Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HUDEYBİYYƏ SÜLHÜ

7.«Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hudeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiyinizi görəndir!». (əl-Fəth 24). Misvər b. Məxrəmə - radıyallahu anhu – və Mərvan b. əl-Həkəm bir-birinin rəvayətini təsdiqləyərək demişlər: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hudeybiyyə sülhündə (HUDEYBIYYƏ – Bu sülh müqaviləsi 628-ci ildə baş verib. Sülh müqaviləsində iştirak edənlərin sayı 1400, bir rəvayətdə isə 1500 nəfər idi. Müslim, Həkim və s. ) iştirak etmək üçün (Mədinədən səfərə) çıxdı və bir qədər yol getdikdən sonra səhabələrinə belə buyurdu: «Xalid b. Vəlid (Xalid b. Vəlid - radıyallahu anhu – o, vaxtlar hələ müsəlman deyildi. Lakin 629-cu ildə İslamı qəbul edir və İslamın dahi şəxslərindən birinə çevrilir. SEYFULLAH – Allahın qılıncı adı ilə tanınmışdır.) - radıyallahu anhu – nun başçılıq etdiyi Qureyşin süvari qoşunu Ğəmim vadisində pusquda dayanıblar. Buna görə də siz sağ tərəfə gedin!» Allaha and olsun ki, Xalid - radıyallahu anhu –, Peyğəmbər – sallallahu aleyhi və səlləm – və onun səhabələrini görmədi. Yalnız onların arxasınca qalxan toz-torpağı gördükdən sonra atını çaparaq (müsəlmanların gəldiyini) Qureyşə xəbər verməyə getdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə (səhabələrilə birlikdə) yoluna davam etdilər. Nəhayət gəlib Məkkəyə aparan Hudeybiyyə vadisindəki dağ yoluna çatdılar. Burada Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dəvəsi yerə çökdü və insanlar: «Hü! Hü!» deyə dəvəni yerindən tərpətməyə çalışdılar. Lakin dəvə çökdüyü yerdən qalxmadı və onlar: «Qasva (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dəvəsinin adı idi. ) inadkarlıq edib qalxmır!» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qasva inadkarlıq etməz! Bu onun adəti deyildir. Lakin (bir zamanlar Məkkəyə daxil olmaq istəyən) fili tutub saxlayan Allah indi də Qasvani saxladı. Nəfsim əlində olan Allaha and olsun ki, müşriklər Allahın haram buyurduqlarına əməl etməklə məndən hər nə istəsələr onlara istədiklərini verəcəyəm!» Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – Qasvanı tərpətdi və heyvan dərhal ayağa qalxdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hudeybiyyənin qurtaracağında yerləşən və içində az miqdarda su olan çuxurun yanına gəldi. Səhabələr çuxurda olan sudan az-az o, qədər daşıdılar ki, orada su qurtardı. Onlar susuzluqdan Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə şikayət etdikdə o, ox qabından bir ox çıxardıb onlara verdi və onu çuxura sancmaqlarını əmr etdi. Allaha and olsun ki, ox çuxura sancılan kimi oradan su fəvvarə kimi vurmağa başladı. Bu fəvvarə onlar susuzluqlarını yatırdıb oradan uzaqlaşanadək davam etdi. Bu vaxt Budeyl b. Vərqa əl-Xuzai - radıyallahu anhu – öz qəbiləsindən Xuzaədən olan bir dəstə adam ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldilər. Tihaməlilər (Məkkə və onun ətrafına Tihamə deyilir. Orada yaşayanlar isə Tihaməlilər adlanır. Fəthul Bəri 5/396.) içərisində Xuzaə qəbiləsindən olanlar əvvəldən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sirdaşı idilər. Budeyl - radıyallahu anhu – dedi: «Mən Kəb b. Lueyyi və Amir b. Lueyyi (Hər ikisi də Qureyşin ulu babalarındandır. Yəni: «Onların nəslindən olanları Məkkədə tərk edib gəlmişəm» deməkdir. Fəthul Bəri 5/398.) Məkkədə tərk edib gəlmişəm. Onlar Hudeybiyyə vadisindəki ən zəngin su quyularını ələ keçiriblər. Səninlə müharibə etmək və Məkkəyə daxil olmağına mane olmaq istəyirlər. (Uzun müddət müqavimət göstərib qaçmamaq üçün) özləri ilə süd verən və balası yanında olan dişi dəvələr də (və ya arvad-uşaqlarını da) gətiriblər». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biz müharibə etmək üçün gəlməmişik! Biz yalnız Ümrə ziyarəti etmək üçün gəlmişik. Həqiqətən müharibə Qureyşi maddi və mənəvi cəhətdən zəiflətmiş, onları ziyana uğratmışdır. Əgər istəyirlərsə müharibəni dayandırıb onlarla sülh müqaviləsi bağlayım. Qoy onda mənimlə digər insanlar (ərəblərdən və qeyri ərəblərdən olan kafirlər) arasında olan münasibətə qarışmasınlar. Əgər mən o, kafirlərə məğlub olsam bu onlar üçün bir dəstək olacaq, yox əgər qalib gəlsəm onda onlar da digərləri kimi İslam dininə daxil ola bilərlər. Əks halda isə (Allah və onun Rəsuluna itaət etməsələr) mən onlarla bağladığım müqaviləni pozmayacağam. Beləliklə də onlar istirahət edəcəklər (bir müddət müharibədən yaxa qurtaracaqlar). Onlar mənim bu təklifimi qəbul etməyib bizim içimizə müdaxilə etsələr, nəfsim əlində olan Allaha and olsun ki, başım bədənimdən ayrılana qədər onlarla vuruşacağam. O, zaman Allah Öz vədini (İslam dinini ucaldacağını) mütləq doğruldacaqdır!».
