Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏZHƏBLƏRARASI YAXINLAŞMA VƏ DİALOQA DAİR ON PRİNS

İkinci prinsip HÜSNİ-ZƏNN [XOŞGÜMANLIQ]

Sünni-şiə dialoqunun və məzhəblərarası yaxınlaşmanın ikinci prinsipi bir tərəfin digər tərəf barəsində xoş gümanda olmasıdır. Bu prinsipin məzmunu ondan ibarətdir ki, İslam öz övladları arasnda hüsni-zənn əsasında münasibətlər yaradır. Yəni, qarşı tərəfin vəziyyətinə dair hansısa ehtimalların, təsəvvürlərin mövcudluğuna baxmayaraq, onun barəsində ən xoş ehtimalla düşünmək lazımdır.
Quranda deyilir:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi [heç bir əsası olmayan zənn] günahdır.” [əl-Hucurat, 12]
Ayədə qeyd edilən “günaha səbəb olan zənn” başqaları barədə bədgüman olmaqdır.
Əl-Hafiz ibn Kəsir bu ayəni təfsir edərkən yazır: “Uca Allah Özünün mömin qullarına çox zənnə-gümana qapılmağı qadağan edir. Bu [çox zənnə-gümana qapılma”], ailəyə, qohum-əqrəbaya və insanlara yersiz xəyanətdir, onlardan şübhələnməkdir. Çünki zənnin bəzisi sırf günahdır və bu səbəbdən ehtiyat naminə onun çoxundan da çəkinmək lazımdır. Rəvayət olunur ki, Əmirəlmöminin Ömər ibn əl-Xəttab belə deyib: “Mömin qardaşının ağzından çıxan söz barəsində yalnız xoş gümanda ol. Bu halda, şübhəsiz ki, sən onun sözündə xeyir əlaməti görəcəksən.” [1]
Həmçinin, İbn Kəsir, İbn Macənin “əs-Sünən””kitabında Abdullah ibn Ömərə istinadən rəvayət edilən bir hədisdən danışır: “[Bir dəfə] Peyğəmbər [Ona Allahın xeyir-duası və salamı olsun!] Kəbənin ətrafına dolanaraq deyirmiş: “Sən nə gözəlsən, küləklərin də nə xoşdur! Sən nə əzəmətlisən, möhtərəmliyin də nə əzəmətlidir! Məhəmmədin canı Əlində Olana and olsun ki, bir mömin Uca Allahın dərgahında səndən daha ehtiramlıdır. Biz onun [möminin] can və malı haqda yalnız xoş gümanda olmalıyıq. [2]

İmam Buxari və Müslim Əbu Hüreyrəyə istinadən rəvayət edirlər ki, Peyğəmbər [Ona Allahın xeyir-duası və salamı olsun!] deyib: “Nəbadə zənnə uyasınız! Zənn ən yalan söz kimidir. Bir-birinizi altdan-altdan süzməyin, bir-birinizi güdməyin, bir-birinizin paxıllığını çəkməyin, bir-birinizə nifrət etməyin, bir-birinizlə ədavət də aparmayın və Allahın bir-birinə qardaş qullarından olun! [3]
Vacib olan budur ki, haqqında pis bir şey yəqinliklə məlum olmadıqca bir müsəlman barəsində yalnız xoş gümanda olmaq lazımdır. Allah Təala “İfq” hadisəsi” [4] ilə əlaqədar buyurur:
“Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində [özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində] yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” deməli deyildilərmi?” [ən-Nur, 12].
Həmçinin, Pak Allah münafiqləri məzəmmət edərək deyir:
“Yoxsa [ey münafiqlər!] siz elə güman edirdiniz ki, Peyğəmbər və möminlər [döyüşdə həlak olub] bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz [Allah barəsində] pis fikrə düşmüşdünüz. Və [elə buna görə də] siz məhvə düçar edilmiş [yaxud xeyirsiz] bir qövm oldunuz!” [əl-Fəth, 12].
Həqiqətən, bədgümanlıq elə bir bəladır ki, onun toruna düşən şəxs insanları müttəhim kürsüsünə əyləşdirər, onlara müsbət keyfiyyətlərini ört-basdır edən tünd qara binoklla nəzər salar, eyiblərini mikroskopla axtarar və atalar demişkən, qarışqadan fil düzəldər!

