beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Hüseyn(ə) Qurani- Kərimin Ayələrində

İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində

Hamıya məlumdur ki, İmam Hüseyn (ə) İslam dünyasının ən əzəmətli və
dəyərli simalarıvdan biri olaraq, daim müsəlmanların və həmçinin
qeyri-müsəlmənların diqqət mərkəzində olmuşdur. Sözsüz ki, Həzrət
Hüseynin(ə) belə böyük şöhrətə malik olmasında, onun Məhəmməd
peygəmbərin(s) nəvəsi olması və həm də, dünyaya ən dəyərli örnək
olan, İslam yolunda misilsiz igidlik nümayiş etdirdiyi Kərbəla qiyamı
böyük rol oynamışdır. Amma unutmaq olmaz ki, Həzrət Hüseyn(ə) yüksək
əxlaqa və ilahi mənəviyyata malik oldugu üçün bütün müsəlmanların
müqədddəs kitabı, Qurani-kərimdə də, dəfələrlə insanlara ən yaxşı
örnək sayılmışdır. Məhz ilahi ayələrin O Həzrətə(ə) münasıbəti və
ona verdiyi dəyər, bizə onun şəxsiyyətinin sonsuz əzəmətini və Tanrı
dərgahında olan dəyərini çatdırır. Əhli-sünnə və şiə alimləri öz
təfsir kitablarında İmam Hüseynin(ə)
haqqında olan coxsaylı müxtəlif ayələrə işarə etmişlər. Biz isə
ixtisarla belə ayələrdən bir neçəsini dəyərli oxucularımıza təqdim
edirik:

İmam Hüseyn (ə) “Təthir” ayəsində
Uca Tanrı Qurani-Kərimdə buyurur:
﴿إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ
عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ
وَيُطَهِّرَكُمْ تَطْهِيرًا﴾
“Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən (ə) pislik və
çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək istəyir.”
(Əhzab surəsi, ayə 33.)
Saysız-hesabsız şiə və sünnü rəvayətlərinə əsasən “təthir”
ayəsi müqəddəs Peyğəmbərimizin (s) ömrünün axırlarında Ümm Sələmə
xanımın evində nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu ayə ona nazil
olduqdan sonra Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə),
və Həzrət Hüseyni (ə) öz əbasının altına alıb buyurdu: “İlahi,
bunlar mənim Əhli-beytimdir...” Bu vaxt möminlərin anası Ümmü Sələmə
Həzrət Peyğəmbərdən (s) soruşdu: “Ey Allahın rəsulu (s) mən hansı
məqama malikəm? Mən də Əhli-beytdən sayılırammı?” Rəsulullah (s) ona
cavabında buyurdu: Sən doğru yoldasan və haqqa tərəf hərəkət
edirsən...”
Əllamə Təbatəbayi bu rəvayətin sənədi haqqında belə buyurur: “Bu
rəvayət müxtəlif sənədlər ilə zikr olunmuşdur. Demək olar ki,
yetmişdən çox mötəbər sənəd bu rəvayətin düzgünlüyünü isbatlayır.
Və toplanmış bu sənədlərin böyük bir qismi, yəni qırxa yaxını,
əhli-sünnə və otuzdan çoxu şiə mənbələri ilə sübuta yetirilmişdir.”
(Əllamə Təbatəbayi, «Əl-mizan fi təfsiril-Qur`an» c. 16, səh. 311.)
Həmçinin böyük Qur`an müfəssiri Feyz Kaşani “təthir” ayəsinin
Məhəmməd peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə), İmam
Həsən (ə) və İmam Hüseyn (ə) haqqında nazil olmasını belə açıqlayır:
“Bu ayənin əba sahibləri (adlarını çəkdiyimiz beş məsum) barədə nazil
olmasını təsdiqləyən şiə və sünni rəvayətlərini sayıb-qurtarmaq
olmaz.” (Möhsün Feyz Kaşani, «Təfsiri- Safi», c. 4, səh. 189.)
