beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüdeybiyyə Ümrəsi

Mədinədən Ümrə Üçün Çıxmaları və Hüdeybiyyəyə Enmələri

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bir gecə yuxusunda səhabələriylə birlikdə Məscidul-Harama təhlükəsizlik içində girib başlarını qırxdırdıqlarını, saçlarını qısaltdıqlarını gördü. Bunu müsəlmanlara xəbər verib Ümrə etmək istədiyini bildirdi. Mədinə ətrafındakı sözdə müsəlman olmuş bədəviləri də çağırdı. Ancaq, onlar bunu ağır qarşıladılar. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in və möminlərin bu səyahətdən əsla qayıtmayacaqlarını, ailələrinə bir daha qovuşmayacaqlarını zənn edirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a : "Mallarımız və ailələrimiz bizi məşğul edir. Bizim üçün bağışlanma dilə!" – qarşılığını verdilər.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) hicri 6-cı ilin Zilqadə ayının ilk bazar ertəsi günü mühacir və ənsardan meydana gələn 1400 səhabəsiylə birlikdə Mədinədən çıxdı. Yanlarında qurbanlıqlarını da apardılar ki, insanlar onların döyüş üçün deyil, ümrə üçün çıxdıqlarını başa düşsünlər. Zül-Xuleyfə mövqeyinə çatanda Ümrə niyyətiylə ehramlarını geyinib, qurbanlıq heyvanlarını da öndə apardılar. Usfana qədər yollarına davam etdilər. Burada daha əvvəlcədən göndərdiyi nəzarətçilərdən biri gələrək Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a Qureyşin döyüş üçün cəm olduğunu və müsəlmanları Beytül-Harama girməyə qoymamağı qərara aldıqlarını xəbər verdi. Bu arada Qureyşdə, Zü Tuva mövqeyində toplandılar. Buradan Xalid ibni Vəlid rəhbərliyində iki yüz nəfərlik bir süvari birliyini Usfan yaxınlığına göndərərək Məkkəyə gedən yolu kəsdilər. Ayrıca, Həbəş koloniyalarını da toplayaraq öz səflərinə çəkdilər.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) vəziyyəti səhabələriylə müşavirə etdi. Öz əleyhlərinə yığışan Həbəşilərlə döyüşsünlərmi? Yoxsa Kəbəyə tərəf davam getməyə davam etsinlər və ya yollarına çıxıb onlara mane olmaq istəyənlərlə ehtiyac olarsa döyüşsünlərmi? Əbu Bəkr öz rəyini belə bəyan etdi : "Biz döyüş üçün deyil, Ümrə üçün gəldik. Ümrə üçün gedək. Bizimlə Beytullah arasına girmək istəyən olsa, onlarla da döyüşərik." – Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onun bu rəyini qəbul etdi.

Xalid gələndə müsəlmanlar camaatla zöhr namazını qılırdılar. Xalid onları ruku edib səcdəyə gedən halda görüb üstlərinə hücum etmək üçün gözəl fürsət deyə öz-özünə danışdı və gələn dəfə qəflətən namaz vaxtı onlara hücum etməyə qərar verdi. Ancaq, Allah zöhr və əsr namazları arasında "Qorxu namazı" ilə əlaqəli hökmü endirəndə Xalid hazırladığını həyata keçirə bilmədi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) başqa bir yol izləyib Məkkənin aşağı qismini təqib edərək hüdeybiyyə mövqeyinə gəldi. Burada Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in dəvəsi çökdü və yerindən qımıldamaq istəmədi. Camaat : "Xeyr! Eləcə də qaldı" dedilər. Peyğəmbər isə : "Xeyr! Onun belə bir vərdişi yox idi. Fəqət, ona mane olan, Əshabı Filin Məkkəni istila etməyinə icazə verməyən Allahdır." buyurdu. Sonra belə buyurdu :

Allaha and içirəm ki, Allahın müqəddəs dəyərlərinə hörmət göstərmək məqsədiylə edə biləcəyim ən çətin şeyi məndən istəsələr, onu onlara verəcəyəm. – Sonra dəvəsini dəhlədi, o da dərhal yerindən sıçrayaraq qalxdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona minərək Hüdeybiyyənin ən uc tərəfində olan bir su quyusu ətrafına qədər getdi və burada səhabələrinə enmə əmri verdi.

Burada Hüzaə qəbiləsindən Budeyl ibni Varqa adında bir şəxs xalqdan bir qrupla birlikdə onların yanlarına gəldi. Bu qəbilə mənsubları Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a yaxınlıq və maraq duyurdular. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a Qureyşin döyüşməyə və onları Məscidi-Haramdan uzaq tutmağa qərarlı olduqlarını xəbər verdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) da onlara özlərinin döyüş üçün deyil, Ümrə üçün gəldiklərini, barışa hazır olduqlarını, fəqət, əgər Qureyş döyüşməyə israr edərsə, Allahın təqdiri gerçəkləşənə qədər döyüşməyə hazır olduqlarını bildirdi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və Qureyş Arasında ...