Mən “İnkar və ifrat arasında İslam şüuru [əs-Səhvə əl-islamiyyə beynə əl-cuhud vət-tətərruf] adlı kitabımda ifratçılığın göstəriciləri və həddiaşmanın [bədgümanlığın] təzahürlərindən danışarkən yazmışdım:
“Görünür, həvəskarlar daima iş başındadırlar; kimdəsə balaca ipucu tapan kimi ittiham edib barəsində bədgümanlığa qapılırlar. Onları başqalarının üzrlü tərəfləri, ümumiyyətlə maraqlandırmır. Əksinə, bu insanların işi-peşəsi qüsur axtarıb xətaları üzə çıxarmaqdır ki, bununla da təbillərini çalsınlar, xətadan günah, günahdan da küfr düzəltsinlər!”
Əgər bir sözün, əməlin xeyir və ya şər olma ehtimalı varsa, bu insanlar şər olma ehtimalını əsas götürməklə ümmət alimlərinin ümumi qaydasna zidd hərəkət etmişlər. Bu qayda isə belə səslənir: “Müsəlmanların vəziyyətini islah edib onların söz və əməllərini imkan daxilində təshih etmək lazımdır!””
Bəzi alimlər həmişə belə deyərdilər: “Biz qardaşlarımız üçün birdən yetmişədək üzr yeri saxlayarıq. Daha sonra fikirləşərik ki, bəlkə onların bilmədiyimiz yeni üzrü də var.”
Kim həmin insanlara bədxahlara sözdə və əməldə müxalif olarsa, asilikdə, bidətçilikdə, Sünnəni təhqirdə... ittiham edilər.
Belələri təkcə adi insanların barəsində deyil, həm də seçkin şəxslər haqqında belə bədgümana qapılırlar; fəqihlər, dəvətçilər, mütəfəkkirlər və başqaları onların ittihamlarından öz nəsiblərini alırlar.
Əgər bir müfti asanlaşdırıcı fitva və ya hökm çxararsa, o saat həmin şəxslərin nəzərində dinə xəyanət etmiş sayılar.
Yox, əgər bir islam dəvətçisi dövrə uyğun hərəkət edib məkana və zamana münasib dillə danışarsa, onu Qərbə və Qərb mədəniyyətinə baş əyən məğlub tərəf kimi təqdim edərlər...
Bu insanlar təkcə diriləri deyil, həm də özlərini müdafiə edə bilməyən ölüləri də ittiham kürsüsünə çıxartmağa çalışarlar. Bir şəxsiyyət ölər-ölməz barəsində ittihamnamə hazırlayarlar: filankəs massondur, filankəs cəhmidir [5], filankəs də mötəzilidir. [6]
Hətta davamçıları ilə məşhur olan məzhəblərin imamları belə, əsrlər boyu ümmət qarşısındakı əvəzsiz xidmətlərinə rəğmən, bu şəxslərin ac dilindən və bəd gümanlarından qurtula bilməmişlər.
Belələri ümmətin tarixinə, o cümlədən elminə, mədəniyyət və düşüncəsinə xoş nəzərlə baxmazlar; bir hissəsi iddia edər ki, islam tarixi fitnə-fəsad və hakimiyyət davası tarixindən başqa bir şey deyil. Digərləri isə onu nadanlıq və küfr tarixi kimi nəzərdən keçirirlər. Hətta bəziləri daha da dərinə gedərək bildirirlər ki, bütün müsəlmanlar hicri IV əsrdən sonra kafir olmuşlar. [7]

Hələ keçmişdə, belə insanların əcdadlarından biri qənimətlərin bölüşdürülməsi zamanı öz payına işarə edərək Peyğəmbərə [Ona Allahın xeyir-duası və salamı olsun!] demişdi: “Bu, yalnız Allah naminə istədiyim bir paydır. Ədalətli ol, ey Məhəmməd! Şübhəsiz, sən ədalətli olmadın!” [8] Hətta Peyğəmbərə “Allahdan qorx, ey Məhəmməd!” [9] deyənlər də tapılmışdı.
Qurub-yaratmağa deyil, dağıtmağa olan həvəs onların köhnə peşəsidir. Başqalarını tənqid edib özlərini təmizə çıxarmaq da onlara xas xüsusiyyətdir. Allah belə insanlara xitabən buyurur:
“...Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!” [ən-Nəcm, 32].

