Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sınaq və imtahanların pərdə arxası

Sual: Tez-tez insanların başına gələn müsibətlərin arxasında bir hikmət olduğunu eşidirəm. Bu hikmət nədən ibarətdir?
Cavab: Həmd Allaha məxsusdur.
Doğrudur, müsibətlərin arxasında böyük bir hikmət var. O cümlədən bu hikmətlərə aşağıdakılar aiddir:

1. Aləmlərin Rəbbi olan Allaha həqiqi bir şəkildə təslim olmağa və qulluq, ibadət etməyə nail olmaq.

İnsanların çoxu öz istək və arzularının quluna çevrilmiş və Allahın həqiqi qulları olmaqdan çıxmışlar. Onlar özlərinin Allahın bəndələri olduğunu iddia edir, bununla belə sınağa və imtahana çəkildikdə dabanları üstə geri dönür, nəticədə həm bu dünya, həm də axirətlərini itirirlər. Bu isə açıq-aşkar bir itkidir. Allah təala buyurur:
“İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!” [əl-Həcc, 22:11]

2. İmtahan və sınaqlar yer üzündə möminlərin üstünlük təşkil etməsi üçün onları buna hazırlaşdırır.

İmam Şafeiyə, Allah ona rəhmət etsin, belə bir sual ilə müraciət edirlər: Bunlardan hansı üstündür: səbir etmək, imtahan və sınaqlar, yoxsa üstünlük təşkil etmək? O belə cavab verir: Üstünlük peyğəmbərlərin nail olduğu bir məqamdır və yalnız sınaqlardan sonra hasil olur. Bir insan imtahana çəkilirsə səbirli olur və səbirli olursa isə üstün olur.

3. Günahlara kəffarə.
Tirmizi (2399) rəvayət edir ki, Əbu Hüreyra (Allah ondan razı olsun) dedi: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Heç bir günah olmadan Allah ilə görüşənə kimi mömin kişi və ya mömin qadınların özlərinə, övladlarına və malı ilə bağlı imtahanlar, sınaqlar gəlməyə davam edəcək.” Tirmizi (2399), Şeyx Əlbani “Silsilə əs-Sahihə”də (2280) hədisi səhih olaraq təsnif etmişdir.

Ənəsin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur: Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Allah quluna xeyir istəyirsə, bu dünyada onun cəzasını tezləşdirir. Allah quluna xeyir istəmədikdə Qiyamət Gününə qədər onun cəzasını ertələyir və qul bütün günahları ilə gələr” Tirmizi (2396); Şeyx Əlbani “Silsilə əs-Sahihə”də (1220) hədisi səhih olaraq təsnif etmişdir.

4. Əcr, savab qazanmaq imkanı əldə etmək və nəticə etibarilə qulun dərəcəsinin yüksəlməsi
Müslim (2572) rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) dedi: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Qula bir tikan və ya bundan böyük bir şey isabət edərsə, Allah bununla yalnız onun dərəcəsini qaldırar və ya günahlarını silər.”

5. Müsibət və bəlalar qulun qüsur, nöqsanları və keçmişdə yol verdiyi xətaları barədə düşünməsi üçün ona imkan, fürsət verir.

Çünki bəla və müsibətlərin qula cəza kimi verilməsi üçün qulun günah etməsi lazımdır.

6. Müsibət və bəlalar qulun Tövhid əqidəsi, İmanı və Allaha təvəkkülü ilə bağlı bir ibrət, dərsdir.
Bəla və müsibətlər praktiki şəkildə qulun nə olduğunu göstərir. Deməli, qul özünün zəif, zavallı bir bəndə olduğunu, Güc və Qüdrətin yalnız Allaha məxsus olduğunu, buna görə də həqiqi bir şəkildə Allaha bel bağlamasını, həqiqi bir mənada Allaha üz tutmasını, öz məqam, vəzifə, şöhrət, qürur, təkəbbürlük, özündən razılıq və qafillik kimi hisslərini bir kənara qoymasını diqtə edir. Qul artıq başa düşür ki, o “fəqirdir və Rəbbinə ehtiyacı var, qul zəifdir və Daha Güclü Olana, Yenilməz Qüvvət Sahibinə yönəlməlidir.”