Budeyl - radıyallahu anhu – dedi: «Sənin dediklərini onlara çatdıracağam!» Sonra o, Qureyşlilərin yanına gəlib dedi: «Biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına getdik və ondan bəzi şeylər eşitdik. İstəyirsinizsə onun dediklərini sizə çatdırım!». Onların arasındakı səfehlər: «Ondan bizə hər hansı bir xəbər verməyinə ehtiyacımız yoxdur!» deyə etirazlarını bildirdilər. Ağıllıları isə: «De görək ondan nə eşitmisən!» deyə soruşdular. O: «Mən ondan filan, filan təklifləri eşitdim!» deyib Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiklərini bir-bir onlara çatdırdı. Sonra Urva b. Məsud ayağa qalxıb: «Mən sizin valideiniz, siz də mənim övladlarım hesab olunmursunuzmu?» dedi (Başqa rəvayətdə: «Mən sizin övladınız, siz də mənim valideynim hesab olunmursunuzmu?» Fəthul Bəri 5/399.) Onlar: «Bəli!» deyə cavab verdilər. O, yenə soruşdu: «Siz məni günah etməkdə ittiham edirsinizmi?» Onlar: «Xeyr!» deyə cavab verdilər. O, bir daha soruşdu: «Ukaz əhlini sizin köməyinizə çağırdığımı və onlar sizə yardım göstərməkdən imtina etdikdən sonra əhli-əyalımla, övladlarımla və mənə tabe olanlarla birlikdə sizə yardım etməyə gəldiyimi bilirsinizmi?» Onlar: «Bəli, bilirik!» deyə cavab verdilər. Urva dedi: «Həqiqətən, bu adam sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun dəvətini qəbul edin və mənə də onunla danışıq aparmağa izn verin!» Onlar: «Gedə bilərsən!» deyə cavab verdilər. O, danışıq aparmaq üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Budeyl - radıyallahu anhu – ya dediklərini Urvaya da dedi.
Urva dedi: «Ey Muhəmməd! Sən öz qövmünü bu şəkildəmi islah olunmasını istəyirsən? (Sən onları məhv etmək istəyirsən?). Heç ərəblərdən öz qövmünü məhv edən bir kəs barəsində eşitmisənmi? Bəs onlar sənə qalib gəlsələr necə? Allaha and olsun ki, mən sənin tərəfdarların arasında cəsarətli üzlər görmürəm. Mən burada bir çox insanlar görürəm ki, onlar səni müharibə başlayan kimi qoyub qaçacaqlar!» Əbu Bəkr - radıyallahu anhu – (Urvanın bu dediklərinə dözməyib) dedi: «Get Latın (Müşriklərinin ibadət etdikləri bütün adıdır.) fərcini sor! Sən elə zənn edirsən ki, biz onu qoyub qaçacağıq?!» O: «Bu kimdir?» deyə soruşdu. Səhabələr: «Bu Əbu Bəkr - radıyallahu anhu – dur!» deyə cavab verdilər. O: «Nəfsim əlində olana and olsun ki, bir zamanlar mənə göstərdiyin və əvəzini vermədiyim qayğı olmasaydı sənin cavabını verərdim!» deyib Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə söhbətinə davam etdi. O, danışdıqca (hər dəfə söz söylədikdən sonra ərəblərin adətinə görə) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in saqqalından tutardı. Bu vaxt Muğira b. Şöbə - radıyallahu anhu – əlində qılınc və başında dəmir dəbilqə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında dayanıb onu qoruyurdu. Urva Peyğəmbər – sallallahu aleyhi və səlləm – in saqqalına əl atdıqca Muğira - radıyallahu anhu – qılıncın qını ilə onun əlindən vurur və ona: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in saqqalından əl çək!» deyirdi. Urva başını qaldırıb: «Bu kimdir?» deyə soruşdu. Onlar: «Bu Muğira b. Şöbə - radıyallahu anhu – dir!» deyə cavab verdilər. O: «(Üzünü ona tutaraq) Ey xain! Mən hələ də sənin xainliyin nəticəsində (Səqif qəbiləsi ilə aramızda) baş verən anlaşılmazlıqları həll etməklə məşğulam!» dedi. Cahiliyyə dövründə Muğira - radıyallahu anhu – bir dəstə adam (Səqif qəbiləsindən olan Məlikin oğulları) ilə yol yoldaşı olmuş və yolda onları öldürərək mallarını götürüb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək İslamı qəbul etmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona belə buyurmuşdu: «İslam dininə daxil olduğunu səndən qəbul edirəm, lakin qəsb etdiyin malı qəbul etmirəm!». Sonra Urva Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinə nəzər saldı və (öz yoldaşlarının yanına qayıdaraq) dedi: «Allaha and olsun ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağzından çıxan tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtər, onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirərdilər. Dəstamaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə edərdilər. Onun yanında danışanda səslərini qaldırmır və hörmət əlaməti olaraq onun üzünə baxmırdılar».
Sonra Urva tərəfdarlarının yanına qayıdaraq: «Ey qövmüm! Mən bir nümayəndə kimi çox padşahların: «Qeysərin, Xosrovun, Nəcaşinin və s. hüzurunda olmuşam. Padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də görmüşəm. Lakin Muhəmməd – sallallahu aleyhi və səlləm – in səhabələrinin ona təzim etdikləri kimi heç bir padşaha təzim olunduğunu görməmişəm. Allaha and olsun ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağzından çıxan hər bir tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtər, onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirərdilər. Dəstamaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə edərdilər. Onun yanında danışanda səslərini qaldırmır və hörmət əlaməti olaraq onun üzünə baxmırdılar! Həqiqətən o, sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun təklifini qəbul edin!»
Bənu Kinanə qəbiləsindən olan bir kişi dedi: «İzn verin mən gedib onunla danışım!» Onlar: «Gedə bilərsən!» deyə cavab verdilər. O, səhabələrin yanına yaxınlaşdıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu gələn filankəsdir. O, elə bir tayfadandır ki, onlar qurbanlıq dəvələrinə çox hörmət edir və onları qiymətləndirirlər. Elə isə qurbanlıq dəvələrini ona tərəf sürün!». Səhabələr dərhal qurbanlıq dəvələrini sürüb təlbiyə (Həcc vaxtı duadır. /Ləbbeykə-Allahummə-Ləbbeykə/.)edərək onu qarşıladılar. O, təlbiyə edərək gələn səhabələri və qurbanlıq dəvələrini gördükdə: «Subhənəllah! Onlar Allahın evini ziyarət etməkdən məhrum olunmağa layiq deyillər!» dedi. Sonra o, tərəfdarlarının yanına gəlib: «Mən onların ümrə ziyarətində kəsəcəkləri, üzərlərində qurbanlıq nişanələri olan dəvələrini də gördüm. Düşünürəm ki, Allahın evini ziyarət etməyə onlara mane olmamalıyıq!» dedi.