Belə insanların bəlası burasındadır ki, bədgümanlıq onların qəlblərinin dərinliyinə işləyib. Əgər Qurana və Sünnəyə baxsalar, görərlər ki, bu iki mənbədə bir müsəlmanın qəlbinə Allahın qulları haqqında xoşgümanlıq toxumlarını səpən keyfiyyətlər mövcuddur; müsəlman bir eyib gördükdə onu ört-basdır edər ki, Allah da dünyada və axirətdə onun qüsurlarını gizləsin; xeyirli bir əməlin şahidi olduqda isə bunu hər yerdə bəyan edər. Müsəlman o kəsdir ki, yol verdiyi bir xətasına görə digər müsəlmanın yaxşı əməllərinin üstündən xətt çəkməz.
Bəli, islam dəyərləri iki məsələdən qəti şəkildə çəkinməyi əmr edir: Allah və insanlar haqqnda bədgümanda olmaq. Quranda buyurulur:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi [heç bir əsası olmayan zənn] günahdır.” [əl-Hucurat, 12].
Peyğəmbərimiz də [Ona Allahın xeyir-duası və salamı olsun!] bunu təsdiqləyib: “Nəbadə zənnə uyasınız! Zənn ən yalan söz kimidir.”
Bədgümanlığın səbəbi təkəbbür və başqalarına xorbaxmadır. Təkəbbür və xorbaxmaq nəticəsində isə dünyada ilk asilik baş vermişdi: İblisin asiliyi! Çünki İblis qürurlu və təkəbbürlü idi. Bu səbəbdən də demişdi: “Mən ondan [Adəmdən] daha üstünəm!”
Biz xəbərdarlıq qəbilindən olan üç hədislə kifayətlənirik:
a) Qəlbində zərrə qədər təkkəbür olan şəxs Cənnətə girməz [10]
b) Müsəlmana öz müsəlman qardaşını təhqir etmək şər olaraq kifayətdir. [11]
v) Əgər görsəniz ki, bir şəxs: “İnsanlar məhv oldular!” deyə hay çəkir, [bilin ki,] onun özü məhv olmuşdur.” [12]

Sonuncu hədisin belə bir variantı da mövcuddur: “Əgər görsəniz ki, bir şəxs: “İnsanlar məhv oldular!” deyə hay çəkir, [bilin ki,] o, özü onları məhv etmişdir.” Yəni, həmin şəxs özünü digərlərindən üstün tutmaqla, barələrində bədgümana qapılmaqla, Allaha olan ümidlərini kəsməklə onları məhv etmişdir.
Hədisin birinci variantındakı “...onun özü məhv olmuşdur” təbirini isə belə izah etmək olar: bu şəxs təkəbbürü, xudbinliyi və başqalarını təqsirləndirmə ucbatından özünü məhv edir.
Özünəvurğunluq əxlaqı korlayan xüsusiyyətlərdəndir. Əxlaqı korlayan əməlləri, davranışları, sözləri... isə alimlərimiz “qəlbin asilikləri””[Məasi əl-qülub] adlandırmışlar. Hədislərin birində belə asiliklərdən çəkinmək tövsiyə edilir: “Üç şey [insanı] cəhənnəmə salar: xəsislik, nəfsə uymaq və özünəvurğunluq. [13]
Halbuki, əməlləri müsəlmanı şirnikləndirməməlidir. O, özü də hiss etmədən əməllərini puç edəcək səhvlərdən daima çəkinməlidir. Qurani-Kərim əvvəlki möminləri xeyir əməlləri ilə belə təsvir edir:
“Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını verənlər.”” [əl-Muminun, 60]
İbn Atanın Hikmətlər”[əl-Hikəm] kitabında oxuyuruq: “Bəzən Allah sənin üzünə itaət qapısını aça, qəbul qapısnı isə bağlaya bilər. Bəzən də O, sənə elə bir asilik müsəllət edər ki, nəticədə Ona üz tutarsan. Sonu itaətkarlıq olan asilik lovğalıq və özünəvurğunluq doğuran itaətdən daha üstündür.”
Həmçinin, İmam Əli [Allah ondan razı olsun!] deyib: “Ovqatını təlx edən pis əməl səni xudpəsəndə çevirən yaxşı əməldən daha xeyirlidir.”