Əhli-sünnə məzhəbinin məşhur müfəssirləri də “təthir” ayəsinin bu
beş nəfər haqqında nazil olmasını söyləmişlər. (Məhəmməd ibn Cərir
Təbəri, «Cameül-bəyan ən təvilil-Qur`an», c. 12, səh. 6; İbn Əbi
Hatəm Razi, «Təfsiri-Qur`anil-Əzim», c. 9, səh. 3131; İsmail ibn Kəsir
Dəmeşqi, «Təfsiri-Qur`anil-Əzim», c. 3, səh. 493; Əli ibn Vahid
Nişapuri, «Əsbabül-nüzul», səh. 295; Cəlaləddin Süyuti,
«Əd-dürərül-mənsur fi təfsiril-məsur», c. 6, səh. 604 və sair...) Və
biz onların bu həqiqəti isbat etmək üçün istinad etdikləri onlarla
rəvayətin yalnız birini burada yazırıq:
“Peyğəmbərin (s) xanımı Ümm Sələmə (Allah ondan razı olsun) deyir:
“Rəsulullah (s) mənim evimdə əbasını üzərinə atıb yatmışdı. Bu
zaman Fatimə (Allah ondan razı olsun) əlində bir qab yeməklə gəldi.
Peyğəmbər (s) ona buyurdu: “Ərini və iki oğlun Həsən və Hüseyni də
çağır, gəlsinlər.” Həzrət Fatimə onları çağırdı və birlikdə
oturub yemək yedilər. Bu zaman “təthir” ayəsi (Həqiqətən də
Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb,
sizi pak-pakizə etmək istəyir”) nazil oldu. Həzrət Peyğəmbər (s) öz
əbasını götürüb onların üstünə tutdu və əlini əbadan qırağa
çıxarıb asimana işarə edərək, üç dəfə dedi: “İlahi, bunlar mənə
məxsusdurlar və yalnız bu şəxslər mənim Əhli-beytimdir. Çirkinlikləri
bunlardan uzaq saxla, pakizə və təthir et!
Ümm Sələmə deyir: Mən də onlarla birlikdə olmaq üçün başımı əbadan
içəri salıb dedim: “Ey Allahın Rəsulu, mən də sizinləyəm
(Əhli-beytdən sayılıram)?” Həzrət buyurdu: “Sən doğru yoldasan və
yaxşı qadınsan.” (İbn Əbi Hatəm Razi, «Təfsiri-Qur`anil-Əzim», c.
9, səh. 3132.)
“Təthir” ayəsinin təfsirində deyilmiş onlarla şiə və sünni
rəvayətlərinə nəzər saldıqda bəhs etdiyimiz ayənin məhz Həzrət
Məhəmməd (s), Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə)
və Həzrət Hüseyn (ə) haqqında nazil olması aşkar olur. Və aydın olur ki,
“Əhli-beyt”dən məqsəd yalnız bu şəxslərdir. Hətta Peyğəmbərin (s)
xanımları belə “Əhli-beyt”dən sayılmırlar. Allah-taala yalnız
Əhli-beytin (ə) pak olmasını iradə etmişdir!

İmam Hüseyn (ə) “Məvəddət” ayəsində
﴿قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا
إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى﴾
“(Ey Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin)
müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey
istəmirəm.” (Şura surəsi, ayə 23.)
İslam peyğəmbəri Həzrət Məhəmməd (s) iyirmi üç il müddətində Tanrı
elçisi olub, bu ağır vəzifənin bütün çətinliklərinə qatlandı. Belə
ki, Həzrətin (s) buyurduğuna əsasən heç bir peyğəmbər onun qədər
risalət ağırlığını daşımamış və peyğəmbərlik yolunda əziyyət
çəkməmişdi. Belə olan halda o Həzrətin (s) öz risaləti qarşılığında
hər hansısa bir əcr-əvəz istəməməsi, o əcrin çox dəyərli və
əhəmiyyətli olmasına dəlalət edir. Bu ayədə də, əziz Peyğəmbərimiz
(s) peyğəmbərlik yolunda çəkdiyi zəhmətlərin qarşılığında ən
yaxınlarına, Əhli-beytinə sevgi və eşq bəsləməsini istəyir. Lakin burada
belə bir sual meydana gəlir ki, Həzrət Məhəmmədin (s) ən yaxınları
kimlər sayılır? O Həzrət bu ayədə “ən yaxınlarım” dedikdə, kimləri
nəzərdə tutmuşdur? Şiə və əhli-sünnənin mötəbər mənbələrində zikr
olunmuş saysız-hesabsız rəvayət
lərə əsasən müqəddəs Peyğəmbərimiz (s) “ən yaxınları” dedikdə
məqsədinin Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və
Həzrət Hüseyn (ə) olduğunu bəyan etmişdir. Sünni aləminin böyük
Qur`an müfəssiri Zəməxşəri öz təfsir kitabında belə yazır: “Bir
gün müşriklər öz aralarında deyirdilər: Görəsən Məhəmməd,
peyğəmbərlik yolunda bu qədər əziyyət çəkdiyi üçün əcr-mükafat
istəyirmi?” Bu zaman onlara cavab olaraq “məvəddət” ayəsi nazil oldu:
“(Ey Peyğəmbər, hamıya) de ki, Mən sizdən risalətimin qarşılığında
ən yaxınlarıma sevginizdən başqa heç bir şey istəmirəm.”
