beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ISLAMA GELIBLER YA YOX

Aya ilk dəfə ayaq basan Neil Armstronq, "Peyğəmbər" filminin baş
rolunu ifa edən Anthony Quinn, məşhur okeonoloq Kapitan Kusto İslamı
qəbul edibmi?

Azərbaycan əhalisinin 95 faizinin müsəlman olduğu bildirilir. Bu
müsəlmançılığın neçə faizinin kortəbii, nə qədərinin də məntiqi
əsaslarla qəbul edildiyini heç kim qeyd etmir. Bunun statistikasının
aparılması mümkün də deyil. Sadəcə təxminə və müşahidələrə əsaslanaraq
demək olar ki, özünü müsəlman adlandıraraq, İslamı olduğu kimi qəbul
edib yaşayanların sayı digərlərinə nisbətən olduqca azdır. Bunun
səbəbi isə kortəbiilikdir. Əvvəlki dövrlərdə «urra» qışqırıb ateist
olanların, indi «əlhəmdu lilləh» deyib müsəlman olduğunu və ya
özlərini bu cür adlandırdıqlarını görmək mümkündür. Bəs «qonşudan geri
qalmamaq» prinsipi ilə hərəkət edən bu cür kortəbiiliyin qarşısını
necə almaq olar? Təbii ki, ancaq və ancaq düzgün təbliğatla... Bu
yazımızda kortəbiiliyə əsas təşkil edən xurafat və mövhumatı deyil,
İslam dinini qəbul etmədiyi halda, "müsəlmanlaşdırdığımız" bəzi
məşhurları qeyd etməyə çalışacağıq.

Müsəlmanların imanlarını gücləndirmək, inanmayanları da "yola
gətirmək" məqsədi ilə bir qrup xəyalpərəst əvvəlcə
"Peyğəmbər" (Risalə, The Message) filminin baş rolunu -Hz.Həmzə
rolunu- ifa edən Anthony Quinnin («Ömər Muxtar» filminin də əsas
qəhrəmanıdır) "müsəlman" olduğunu elan etdi. Sonra 1969-cu ildə Aya
ilk dəfə ayaq basan kosmonavt Neil Armstronqa bu "titul" verildi. Bir
müddət ötəndən sonra da məşhur okeonoloq Kapitan Kustonun (Jacques
Yves Cousteau) Atlantik okeanında kəşf etdiyi iki dənizin suyunun bir-
birinə qarışmamasının Quranda 1400 il əvvəl Allahın bildirdiyini
bilməsindən sonra İslama "gətirdilər"...

Bunların hamısı böhtandır. Heç bir əsası yoxdur. Əlbəttə, Anthony
Quinn çox gözəl aktyor idi. Rolunun öhdəsindən layiqilə gəldiyini
kinotənqidçiləri etiraf edirlər. Onun «The Message» və «Ömər Muxtar»
filmlərində müsəlman obrazları canlandırandan sonra təsirlənərək
müsəlman olduğu qeyd olunurdu (hər tərəfində kamera olan adamın necə
və nədən təsirləndiyi mənim üçün hələ də qaranlıq olaraq qalır). Ancaq
Anthony Quinn axır nəfəsinə kimi müsəlman olaraq deyil, adi bir
xristian (katolik) kimi yaşadı. Çünki heç vaxt İslam dinini qəbul edib
müsəlman olmamışdı. Xatirələrini yazdığı "Bir nəfərlik tanqo" adlı
kitabında da bunu oxuya bilərsiniz. Quinn İsrailə və sionizmə açıq-
aşkar rəğbət bəsləyən və kömək edən bir adamdı. Hətta Liviyada
Peyğəmbərimizin (s.ə.v.) həyatından bəhs edən filminin çəkilişlərində
qaldığı hoteldə Yasər Arafatla bu haqda necə mübahisə etdiyini də
həmin kitabında qeyd edib.