İbn Məsud da sözü məqamına çəkib: “İki şey [bəndəni] cəhənnəmə salar: özünəvurğunluq və ümidsizlik. Çünki xoşbəxtlik [Cənnət] səy və istəmək sayəsində əldə edilir. Xudbin şəxs səy göstərməz, çünki o, çatdığına çatıb. Ümidsiz kəs də cəhd etməz. Axı, onun nəzərində cəhdin, səyin faydası yoxdur.” [14]
Xülasə, ümmətin mənsublarını bir-birinə doğmalaşdırmaq istəyiriksə, əvvəlcə, yolumuzdakı əngəli “bədgümanlığı” aradan qaldırmalı, bir-birimiz haqqında xoşgümanda olmalıyıq. Bu, möminlərin keyfiyyətidir.

Bir dəfə fanatiklərdən birinə bəzi şiə qardaşlarımda şahidi olduğum sədaqət, dürüstlük, səmimiyyət və mötədillik haqda danışmışdım. O isə yalnız bunları deməklə kifayətlənmişdi: “Onlar bunu “təqiyyə” ilə edirlər. “Təqiyyə” isə şiəliyin ayrılmaz tərkib hissəsidir!”
Habelə, bir dəfə digər bir fanatikə: “İranda olduğum zaman oranın alimləri məni namazda qabağa keçirdilər və mən onlara imamlıq etdim”, dediyim zaman o, mənə bildirdi ki, onlar “təqiyyə””ediblər. Mən isə etiraz etdim: “Təqiyyə”yə nə ehtiyac? Onların ki, məndən çəkinmələrinə bir səbəb yoxdur. Onlardan imamlığı nə tələb etmişdim, nə də ki onlara bunu hiss etdirmişdim. “Təqiyyə” elə bir şeydir ki, ona zəiflər, arxasızlar əl atarlar. Halbuki, İranda islam respublikasnın qurulmasından sonra şiələr güclü tərəfə çevriliblər.”
Şiələrin hər bir yaxşı əməlini, xoş davranışnı “təqiyyə”nin məhsulu hesab etmək bədgümanlığın bir növüdür və belə bədgümanlığa bəraət qazandrrmaq çətindir.




[1]İbn Kəsir. Təfsir əl-Quran əl-Əzim. Hələb, IV cild, səh., 212-213.
[2]Hədis İbn Ömərə istinadən İbn Macənin “əs-Sünən” kitabnın “Fitnələr” fəslində [3932] rəvayət edilib. Əlbaniyə görə, hədis “zəif”dir [Bax: “İbn Macənin rəvayət etdiyi “zəif” hədislər”, 852]. Qorxutma və rəğbətləndirmə” [ət-Tərhib vət-tərğib] kitabında isə hədisin “başqalarına görə səhih olması” bildirilir. Tirmizi bu hədisi “əs-Sünən” kitabın “Yaxşılıq və qohumluq əlaqələri” fəslində [2032] İbn Ömərin dilindən rəvayət edir. Bildirir ki, sonuncu bir dəfə Kəbəyə nəzər salır və deyir: “Sən nə əzəmətlisən, möhtərəmliyin də nə əzəmətlidir! Bir mömin isə Allahrn dərgahında səndən daha ehtiramlıdır”. Daha sonra Tirmizi yazır: “Bu hədis “həsən-qərib”dir və o, bizə yalnız əl-Hüseyn ibn Vaqidin hədisi kimi məlumdur”. Əlbani isə “Tirmizinin rəvayət etdiyi səhih hədislər” kitabında [1655] bu hədisi “həsən” hesab etmişdir.
[3]Hədisi Əbu Hüreyrəyə istinadən Buxari [“Came əs-Səhih” kitabı, “Ədəb-ərkan” fəsli, 6066], Müslim [“Came əs-Səhih” kitabı, “Yaxşılıq və qohumluq əlaqələri” və “Ədəb” fəsilləri, 2563] və Əbu Davud [“əs-Sünən” kitabı, “Ədəb-ərkan” fəsli, 4917] rəvayət etmişlər.
[4]“İfq” [İftira] hadisəsi: Peyğəmbər Bəni-Müstəliq vuruşmasından geri qayıtdığı zaman münafiqlər onun sevimli həyat yoldaşı Həzrəti Aişənin üstünə zina iftirası atırlar. Ancaq Allah Təala “ən-Nur” surəsinin 11-24-cü ayələrini nazil edərək Həzrəti Aişənin təmiz olduğunu bildirmişdir.