Zəməxşəri sözünün davamında yazır:
“Mötəbər hədislərə əsasən bu ayə nazil olduqdan sonra Peyğəmbərdən
(s) soruşdular: “Ey Rəsulullah, bizə sevgi və məhəbbətləri vacib olan
ən yaxın adamların kimlərdir?
Peyğəmbər (s) onların cavabında belə buyurdu:
“Məvəddət və məhəbbəti vacib olanlar Əli, Fatimə və onların iki oğlu
Həsən və Hüseyndən ibarətdir.” («Təfsiri-Kəşşaf”, Zəməxşəri,
Şura surəsi, 23-cü ayənin təfsirində.)
Həmçinin tanınmış sünni müfəssiri Fəxr Razi yazır:
“Təfsiri-kəşşafın nəql etdiyinə əsasən Həzrət Peyğəmbər (s)
buyurur: “Hər kəs Ali-Məhəmməd eşqilə ölsə şəhid sayılır, hər
kəs Ali-Məhəmmədi sevib dünyasını dəyişsə günahları bağışlanır.
Bilin ki, hər kəs Ali-Məhəmmədi sevən halda ölsə təvbə edənlərdən
hesablanır.
Bilin ki, Ali-Məhəmməd eşqi ilə ölən, imanı kamil olmuş şəkildə
dünyadan getmişdir.
Bilin ki, nəkir və münkər və ölüm mələyi Ali-Məhəmməd sevgisi ilə
ölənə cənnət müjdəsi verirlər.
Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən şəxsi, gəlini bəy evinə
ötürən kimi behiştə tərəf ötürərlər.
Agah olun! Hər kəs Ali-Məhəmməd sevgisi ilə ölsə, Allah-taala o şəxsin
qəbrini mələklərin ziyarətgahı qərar verər.
Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən, İslama və Peyğəmbərin
sünnəsinə əməl etmiş halda ölmüşdür.
Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinlə ölsə, qiyamət günü iki
gözünün arasında “İlahi rəhmətdən məyus!” yazılmış halda məhşur
olar.
Agah olun! Hər kim Ali-Məhəmmədlə düşmənçilik edib ölsə kafirdir.
Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinli olsa behiştin iyini belə
hiss etməyəcək.”
Bu rəvayətlərin hamısını “Təfsiri-Kəşşafın” müəllifi nəql
etmişdir.
Mən (Fəxr Razi) isə deyirəm: “Ali-Məhəmməd” Peyğəmbər (s) ilə
rabitələri daha sıx və möhkəm olan şəxslərdir. Sözsüz ki, Əli,
Fatimə, Həsən və Hüseynin başqalarına nisbətən daha çox o Həzrətlə
rabitələri və bağlılıqları var idi. Bunun inkar olunmaz bir həqiqət
olması bütün müsəlmanlar tərəfindən qəbul olunmuşdur. Deməli,
Ali-Məhəmməd adlarını zikr etdyimiz şəxslərdir. Lakin bəzilərinin
fikrincə ayədə zikr olunmuş (“Əl-qurba” - ən yaxınlar) dan məqsəd
“qohum-əqraba” və bəzilərinin nəzərincə “ümmət”dir. Yenə də
hər iki halda onlar (Əli, Fatimə, Həsən və Hüseyn) Ali-Məhəmməddən
sayılacaq. Beləliklə Əli, Fatimə, Həsən və Hüseynin Ali-Məhəmməd
olması haqda heç bir şəkk-şübhə yoxdur. Amma bunlardan başqalarının
Ali-Məhəmməd olub-olmaması haqda müxtəlif fikirlər vardır.
