Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran Nedir?

Quran Nədir?!
Məni bu başlığı seçməyə vadar edən duyğu Quran haqqında yaranmış olan “ölülər kitabı” təsəvvürüdür. Halbuki Quran özü “O, diriləri xəbardar etmək üçün göndərilən açıq-aşkar Qurandır” (Yasin, 36/69-70) buyuraraq bu təsəvvürün nə qədər yanlış olduğunu və onun “ölülər kitabı” deyil, əksinə “dirilər kitabı” olduğunu ortaya qoyur. O, müəyyən məqsədlərlə (bəzi gün və gecələrdə ölüyə vs.) oxunmaq üçün deyil, qoyduğu prinsiplərə görə yaşansın deyə göndərilmişdir. Quran dini ayin və mərasimlərdə oxuna bilər, lakin onun nazil olma səbəbi sırf bu deyildir. Quranın əsas hədəfi insandır. Həm də diri insan. Quranın nə olduğunu dərk etmədən, içindəkiləri lazımınca anlamaq mümkün deyildir. İçindəkiləri doğru anlamadan da, ona olduğu kimi inanmaq və ona uyğun həyat tərzi yaşamaq mümkün deyildir.
Quran nədir? Əlbəttə, Quran hər şeydən öncə Allahın Cəbrayıl vasitəsi ilə 23 il ərzində elçisi hz. Məhəmmədə nazil etdiyi kitabdır. O kitab ki, insanların yapışaraq xilas olması üçün Allah Təalanın göydən yer üzünə uzadılmış ipidir. O kitab ki, insanlara doğru yolu göstərir. O kitab ki, insanları zülmətdən aydınlığa çıxarır. O kitab ki, insanlara haqqı batildən ayıra bilməyi öyrədir. O kitab ki, insanlara öyüd-nəsihət verir. O kitab ki, insan həyatının mahiyyətini və qayəsini açıqlayır. O kitab ki, bütün insanlara var olmalarının hikmətini izah edir.
İnsan var olduğu gündən bəri “həyatın mənası”nın nə olduğunu dərk etməyə çalışmış və davamlı axtarışa çıxmışdır. Çoxluq içərisində “tənha yaşamağa məhkum edilmiş” insan oğlunun axtarışları dünən olduğu kimi bu gün də davam edir. Qurani-Kərim haqqı arayan insana yol göstərən hidayət rəhbəri olaraq nazil olmuş və bu insana aradığı şeyin Tövhid (Allahın birliyi) olduğunu xatırlatmışdır. Peyğəmbərimizin təbiri ilə desək “Ən yüksək mərtəbəsi Allahı bir olaraq qəbul etmək, ən aşağısı isə insanlara əziyyət verən bir daşı yoldan qaldırıb kənarlaşdırmaq” olan tövhid, insanın həyatındakı düşüncədən başlayaraq, günlük həyatındakı hər davranışına qədər Allahın qoyduğu qanunlara riayət etməsi, onların qorunması üçün səfərbər olmasıdır. Buna Quran dili ilə sünnətullahın (Allahın qanunları) yaşanması deyilir.
Tövhid inancı insanı hürr edər. Bu inancı daşıyan insan Rəbbinə qulluq edib ondan başqasına qul olmaqdan qorxar.
Bu inanc tərbiyəli şəxsiyyətin formalaşmasına yardım edər. İnsana mənəvi güc verər.
Quranın əsas mövzusu insandır. Quranın görmək istədiyi insan adil, doğru, güvənilən, təqvalı (Allahın hüdudlarını aşmayan), daşıdığı məsuliyyətin şüurunda olan, saleh əməl sahibi - “kamil insandır”. Bu insan Allahın yer üzündəki xəlifəsi və ilahi əmanətin, yəni varlıq qayəsini yerinə yetirmə borcunun daşıyıcısıdır. Bu insan sadəcə maddiyyata yönəlib mənəviyyatı tərk edən və ya sadəcə mənəviyyata yönəlib maddiyyatı tərk edən insan deyildir. Əksinə bu ikisi arasında tarazlıq qura bilən insandır. Sadəcə bu dünya üçün və yaxud da sadəcə axirət üçün yaşamayan, sabah öləcəkmiş kimi axirət üçün, heç ölməyəcəkmiş kimi dünya üçün çalışan insandır. Və hər şeydən önəmlisi bu insan sadəcə “mən” şüuru ilə hərəkət etməyən hər zaman “biz” şüurunu diqqət mərkəzində tutan insandır.
Quran bu xüsusiyyətlərə sahib fərdlərin meydana gətirəcəyi cəmiyyəti “orta ümmət” olaraq vəsfləndirmişdir. O ümmət ki, yaxşı işləri əmr edər, pis işlərdən çəkindirər. O ümmət ki, qardaşlığı, bərabərliyi, yaxşılıq və təqvada yardımlaşmağı əsas alır. O ümmət ki, insanlar arasında ədalət və haqqı yerləşdirən, həyat ölçüsü qoyan, insanın düşüncəsinə, adət və ənənəsinə önəm verən, doğruya doğru, yanlışa yanlış deyən, cəmiyyətin dəyərlərinə hörmət edən, dəyər verən, insanları düşüncə və inanclarına görə qınamayan, onları “bir binanın daşları”, “bir darağın dişləri” kimi görən ümmətdir.
Xülasə, Quran “ölülər kitabı” olmayıb insandan başlayaraq ailəyə və qohum-əqrəbaya, oradan cəmiyyətə, cəmiyyətdən də bütün insanlığa xiatb edən “dirilər kitabıdır.”

Fikirlərinizi bildirməyi unutmayın !!!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 191 Bölmə: Maraqlı melumatlar
loading...