[5]Cəhmi: Cəhm ibn Səfvanın davamçılarına verilmiş ad. Cəhmilər iddia edirdilər ki, insan heç bir iradəyə sahib olmayıb daşlar və minerallar kimi, cansız təbiətin bir parçasıdır. Habelə, cəhmilər düşünürdülər ki, cənnət və cəhənnəm əbədi deyildir. (–mütərcim)
[6]Mötəzili: islam fikir tarixində ilk rasional cərəyan sayılan mötəzilənin tərəfdarlarına verilmiş ad. Banisi Vasil ibn əl-Əta olan bu cərəyan yarandığı ilk dövrlərdə əcnəbi rasionalistlər qarşısında islamın müdafiəçisi kimi çıxış etsə də sonralar öz rasionallığında ifrata varmaqla hamilik statusundan məhrum olmuş, mütəkəllim və fundamentalistlərin hücumuna məruz qalmışdır.
[7]Bu sözlər “Təkfir [küfrdə günahlandırma] və hicrət [köçmə]” camaatının banisi Şükri Mustafaya məxsusdur. Bu barədə sözügedən camaatın üzvlərindən sayılan Əbdürrəhman Əbülxeyir özünün ““"Müsəlman” camaatı ilə bağlı xatirələrim"” kitabında məlumat vermişdir.
[8]Cabir ibn Abdullahın rəvayət etdiyi hədisdən götürülüb. Hadisə belə olmuşdu: “Hüneyn” günü Peyğəmbər [Ona Allahn xeyir-duası və salamı olsun!] insanlara qənimət paylayırdı. Bir şəxs səsləndi: “Ədalətli ol, ey Məhəmməd!” Peyğəmbər [Ona Allahın xeyir-duası və salamı olsun!] ona belə cavab verdi: “Vay halına! Mən də ədalətli olmasam, kim olacaq ki?! Əgər ədalətli olmasam, ümidimi üzər və ziyana uğrayaram”. Bu zaman Həzrəti Ömər [Allah ondan razı olsun!] dedi: “İcazə ver, ey Allahn rəsulu, onun boynunu vurum”. Peyğəmbər [Ona Allahın xeyir-duası və salamı olsun!] buyurdu: “İnsanların: “Məhəmməd öz səhabələrini öldürür”, – deməsindən Allah saxlasın! Belə insanlar və onların tayları Quran oxuyarlar, amma oxuduqları hülqumlarından o yana keçməz”. Bu hədisi İbn Macə [“əl-Müqəddimə”, 172] və İbn Həban [“əs-Səhih” kitabı, “əs-Seyr” fəsli, 4819] rəvayət etmişlər. Şüeyb əl-Ərnəuti bildirir ki, hədisin istinadı Müslimin mötəbərlik şərtlərinə görə “səhih”dir. Əlbani də hədisi “İbn Macənin rəvayət etdiyi “səhih hədislər” kitabında “səhih” hesab etmişdir. Hədisi “Ədalətli ol, ey Allahn rəsulu”!‐ variantı ilə Əbu Səidə istinadən Buxari [“Came əs-
Səhih” kitabı, “Fəzilətlər” fəsli, 3610], Müslim [“Came əs-Səhih” kitabı, “Zəkat” fəsli, 1064], Nəsai [“əl-Kübra” kitabı, “Təfsir” fəsli, 11156] və İbn Macə [“əs-Sünən” kitabı, “"Müqəddimə”" fəsli, 169] rəvayət etmişlər.
[9]Hədisi Buxari [“Came əs-Səhih” kitabı, “Vuruşmalar” fəsli, 4351], Müslim [“Came əs-Səhih” kitabı, “Zəkat” fəsli, 1064], Əbu Davud [“əs-Sünən” kitabı, 4764] və Nəsai [“əl-Kübra” kitabı, “Təfsir” fəsli, 11157; “əl-Müctəba” kitabı, “Zəkat” fəsli, 2578] rəvayət etmişlər.