...Ümumiyyətlə bir çox dəlillərə əsasən “məvəddət” ayəsi Əli,
Fatimə, Həsən və Hüseyn haqqında nazil olmuşdur.” (Fəxr Razi,
«Təfsiri-kəbir», Şura surəsi, 23-cü ayənin təfsirində.)
Həmçinin Təbəri İbn Abbasdan nəql edir ki, “məvəddət” ayəsi nazil
olduqdan sonra, müsəlmanlar Peyğəmbərin ətrafına cəmləşib soruşdular:
“Ey Allahın rəsulu, bizə məhəbbət və sevgisi vacib olan yaxınlarından
məqsəd kimlərdir? Həzrət Məhəmməd (s) onların cavabında buyurdu:
“Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyn” («Zəxairül-üqba fi
mənaqibi zəvil-qürba» səh. 25; «Möcəmi-kəbir» c. 1, səh. 125; Heysəmi,
«Məcməüz-zəvaid», c. 2, səh. 25; İbn Cəbbar Maliki,
«Əl-füsulül-mühimmə», səh. 29; Qürtubi,
«Əl-camiül-əhkamul-Qur`an», c. 16, səh. 21 və sair...)
Təbiidir ki, Ali-Məhəmmədə (ə) həqiqi məhəbbət o zaman olar ki, onların
buyurduqlarına itaət olunsun. Çünki, itaətsiz məhəbbət Qur`an və
Peyğəmbərin məntiqi ilə heç bir şəkildə uzlaşmır. Necə ki,
Qurani-Kərimdə deyilir: “Əgər Allahı sevirsizsə, o zaman mənə
(Peyğəmbərə) itaət edin. (Ali İmran surəsi, ayə 31.)
2) İmam Hüseyn (ə) «İnsan» surəsində
«İnsan» surəsi Qurani-Kərimin 76-cı surəsi olub və 31 ayədən ibarətdir.
Bu surənin 5-ci ayəsindən 22-ci ayəsinə qədər Əhli-beytə (ə) aid olunur:
إِنَّ الْأَبْرارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ
كانَ مِزاجُها كافُوراً (*) عَيْناً يَشْرَبُ
بِها عِبادُ اللَّهِ يُفَجِّرُونَها
تَفْجِيراً (*) يُوفُونَ بِالنَّذْرِ وَ
يَخافُونَ يَوْماً كانَ شَرُّهُ مُسْتَطِيراً
(*) وَ يُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ
مِسْكِيناً وَ يَتِيماً وَ أَسِيراً (*) إِنَّما
نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لا نُرِيدُ
مِنْكُمْ جَزاءً وَ لا شُكُوراً (*) إِنَّا
نَخافُ مِنْ رَبِّنا يَوْماً عَبُوساً
قَمْطَرِيراً (*) فَوَقاهُمُ اللَّهُ شَرَّ
ذلِكَ الْيَوْمِ وَ لَقَّاهُمْ نَضْرَةً وَ
سُرُوراً (*) وَ جَزاهُمْ بِما صَبَرُوا جَنّ
َةً وَ حَرِيراً (*) مُتَّكِئِينَ فِيها عَلَى
الْأَرائِكِ لا يَرَوْنَ فِيها شَمْساً وَ لا
زَمْهَرِيراً (*) وَ دانِيَةً عَلَيْهِمْ
ظِلالُها وَ ذُلِّلَتْ قُطُوفُها تَذْلِيلاً
(*)وَ يُطافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ
فِضَّةٍ وَ أَكْوابٍ كانَتْ قَوارِيرَا (*)
قَوارِيرَا مِنْ فِضَّةٍ قَدَّرُوها
تَقْدِيراً (*) وَ يُسْقَوْنَ فِيها كَأْساً
كانَ مِزاجُها زَنْجَبِيلاً (*) عَيْناً فِيها
تُسَمَّى سَلْسَبِيلاً (*) وَ يَطُوفُ
عَلَيْهِمْ وِلْدانٌ مُخَلَّدُونَ إِذا
رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤاً
مَنْثُوراً (*وَ إِذا رَأَيْتَ ثَمَّ رَأَيْتَ
نَعِيماً
وَ مُلْكاً كَبِيراً (*) عالِيَهُمْ ثِيابُ
سُندُسٍ خُضْرٌ وَ إِسْتَبْرَقٌ وَ حُلُّوا
أَساوِرَ مِنْ فِضَّةٍ وَ سَقاهُمْ رَبُّهُمْ
شَراباً طَهُوراً (*) إِنَّ هذا كانَ لَكُمْ
جَزاءً وَ كانَ سَعْيُكُمْ مَشْكُوراً (*)
«Doğurdan da əsl yaxşı insanlar kafurun xoş ətrinə qarışmış camdan su
içərlər. Elə bir çeşmədən (su içərlər) ki, oradan yalnız İlahi
bəndələri (övliyalar) su içir və onu istədikləri tərəfə yönəldirlər.