Budeyl qayıdıb danışılanları Qureyşə bildirdi. Bu dəfə Qureyşdən Muqrız ibni Hafs adında birini göndərdilər. Bu şəxs də eynilə Budeylin dediklərini gəlib danışdı. Bu dəfə də Məkkədəki Həbəş kaloniyasının lideri olan Xüleys ibni İkriməni göndərdilər. Xüleys müsəlmanlara yaxınlaşanda Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) səhabələrinə : "Bu şəxs qurbanlara hörmət göstərən bir qövmdəndir. Qurbanları onun qabağına sürün ki, görsün." təlimatını verdi. Səhabələr özlərinə deyilən işi etdilər. Xüleys qurbanlıqları və və təlbiyə gətirən müsəlmanları görəndə belə dedi:

Sübhənallah! Bu şəxslər Allahın evindən qaytarılmamalıdırlar. Xəstə insanların gəlib həcc etmələri sərbəst olduğu halda, Əbdül-Müttalibin oğlunun ziyarət etməyi qadağandır! Onlar sadəcə Ümrə üçün gəliblər. Qureyşlilər onun bu sözünü eşidəndə :

Otur. Sən bədəvisən. Hərb oyunlarından başın çıxmır. deyə reaksiya göstərdi.

Sonra Urvə ibni Məsud əs-Səqafini göndərdilər. Urvə gələndə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha əvvəlki elçilərə dediklərini eynilə ona da dedi. Urvə də :

"Ey Məhəmməd! Fərz et ki, Qureyşi məğlub etməyə nail oldun! Öz qövmünü məğlub etmiş olmayacaqsanmı? Qureyş isə, döyüşə hazırlanıb çıxıblar, səni Məkkəyə bıraxmamaq üçün Allaha and içiblər. Əgər iş tərsinə dönərsə, Qureyş sənə qalib məğlub edərsə, bu sənin başına yığışan sıravi insanlar səni bıraxıb toz kimi dağılışarlar." dedi.

Onun bu sözünə qəzəblənən Əbu Bəkr ona :

Latın (Lat – adlı bütü nəzərdə tutur) bazırını öp! Biz onu tək bıraxacağıq hə!...deyə qəzəbləndi
Urvə, Əbu Bəkrin ona daha əvvəl etdiyi yaxşılığı xatırlayıb ona cavab vermədi.

Urvə Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) ilə danışarkən arada bir əlini uzadıb onun saqqalından tuturdu. Fəqət, Muğirə ibni Şubə hər dəfə qılıncıyla onun əlinə vuraraq : "Əlini Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın saqqalından çək!" deyirdi.

Axırda Urvə Muğirəyə hiddətlənərək :

Bu nə xainlikdir? Mən daha əvvəl sənin xainliyini örtmədimmi? dedi.

Muğirə Utbənin qardaşı oğluydu. Muğirə daha əvvəl bir qrup insanı öldürüb, mallarını da götürüb Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gəlib müsəlman olmuşdu. Ancaq, Rəsulullah onun gətirdiyi bu malları qəbul etmədi. Urvə ona bu hadisəni xatırladırdı.

Urvə müsəlmanların Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a göstərdikləri hörmətdən çox təsirləndi. Geri qayıdıb Qureyşə belə dedi :

"Ey Qureyşlilər! Baxın, mən İran şahını da, Roma imperatorunu da, Həbəş Nəcaşisini də taxtlarında və səltənətlərində gördüm. Fəqət, Məhəmməd kimi camaatı içində hörmətli bir liderə rast gəlmədim. Onun ətrafında elə bir kütlə görürəm ki, onu əsla heç kimə təslim etməzlər. Bu səbəbdən, necə uyğun görürsünüzsə, elə də qərar verin."

Onun bu sözlərindən sonra Qureyş, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə sülh danışıqlarına getməyi qəbul etdilər. Sülh danışıqları davam edərkən, yetmiş-səksən nəfərlik bir dəstə Qureyşli gənc müsəlmanların ordugahlarına gecə ani bir basqın etdilər. Beləcə, sülhə mane olmaq istəyirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onları tutaraq həbs etdirdi. Sonra onları əhv edərək azadlığa bıraxdırdı.