Bu vaxt Mikrəz b. Həfs adlı bir kişi ayağa qalxıb dedi: «İzn verin mən gedib onunla danışım!» Onlar: «Gedə bilərsən!» deyə cavab verdilər. O, səhabələrin yanına yaxınlaşdıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu gələn Mikrəzdir, o xain bir kimsədir!». O, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə söhbət etdiyi vaxt Suheyl b. Amr onların yanına gəldi. Məmər deyir ki, Əyyub İkrimədən xəbər verir ki, Suheyl (SUHEYL – asanlıq deməkdir.) b. Amr gəldikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə buyurmuşdu: «Artıq sizin bütün işləriniz yüngülləşdi!»
Məmər xəbər verir ki, Zuhri rəvayətinə davam edib demişdir: «Suheyl b. Amr Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlib: «Gəl bizimlə sizin aranızda (on illik) sülh müqaviləsi bağlayaq!» Peyğəmbər – sallallahu aleyhi və səlləm – katibi (Əli b. Əbu Talib - radıyallahu anhu – nu) yanına çağırıb müqaviləni yazmağı ona əmr edib buyurdu: «Yaz! Rəhimli və Mərhəmətli Allahın adı ilə /BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM/» Suheyl b. Amr: «O, ki, qaldı Rahmənə, Allaha and olsun ki, mən onu tanımıram! Biz bir vaxtlar yazdığımız kimi «Allahım! Sənin adın ilə başlayıram /BİSMİKƏ ALLAHUMMƏ/ yaz!» dedi. Bu vaxt müsəlmanlar: «Allaha and olsun ki, biz yalnız /BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM/ yazacağıq!» deyə etiraz etdilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – katibinə əmr edərək: «Yaz! Allahım sənin adınla başlayıram! Bu Allahın elçisi Muhəmmədin bağladığı sülh müqaviləsidir!» Suheyl yenə etiraz edərək: «Əgər biz sənin Allahın elçisi olduğunu etiraf etsəydik Onun evini ziyarət etməyə sənə mane olmazdıq və səninlə müharibə etməzdik. Elə isə yaz – Muhəmməd b. Abdullah!» dedi. Peyğəmbər: «Baxmayaraq ki, siz məni təkzib edirsiniz, amma Allaha and olsun ki, həqiqətən mən Allahın elçisiyəm!» Katibinə əmr edərək: «Muhəmməd b. Abdullah» yazmağı əmr etdi. (Başqa rəvayətdə: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya: «Rəsulullah – sözünü silməyi əmr etdi». Əli: «Xeyr, Vallahi onu silməyəcəyəm!» dedi. Bu dəfə Peyğəmbər: «Onun yerini mənə göstər!» deyə buyurdu. Peyğəmbər öz əli ilə oranı silərək «İbn Abdullah!» sözünü yazdırdı). (Başqa rəvayətdə: «Sülh müqaviləsi imzalanandan sonra otuza yaxın silahlanmış gənc bizə tərəf hücum etdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Allaha dua etdi və onların gözləri kor oldu. Biz onları əsir tutub Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətirdik. O: «Siz kiminləsə müqavilə bağlamağa gəlmisiniz, yoxsa kimsə sizin təhlükəsizliyinizə zəmanət verib?». Onlar: «Xeyr!» deyə cavab verdilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlara heç bir cəza verməyib hamısını azad etdi və Uca Allah bu ayəni nazil etdi: «Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hudeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiyinizi görəndir!». (əl-Fəth 24)-(Bir rəvayətdə – səksənə yaxın silahlanmış gənc bizə hücum etdilər. Müslim 1808.) Zuhri deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – Suheylin dedikləri ilə razılaşdı, çünki o: «Nəfsim əlində olana (Allaha) olsun ki, müşrüklər Allahın haram buyurduqlarına əməl etməklə məndən hər nə istəsələr onlara istədiklərini verəcəyəm!» deyə söz vermişdir. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona ilk şərtini təklif edərək: «Allahın evini təvaf etməkdə bizə əngəl törətməyəcəksiniz!» deyə buyurdu. Suheyl: «Xeyr! Allaha and olsun ki, bu dəfə təvaf etməyə sizə izn verməyəcəyik. Çünki ərəblər: «Müsəlmanlar bizim müqavimətimizi qırdılar və bizi məcbur etdilər» deyə şayələr buraxacaqlar. Elə isə gələn ildən etibarən istədiyiniz qədər Allahın evini ziyarət edə bilərsiniz!» dedi. Əli - radıyallahu anhu – onun dediklərini yazdı. Sonra Suheyl ikinci şərti təklif edib: «Bizim tərəfdən sənin yanına gələn hər bir adamı hətta sənin dinini qəbul etsə belə geri qaytarmalısan!» dedi. Müsəlmanlar heyrətlə: «Subhənəllah! Müsəlman olub yanımıza gələn bir kimsə müşriklərə qaytarıla bilərmi?!». Onlar bu məsələni müzakirə edərkən Əbu Cəndəl b. Suheyl b. Amr - radıyallahu anhu – ayaqları qandallanmış vəziyyətdə onların yanına gəldi. (Əbu Cəndəl radıyallahu anhu – İslam dinini qəbul etdiyi üçün Məkkəlilər onu həbs etmişdilər). O, Məkkənin aşağısında həbs olunduğu yerdən qaçmış və nəhayət özünü müsəlmanlara çatdırmışdır. Bu vaxt Suheyl: «Ey Muhəmməd! Bu müqavilənin ilk maddəsinə əsasən onu mənə qaytarmalısan!» dedi. Peyğəmbər: «Biz hələ müqaviləni tamamlamamışıq!». O: «Allaha and olsun ki, belə olduğu təqdirdə mən də sənin heç bir təklifinlə razı olmayacağam!» Peyğəmbər: «Sən Əbu Cəndəl - radıyallahu anhu – nu bu müqavilədən istisna et və onu mənə bağışla!». O: «Mən onu qoyduğumuz şərtdən istisna edib sənə bağışlaya bilmərəm!». Peyğəmbər: «Sən gəl razı ol, onu mənə bağışla!». Suheyl qətiyyətlə rədd edib: «Mən heç cür sənin dediyinə əməl edə bilmərəm!». Bu zaman Mikrəz dedi: «Onu özünüzdə saxlamağa sənə icazə verdik!» (Müqavilə bağlayan Suheyl isə buna razılıq vermədi). Əbu Cəndəl: «Ey müsəlman cəmaatı! Artıq müsəlman olub sığınacaq tapmaq üçün sizin yanınıza gəldim. İndi də məni müşriklərə təhvil verirsiniz? Mənim əzab-əziyyətlərə məruz qaldığımı görmürsünüzmü?» dedi. O, Allah yolunda müşriklərin çox ağır işkəncələrinə məruz qalmışdı.
