beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Işdə Bir Xeyir Var..(İbrətamiz..)

Dünyada baş verən hər bir hadisə Allahın hikmətinə tabedir. Insan bunların mahiyyətini və faydasını anlamağa bəzən çətinlik çəkir. Çünki bəşər şüuru ilahi hikməti dərk edə bilməz. Biz yalnız Allahın bizə verdiyi şüur çərsivəsində düşünməyə və anlamağa qadirik.

Amma dünyada baş verənlər daha böyük bir fəlsəfəyə, daha dərin bir məntiqə tabedir.
Deyirlər ki, iki əsr bundan əvvəl Afrikada bir hökmdar yaşayırmış. Hökmdarın yaxın bir dostu vardı. Yaxşı-pis hər hansı hadisə ilə rastlaşanda bu sözü təkrar edərdi: “Bu işdə də bir xeyir var”.
Hökmdar ov etməyi xoşlayırdı. Bir gün dostu və əyanları ilə birlikdə yenə ova çıxmışdı. Bir aslanın izinə düşdülər. Izlə gedib aslanı tapanda hökmdar tüfəngi dostuna verib tapşırdı ki, silaha güllə doldursun. Hökmdarın dostu tüfəngə güllə qoyub verdi. Ya tüfəng nasaz imiş, ya da hökmdarın dostu tələskənlik edibmiş, hökmdar atəş açanda güllə tüfəngin içində partladı, lüləni dağıdıb kənara sıçradı. Nəticədə hökmdarın tətiyi sıxan baş barmağı parçalandı. Dostu bu hadisəni görəndə yenə adəti üzrə söylədi: “Bu işdə də bir xeyir var”. Hökmdar qəzəblə bağırdı: “Axmaq! Görmürsən, barmağımı itirdim! Bu işdə nə xeyir olacaq ki?!”. Qəzəbi aşıb-daşan hökmdar öz dostunu zindana atdı.
Üstündən bir il ötüb-keçdi. Hökmdar yenə ova çıxmaqda davam edirdi. Amma dostu yanında deyil, zindanda idi. Günlərin birində ovu izləyən hökmdar öz əyanları ilə birlikdə xeyli uzaqlara gedib-çıxdı. Sən demə, bu yerlərdə adamyeyənlər qəbiləsi yaşayırmış. Adamyeyənlər hökmdarı və yanındakıları tutub apardılar. Böyük bir tonqal qalayıb, əsirləri tonqalın ətrafındakı dirəklərə bağladılar və bir-bir tonqalın içinə atıb bişirməyə başladılar. Növbə hökmdara çatanda gördülər ki, barmaqlarından biri yoxdur. Sən demə, adamyeyənlərin inancı bu imiş ki, fiziki qüsuru olan adamın ətini yemək olmaz. Ona görə də hökmdarı azad edib buraxdılar. Onun ov yoldaşları isə sağlam olduqları üçün adamyeyənlərin yeminə çevrildilər.
Hökmdar çətinliklə öz torpaqlarına qayıtdı. O, indi dostunun dediyi sözlərin mənasını anlamışdı. Başa düşmüşdü ki, həqiqətən, barmağının parçalanmasında da bir xeyir varmış. Hökmdar vətəninə dönən kimi dostunu zindandan azad etdi, yanına gətizdirib başına gələnləri ona danışdı. Axırda üzr istədi: “Məni bağışla. Səni günahsız yerə bir il zindanda saxladım”. Hökmdarın təəccübünə rəğmən, dostu yenə həmişəki sözünü təkrar etdi: “Amma bu işdə də bir xeyir var”. Hökmdar heyrətini gizlədə bilmədi: “Yenə eyni sözü deyirsən? Daha bu işdə nə xeyir ola bilər ki? Sən bir il həbsxanada dözülməz şəraitdə qaldın, aclıq-susuzluq çəkdin. Bunun harası xeyirdir?”. Dostu isə gülümsəyərək cavab verdi: “Yaxşı ki sən ovda olanda mən zindanda idim. Yoxsa həmişəki kimi gərək mən də sənin yanında olaydım. Iş burasındadır ki, mənim bədənimdə qüsurum yoxdur. Ona görə adamyeyənlər məni mütləq yeyəcəkdilər”. istinad: az.islam.az


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar