beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qüsl və cənabətin hökmü

1.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Məni ifraz olarsa, qüsl vacibdir».
Hədisi Müslim rəvayət etmişdir. Onun əslini isə Buxari rəvayət etmişdir.

2.Ümm Sələmədən rəvayət olunur ki, Əbu Təlhənin həyat yoldaşı Ümm Suleym Allahın elçisindən soruşub: «Ey Allahın elçisi! Həqiqətən, Allah da haqdan utanmaz. Əgər qadın şəhvani yuxu görsə, onda ona qüsl vacibdirmi?» Dedi: «Bəli, əgər mənini görərsə». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

3.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur ki, qadın kişilərin gördüyü şəhvani yuxuya oxşar yuxu görərsə, qüsl alsın. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Müslimin rəvayətində isə Ümm Sələmə Peyğəmbərdən(sav) soruşur: «Məgər elə şey olar?». Peyğəmbər isə ona: «Bəli, bəs onda oxşarlıq haradandır?» – deyə cavab verir.

4.Əbu Hüreyrədən rəvayət olunur ki, Ümamə ibn Usal islamı qəbul etdikdə Peyğəmbər (sav) ona qüsl almağı əmr etdi. Hədisi Əbdürrəzzaq, əslini isə Buxari və Müslim rəvayət etmişdir.

5.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Cümə qüslü həddi-büluğa çatmış hər bir kəsə vacibdir». Hədisi Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir

6.Səmuradan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim cümə günü dəstəmaz alarsa, bununla yaxşı bir iş görmüş olar. Lakin bundan da daha fəzilətlisi qüsl almaqdır». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, Tirmizi isə yaxşı hesab etmişdir.

7.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sav)buyurmuşdur: «Əgər sizlərdən biri zövcəsi ilə cinsi əlaqədə olsa və buna ikinci dəfə qayıtmaq istəsə, onda buna qayıtmamışdan əvvəl dəstəmaz alsın». Hədisi Müslim rəvayət etmişdir.
Hakimin rəvayətində isə deyilir: «Bununla o, ikinci dəfə cinsi əlaqəyə qayıtmaq üçün daha güclü olar».
Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav) cünub halında yatardı və heç suya da toxunmazdı. Hədisi Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə məlul isnadla rəvayət etmişdir.(Əbu Davud, 228; Tirmizi, 118; Nəsai və İbn Macə, 581, 582, 583. Əlbaniyə görə hədis səhihdir. Bax: “Səhih Əbu Davud”)

8.Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav) cənabət qüslü alarkən ilk olaraq əllərindən başlayar, sonra sağ əli ilə sol əlinə su töküb övrətini yuyar, bunun arxasınca dəstəmaz alar, sonra əllərini isladıb barmaqları ilə saçının dibini qaşıyar, daha sonra başına üç ovuc su tökər, sonra bədəninin digər üzvlərini yuyar, sonda isə ayaqlarını yuyardı.
Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Müslimə aiddir.
Yenə də onların Meymunədən rəvayət etdikləri digər bir hədisdə deyilir: «Sonra övrət yerinə su töküb onu sol əli ilə yuduqdan sonra əlini yerə vurardı».
Digər bir rəvayətdə isə deyilir ki, əlini torpağa sürtərdi. Başqa bir rəvayətdə isə deyilir: «Sonra mən ona dəsmal gətirdim, o isə bunu götürməyib əli ilə bədənindəki suyu çırpmağa başladı».

9.Ümm Sələmənin belə deməsi rəvayət olunur ki, bir dəfə Allahın elçisindən,, soruşdum: «Ey Allahın elçisi! Mənim saçım hörüklüdür. Cənabət qüslü alarkən onu açımmı?» Allahın elçisi isə: «Xeyr, kifayətdir ki, başına üç ovuc su tökəsən»-deyə cavab verdi. Hədisi Müslim rəvayət etmişdir.

10.Aişənin belə deməsi rəvayət olunur ki, bir dəfə mən və Allahın elçisi bir qabdan cənabət qüslü alırdıq və əllərimiz bir-birinə toxunurdu. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
İbn Hibbanın əlavəsində isə deyilir: «…əllərimiz bir-birinə dəyirdi».


Tarix: 25.04.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Maraqlı melumatlar