Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səflərin düzəldilməsi haqqında ətraflı məlumat...

Səfləri düzəltməyin vacibliyi:
İmam, səflər düzəlmədən namaza başlamamalı, camaata səfləri düzəltməyi əmr etməli, ya özü yaxud da başqasına bu işin icrasını həvalə etməldir.
Ənəs, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin. Həqiqətən səflərin düzəldilməsi namazın kamilliyindəndir»[1].

Əbu Məsud deyir ki, biz namaz üçün dayananda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əli ilə çiyinlərimizə sürtər və deyərdi: «Bərabər dayanın, (əyri-üyrü dayanıb) ayrılmayın ki, qəlbləriniz də ayrılmasın...»[2].
Noman ibn Bəşir deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səflərimizi düzəldərdi. Sanki bu səflər ox ucluqlarına taxılacaqdı. Sonra biz səfləri tam düzəltməyə alışdıq. Amma bir gün o namaza durduqda, təkbir etməyə az qalmış bir nəfərin sinəsinin səfdən önə çıxdığını gördü və dedi: «Ey Allah bəndələri, səflərinizi düzəldin, əks halda Allah sizin üzlərinizi bir-birinizdən ayıracaqdır»[3].
İbn Ömər, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin, çiyinlərinizi bərabər tutun, boşluqları doldurun, qardaşlarınızla qarşılıqlı şəkildə mülayim davranın, şeytan üçün boş yer saxlamayın. Kim səfi birləşdirərsə Allah da ona Öz rəhmətini çatdırar. Kim səfi ayırarsa Allah da onu Öz rəhmətindən ayırar»[4].
Ənəs, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin, səflərin arasını yaxınlaşdırın, çiyinlərinizi də bərabər tutun. Nəfsim əlində olana and olsun, mən şeytanın səflərin boşluqlarından necə keçdiyini görürəm. O, sanki qara rəngli kiçik qoyuna bənzəyir»[5].

Səflər necə düzəldilir:
Ənəs, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin. Mən sizi arxamda da görürəm». Ənəs deyir ki, bizim hər birimiz çiynini yanındakının çiyninə, ayağını da yanındakının ayağına birləşdirərdi.[6]
Noman ibn Bəşir isə belə deyir: «Bizi (namaza durarkən görsəydin) görərdin ki, hər kəs topuğunu yanındakının topuğuna birləşdirərdi»[7].

Kişi və qadınların səfləri:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kişilərin ən xeyirli səfi birinci, ən şəri isə axırıncı səfdir. Qadınların ən xeyirli səfi axırıncı, ən şəri isə birinci səfdir»[8].

Öndəki səfflərin və onların sağ tərəfinin daha fəzilətli olması:
Bəra ibn Azib deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə deyərdi: «Həqiqətən Allah və mələkləri öndəki səflərə salavat edərlər»[9].
Həmçinin o başqa rəvayətdə deyir ki, biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) arxasında namaz qılarkən onun sağ tərəfində olmağı xoşlayardıq. Çünki o üzünü bizə tərəf çevirərdi. Sonra rəvayətçi deyir ki, mən onun belə dediyini eşitmişəm: «Ey Rəbbim, bəndələrini dirildib həşr etdiyin gün məni əzabından qoru»[10].

İmamın arxasında kim dayanır?
Əbu Məsud əl-Ənsari deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə deyərdi: «Mənim arxamda aranızda ən dərrakəli olanlar dayansınlar. Sonra onlardan bir az aşağı səviyyəlilər, sonra da bir az aşağı səviyyəlilər dayansınlar[11]»[12].

Sütunlar arasında səf qurmaq məkruhdur:
Müaviyə ibn Qurra atasının belə dediyini rəvayət edir: «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında bizə sütunların arasında səf qurmaq qadağan edilir və orada dayanarkən qovulurduq»[13].
Bu qadağa, camaatla namaz qılanlara aiddir. Amma təkbaşına namaz qılan kimsənin iki sütun arasında dayanması eyb etməz. Əsas odur ki, qarşısına sütrə qoysun.
İbn Ömər deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Usamə ibn Zeyd, Osman ibn Talha və Bilal ilə Kəbəyə daxil oldu və orada namaz qıldı və çıxdı. Mən ondan sonra içəri daxil olan ilk adam oldum. Bilala yaxınlaşıb Peyğəmbərin harada namaz qıldığını soruşdum? Bilal: Qarşıdakı iki sütunun arasında – deyə cavab verdi[14].


[1] Müslim: 1/ 324/ ? 433. Rəvayətin bu mətni onundur. Buxari: 2/ 209/ ? 723. Əbu Davud: 2/ 367/ ? 654. İbn Macə: 1/ 317/ ? 993.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 961. Müslim: 1/ 323/ ? 432.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3972. Müslim: 1/ 324/ ? 436. Əbu Davud: 2/ 363/ ? 649. Tirmizi: 1/ 143/ ? 227. Nəsai: 2/ 89. İbn Macə: 1/ 318/ ? 994.
[4] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 620. Əbu Davud: 2/ 365/ ? 652.
[5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 621. Əbu Davud: 2/ 366/ ? 653. Nəsai: 2/ 92.
[6] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 393. Buxari: 2/ 211/ ? 725.
[7] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 124. Buxari: 2/ 211. Rəvayət müəlləqdir (yəni, hədis sənədinin Buxari tərəfdən başlayan hissəsində bir neçə rəvayətçi qeyd edilməmişdir (tərc.)).
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3310. Müslim: 1/ 326/ ? 440. Əbu Davud: 2/ 374/ ? 664. Tirmizi: 1/ 143/ ? 224. Nəsai: 2/ 93. İbn Macə: 1/ 319/ ? 1000.
[9] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 618. Əbu Davud: 2/ 364/ ? 650. Nəsai: 2/ 90.
[10] Hədis səhihdir. ət-Tərğib vət Tərhib: ? 500. Müslim: 1/ 492 - 493/ ? 709.
[11] Peyğəmbərin bu sözü heç də müsəlmanları təbəqələrə bölmək üçün deyilməmişdir. Bu sözlər ona görə deyilmişdir ki, Peyğəmbərin namazda etdiklərini ən yaxşı yaddaş sahibləri görsünlər və olduğu kimi də insanlara çatdırsınlar. Həmçinin namazda səhv etdikdə, yaxud Quran qiraətini unutduqda ona kömək etsinlər. Belə ki, biz Peyğəmbərin digər sözlərinə baxdıqda onun bu sözlərinin deyilən mənadan başqa mənaya keçməsi əsla mümkün deyildir. Çünki o özü vida xütbəsində hamının qarşısında ərəblə əcəminin Allah qorxusundan başqa heç bir şeydə üstünlüyü olmadığını vurğulamışdır. (tərc.)
[12] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 626. Müslim: 1/ 323/ ? 432. Əbu Davud: 2/ 371/ ? 660. İbn Macə: 1/ 312/ ? 976. Nəsai: 2/ 90.
[13] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 821. İbn Macə: 1/ 320/ ? 1002. Hakim: 1/ 218. Beyhəqi: 3/ 104.
[14] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 139. Buxari: 1/ 578/ ? 504.


Tarix: 01.05.2013 / 18:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Maraqlı melumatlar
loading...