Onlar nəzir etdikdə yerinə yetirir və müsibəti uzun olan gündən (qiyamət
günündən) qorxurlar. Yeməyi sevdikləri halda onu yoxsula, yetimə və əsirə
ehsan edirlər. (və deyirlər:) Biz yalnız Allaha xatir sizə ehsan edirik və
bunun qarşılığında sizdən heç bir əvəz və təşəkkür istəmirik. Biz
qaranlıq və vəhşətli gündən (qiyamətdən) Rəbbimizə (necə cavab
verəcəyik) deyə qorxuruq. (onlar belə olduqları üçün Tanrı da, onları o
günün şərindən amanda saxlayar və onlara sevinc və şadlıq nəsib edər.
Həmçinin səbr etdikləri üçün behişt və (orada) ipək paltarlar ilə
mükafatlanarlar. Taxtlara söykənib (rahatlanarlar), orada nə günəş (qızmar
isti), nə də sərt so
yuq görəcəklər. Ağaclarının kölgəsi üstlərinə düşəcək, meyvələri
də onların qarşılarında olacaqdır. Gümüş və büllur qablar onların
ətrafında dolanarlar. Gümüşdən olan elə billur (qədəhlərlə) ki,
(xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə müəyyən etmişlər.
Onlar behiştdə zəncəfil ilə qarışmış su kasasından içərlər. Bu su
çeşməsini orada «Səlsəbil » adlandırırlar. Orada onların dövrəsində
behişt cavanları dolanar ki, əgər onları görsəniz (yerə) səpilmiş
mirvarilərə bənzədərsiniz. Əgər oranı (behişti) görsəniz çoxlu
nemətləri və əzəmətli hakimiyyəti müşahidə edərsiniz! Onların
üzərlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar
vardır. Və gümüş, bilərziklər ilə bəzənərlər. Rəbbi onlara çox pak
bir su içirdər. Doğurdan da «bu sizin mükafatınızdır və zəhmətiniz
qiymətləndirilir.»
Şiə və sünni təfsirçilərin əksəriyəti yazırlar: Bu ayələr Həzrət
Əli, Həzrət Fatimə, Həzrət Həsən, Həzrət Hüseyn və onların xadiməsi
Fizzə xanımın şənində nazil olmuşdur.
Xatırladaq ki, «İhqaqul-həqq» kitabının 3-cü və 9-cu cildində 150-dən
çox (təkcə) sünni rəvayətləri gətirilmişdir ki, yuxarıdakı ayələrin
adlarını zikr etdiyimiz şəxslərin şənində nazil olmasına dəlalət
edirlər. Biz isə bu məzmunda onlarla sünni mənbələrində yazılmış
rəvayətlərdən yalnız bir rəvayəti nəzərinizə çatdırırıq:
Böyük sünni təfsirçisi olan Alusi, İbni Abbasdan mötəbər sənəd ilə nəql
edir:
«Həsən və Hüseyn xəstələnmişdilər. Onların babaları Məhəmməd (s) Əbu
Bəkr və Ömər ilə birlikdə Həsən və Hüseynin görüşünə gəldilər.