[10]Hədisi Abdullah ibn Məs`uda istinadən Müslim [“Came əs-Səhih” kitabı, “İman” fəsli, 131], İbn Macə [“əl-Müqəddimə”, 58] və Tirmizi [“əs-Sünən” kitabı, “Yaxşılıq və qohumluq əlaqələri” fəsli, 1922] rəvayət etmişlər.
[11]Hədisi Əbu Hüreyrəyə istinadən Müslim [“Came əs-Səhih” kitabı, “Yaxşılıq və qohumluq əlaqələri” fəsli, 4650], İbn Macə [“əs-Sünən” kitabı, “Zöhd” fəsli, 4203] və Əbu Davud [“əs-Sünən” kitabı, “Ədəb-ərkan” fəsli, 4238] rəvayət etmişlər.
[12]Hədisi Əbu Hüreyrəyə istinadən Müslim [“Came əs-Səhih” kitabı, “Yaxşıhq və qohumluq əlaqələri” və “Ədəb-ərkan” fəsilləri, 2623] və Əbu Davud [“əs-Sünən” kitabı, “"Ədəb-ərkan"” fəsli, 4983] rəvayət etmişlər. Alimlər yekdilliklə bildirirlər ki, hədisdəki “İnsanlar məhv oldular!” deyən şəxs ona görə töhmət edilir ki, o, insanlara xor baxaraq, onlar alçaldır və özünü onlardan üstün sayır. Ancaq bir şəxs dinə münasibətdə özündə və digərlərində gördüyü qüsurlara görə kədərlənərək, bu sözləri söyləyərsə, eyib etməz.
[13]Hədisi Ənəs ibn Malikə istinadən Təbərani [“əl-Övsət”, 5/328], Beyhəqi [“əş-Süəb”, 1/471] və Əbu Nüeym [“əl-Hilyə”, 2/343] rəvayət etmişlər. Əlbani hədisi “həsən” hesab edir [Bax: Səhih əl-Came, 3039]. Habelə, Təbərani bu hədisi İbn Ömərə istinadən rəvayət edib [Bax: “əl-Övsət”, 6/47]. Əlbani də bu istinadla rəvayət olunan hədisi “həsən” saymışdır [Bax: Səhih əl-Came, 3045]. Hədisdə deyilir: “Həzrəti Aişə “"Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarnı verənlər"” ayəsində kimlərin nəzərdə tutulması haqda Peyğəmbərə [Ona Allahn xeyir-duası və salamı olsun!] sual edir: “Onlar Qüdrətli və Uca Allahdan qorxduqları halda, oğurlayan, zina edən və şərab içən kəslərdirmi?” Peyğəmbər: “Xeyr, ey Əbubəkrin qızı, xeyr, ey Siddiqin qızı! Onlar namaz qılan, oruc tutub sədəqə verən, Uca və Qüdrətli Allahdan qorxan insanlardır”, –deyə cavab verir və ardınca bu ayəni oxuyur: “Məhz onlar yaxşı işlər görməyə tələsər [bir-biri ilə yarşar] və bu işlərdə [başqalarından] öndə gedərlər” [əl-Muminun, 61]”. Hədisi İmam Əhməd [“əl-Müsnəd”, 25263] rəvayət etmişdir. Hədisi araşdıranlara görə, onun istinadında “zəiflik” vardır. Çünki istinad zənciri Əbdürrəhman ibn Səid ibn Vəhb əl-Xəyvanidə qırldığından” Həzrəti Aişəyə qədər uzanmır. Habelə, hədisi Tirmizi [“Təfsir əl-Quran”, 3175], İbn Macə [“əs-Sünən” kitabı, “Zöhd” fəsli, 4198], Hakim [“əl-Müstədrək” kitabı, “Təfsir” fəsli, 2/427] və Beyhəqi [“əş-Şüəb” kitabı, “Allah xofu” fəsli, 1/477, istinad Həzrəti Aişəyədir] tərəfindən rəvayət edilmişdir. Əl-İraqi “Təxric əl-Ehya əla təshih əl-Hakim” əsərində bildirir ki, hədisin istinad zənciri “qırıq”dır.
[14] [4/70]. Əlbani isə “Tirmizinin rəvayət etdiyi “səhih” hədislər” kitabında hədisi “səhih”
saymışdır [2537]. Yusif əl-Qərdavi. İnkar və ifrat arasında islam şüuru, səh., 54-57.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 447 Bölmə: Maraqlı melumatlar
loading...