Ömər b. əl-Xəttab - radıyallahu anhu – deyir ki, o zaman mən (dözməyib) Peyğəmbər – sallallahu aleyhi və səlləm – dedim: «Məgər sən Allahın haqq Peyğəmbəri deyilsənmi?» O: «Bəli!» deyə cavab verdi. Mən dedim: «Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?» O: «Bəli!» deyə cavab verdi. (Başqa rəvayətdə: «Məgər bizim ölülərimiz Cənəttdə, onların ölüləri Cəhənnəmdə deyilmi?» O: «Bəli!» deyə cavab verdi). Mən: «Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?» deyə soruşdum. O: «Həqiqətən mən Allahın elçisiyəm və heç vaxt Ona asi olmuram! Məhz Allah mənə yardım edir!» deyə cavab verdi. Mən: «Məgər sən bizə «Bu yaxınlarda Allahın evinə gedib onu təvaf edəcəyik!» deyə xəbər verməmişdinmi?» O: «Elədir! Məgər mən sənə məhz bu il təvaf edəcəyimizi xəbər vermişdim?» deyə cavab verdi. Mən: «Xeyr!» deyə cavab verdikdə o, buyurdu: «(Yaxın zamanlarda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!». Sonra mən Əbu Bəkr - radıyallahu anhu – nun yanına gəlib dedim: «Məgər bu adam Allahın haqq Peyğəmbəri deyilmi?» O: «Bəli, elədir!» deyə cavab verdi. Mən: «Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?» O: «Bəli, elədir!» deyə cavab verdi. Mən: «Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?» deyə soruşdum. Əbu Bəkr: «Ey insan! Həqiqətən o Allahın elçisidir və heç vaxt Rəbbinə asi olmur! Allah onun yardımçısıdır. Elə isə onun sünnəsindən yapış (əmr və qadağalarına riayət et!) Allaha and olsun ki, o haqq üzərindədir!» deyə cavab verdi. Mən: «Məgər o bizə «Bu yaxınlarda Allahın evinə gedib onu təvaf edəcəyik!» deyə xəbər verməmişdimi?» O: «Bəli, elədir. Məgər o sənə məhz bu il təvaf edəcəyini xəbər vermişdi?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdikdə o, dedi: «(Yaxın zamanlarda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!» (Başqa rəvayətdə: «Bu hadisədən sonra Fəth surəsinin ayələri nazil oldu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dərhal Ömər - radıyallahu anhu – ya xəbər göndərdi və bunu ona oxudu!». Ömər: «Ya Rəsulullah! Fəth budurmu? Deyə soruşdu. Peyğəmbər: «Bəli!» deyincə Ömərin qəlbi rahatlandı). Zuhri xəbər verir ki, Ömər - radıyallahu anhu – dedi: «Bu əməlimdən sonra (kəffarə olaraq) bir çox xeyirli işlər görmüşdüm».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – sülh müqaviləsini bağladıqdan sonra səhabələrinə: «Qalxın, qurbanlarınızı kəsin, başınızı qırxın!» deyə buyurdu. Allaha and olsun ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu üç dəfə təkrar etdi, lakin səhabələrdən heç biri ayağa qalxmadı. Səhabələrin yerlərindən tərpənmədiyini görən Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ummu Sələmə - radıyallahu anhə – nin yanına daxil olub onların bu etinasızlığını ona xəbər verdi. Ummu Sələmə: «Ey Allahın elçisi! İstəyirsənsə onlar sənin əmrinə tabe olsunlar, bayıra çıx, sonra qurbanlıq dəvələrini kəsməyincə və dəlləyini çağırıb başını qırxdırmayınca onlara bir kəlmə də belə demə!» O, bayıra çıxıb qurbanlıq dəvələrini kəsdi, dəlləyini (Xuzaə qəbiləsindən olan Xəraş b. Umeyyəni - radıyallahu anhu –) çağırıb başını qırxdırdı və onlara heç bir söz də demədi. Bunu görən səhabələr dərhal qalxıb dəvələrini kəsdilər və bir-birlərinin başlarını qırxmağa başladılar. Hətta iş o, yerə çatdı ki, (onun əmrini daha tez yerinə yetirmək üçün baş vermiş çaxnaşma nəticəsində) səhabələr bilmədən az qala bir-birlərini öldürmüşdülər.