Başqa səhabələr də, onların görüşünə gəlmiş idilər. Onlar Əliyə
(Allah onu əziz etsin) dedilər: Ey Əbul Həsən, övladlarının şəfa tapması
üçün nəzr et!
Əli, Fatimə və onların xadiməsi Fizzə onların şəfa tapması üçün üç
gün şükür orucu tutmağı nəzr etdilər.
Uca Tanrı Həsən və Hüseynə şəfa bəxş etdi. Onlar nəzr etdilkəri
oruclarını tutmaq istəsələr də, iftar etmək üçün evlərində heç bir şey
yox idi. Əli (ə) vəziyyəti belə gördükdə Yəhudi Şəmun Xeybərinin yanına
gedib bir miqdar arpa borc aldı və Fatimənin (Allah ondan razı olsun) yanına
gəldi. Fatimə ayağa qalxıb arpadan un düzəltdi və beş nəfər ev
sakinlərinin adına xəmir yoğurdu. Əli şam namazını Peyğəmbər (s) ilə
məsciddə qıldıqdan sonra evə qayıtdı. Çörəklər bişmişdi. Hamı bir
yerə yığışıb iftar açmaq istədi. Lakin elə bu anda bir yolçu onların
qapılarına yaxınlaşıb dedi: “Salam olsun sizə ey Məhəmmədin (s)
Əhli-beyti! Mən bir yoxsul müsəlmanam, mənə yemək verin. Tanrı sizə behişt
yeməkləri əta etsin!»
Onlar çörəklərini yoxsula verib öz iftarlarını su ilə açdılar. Və gecəni
belə keçirtdilər. Sabahkı gün də bu şəkildə oruc tutdular. Fatimə yenə
də ayağa qalxıb iftar üçün çörək bişirdi. Əli Peyğəmbər (s) ilə şam
namazını məsciddə qılıb evə qayıtdıqdan sonra süfrə quruldu. Süfrəyə
çörəklər gəldiyi zaman bir nəfər qapını döyüb dedi: «Salam olsun sizə
ey Məhəmmədin (s) Əhli-beyti! Mühacir övladlarından olan bir yetiməm. Mənə
yemək verin. Allah da sizə behişt təamlarından versin!»
Onlar öz çörəklərini yetimə verib, bu gecəni də fəqət su ilə iftar
etdilər.
Onlar üçüncü gün də nəzr etdikəri orucu tutmağa davam etdilər. Fatimə
(Allah ondan razı olsun) son qalan arpadan un düzəldib çörək bişirdi.
Əli(Allah ondan razı olsun) yenə də Peyğəmbər ilə şam namazını məsciddə
qılıb evə qayıtdı. Elə ki, süfrə açıldı və çörəklər süfrəyə
gəldi, bu anda bir əsir onların qapılarına yaxınlaşıb dedi: «Salam olsun
sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mən bir əsirəm, mənə ehsan edin ki,
Allah da sizə ehsan etsin!»
Onlar o gecə də çörəklərini əsirə verməklə öz iftarlarını su ilə
açdılar.
Səhər açıldı. Əli (Allah ondan razı olsun) Həsən və Hüseyni özü ilə
birlikdə Rəsulullahın (s) hüzuruna apardı. Rəsulullah (s) onların aclıqdan
quşlar kimi titrədiklərini görüb buyurdu: «Ey Əbul Həsən, sizi bu
vəziyyətdə görmək mənim üçün çox çətindir!»
Sonra Peyğəmbər (s) onlarla birlikdə Fatimənin (Allah ondan razı olsun)
yanına gəldi. Onlar Fatiməni aclıqdan qarnı belinə yapışmış halda mehrabda
ibadət edən gördülər. Hətta onun aclıqdan gözləri belə içəri
batmışdı. Peyğəmbər (s) onların bu halına çox narahat olub, kədərləndi.
Elə həmin vaxtda Cəbrayıl Peyğəmbərə (s) nazil olub dedi: «Ey Məhəmməd,
al bunu, Uca Tanrı sənin Əhli-beytinə hədiyyə etdi.»
Həzrət Məhəmməd (s) dedi: «Ey Cəbrayıl, nəyi alım?» Bu anda Cəbrayıl
«Həl əta ələl insan» surəsini ona qiraət etdi.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 351 Bölmə: Maraqlı melumatlar