İbn əl-Qeyyim deyir:
Allah Təala bəndələrini sınaq , imtahan və müsibətlər dərmanı ilə müalicə etməsə, qullar həddi aşar və cızığı keçərlər. Allah quluna xeyir istədikdə, bəndəsinin durumuna uyğun olaraq bəla və sınaq dərmanı verir ki, qul saflaşana və təmizlənənə qədər bütün öldürücü xəstəlik və mərəzlərdən şəfa tapsın. Daha sonra Allah onu bu dünyada ən şərəfli bir məqama layiq edir. Bu məqam da Allaha həqiqi bir qul olmaqdır. Axirətdə isə Allah ona ən böyük mükafatı verir ki, bu da Allahı görmək və Ona yaxın olmaq şərəfinə nail olmaqdır. Sitatın sonu.

Zəad əl-Məad, 4195

7. Müsibət və bəlalar qulun qəlbindən özündən xoşlanmaq kimi xislətləri xaric edir və qulu Rəbbinə daha da yaxın edir.

İbn Həcər deyir: “Yunus ibn Bukeyr “Ziyadət əl-Məğazi” adlı əsərində rəvayət edir ki, Rabi ibn Ənəs dedi: “Hüneyn günü bir nəfər belə söyləmişdi: “Sayımızın az olduğuna görə biz bu gün məğlub olan deyilik.” Bu cür yanaşma Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) məyus etdi və sonra onlar məğlub oldular.

İbn əl-Qeyyim “Zəad əl-Məad”da (3/477) deyir:
Allah Öz hikməti ilə müsəlmanların sayının çox və lazımı şəkildə təchiz olunduğu və qüvvətləri olduğuna baxmayaraq onlar üçün əvvəlcə məğlubiyyəti dadmağa hökm etmişdir. Bundan məqsəd bu idi ki, Məkkənin Fəthindən sonra fəxr, qürur duyan və Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) kimi Allahın torpağı və haramına daxil olmayan bəzi insanlar təvazökar olsunlar. Belə ki, Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Məkkə fəth edildikdə atını sürərək Allahın torpağı və haramına daxil olarkən başını Rəbbinin qarşısında bir təvazökarlıq nişanəsi olaraq o dərəcədə əymişdi ki, çənəsi az qala atın yəhərinə toxunurdu.

Allah təala buyurur: “(Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür.” [Ali-İmran, 3:141]
Əl-Qasimi (4/239) ayənin təfsirində demişdir:
Yəni, Allah onları günahlar, qürur və təkəbbürlük hisslərindən təmizlənsin və saflaşdırsın. Həmçinin Allah təala möminləri münafiqlərdən təmizləsin və münafiqlərdən aydın şəkildə seçilsinlər...daha sonra Allah təala başqa bir hikməti xatırladır ki, bu da “kafirləri məhv etmək”dir. Çünki kafirlər yer üzündə üstünlük təşkil etsələr həddi aşar və cızığı keçərlər. Bu da onların məğlubiyyətə uğraması və məhv olması üçün bir səbəbdir. Allahın qoyduğu qanunlar diqtə edir ki, Allah Öz düşmənlərini məhv etmək və yer üzündən silmək istədikdə, onların həlak olması və kökünün kəsilməsinə aparacaq vasitələri onlar üçün hazır etsin. Bu vasitələr arasında ən böyüyü isə budur ki, onlar “küfr etdikdən” sonra Allahın yaxın dostlarına qarşı həddi aşmaqla, onları təqib etməklə, onlara qarşı çıxmaqla, döyüşməklə həddi aşıb zülm etmələridir... Allah Uhud döyüşündə Rəsuluna (Ona Allahın salavatı və salamı olsun) qarşı müharibə aparanları və küfrdə israr edənləri darmadağın etdi. Sitatın sonu.

8. İnsanların həqiqi xarakterini, sifətini üzə çıxarmaq. Çünki elə insanlar var ki, onların qədri, fəziləti yalnız müsibətlər baş verdikdə bilinir.

əl-Füdeyl ibn İyad demişdir: “Nə qədər ki, insanların vəziyyət yaxşıdır, işləri yaxşı gedir onların həqiqi sifəti gizli qalır. Lakin bəla, müsibət gəldikdə, onların həqiqi sifəti aşkar olur. Beləcə, mömin “imanına”, münafiq isə “nifaqına” üz tutur.
Beyhəqi “əd-Dəlail”də rəvayət edir ki, Əbu Sələmə dedi: “Bir çox insan-İsra hadisəsindən sonra-çaşqınlıq içində idi. Bəzi insanlar Əbu Bəkrin yanına gələrək bu barədə ona bildirdilər. O dedi: Mən şahidlik edirəm ki, o (Ona Allahın salavatı və salamı olsun) haqqı söyləmişdir. Onlar dedilər: “Sən inanırsan ki, o bir gecədə Suriyaya gedib sonra Məkkəyə qayıtmışdır? O dedi: “Bəli. Mənim ona inamım sizin söylədiyiniz şeydən daha güclüdür. Mən ona (Ona Allahın salavatı və salamı olsun) səmadan gələn Vəhyə inanıram.” Bu səbəbdən Əbu Bəkr “Əs-Siddiq” (Sadiq) adlanmışdır.

