beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAL ƏSRLƏR BOYU

BAL ƏSRLƏR BOYU
İnsanın bal haqqında anlayışı onun mağaralarda yaşadığı dövrə gedib çıxır. Qədim insan yazını öyrənməzdən qabaq hekayə və nəğmələrlə balın əhəmiyyətini ifadə etmişdir. Bal min illərdir ki, bəşəriyəətə görə yeganə təmiz şirniyyat növü olaraq qalmaqdadır.

Qədim dünyanın əksər xalqlarında balın özünəməxsus yeri vardır. Belə ki, onlar dini mərasimlərdə balı seçilmiş qurban kimi də istifadə edirdilər. Həmçinin tarixi sənədlər də balın qədim dünya xalqlarının əksəriyyəti tərəfindən müalicəvi məqsədlərlə istifadə olunduğunu təsdiqləyir. Yaxın Şərq xalqlarının isə demək olar ki, hamısı baldan istifadə etdikləri təqdirdə əbədi yaşayacaqları etiqadı ilə ölü ilə birlikdə böyük miqdarda bal basdırar və onu mənəvi paklığın bir rəmzi hesab edərdilər. Fironların qəbirlərində aparılan arxeoloci qazıntılar zamanı örtülü və öz dadını saxlamış bal dəfinələri aşkara çıxarılmışdır.
Qədim misirlilərdə belə bir adət var idi ki, toy gecəsi günü bəy gəlinə sevgisinin və vəfasının girovu olaraq bir ingiliz ratlı (449,28 q bərabər çəki vahidi.)həcmində bal hədiyyə edərdi.
Misirdə arxeoloci tapıntılar arasında papirus kağızları üzərində 3500 illik tarixi olan bir kitab tapılmışdır ki, burada bədənin bütün xəstəlikləri üçün dərman hazırlama üsulları öz əksini tapmışdır. Bu qiymətli tapıntıda balın əsas maddə olaraq göstərildiyi çoxlu reseptlər aşkara çıxarılmışdır. Burada balın bədəndəki daxili və xarici yaralar, mədə-bağırsaq, böyrək, qaraciyər, sidik saxlama və s. xəstəliklər üçün şəfa olması qeyd olunur. Kitabda yazılan reseptlərdən belə məlum olur ki, qədim misirlilər göz xəstəliklərinin müalicəsində baldan mərhəm şəklində istifadə edirmişlər. Arxeoloq Eydfen Sumeysin oxuduğu fironlara aid başqa bir qədim sənəddə isə cərrahiyyə əməliyyatlarından sonra bal sarğılarının tətbiq edilməsi barədə məlumatlar öz əksini tapmışdır.
Uzaq Şərqdə, Benqaliya brəhmənlərində(Kahin) isə toy günü gəlinlərin bədənlərinə, xüsusi ilə də döş və tənasül orqanlarına məhsuldarlığın, bərəkətin bol olması etiqadı ilə bal sürtmələri kimi adət mövcuddur. Çindən gələn qədim sənədlərdə isə çin həkimlərinin çiçək xəstəliyinə yoluxanları bədəni balla yağlamaqla müalicə etdikləri bildirilir. Çünki bal bu qorxunc xəstəliyin dəridə buraxdığı yara və çapıqların sağalmasını, habelə dərinin qidalanmasını və ağardılmasını təmin edir.
Qədim hindlilər isə göz xəstəliklərini müalicə edərkən balı gözlərinə çəkərdilər. Manunun “Həyat və qanunlar” kitabında ab-həyat (eliksir)(Bitki cövhərinin spirt, efir yağları və ya turşu məhlulu) uzunömürlülüyün sirri kimi izah edilir. Çünki ab-həyatın tərkibi südlə baldan ibarətdir.
Spiritualist yunanlar da balın ömrü uzatdığını söyləyirlər. Pifaqorla Demokrit də bu nöqteyi-nəzərdən çıxış edərək uzunömürlü olmalarını balın gündəlik qidalarının bir hissəsinə çevirmələri ilə əlaqələndirmişlər. Həmçinin yunan güləşçilərinin məşqlərdən əvvəl bal qəbul etmələri də adi hal almışdır. Qədim yunan əsatirləri isə o dövrün əczaçıları – arıçıları tərəfindən hazırlanan balın səma ulduzları və göy qurşaqlarından çiçəklərin üzərinə düşən şeh olduğuna işarə edirlər. Onların tanınmış şairi Homer özünün “İliada” və “Odisseya” adlı ölməz qəhrəmanlıq poemalarında balı və onun yüksək xüsusiyyətlərindən bəhs etmişdir. Tibb elminə kifayət qədər bələd olan yunan filosofu Aristotel də öz növbəsində əsərlərində balın müalicəvi əhəmiyyətini vurğulamış və bildirmişdir ki, bal orqanizmin imunitetini gücləndirən və ömrü uzadan nadir özünəməxsus xüsusiyyətlərə malikdir.
