Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailə qurduqdan sonra anam mənimlə pis rəftar etməyə başlayıb

Sual: Bir il əvvəl mən qonşumun qızı ilə ailə həyatı qurdum və Allah bilir ki, o qızın necə yaxşı xasiyyəti, gözəl davranış tərzi və mərifəti vardır. Mənim ailəmdə həmçinin 5 cavan kişi və 17 yaşlı bir qız var. Evləndiyimdən bəri anam tamamilə dəyişməyə başlamışdır. O həyat yoldaşımın və bacı-qardaşlarımın önündə məni təhqir etməyə və söyməyə başlayıb. Baxmayaraq ki, bacı-qardaşlarımın içində ən böyüyü mənəm, bununla belə o məni yersiz səbəblər üzündən təhqir edir.

Nə vaxt ki, qardaşlarımla söhbət etməyə başlayıram, anam gəlir və məni təhqir etmək üçün bir səbəb axtarır. O, məni dəfələrlə evdən qovub. Mən bilmirəm ki, bu dəyişiklik doğma anamda niyə baş verib, baxmayaraq ki, heç bir cəhətdən onlara qarşı xəsislik etməmişəm. Mən həyat yoldaşını ailəsindən üstün tutanlardan da deyiləm, amma yenə də anam çox tez əsəbləşir. Ümid edirəm ki, siz bunları mənə izah edəcəksiniz, ona görə ki, mənə çətinliklə kifayət edən bu məvaciblə mənzil kirayə götürə bilmirəm. Sizin mənə məsləhət verə biləcəyinizə inanıram. Allah sizdən razı olsun.
Cavab: ALLAHa həmd olsun...
ALLAHdan sənə anana hörmət etməkdə və onunla xoş rəftar etməkdə səbr verməsini, onu doğru yola yönəltməsini, aranızdakı münasibəti yoluna qoymasını və hər ikinizi ALLAHa itaət edən və Onu razı olduğu qullarından etməsini diləyirəm.
Ola bilsin ki, sizin əziyyət çəkməyiniz ananız tərəfindən qısqanclıq hisslərindən dolayıdır , ya da ananız düşünür ki, sən ailə həyatı qurduqdan sonra o oğlunu itirmişdir və başqa birisi sənə sahib olmuşdur. Bəzi analar oğulları evləndikləri zaman bu hisslərə qapılırlar, lakin onlar yersiz düşüncələrdir və anan da bu fikirlərdən özünü uzaq etməlidir.
Sən də ona əvvəlki vəziyyətinə qayıtmasında kömək olmağa çalışmalısan. Bunu müxtəlif yollarla edə bilərsən:
1. Çalış ki, ananla xoş davran, ona hörmət et, qayğısına qal və ona əvvəlki kimi qayğı göstərdiyini və onun istəklərini qarşılamaqda həssas olduğunu hiss etdir.

2. Ananın qarşısında həyat yoldaşını tərifləməkdən və diqqətini ona yönətlməkdən çəkin, amma yenə də ananın nəzərindən uzaq olmaq şərtilə, zövcənlə olan davranış və münasibətində ədalətli ol, o vaxta qədər ki, ananın sənə olan mövqeyi yaxşılaşsın və hər şey normal vəziyyətə dönsün.

3. Zövcənə ananla söhbət etməklə, onun qağısına qalmaqla, hədiyyələr verməklə və digər yollarla ona yaxınlaşmasında dəstək ver, buna təşviq et.

4. Ananın təhqirlərinin, söyüşlərinin və evdən qovulmağının əksinə sən səbirli ol, sənə anana hörmət etmək vacib buyurulur və onun pis rəftarına qarşı eynilə cavab verməyin yol verilməzdir. Əgər səbir edib dözsən, bir çıxış yolu tapacaqsan. Çünki yaxşı aqibət səbr edənlər üçündür və unutma ki, səbir etdikdən sonra ALLAHın köməyi, çətinlikdən sonra isə asanlıq gəlir. ALLAH buyurur (təfsiri ilə): “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda, aranızda düşmənçilik olan şəxsi, sanki, yaxın bir dost görərsən. Bu xislət yalnız səbir edənlərə verilir. Və yalnız böyük qismət, savab sahiblərinə əta olunur” (Fussilət 41-34). Anan səninlə hər zaman pis rəftar etsə də, sən ona qarşı mərhəmətli, hörmətcil olmağa və onunla xoş rəftar etməyə can atmalısan. İnşaALLAH bu zəmanət verir ki, o qəlbindəki mənfi hisslərindən azad olacaq.


5. Dua et ki, ALLAH ona hidayət versin və tezliklə bu vəziyyəti yoluna qoysun. Sənin dualarına və xoş rəftarına ən çox layiq olan şəxs odur. Sən nə etsən də onun xeyirxahlığının və bundan öncə olan xoş münasibətinin haqqını ödəyə bilməzsən.

6. Bacı və qardaşlarına yaxşı nümunə olmağa çalış, ola bilsin ki, onlar bəlkə də gələcəkdə ailə həyatı qurduqları zaman üzləşəcəkləri bu problemin həllinin ən yaxşı yolunu səndən öyrənsinlər. Səbir və xoş münasibət göstərməkdə və ona hörmət etməkdə nümunə ol. Ehtiyatlı ol və icazə vermə ki, şeytan sənin ananı xətrinə dəyməyinə və yaxud ona kobud davranmağına, ya da onu məzəmmət etməyinə nail olsun, sən bunları etməklə heç vaxt xeyir tapmazsan. ALLAH buyurur (təfsiri ilə): “onlara “uf” belə demə, üstlərinə qışqırıb, acı söz söyləmə, onlarla xoş danış” (Əl-İsra 17-23).


7. Sən bu problemi bacı-qardaşlarından biri ilə də müzakirə et, ola bilsin ki, həmin problemin elə bir səbəbi var ki, sənin ondan xəbərin yoxdur, ya da elə bir şey etmisən ki, anan sənin o hərəkətini başa düşməyib və bu da onun qəzəblənməsinə səbəb olub. Səbəbini aşkar edəndən sonra bu problemin həlli sənin üçün daha asan olacaq.
ALLAHdan bizə və sənə hidayət verməsini diləyirik.


Tarix: 13.04.2013 / 16:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Maraqlı melumatlar
loading...