Sonra mömin qadınlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – yanına hicrət etdilər və Uca Allah bu ayəni nazil etdi: «Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bu qadınların (həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bu qadınlar onlara (kafirlərə), nə də onlar bu qadınlara halaldır. Onların (kafirlərin) həmin qadınlara xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bu qadınların mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah olmaz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. Həmin qadınlara verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. Kafirlər də (İslamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O, sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!». (əl-Mumtəhinə 10). Bu ayə nazil olduqdan sonra Ömər - radıyallahu anhu – iki müşrik zövcəsini boşadı və onlardan birini Muaviyə b. Əbu Sufyan - radıyallahu anhu –, digərini isə Səfvan b. Umeyyə aldı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldikdən sonra müsəlman olmuş Qureyşli Əbu Bəsir (Utbə b. Useyd əs-Səqəfi) - radıyallahu anhu – onun yanına gəldi. Qureyş də onu qaytarmaq üçün iki nəfər göndərdi və onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlib: «Bizimlə bağladığın sülh müqaviləsinə görə Əbu Bəsri - radıyallahu anhu – nu geri qaytarmalısan!» deyə ona müraciət etdilər. O, Əbu Bəsri - radıyallahu anhu – nu həmin iki kişiyə təhvil verdilər. Onlar Əbu Bəsri - radıyallahu anhu – ilə Məkkəyə yola düşdülər və nəhayət gəlib Zul-Huleyfə adlanan yerə çatdılar. Burada onlar (xurcunlarındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsri - radıyallahu anhu – onlardan birinə (Xuneyn b. Cabirə): «Ey filankəs, Allaha and olsun ki, sənin bu qılıncın çox gözəldir!» dedi. Qılıncın sahibi onu qınından çıxardıb dedi: «Doğrudan da bu çox gözəl qılıncdır. Mən onu bir neçə dəfə təcrübədən keçirmişəm». Əbu Bəsri: «Göstər görüm necə qılıncdır?» dedi. (Qılıncı ona göstərdikdə Əbu Bəsri) fürsət tapıb qılıncı onun əlindən aldı və nəfəsi kəsilənə qədər qılıncla onu vurdu. O, birisi isə (Xuneysin mövlası) qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun vahimə içində yürüyə-yürüyə gəldiyini görüb: «Bu adam nədənsə qorxub!» deyə buyurdu. O, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlib dedi: «Allaha and olsun ki, yoldaşım öldürüldü! (Qorumasanız) Mən də öldürüləcəyəm!». Bu vaxt Əbu Bəsri - radıyallahu anhu – gəlib dedi: «Ey Allahın Rəsulu! Allaha and olsun ki, artıq o, sənə vədini yerinə yetirməyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah məni onların əlindən xilas etdi». Peyğəmbər: «Vay bunun anasının halına! Bu müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nəfər də onunla həmrəy olsa (o, zaman müharibə alovu qızışacaq və sülh müqaviləsi pozulacaq)». Əbu Bəsri - radıyallahu anhu – bunu eşitdikdə onun yenidən müşriklərə qaytarılacağını başa düşdü və Mədinədən çıxıb dənizin sahilinə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl b. Suheyl - radıyallahu anhu – da gəlib ona qoşuldu. Daha sonra Məkkə müşriklərindən yaxa qurtaran hər bir müsülman ona qoşuldu və beləliklə də onlar qüvvətli bir dəstəyə çevrildilər. Vallahi onlar hər dəfə Qureyşin ticarət karvanının Şama yola düşdüyündən xəbər tutduqda karvanın qabağını kəsər və onları öldürüb mallarını götürürdülər. Bu təhlükəni görən Qureyş öz tərəfindən bir nümayəndəni (Əbu Sufyan) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına göndərdilər. Bu dəfə Qureyş Peyğəmbər – sallallahu aleyhi və səlləm – i Allaha and verib aralarında olan qohumluq əlaqələrinin hörmətinə görə (onların ticarət karvanlarını Əbu Bəsir - radıyallahu anhu – və onun cəmaatından qorumaq üçün) ona yalvardılar. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə: «Bundan sonra müsəlman olaraq Məkkədən hicrət etmiş hər bir şəxs əmin ola bilər ki, (geri gətirilməyəcəkdir)» deyə xəbər göndərmişdilər.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrdən birini (bu xoş xəbəri çatdırmaq üçün) Əbu Bəsir və onun cəmaatının yanına göndərdi və Uca Allah bu ayəni nazil etdi: «Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hudeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur…» ayəsindən: «Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürünə və təəssübünə qapıldıqları zaman…». (əl-Fəth 24-26). Onalrın təkəbbür və təəssübü Hudeybiyyə müqaviləsinə «Bismilləhir-Rahmənir-Rahim», «Muhəmmədən Rəsulullah» sözlərini yazmaqdan imtina etmələri və həmin ili (hicrətin 6-cı ilində) müsəlmanların Məkkəyə daxil olub Allahın evini ziyarət etməyə razılıq verməmələri idi (Buxari 2731, Müslim 1783.) Sələmə b. Əkva - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Hudeybiyyəyə gəldik. O, gün bizim sayımız 1400 nəfər idi. Özümüzlə əlli qoyun da gətirmişdik. (Ora çatdıqda susuzluq bizi bürümüşdü). Peyğəmbər – sallallahu aleyhi və səlləm – su quyusunun kənarında oturdu. Sonra (mən bilmədim) Peyğəmbər – sallallahu aleyhi və səlləm – ya dua etdi, ya da quyunun içinə tüpürərək oradan su fəvvarə ilə vurmağa başladı. Biz (oradan gedənə qədər) doyunca su içdik, heyvanlarmıza su verdik və özümüzlə də sudan (xeyli miqdarda) götürdük. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizləri bir ağacın altına beyət etmək üçün dəvət etdi. İnsanlar içərsində ilk olaraq mən ona beyət etdim. Sonra digərləri beyət etməyə başladılar. Nəhayət insanların (beyət edənlərin) sayı yarıya çatmışdı ki, Peyğəmbər: «Beyət et! Ey Sələmə!» Mən: «Ey Allahın Rəsulu! Mən sənə ilk beyət edənlərdən oldum!» dedim. O: «Bir daha beyət et!» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni silahsız görüb dəridən bəzədilmiş bir qalxanı mənə verdi və beyət etməyinə davam etdi. Nəhayət insanların (beyət edənlərin) sonuna çatdığı zaman mənə: «Sən beyət etmirsən, ey Sələmə!» deyə buyurdu. Mən: «Ey Allahın Rəsulu! Mən sənə ilk beyət edənlərdən və insanların (beyət edənlərin) yarıya çatdığı zaman yenə beyət edənlərdən oldum!» dedim. O: «Bir daha beyət et!» deyə buyurdu. Mən üçüncü dəfə beyət etdim. Sonra o, mənə buyurdu: «Ey Sələmə! Sənə verdiyim qalxan haradadır?» Mən: «Ey Allahın Rəsulu! Əmim Amiri - radıyallahu anhu – nu silahsız gördüyüm üçün qalxanı ona verdim» dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gülərək buyurdu: «Sənin əminlə olan bu halın əvvəlki (ümmətlərdə) yaşamış bir adamın söylədiyi kimi: «Ey Allahım! Mənə öz nəfsimdən daha çox sevdiyim bir (adamı, dostu, neməti) əta et!» sözlərini deyən şəxsə bənzəyirsən!».
