beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QANUNSUZ QANUN!

Dini əqidə məsələsi çox həssas məsələdir. O qədər həssasdır ki, hətta dünyəvi qanunlar da dini əqidə ilə bağlı hüquqların, o cümlədən uşaqların dini tərbiyəsi və dini geyimlərlə bağlı hüquqların qorunmasını dünyəvi dövlətin və dünyəvi cəmiyyətin prinsiplərindən biri hesab edir. Belə ki:

1) “Uşaq hüquqları haqında” BMT Konvensiyası 14-cü maddəsində “Dövlət valideynlər tərəfdən müvafiq rəhbərlik şəraitində uşağın fikir, vicdan və din azadlığına hörmət etməyə borcludur” vurğulamaqla bu məsələdə əsas hüququ valideynə verir və dövlətlərdən ona hörmətlə yanaşmağı tələb edir.

2) Milli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın 48-ci maddəsinin II hissəsində göstərilib ki, “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.”

3) BMT-nin İnsan Hüquqları Komitəsi müəyyən edib ki, dini simvollar, geyim və başörtüsü dinin ifadə formasıdır və ibadət konsepsiyasına daxildir.

4) BMT-nin Uşaq hüquqları üzrə Komitəsi məktəblərdəki hicab qadağasının uşaqların həvəs göstərdikləri ülvi maraqlarına və təhsil hüququna etinasız yanaşmanın təzahürü kimi qiymətləndirmişdir.

5) Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 6-cı maddəsində yazılır ki, “Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.”

QEYD: Beynəlxalq təşkilatların təhsil müəssisələrində hicab geyinməklə bağlı qadağaya qarşı münasibətləri barədə nüfuzlu insan hüquqları təşkilatı olan "Human Rights Watch"un rəsmi internet səhifəsindən [http://www.hrw.org/en/news/2010/12/20/questions-and-answers-restrictions-religious-dress-and-symbols-europe] öyrənə bilərsiniz.

Məhz buna görə də heç bir qanun, o cümlədən Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu Konstitusiyamızın 48-ci maddəsinə, habelə beynəlxalq insan haqları prinsiplərinə uyğunsuzluq təşkil edərək, hicabı qadağan edə bilməz, həmçinin bu qadağanı orta məktəblərə şamil edə bilməz, necə ki, belə bir qanunverici qadağa yoxdur. Olsa belə Konstitusiyaya və beynəlxalq sənədlərə zidd olduğu üçün Konstitusiya Məhkəməsi tərəfindən etibarsız sayılmalı və qüvvədən salınmalıdır. Çünki Konstitusiyamızın 149-cu maddəsinin III hissəsində göstərilir ki, "Qanunlar Konstitusiyaya zidd olmamalıdır."

İndiyə qədər məktəbə hicablı gələnlərlə bağlı təhsilə mane olacaq hansı problem baş verib ki, hər il bu məsələni qaldırıb, "şişirdib", indi də onu qadağan etmək məcburiyyətində qalıblar.
Tez-tez insanların hüquqi savadsızlığından istifadə edib, belə bir arqument gətirilər ki, bu qadağa qanunun tələbidir. Sual olunur: "Hansı qanunun?" Əgər söhbət “Təhsil haqqında” Qanundan gedirsə, həmin Qanunun 14.10-cu maddəsində göstərilir ki, “Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.” Artıq yuxarıda qeyd etdiyimiz kimi, əgər qanun konstitusion azadlığın təminatına zidd ola bilməzsə, [necə ki, hələ iki il əvvəl sözügedən Qanunun layihəsindəki bu cür məhdudiyyət məhz belə ziddiyyətə görə dövlət başçısının sayəsində layihədən çıxarılmışdı] nəinki qanun, heç normativ hüquqi akt statusunda olmayan təhsil müəssisəsinin nizamnaməsi bu azadlığı necə məhdudlaşdıra bilər?
Hicabı əmr edən dinin sonuncu kitabının [Qurani-Kərim] Yer üzünə ilk nazil olan ayəsi "Oxu" [“əl-Ələq” surəsi, 1-ci ayə] olub. Tez-tez Cənub bölgəsini, Bakı kəndlərini misal gətirirərək deyirlər ki, guya dindarlar dinə o qədər bağlanıblar ki, təhsildən yayınırlar. Əslində isə İslam adına çıxılan, lakin İslama aidiyyatı olmayan müəyyən xurafat və mövhumat hallarının təhsilə mane olmasının qarşısını almaq üçün, mövhumatçı mühitdə böyüyən uşaqların məktəbə yolunu bağlamaq problemin çözümü deyil. Əksinə, onları məktəbə cəlb edib, maarifləndirmək lazımdır ki, həm dünyəvi məsələləri, həm də dini düzgün başa düşsünlər. Əks halda cəmiyyətdən təcrid olunanlar elmdən və təhsildən daha çox uzaqlaşmaqla, mövhumata və xurafata daha çox bağlanacaqlar.

Hicablı qızların təhsil müəssisələrinə buraxılmaması ilə bağlı məsələdə bu qadağanın tərəfdarları daima 1-ci, 3-cü sinif şagirdlərinin hicab geyinməsinə istinad edirlər. Heç kəs demir ki, bəs 8-də, 9-da, 11-də oxuyan, artıq yetkin olmuş dindar qızlar necə olsun? Axı onların etiqad etdiyi din artıq fizioloji baxımdan yetkinliyə çatdığı vaxtdan "əl və üz istisna olmaqla, bədəninin digər zinət yerlərini naməhrəmə göstərməməyi, baş örtüsünü yaxalarına çəkməyi" əmr edir. [Quran, Nur surəsi 31-ci ayə].
O ki qaldı problemin bəzi valideynlər tərəfindən zorla hicab geyindirilməsi ilə bağlı tərəfinə, axı bu, təhsil məsələsi deyil, bununla hüquq mühafizə orqanları məşğul olmalıdırlar. Amma öz istəyi ilə, Allaha və Onun ayələrinə iman gətirərək, dinini sevərək hicab taxan qızları təhsildən uzaqlaşdırmaq, məgər Təhsil Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, "icbari orta təhsilin təmin edilməsi vəzifəsinin yerinə yetirilməsidir"? Əksinə buna tam mənada mane olmaqdır!

Allah rizası üçün təzyiqlə tətbiq edilən sözügedən qanunsuz qadağaya qarşı daima haqqı deyib, məscid partladan radikal qrupların, ölkədə ideoloji uçurum yaratmaq istəyən yad qüvvələrin, dövlətdən narazı salınan insanların artmasını gözləyən düşmənlərin əlinə daha bir "silah verilməsinə" mane olmaq lazımdır.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 261 Bölmə: Maraqlı melumatlar