«Müsəlmanlaşdırılan» başqa bir məşhur şəxs isə Neil Armstronqdur.
Haqqında danışdığımız bu şəxs 1969-cu il, 16 iyul, saat 9:31-də ABŞ-ın
Florida ştatındakı 55 ölkədən 3493 müxbirin iştirak etdiyi Apollo-11
kosmik gəmisinin Aya gedəcək heyətin kapitanıdır. Kosmik gəmi yerdən
qalxandan tam 102 saat 47 dəqiqə sonra Ayın üzərinə düşən və 9 pilləli
nərdivanı enərək Aya ilk dəfə ayaq basan Neil Armstronqun Ayda
eşitdiyi bir səsdən 14 il sonra İslamı qəbul etdiyi bildirilirdi. Onun
müsəlman olmasının səbəbi isə belə izah edilirdi: 1983-cü ilin fevral
ayında Armstronq bir konfransda çıxış etmək üçün ilk dəfə olaraq bir
müsəlman ölkəsinə - Misirə gedir. Konfransın sonuna yaxın bir vaxtda
Armstronqun sanki sehrlənibmiş kimi oturduğu yerə yapışdığını və donub
qaldığını görürlər. O, pəncərələrdən içəri süzülən bir səsi dinləyirdi
və üzünün ifadəsindən də açıq görünürdü ki, o bu səsi sanki əvvəllər
də dinləyib. Armstronq bu səsin nə səs olduğunu soruşanda yanındakı
adamlar onun azan səsi olduğunu bildirib. Ona: Bu səs Allahın
qüdrətini kainata elan edən və biz insanları qurtuluşa səsləyən ilahi
bir dəvətdir, - deyə söyləyirlər. Armstronq: «Bu səs Aya ilk ayaq
basdığım zaman eşitdiyim və tüklərimi ürpədən səsdir. Əvvəlcə
qulaqlarımın uğuldadığını güman etdim, lakin sonralar bu səsi yenidən
eşitdiyim zaman heyrətlənib titrəmişdim. Armstronqun ruhunda qopan
fırtına azanın bitməsinə qədər davam edən qısa bir müddət ərzində onun
İslam dinini seçməsinə səbəb olmuşdu.

Bu «möcüzəli hadisə»ni isə Pakistanda nəşr olunan «The muslim world»
adlı jurnalın 1983-cü il 19 fevral tarixli sayı ilə həmin ölkənin Cenk
qəzeti, Malayziyada nəşr olunan Star və Türkiyənin Zəfər jurnalının
1983-cü il avqust sayında Aydakı azan səsi sərlövhələləri çatdıraraq
inananları «sevindirmişdi».

Bu məsələnin gerçəkliyini isə Amstronqun da müəllimi olan professor
Fərrux əl-Bəzzdən öyrənməyə çalışacağıq. Qeyd edək ki, Fərrux əl-Bəzz
1938-ci ilin yanvar ayının 1-də Misirdə dünyaya gəlib. Atası
ilahiyyatçı olub. 1967-ci ildən NASA-da (Amerika Aerokosmik Hava
Tədqiqat Mərkəzi) strateji vəzifələrdə çalışıb. «Apollo astronavtları
uçuş şöbəsi»nin rəhbəri olub. Bütün «Apollo» astronavtlarını o
yetişdirib. Həmçinin «müsəlmanlaşdırdığımız» Armstronqu da. NASA-da
onu astronavtlar «kral» adlandırırlar. Qeyd edək ki, Fərrux əl-Bəzz
1973-1975-ci illərdə ruslarla amerikalıların kosmik sahədə ilk
əməkdaşlıqları olan «Apollo - Soyuz» layihəsinin də memarlarındandır
(haqqında daha ətraflı məlumat almaq istəyənlər bu sayta baxa bilərlər
http://www.bu.edu/remotesensin ... .html). əl-Bəzz
azsaylı müsahibələrinin birində «Ayda azan» məsələsi və Neil
Armstronqun müsəlman olmaması ilə bağlı bunları bildirib: «Amstronqu
da bütün «Apollo» astronavtları kimi çox yaxşı tanıyıram. Çünki
onların hər birinin Ayın səthinə necə düşəcəklərini mən öyrətmişəm. Bu
günə kimi də həmin astronavtlarla dostluğumuz davam edir. Çünki biz
bir heyət kimi XX əsrin ən mühüm elmi layihələrindən birini həyata
keçirməyin sevincini yaşamışıq. Ancaq bununla yanaşı, qeyd etmək
istəyirəm ki, Amstronq Ayda heç vaxt «Azan səsi» sayılacaq bir səs
eşitməyib və bu günə kimi də müsəlman olduğunu heç bir yerdə
söyləməyib. Bu cür içi boş dedi-qodular bütün həssas müsəlmanlar kimi
məni də dərindən yaralayır. Bu cür dəyaz düşünən insanlar elə zənn
edirlər ki, bütün dünyada tanınan məşhur bir şəxs İslam dinini qəbul
etdiyini bildirsə, o vaxt İslam «yaxşı din» olacaq və qlobal mənada
hörmətə layiq din sayılacaqdır. Mən bir müsəlman kimi İslama bundan
daha böyük təhqir fikirləşə bilmirəm. Neil hazırda 75 yaşındadır və
Ohioda ailəsi ilə birlikdə sakit həyat yaşayır. Əgər İslamı qəbul
etsəydi, təbii ki, buna sevinərdik. Amma müsəlman olmayıbsa, onda 1400
illik İslam dini öz mənasını və əhəmiyyətini itirəcək? Müsəlmanların
dinlərinə inanmaq və güvənmək üçün mütləq «Qərbli» sübutuna ehtiyac
varmı? Bu cür düşünənlər bu dinə uzaqdan tamaşa edənlərdir. Təkidlə bu
cür bir sübut istəyənlərə, bu cür xəbərlərin kölgəsinə sığınmaq
istəyənlərə mən ən gözəl nümunəni göstərim. Bəli, bir də təkrar edirəm
Neil Armstronq və başqa «Apollo» astronavtlarından heç biri hələlik
müsəlman olmayıb. Amma onların hər birini bir-bir yetişdirib Aya
göndərən və sağ-salamat geri qayıtmalarını təmin edən, onları öyrədən
mən Fərrux əl-Bəzz anadan olduğum gündən bəri müsəlmanam. Bu kifayət
edərmi?».