Roma İmperatorluğu dövründə bal hər bir romalının gündəlik qida məhsulunun bir növünə, bayram və dini mərasimlərinin isə bir rəmzinə çevrilmişdir. Balın qiymətinin onların nəzərində yüksək olması etibarı ilə romalılar ödənilməsi vacib olan vergilərin əvəzinə bal da qəbul edərdilər. Romalı kübar ailələr bal pətəklərinə sahib olmaları ilə biri-birilərinin qarşısında öyünər, habelə ev sahibinin qonağa xüsusi arı təknələrindən hədiyyə etməsini qonağa göstərilən hörmət və səxavətin bir növü kimi qiymətləndirərdilər. Həmçinin onlar pətəklərini özləri ilə döyüşə aparar, düşmənə qarşı məhvedici bir silah kimi pətəkləri döyüş meydanında açıb buraxardılar.
Qədim yəhudilər isə balın insanın mahir və zəkalı olmasında mühüm rolu olduğunu hesab edirdilər. Müasir yəhudilərə gəlincə, onlar bu gün də bayramlarda baldan istifadə etməklə xüsusi yeməklər hazırlayırlar. Tövratda Yaqub peyğəmbərin balla yanaşı ən gözəl meyvələrdən ibarət payla oğlu Benyamini Misirə göndərməsi əhvalatında gördüyünüz kimi balın da adı çəkilir. Süleyman peyğəmbərə atası Davud peyğəmbərdən verilən nəsihətdə isə deyilir: “Ay oğlum, bal ye, çünki o çox yaxşı məhsuldur. Arı şanları da çox ləzzətlidir”.
Eramızın altıncı əsrində Aleksandr Troyski baldan qaraciyər, böyrəklər, tənəffüs orqanı və s. orqanların xəstəliklərinin müalicəsində istifadə etmişdir. Rus xalq təbabətində bal bir çox xəstəliklərin müalicə preparatı hesab olunur. Qədim rus əlyazmalarında balın əlalxüsus da ciyər iltihabları, ağciyər vərəmi və həzm cihazı xəstəliklərinin müalicəsi üçün müalicəvi xüsusiyyətlərə malik olması haqda ətraflı söhbət açılır. Bu əlyazmalarda çürümüş yaraların və bəzi dəri xəstəliklərinin müalicəsində baldan mərhəm şəklində istifadə etməklə bir çox reseptlər də öz əksini tapmışdır.
Müsəlmanlarda isə bala müqəddəs bir qida növü kimi xüsusi baxış və münasibət vardır. Müqəddəs Quranda da balın Cənnət əhlinin ruzisi olması, Allahın onu Öz təqvalı bəndələri üçün hazırladığı qeyd edilmişdir.
«Müttəqilərə və’d olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!»(Muhəmməd, 15)
Peyğəmbərin (s) mübarək sünnəsində də yemək-içmək növlərinə nəzər saldıqda burada Peyğəmbərin (s) doğrudan da bu əla qida növündən xoşlanması və dəfələrlə bundan müalicəvi məqsədlərlə istifadəyə çağırışı diqqəti cəlb edir. Müslimin səhih hədislər toplusunda Aişədən (Allah ondan razı olsun!) nəql olunan bir rəvayətdə Rəsulallahın (s) halva və balı çox xoşlaması bildirilir.
Lakin balın müalicəvi xüsusiyyətlərini sübut edən ilk mötəbər tarixi mətn ən-Nəhl surəsində nazil olmuş 68-69-cu ayələrdir ki, burada da Allah-taala buyurur: «Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!»
Rəsulallah (s) Allahın Quranda nazil etdiyi bu ayələrini qəlbən inanaraq təsdiq etməklə ondan dərmanlar haqda soruşan səhabələrinə balla müalicə olunmağı təkidlə məsləhət görmüşdür. Səhabələr, sonra da müsəlman təbiblər Peyğəmbərin (s) yolu ilə gedərək baldan öz həyatlarında geniş şəkildə istifadə etmişlər.
İbn Sinanın “Tibdə qanun” kitabında balın da daxil olduğu onlarla reseptlər vardır. Bu reseptlər arasında balla qızılgül suyunun qarışığının ağciyər vərəminin müalicəsi, habelə ilıq bal məhlullarının yuxusuzluğun aradan qaldırılması üçün faydalı olması da öz əksini tapmışdır. İbn Sina bu kitabında bal haqqında belə söyləyir: “Bal ruhu gücləndirir, aktivliyi artırır, iştahanı açır, insanı mümkün qədər cavan saxlayır və dildə səlisliyə gətirib çıxarır”. Əl-Müvaffiq əl-Bağdadi isə balı belə xarakterizə edir: “Bal bağırsaqlardakı ifrazat qalıqlarını yuyub aparır, mədəni qüvvətləndirir, qaraciyəri təmizləyir, sidiyi qovur, sinəni bəlğəmdən təmizləyir və bəlğəmdən yaranan öskürəyi sakitləşdirir”.