Sonra müşrüklər bizim yanımıza öz nümayəndələrini göndərib sülh müqaviləsi bağlamağı təklif etdilər. Sülh müqaviləsi bağlandı. Arada gediş-gəliş bərpa olundu. Mən Təlhə b. Ubeydullah - radıyallahu anhu – nun xidmətçisi idim. Onun atını suvarır, daraq ilə atı təmizləyir, habelə ona digər xidmətlər göstərir və onun yeməyindən yeyirdim. Mən Allahın (rəhmini qazanmaq) və Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə itaət etmək üçün ailəmi (qohum-əqrabamı) və malımı tərk edib (Mədinəyə hicrət etmişdim). Məkkə əhalisi ilə arada sülh müqaviləsi bağlanıb və gediş-gəliş bərpa olunduqdan sonra mən dincəlmək üçün bir ağacın yanına yaxınlaşdım. Ağacın altına tökülən tikanları təmizləyib orada uzandım. Bu zaman Məkkə müşriklərindən dörd nəfər mənim yanıma gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – haqqında nəlayiq sözlər deməyə başladılar. Mən onların dediklərinə qəzəblənib yerimi dəyişərək başqa ağacın altına keçib uzandım. Onlar da silahlarını ağacdan asıb orada uzanaraq yatdılar. Bu zaman vadinin aşağı tərəfindən bir carçı səsləyərək: «Gəlin ey mühacirlər! İbn Zuneym - radıyallahu anhu – nu öldürmüşlər!» qışqırırdı. Mən dərhal qılıncımı sıyıraraq yatmaqda olan dörd (müşrükün) üstünə hücum edərək qılınclarını aldım. Muhəmmədin üzünü mübarək edən Allaha and olsun ki, sizlərdən kim başını qaldırsa boynunu vuracağam. Sonra onları qabağıma salıb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətirdim. Bu arada əmim Amir (Qureyşin) Abələ qolundan olan Mikrəzi və yetmiş müşriki qabağına salıb zirehli atın üstündə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gətirilən əsirlərə baxaraq: «Onları buraxın! Bu onlar üçün birinci və axırıncı dəfə olsun!» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları bağışlayaraq hamısını buraxdırdı və (bu səbəbdən də) Uca Allah bu ayəni nazil etdi: «Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hudeybiyyədə) onların əlini sizdən, sizizn də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiyinizi görəndir!». (əl-Fəth 24). Mədinəyə qayıtmaq üçün yola çıxdıq. Yolda müşrik olan Lahyan qəbiləsinə yaxın bir yerdə dayanmalı olduq. Bizimlə onların arasında bir dağ var idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu gecə o, dağa çıxıb müşriklər haqqında həm (düşmənin halı, sayı, həm də müsəlmanları düşmənlərin hücumundan xəbərdar etmək üçün) xəbər gətirən şəxs üçün Allahdan bağışlanma dilədi. Əbu Sələmə deyir ki: «Mən o, gecə iki və ya üç dəfə o, dağa çıxdım. Nəhayət Mədinəyə gəlib çatdıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xidmətçisi Rəvahla birlikdə məni geridə qalmış minik və yük dəvələrinə baş çəkməyə göndərdi. Mən də Təlhə - radıyallahu anhu – nun atını götürüb Rəvahla yola düşdüm. (Atı, minik və yük dəvələri ilə bərabər suya gətirir, suvardıqdan sonra bir az otladır sonra yenə də suvarmağa gətirirdik). Səhər bir də nə görsək yaxşıdır! AbdurRahman əl-Fəzari Peyğəmbər – sallallahu aleyhi və səlləm – in minik və yük dəvələrinə basqın etmiş, çobanı öldürərək heyvanların hamısını qabağına qatıb sürüb aparmışdı. Mən: «Ya Rəvah! Bu atı götür və dərhal onu Təlhə b. Ubeydullah - radıyallahu anhu – ya çatdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də xəbər ver ki, müşriklər onun heyvanlarına basqın ediblər». Sonra mən bir təpənin üstünə çıxaraq üç dəfə: «Ey sabahlayanlar! (oyananlar!) Köməyə gəlin, basqın var!» deyə səslədim. Sonra müşrikləri həm ox atəşinə tutur həm də: «ƏNƏBNUL ƏKVA VƏL YƏVMU YƏVMUR RUDDA – Əkvanın oğluyam mən, alçaqların ölüm günüdür bu gün!» deyərək qısa vəznli şer söyləyirdim. Nəhayət onlardan birinə çatdım. Ona doğru ox atdım. Ox onun çiyninə batdı. Mən: «Al səni! Əkvanın oğluyam mən, alçaqların ölüm günüdür bu gün!» dedim. Allaha and osun ki, mən heç dayanmadan onları ox atəşinə tutub öldürürdüm. Mən onları ox atəşinə tutduqca onlar (çıxılmaz vəziyyətdə qalaraq) özlərini dağın dərəsinə saldılar. Dərhal dağın üstünə çıxaraq başlarına daş yağdırmağa başladım. Onları izləməkdən bir addım belə geriyə çəkilmədim. Nəhayət ələ keçirdikləri heyvanları bir-bir buraxaraq qaçmağa başladılar. Onlar (canlarını qurtarsınlar) deyə yüklərini yüngülləşdirmək üçün otuzdan çox paltar və nizə atmışdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – və səhabələri bilsinlər deyə onların (müşriklərin) atdıqları silahların üzərinə daşlardan işarələr qoydum. Nəhayət gəlib dar bir dağ yoluna çatdılar. Bu vaxt AbdurRahman b. Bədr əl-Fəzarinin oğlu onların yanına gəlib oturdu. Oturub səhər yeməyini yeməyə başladılar. Mən də dağın kiçik bir təpəsinin üstündə oturub onlara tamaşa etməyə başladım. Fəzari onlara: «Bu gördüklərim nədir belə?» Onlar: «Təpənin üstündəki o, adamı görürsən? Vallahi alaqaranlıqdan bizdən heç ayrılmır, dayanmadan bizi ox atəşinə tutub. Əlimizdə olan hər şeyi alıbdır». Fəzari: «Dərhal