9. Müsibətlər insanların əzmini və qətiyyətini gücləndirir.

Allah Öz Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) üçün ta gənc çağlarından bütün çətinliklər ilə dolu ağır, keşməkeşli bir həyat seçdi. Çünki onu (Ona Allahın salavatı və salamı olsun) qarşıda gözləyən böyük bir missiya üçün hazırlaşdırırdı. Bu missiyanı yalnız insanlar içərisində ən güclü olanı, çətinliklərdən keçən, bəla və müsibətlər ilə sınağa çəkilən və bütün bunlara səbirlə tab gətirəndən başqası daşıya bilməzdi.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dünyaya göz açarkən yetim idi, bir müddət keçmədən anası da vəfat etmişdi.

Allah Təala aşağıdakı ayədə bu barədə Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) xatırladır: “Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!” [əd-Duha, 93:6]

Allah təala Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) üzərinə məsuliyyət götürməyə və gənc çağlarından çətinliklərə dözməyə hazırlamaq istəyirdi.

10. Müsibət və çətinliklərin arxasında duran digər bir hikmət budur ki, insan həqiqi dostlar ilə yalnız qəlbinin dərinliklərində özünü düşünən dostlar arasında fərq qoymağı bacarır.

11. Müsibətlər insana günahlarını xatırladır ki, insan tövbə etsin.


Allah təala buyurur: “(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir.” [ən-Nisa, 4:79]

Allah təala buyurur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.” [əş-Şura, 42:30]

Qiyamət Günü böyük cəza gəlməmişdən öncə tövbə etmək üçün müsibətlər qula fürsət verir. Allah təala buyurur: “Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!” [əs-Səcdə, 32:21]

“Dünya əzabı” bu dünyadakı çətinliklər və insanın başına gələn xoşagəlməz hadisələrdir.

İnsanın həyatı rahat, asan olmağa davam edərsə, insan özündən razı və təkəbbürlü ola bilər və düşünər ki, onun Allaha heç bir ehtiyacı yoxdur. Deməli Allah təala Öz rəhməti il insanları sınağa çəkir ki, onlar Allaha yönəlsinlər, üz tutsunlar.

12. Müsibətlər bu dünyanın həqiqətini və keçici olduğunu, ötəri ləzzət, rahatlıqlarını üzə çıxarır. Eləcə də, göstərir ki, əsl həyat bu dünyadan sonra gələn həyatdır, elə bir həyat ki, orada nə bir xəstəlik, nə də yorğunluq var.

“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).” [əl-Ənkəbut, 29:64]

Lakin bu dünya sadəcə məşəqqət və yorğun düşməkdən ibarətdir.

“Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çapalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahi bir hikmətdir, həyatın qanunudur!)” [əl-Bələd,90:4]

13. Müsibətlər insana gözəl səhhət və rahatlıq kimi böyük nemətləri yadına salır.

Müsibətlər insana açıq-aydın şəkildə illərlə ləzzət aldığı, bununla belə bunların şirinliyini dadmadığı və yaxud lazımınca qədrini bilmədiyi, qiymətləndirmədiyi səhhət və rahatlıq nemətinin nə olduğunu başa salır.

Müsibətlər nemətləri və bu nemətləri bəxş edəni insanın yadına salır. Verdiyi nemətlərə görə Allaha şükr etməsinə və Onu tərif etməsinə səbəb olur.

14. Cənnət üçün darıxmaq, cənnətə can atmaq.

İnsan bu dünyanın acılığını, çətinliklərini dadmadıqca Cənnət üçün darıxmaz. Bu dünya ilə qane, razı olduğunuz halda Cənnət üçün necə darıxa bilərsiniz axı?

Bu sadalananlar müsibətlərin arxasında duran hikmətlərdən bəziləri və bunlar vastəsilə nail olunacaq məsləhət, maraqlardan bəziləridir. Allahın hikməti həqiqətən də böyükdür.

Ən doğrusunu Allah bilir.


Tarix: 12.04.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 562 Bölmə: Maraqlı melumatlar
loading...