BAL ANTİBAKTERİOLOCİ
BİR NEMƏTDİR!

Balın antibakterioloci tərkibə malik olması orqanizmdəki kiflənmənin və müxtəlif növ mikrobların məhvini təmin edir. Aparılan tibbi araşdırmalardan da belə sübuta yetirilmişdir ki, insanın xəstələnməsinə səbəb olan mikroblar balın nəticəsində ölərək öz təsirlərini itirmişlər. Bunu təsdiq edən digər faktorlardan biri də balın tərkibinin orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngin olmasıdır. Bu maddələr mikrobların çoxalıb artmasına əngəl törədir və onların təsir gücünü zəiflədir. Bunun da səbəbi balın tərkibində mikrobların qatili hesab olunan oksigenli suyun olmasıdır. Alimlər bu barədə sübuta yetirilmiş bir elmi həqiqəti kəşf etmək imkanını əldə etmişlər ki, bu da 50% təzə bal məhlulunun bütün növ bakteriaları öldürməsidir.
Bu barədə danışarkən belə bir sual meydana çıxır: “Bal mikroblara qarşı necə müqavimət göstərir?” Bu sualı bir neçə məqama toxunmaqla da cavablandırmaq olar.
1. Balın tərkibində arı turşusu mövcuddur. Bu da orqanizmdəki çürümənin və ya kiflənmənin birinci dərəcəli düşmənidir.
2. Balın tərkibində mikrobların qatili hesab olunan oksigenli su mövcuddur.
3. Balın tərkibinin 80%-ni qatılaşdırılmış şəkərlər tutur ki, bu da mikrobların inkişafına imkan vermir.
4. Balın tərkibi orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngindir. Bu maddələr də ancaq arı məhsullarındandır. Bu cür maddələr süni yolla hazırlanmış balda mövcud deyildir.


ARI MUMU
Arı mumu arıların mum vəzilərindən çıxan narın dənəvər maddədir. Suda, spirtdə həll olunmayan, elektrik cərəyanını keçirməyən, yanan, havada çox qala bilən amorf, plastik kütlədir. Arılar bu mumdan şan düzəldir. Tərkibində çoxlu A vitamini, 72-74% alifatik turşuların irimolekullu biratomlu spirtlərlə əmələ gətirdiyi mürəkkəb efirlər, 13,5-15,0% sərbəst karbon turşuları və 12,5-15,5% doymuş karbohidrogenlər var. Arı mumu bir neçə növdür: pətək mumu, preslənmiş mum və ekstraksiya mumu. Saf arı mumu süni şan hazırlanmasında, qatışığı olan mum isə texnikada işlədilir. Arı mumundan bir çox tibb məlhəmləri, plastır, kasmetika kremləri hazırlanmasında istifadə edilir.


Tarix: 14.04.2013 / 13:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 434 Bölmə: Maraqlı melumatlar