sizdən dörd nəfər onun yanına getsin!» dedi. Dörd nəfər mənə tərəf gələrək dağa çıxmağa başladılar. Onlar mənimlə danışa biləcək bir məsafəyə çatdıqda mən: «Siz məni tanıyırsınız?» deyə soruşdum. Onlar: «Xeyr! Sən kimsən?» dedilər. Mən: «Mən Sələmə b. Əkvayam. Muhəmmədin üzünü mübarək edən Allaha and olsun ki, sizdən kimi tutmaq (öldürmək) istəsəm buna nail ola bilərəm. Lakin sizlər məni tutmaq (öldürmək) istəsəniz də tutub (öldürə) bilməzsiniz». Onlardan biri: «Mən də elə bunu zənn edirəm» deyib geri qayıtdılar. Mən isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yardım üçün gələn süvarilərini görməyənədək yerimdən tərpənmədim. Süvarilər ağacların arasından görünməyə başladılar. Süvarilərin önündə Əxrəm əl-Əsədi - radıyallahu anhu –, ondan arxada Əbu Qatadə əl-Ənsari - radıyallahu anhu –, onun da ardınca Miqdad b. əl-Əsvəd əl-Kindi - radıyallahu anhu – vardı. Mən (onlara yaxınlaşıb) dərhal Əxrəm - radıyallahu anhu – nun atının yüyənindən tutdum. Bu an həmin o, (müşriklər) qaçmağa başladılar. Əxrəm: «Axı onlar qaçırlar!» Mən: «Ya Əxrəm! Onlardan özünü qoru! Mən istəmirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələri gəlincəyə qədər onlar səni öldürsünlər!» dedim. Əxrəm: «Ey Sələmə! Əgər sən Allaha və Axirət gününə iman edir və Cənnətin haqq, Cəhənnəmin haqq olduğuna inanırsansa Onun yolunda şəhid olmağıma mane olma!» dedi. Mən də ona heç bir söz deməyib onu sərbəst buraxdım. Əxrəm - radıyallahu anhu – ilə əl-Fəzari bir-biri ilə tək-bətək qarşılaşdılar. Əxrəm - radıyallahu anhu – əl-Fəzarinin qarşısında atını dayandırdı. əl-Fəzari nizə ilə onu vurub öldürdü və dərhal atının üstünə minərək qaçdı. Əbu Qatadə - radıyallahu anhu – və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in süvariləri ona çataraq nizə ilə vurub onu öldürdülər. Muhəmmədin üzünü mübarək edən Allaha and olsun ki, onların ardınca qaçır və onları təqib edirdim. Nəhayət arxamda nə Muhəmmədin səhabələrindən, nə də onların (atlarının yürüməsindən çıxan) tozlarından heç bir şey görmürdüm. Müşriklər günəş batmamışdan əvvəl Zu-Qarad adlanan su vadisinə gəlib çatdılar. Onlar susamış bir halda idilər. Onlar mənim (onların) ardınca gəldiyimi bilib bir qurtum su belə içmədən oranı tərk etdilər. Qaçaraq təpənin üstünə çıxmağa başladılar. Mən də onların ardınca qaçaraq birinə yaxınlaşaraq ox atdım. Ox (müşrikin) arxa tərəfdən çiyin nahiyəsinə batdı və mən: «Al səni! Əkvanın oğluyam mən, alçaqların ölüm günüdür bu gün!» dedim. O (müşrik): «Anası onu itirsin! Sən alaqaranlıqdan şer oxuyan Əkvasan?» dedi. Mən: «Bəli, ey nəfsinin düşməni! Mən alaqaranlıqdan (sizi izləyən) Əkvayam!» dedim. Onlar dağın təpəsində iki atı tərk edərək getdilər. Mən də o, iki atı sürüb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətirdim. Yolda Amir - radıyallahu anhu – məni bir əlində bir az süd, digər əlində isə su olan iki tuluq ilə qarşıladı. Mən su ilə dəstəmaz aldım, süddən də içdim. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldim. O, müşriklərin tərk etdikləri suyun kənarında dayanmış və onlardan aldığım dəvələri, paltarları və nizələri götürmüşdü. Bilal - radıyallahu anhu – isə dəvələrdən birini kəsib ciyəri ilə hürgücündən (dəvənin belindəki təpəcik) Peyğəmbər – sallallahu aleyhi və səlləm – üçün qızardırdı. Mən: «Ya Rəsulullah! Mənə izn ver yüz nəfər seçib götürüb o, (müşriklərin) ardınca gedib hamısını qırım. Bu sözlərə Peyğəmbər – sallallahu aleyhi və səlləm – gündüzün parlaqlığında yan dişləri görünənə qədər güldü və: «Ey Sələmə! Əgər sənə izn versəm bu işi edəbiləcəksənmi?» deyə buyurdu. Mən: «Səni hörmətli edən Allaha and olsun ki, edə bilərəm!» dedim. Peyğəmbər: «Hal hazırda onlar Ğatafan ərazisində ziyafətdə qonaqdırlar. Ğatafan ərazisindən bir nəfər gəlib dedi: «Filan kimsə onlar üçün dəvə kəsdi. Onlar dəvənin dərisini soyarkən bir toz gördülər. Oradakılar: «Sizi qovalayanlar gəlirlər!» deyərək qaçıb getdilər. Səhəri Peyğəmbər: «Bu gün süvarilərimizin ən xeyirlisi Əbu Qatadə, piyadalarımızın ən xeyirlisi isə Əbu Sələmədir!» deyə buyurdu. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir süvari hissəsindən bir də piyada hissəsindən iki hissə (qənimətdən) ayıraraq mənə verdi. Sonra Mədinəyə qayıdarkən Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni Adba adlı dəvəsinin arxasına mindirdi. Biz bu şəkildə yollandıq. Yolda Ənsarlardan biri: «Mədinəyə qədər qaçaraq yarışmaq istəyən varmı?» deyərək sözünü bir neçə dəfə təkrar etdirdi. Mən onun bu sözlərini eşidcək: «Məgər sən alicənab, möhtərəm insanlara hörmət etmirsən?» dedim. O: «Xeyr! Mən yalnız Allahın Rəsuluna hörmət edirəm!» dedi. Mən: «Ya Rəsulullah! Atam anam sənə fəda olsun! Mənə izn ver o, adamla yarışım!» dedim. Peyğəmbər: «İstəyirsənsə yarış!» deyə buyurdu. Mən (üzümü yarışmaq istəyən o, adama tutaraq): «Sən qaç!» dedim. Mən ayaqlarımı qaçış üçün büküb onun ardınca sıçrayaraq qaçmağa başladım. Ona qarşı bir və ya iki yerdə nəfəsimi almaq üçün dayandım. Sonra yenə də onun ardınca sürətlə qaçmağa başladım. Sonra yenə də bir və ya iki yerdə nəfəsim kəsilməsin deyə dayandım. Sonra yenə də ona çatmaq üçün ardınca qaçdım. Nəhayət gəlib ona çatdıqda çiyninə vuraraq: «Vallahi mən səni ötdüm!» dedim. O: «Mən də hesab edirəm ki, sən məni ötdün!» dedi. Beləliklə Mədinəyə qədər yarışdıq və mən onu arxada qoydum. Sələmə: Allaha and olsun ki, biz bu Zu-Qarad səfərindən qayıtdıqdan sonra Mədinədə üç gün dincəldikdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Xeybər istiqamətində yola çıxdıq. Əmim Amir - radıyallahu anhu – qısa vəznlə şerlər deyirdi:
