qardaşlığından öndə gəlir. Nuhun duasına amin deməli və bu duanı daima etməlidir: “Rəbbim! Məni, anamı, atamı, evimə inanmış olaraq girəni, inanan kişi və qadınları bağışla” [Nuh, 28]
Allahdan bilmədiyi bir şeyi, öz övladının cismani xilası olmuş olsa belə, - istəməkdən Allaha sığınmalıdır.
Dəvətçinin dəvət metodu peyğəmbər nümunələrinə uymalıdır.



[1] [Buxarı, Təfsir, 71. Buxarinin eyni yerdə nəql etdiyi bir rəvayətə görə, Nuh qövmünün ibadət etdiyi bu bütlər, daha sonraları Cahiliyyə Ərəbləri tərəfindən də ilah olaraq qəbul edilmişdir]


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 424 Bölmə: Maraqlı melumatlar