beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam əsasında yuxu yozumu

Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək diləyir və günahlarımızın bağışlanmasını da Ondan istəyirik. Nəfsimizin, ətrafdakılarımızın və gördüyümüz yuxuların şərrindən Ona sığınır və Ondan mərhəmət diləyirik!

Yuxu barədə bu günə qədər yetərincə fikirlər söylənmiş və onun necə bir şey olduğu barədə yetərincə təcrübələr aparılmışdır. Deyirlər ki, yuxunu necə yozarlarsa, elə də olar. Ancaq mən buna o qədər də inanmıram. Çünki elə yuxular var ki, bizə nədənsə xəbər verir və onun tərsinə yozulması belə olacaq şeyə qətiyyən təsir göstərmir.

Bir çox insanlar deyir ki, mən yuxuda nə görürəmsə o da həyata keçir. Bu əslində qiyamətin əlamətlərindən biridir. Bu fikrimi Buxari və Müslimin qeyd etdiyi bu hədislə daha da möhkəmləndirmək istəyirəm: Allah Elçisi (s.a.s) buyurub: “Vaxt yaxınlaşdıqca möminin yuxusu, demək olar ki, yalan çıxmayacaq”. Burada vaxt deyəndə qiyamətin vaxtı nəzərdə tutulur.

Bilmək lazımdır ki, yuxular yaxşı və pis olurlar. Pis yuxularımızı gərək heç kimə danışmayaq, çünki onlar şeytanların əməlləridir. Bu barədə dəyərli hədis də var. Buxari və Muslimin rəvayətinə görə səhabələrdən olan Əbu Sələmə deyirdi ki, o hər zaman pis bir yuxu görəndə yuxu onu xəstələndirərdi. Bir gün O, Əbu Qatədənin də pis yuxu görərkən halının pis olduğunu dediyini eşidir və onun Peyğəmbərdən belə eşitdiyini dediyini öyrənir. Peyğəmbər (s.a.s) deyib “Gözəl yuxu Allahdandır. Buna görə də sizin hər hansı biriniz sevdiyi bir şeyi yuxuda görərsə, onu ancaq sevdiyi adamlara danışsın. Xoşuna gəlməyən bir şey görərsə, onun və şeytanın şərindən Allaha sığınsın və üç dəfə sol tərəfə tüpürürmüş kimi hərəkət etsin. O yuxusunu heç kimə danışmasın. Belə olduqda, pis yuxunun ziyanı ona dəyməz”.

İslamda yuxu yozumuna pis baxılmır. Ancaq yuxu yozacağıq deyə günahlara girənlər də olur və bu yuxu yozumundan insanlarda əlamətlərə, batil şeylərə inam yaranmağa başlayır. Ona görə də yuxunu yozarkən ehtiyatlı olmalı və kər kəsə yuxu yozdurmamalıyıq.


İslamda yuxu yozumuna dair məlumatlar olduqca genişdir. Yuxu peyğəmbərliyin 1/46 hissəsidir. İndiki dövrümüzdə peyğəmbərlikdən yalnız doğru, səhih yuxular qalmışdır. Bu o demək deyil ki, yuxuları həyat keçən adam xüsusi adamdır və ona “vəhy” gəlir. Xeyr! Sadəcə olaraq o müsəlman əməlisaleh biridir deyə, onun gördüyü yuxular da reallaşır.

Sünnəyə görə yuxular Rəbbimizin yaratdığı və insanın yalnız yatdığı zaman gördüyü inanclardır. Bu yoldan irəliləməyə başlayaraq deyə bilərik ki, yuxular və bu növdən olan düşüncələr 3 yerə bölünür:
1. Uca Allahın sonrada yaradacağı və ya artıq yaratdığı bir sıra xüsusatlara aid əlamətlərdən ibarət olan yuxu və ya düşüncələr.
2. İnsanın öz-özünə etdiyi təlqinlər və ya gün ərzində insanın daim bir şey haqqında düşünməsi nnəticəsində görülən yuxular.
3. Şeytanın insanı qorxutmaq və onu incitmək, kədərləndirmək üçün göstərdiyi təsirli inanclar, yuxular.
Bu bölgü elə-belə edilməmişdir. Bu bölgünü təsdiqləyən hədisi nəzərinizə çatdırmaq istəyirəm. Buxari və Muslimin Əbu Hüreyrədən (r.a) rəvayət etdikləri hədisdə Peyğəmbərimiz (s.a.s) buyurub: “Yuxu üç cürdür: Bir yuxu saleh olub Allah tərəfindən müjdə verilir. Digər yuxu Şeytan tərəfindən insanı kədərləndirmək üçün göstərilir. Bir yuxu növü də insanın öz-özünə etdiyi təlqinlər və ya daxilən keçirdiyi həyəcanların təsiridir”.

Unutmayaq ki, hər kəs yuxu yoza bilməz! İmam Malikə "hər kəs yuxu yoza bilərmi?"- deyə sual verildikdə, o “Siz peyğəmbərliklə əylənməkmi istəyirsiniz?”-deyə cavab vermişdir. Sonra isə vurğulamışdır ki, yuxuları bu işi yaxşı bilənlər yozmalıdır. Yuxuda bir xeyirlilik gördükdə onu bildirməli, xoşa gəlməyən şeyi gördükdə isə onu ya xeyirə yozmalı, ya da susmalıdır. Sonra isə ondan yenə soruşdular ki: “Yuxunu yozan adama görə yozumu xeyirli olmayan bir şey olduqda, yenəmi xeyirə yozmalıdır?”, O isə cavabında “Xeyr” demiş və vurğulamışdır ki, yuxu Peyğəmbərlikdən bir parçadır və Peyğəmbərliklə əylənməyə cəhd göstərilməməlidir.

İbn Verdi deyir: “Yuxu uçan quşun qanadı üstündədir. Sən onu yozarsansa, artıq ya bir müjdə alınacaq, ya da bir narahatlıq baş verəcək”.

Hər zaman şirin yuxularda olun! Şeytani yuxular sizdən uzaq olsun! Allah öz mərhəmətini bir an belə üzərimizdən əksik etməsin! Amin!!!


Tarix: 03.06.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqlı melumatlar