TƏLLAHİ! LƏVLALLAHU MƏHTƏDƏYNƏ
VƏ LƏ TƏSADDƏQNƏ VƏ LƏ SALLƏYNƏ
VƏNƏHNU AN FƏDLİKƏ MƏSTƏĞNƏYNƏ
FƏSƏBBİTİL ƏQDƏMƏ İN LƏQƏYNƏ
VƏ ƏNZİLƏN SƏKİNƏTƏN ALEYNƏ
Allaha and olsun ki, Allah istəməsəydi hidayət olunmazdıq biz,
Nə sədəqə verərdik, nə də namaz qılardıq biz,
Olmasaydı lütfün sənin, keçinə bilməzdik biz,
Sabit et qədəhlərmizi, düşmənlə qarşılaşdıqda biz,
Sakitlik (mənəvi bir qüvvət) nazil et Sən bizə!
Peyğəmbər: «Bu kimdir?» deyə buyurdu. Amir: «Mənəm Amir!» dedi. Peyğəmbər: «Allah sənə məğfirət etsin!» deyə dua etdi. Belə bir şey vardı ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – kimin üçün Allahdan xüsusən məğfirət diləyirdisə o, şəxs mütləq şəhid olurdu. Bu vaxt dəvə üstündə əyləşmiş Ömər b. əl-Xəttab - radıyallahu anhu – dedi: «Ey Allahın Rəsulu! İzn ver Amir oxusun və bizi feyziyab etsin!». Biz Xeybərə çatdıqda düşmənlərin başçısı Mərhəb qılınc oynadaraq irəli çıxdı və:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB
ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU
İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU
Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!
Müharibə başlayıb, döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən!
Əmim Amir - radıyallahu anhu – onunla təkbətək döyüşmək üçün irəli çıxdı və:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ AMİRU
ŞƏKİSSİLƏHİ BƏTALUN MUĞAMİRU
Artıq Xeybər tanıdı, bildi ki, Amirəm mən,
Mahir silah ustası, çevik qəhrəmanam mən!
Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc ilə zərbələr endirməyə başladılar. Mərhəbin qılıncı Amirin qalxanına dəydi. Amir də onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdaraq qolunun damarını kəsdi. Amirin ölümü də bu yaradan oldu. Mən gördüm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən bir neçəsi: «Amirin cihad əməli batil oldu, o özü-özünü öldürdü!» deyə danışırdılar. Mən ağlayaraq Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldim və: «Ey Allahın Rəsulu! Amirin cihad əməli batil olub boşa getdimi?» deyə soruşdum. Peyğəmbər: «Bunu kim iddia edir?» deyə buyurdu. Mən: «Səhabələrdən bəziləri» dedim. O: «Bunu söyləyən yalan demişdir! Əksinə o, ikiqat savab qazanmışdır!» deyə buyurdu. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni Əli - radıyallahu anhu – nu çağırmağa göndərdi. Əli - radıyallahu anhu – gözlərinin ağrısından əziyyət çəkirdi. Peyğəmbər: «Bu bayrağı (sabah) elə bir kimsəyə verəcəyəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Mən Əli - radıyallahu anhu – nun yanına gəldim. Gözləri ağrıdığı üçün onun əlindən tutub Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətirdim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nun gözlərinə tüpürərək dua etdi və onun gözləri dərhal sağaldı. Bayrağı ona verdi. Yəhudi Mərhəb irəli çıxaraq:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB
ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU
İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU
Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!
Müharibə başlayıb döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən.
Onun sözlərinə cavab olaraq Əli - radıyallahu anhu – dedi:
ƏNNƏLLƏZİ SƏMMƏTNİ UMMİ HƏYDƏRAH
KƏLƏYSİ ĞABƏTİN KƏRİHİL MƏNZARAH
UFHİMU BİSSAİ KƏYLƏSSƏNDƏRAH
Anamın Heydər (aslan) adlandırdığı mənəm,
Meşələr aslanı tək zəhimli görkəmliyəm,
Düşmənləri pərən-pərən edib tez öldürərəm!
Şeri oxuyaraq döyüşə atıldı və Mərhəbin başından qılınc ilə vuraraq onu öldürdü. Bundan sonra Xeybər məhz Əli - radıyallahu anhu – nun iki əli ilə alındı . (Başqa rəvayətdə: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nun gözlərini müalicə etdikdən sonra Əli: «Ya Rəsulullah! Xeybər Yəhuduləri ilə onlar da bizim kimi (müsəlman) olana qədər vuruşacağam» dedi. Peyğəmbər: «(Ey Əli!) Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, (EY Əli!) tək bir nəfəri sənin səbəbinlə Allah hidayətə yönəldərsə bu sənin üçün qırmızı dəvələrdən də xeyirli olar!» deyə buyurdu
(Buxari «Xeybər döyüşü babı», Müslim 2406.)


Tarix: 25.04.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1178 Bölmə: Maraqlı melumatlar
loading...