«Ayda azan səsi»nin ortaya çıxmasına səbəb professor Fərrux əl-Bəzzin
«Apollo - 15» astronovtlarından biri olan Alfred Meril Wordenin 380
min km.-dən Houstona raport verməsi ilə bağlı olub. Fərrux bu hadisəni
belə qeyd edir: «Alfred dostcasına məndən: «Kral, Aydan istədiyin bir
şey varmı?», - deyə zarafatla soruşdu. Mən də: «Dünyamıza ərəb dilində
bir salam göndərməyin kifayətdir», - dedim. Həmin an müsəlman kimi
Quranın dilinin Ayda səslənməsini istəmişdim. Alfred də dərslərimdən
3-5 cümlə ərəb dilində söz öyrənmişdi. O xahişimi yerə salmayaraq eyni
ilə belə dedi: «Mərhaba əhləl ard, min Endeaveour ələykum salam», yəni
«Hərvaxtınız xeyir, Endeaveourdan hamınıza salam olsun, ey dünya
insanları». Bu sözlər bizim mərkəzdə olduğu kimi, dünyanın hər yerində
Aya səyahəti seyr edənlər tərəfindən canlı olaraq eşidilirdi. Sonradan
bu sözlər müxtəlif dəyişikliklərə məruz qalaraq «azan səsi» kimi
yayıldı. Hadisə isə «Apollo - 15»də baş verdiyi halda, bunu həmin
hadisədən iki il əvvəl Aya çıxmış «Apollo - 11» üçün uydurulub. Bir
məqamı da qeyd edim ki, «Apollo» uçuşları vaxtı astronavtların yerlə
bütün dialoqlarına qulaq asan az saydakı adamdan biri də mən idim.
Əgər həmin ərəfədə Aydan və ya başqa bir yerdən azan səsi gəlsəydi,
bir ərəb müsəlman olaraq bunu ilk mən başa düşər və qeyd edərdim, amma
qətiyyən belə bir hadisə olmayıb. Bununla bağlı olaraq, bütün müsəlman
gənclərinə bunu tövsiyə etmək istəyirəm: «İslam dini Quranda
bildirilib və ən gözəl ifadəsini orada tapıb. Buna görə də, başqa heç
bir sübuta ehtiyac yoxdur. Quranın özü ən böyük sübutdur».