Bu hadisə Qureyşin gözünü qorxutdu və sülhə gtəlmələrinə səbəb oldu. Bununla əlaqəli olaraq Allah belə buyurur : «Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir.» (Fəth / 24)

Osman İbni Əffanın Elçi Olaraq Qureyşə Göndərilməyi və Rizvan Beyəti

Daha sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Osman ibni Əffanı Məkkəyə elçi olaraq göndərib, Qureyşi döyüş üçün gəlmədikləri barədə yaxşıca razı salmağa qərar verdi. Həmçinin, Osmana Məkkədə qalaraq, hicrətə gücü çatmayan zəif müsəlman kişi və qadınları da özüylə birgə gətirməyi təlimatını verdi.

Osman Məkkəyə Əbban ibni Səid əl-Əməvinin himayəsində girdi. Osman onlara Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın məktubunu verdi. Onlar da Osmana Kəbəni təvaf etməyi təklif etdilər. Ancaq Osman, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) təvaf etmədikcə, özünün də təvaf etməyəcəyini bildirərək onların bu təkliflərini rədd etdi.

Qureyşlilər bir müddət Osmanı həbs etdilər. Beləcə, aralarında vəziyyəti müzakirə edib, ondan sonra Osmanı lazım olan cavabla göndərmək istəyirdilər. Fəqət, bu vəziyyət müsəlmanlar arasında Osmanın öldürüldüyü şəklində eşidildi və yayıldı. Elçinin öldürülməyi isə, döyüş elanı mənasına gəlirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu xəbəri eşidəndə :

"Bu adamlarla hesablaşmadıqca burdan ayrılmayacağıq!" deyə sərt bir rəftar sərgilədi və baş verə biləcək hər cür hadisə qarşısında onu axıra qədər dəstəkləyəcəklərinə dair orada olan müsəlmanlardan təminat istədi. Beyət etmələrini tələb etdi. Müsəlmanlar böyük bir şövq ilə onun yanına qaçıb, ölənə qədər onunla olacaqlarına dair beyət etdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bir əlini o biri əliylə birləşdirərək : Bu da Osmanın beyəti buyurdu. Beyət qurtarmışdı ki, Osman (radiyəllahu anhu) gəlib çıxdı. Allah bu beyətin fəziləti haqqında belə buyurmuşdur : «Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı.» (Fəth / 18) Allahın razı olduğu bu beyətə bundan sonra "Rizvan" deyilmişdir.

Sülh Müqaviləsi

Qureyş, müsəlmanların bu beyətini eşitmiş və bu onları çox narahat etmişdi. Dərhal Süheyl ibni Amrı göndərərək barış etmək istədilər. Süheyl gəldi və uzun sürən müzakirələrdən sonra Rəsulullah onun bu şərtlərini qəbul etdi;

1 – Müsəlmanlar bu il geri qayıdacaq, Məkkəyə girə bilməyəcəkdilər. Ancaq, gələn il Məkkəyə girə biləcək və yalnız üç gün qala biləcəkdilər. Yanlarında silah olmayacaq və qılıncları qınında olacaqdı.

2 – Tərəflər on il müddətində bir-birinə qarşı döyüşməyəcəkdilər.

3 – Qəbilələrdən hansı Məhəmməd (Səllallahu Aleyhi və Səlləm)`ə tərəfdar olmaq istəsə, bunu etməkdə sərbəstdir və hansı Qureyşə tərəfdar olmaq istəsə, o da bunu etməkdə sərbəstdir.

4 – Qureyşlilərdən bir nəfər vəlisinin icazəsi xaricində müsəlmanlara sığınarsa, yenidən Qureyşlilərə qaytarılacaq, müsəlmanlardan Qureyşə sığınanlar isə, geri qaytarılmayacaqlar.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Əlini çağıraraq : "Bismilləhir-Rahmənir-Rahim" deyə başlayaraq bu sülh müqaviləsini yazmağını istədi. Ancaq Süheyl : "Biz Rəhman nədir bilmərik", "Bismikə Allahummə" olaraq yaz - dedi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu şəkildə yazmağı əmr etdi. Sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) :

Bu, Allahın Rəsulu Məhəmmədin və Amrın oğlu Süheylin qəbul etdiyi – deyə sülh mətnini yazmağını əmr etdi. Süheyl buna da qarşı çıxaraq :

Biz, səni Allahın Rəsulu olduğunu təsdiq etsəydik, səninlə döyüşməzdik. Öz adınla atanın adını yaz. dedi. Rəsulullah da Əli (radiyəllahu anhu)`yə belə yazmağını əmr etdi :

Bu, Abdullahın oğlu Məməmməd ilə Amrın oğlu Süheylin üzərində razılaşdıqları sülh mətnidir...." Ancaq, Əli "Rəsulullah" ləfzini silməkdən daşındı. Bundan sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın şəxsən özü bu ləfzi mübarək barmaqları ilə sildi. Sülh müqaviləsinin biri Qureyş, digəri də müsəlmanlarda saxlanılması üçün iki nüsxə halında yazıldı.


Tarix: 02.05.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Maraqlı melumatlar