İslama «gətirilən»lərdən biri də məşhur okeonoloq olmuş Kapitan
Kustodur (Jacques-Yves Cousteau). Kustonun «müsəlman» olmasına səbəb
kimi onun Cəbəllütariq boğazında birləşən Atlantik okeanı ilə Aralıq
dənizinin sularının arasında maneənin olmasını kəşf etməsidir.
Okeonoloq burada iki cür suyun bir-birinə qarışması və nəticədə
onların duzluluqda, sıxlıqda, özlərində ehtiva etdikləri maddələrin
nisbətində bərabər və ya buna yaxın bir vəziyyətdə olması lazım
gəldiyi halda, aradakı gözəgörünməz «pərdə»nin olmasını aşkarlamışdı.
Kusto müxtəlif quruluşlara malik olan bütün dənizlərin birləşmə
nöqtələrində həmin su əngəllərinin mövcud olduğunu elmə sübut etmişdi.
Bunu ilk dəfə kəşf etdiyini güman edən Kustoya müsəlman olan dostu bu
həqiqətin Qurani-Kərimin Rəhman surəsinin 19-20-ci və Furqan surəsinin
53-cü ayələrində qeyd edildiyini bildirəndən sonra okenoloqun İslamı
qəbul etdiyi bildirilirdi. Həmin ayələrdə belə buyrulur: «İki dənizi O
qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə
qatışmazlar» (ər-Rəhman, 55:19-20), «Birinin suyu çox şirin,
digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran,
aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan
Odur!» (əl-Furqan, 25:53).

Kapitan Kusto 1997-ci ildə öləndə xristian idi və vəsiyyətinə uyğun
olaraq kilsədə mərasim təşkil edildi. Sonra da Parisdə xristian
qəbristanlığında basdırıldı.

Bəziləri elə zənn edir ki, tanınmış adamların müsəlman olması İslama
şərəf və etibar qazandıracaq. Əksinə, işində nailiyyət əldə edən hər
hansı dindən olan elm, siyasət adamının həyatın sirrini qavrayıb
İslama üz tutması İslama deyil, həmin şəxsin özünə şərəf gətirər. Bu
şəxslərin müsəlman olmasından başqa çox sayda cəfəng xurafatlar da
İslamın adı ilə əlaqələndirilir. Və bunu möcüzə kimi təqdim edirlər.
Sizi inandırım ki, buna inananların sayı heç də az deyil. Hətta
bunları "Allah hər şeyə qadirdir" ayəsi ilə əlaqələndirib
təəccüblənəcək bir şey olmadığını da göstərməyə çalışırlar. Bəziləri
fındığın üstündə Allahın məharətini görüb mükafat təltif edir,
bəziləri balığın quyruğundakı möcüzəni göstərib insanların imanlarını
"artırmağa" çalışır. Lakin əsas məqamı unudurlar ki, bunlar üstündə
yazılanlarla deyil, başdan başa tərkibi və quruluşu ilə möcüzədir.
Bunu dərk edən üçün həmin nemətlərin üstündə və ya altında nəyinsə
yazılmasının elə də əhəmiyyəti yoxdur. Allah istəsə, səmaya da öz
adını hamının görə biləcəyi bir şəkildə həkk edib hər kəsin iman
gətirməsinə şərait yarada bilər və ayədə də buyurduğu kimi "O hər şeyə
qadirdir". Lakin bu insanın müstəqil təfəkkürünə və azad düşüncəsinə
ən böyük müdaxilə olar. Çünki Allah istəsəydi, insanların hamısını
cənnətə qoyardı və heç bu dünyaya göndərib imtahan etməyə də ehtiyac
qalmazdı. Lakin Allah bunları etməyib. Çünki burdakı hikməti ən gözəl
bilən Odur.

Məşhur olan və ya olmayan bir adamın İslamı qəbul etməsini açıqlaması
ancaq onun «fərdi qələbə»si sayıla bilər, bu cür bir qərar İslamın
möhtəşəmliyinə, aliliyinə zərrə qədər də dəyər verməz. Bu cür
fikirləşən müsəlmanlar belə xəstə ruh halını öz üzərlərindən atmalı və
özlərinə daha çox etimad etməli, daha çox güvənmələdirlər. Kainatın ən
dəyərli mesajı - Qurani-Kərim qarşımızdadır.

Bir gün hər birimiz bu dünyadan axirətə köçəcəyik. Bizi Yaradan heç
bir yaratdığından hansınınsa Oskar mükafatı almasına, Eirovicionda
çıxış etməsinə, primadonna, nəyinsə kralı, harasa gedib-getməməsinə və
malına-mülkünə baxmayacaq. Ancaq «Sənə göndərdiyim sonuncu mesajımı
necə dərk edib icraa etdin, ey bəndəm», - deyə soruşacaq. İnanıram ki,
bunlar həqiqi mənada inanan insanlar üçün çox şey deyi


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 408 Bölmə: Maraqlı melumatlar