beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanın əqidəsi

1. Allah bizi nə üçün yaradıb?
Allah bizi yaradıb ki, yalnız Ona ibadət edək və heç bir şeyi Ona şərik qoşmayaq.
Qurandan dəlil: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat, 56)
Hədisdən dəlil: "Allahın bəndələri üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaqdır".(əl-Buxari və Muslim)

2. Allaha necə ibadət etməliyik?
Allaha ixlasla, Onun və Peyğəmbərinin(s.ə.s) buyurduğu kimi ibadət etməliyik.
Qurandan dəlil: "Halbuki Onlara əmr edilmişdi ki, Allaha ixlasla, dini yalnız Ona aid edərək, ibadət etsinlər". (əl-Beyyinə, 5)
Hədisdən dəlil: "Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd olunur". (Muslim)

3.Məgər Allaha qorxu və istəklə ibadət etməliyik?
Bəli, biz Allaha qorxu və istəklə ibadət etməliyik.
Qurandan dəlil: "Allaha həm qorxu, həm də istəklə dua (ibadət) edin" (yəni, Cəhənnəm əzabından qorxaraq və Cənnət nemətlərini istəyərək). (əl-Əraf, 56)
Hədisdən dəlil: "Mən Allahdan Cənnət istəyirəm və atəşdən (Cəhənnəm əzabından) Ona pənah aparıram.(Əbu davud – "səhih"dir)

4.İbadətdə ehsan nə deməkdir?
Bu, Allahın bizi daim gördüyünü etiqad etmək deməkdir.
Qurandan dəlil: "Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir" (ən-Nisa, 1) "O Allah ki, səni namaza duranda da görür" (əş-Suara, 218)
Hədisdən dəlil: "Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, sən Onu görməsən də O, səni görür.(Muslim)

5.Allah nə üçün peyğəmbərlər (a.s) göndərmişdir?
Allah peyğəmbərləri (s.a.s) ona görə göndərib ki, insanları Ona ibadət etməyə və heç bir şeyi Ona şərik qoşmamağa dəvət etsinlər.
Qurandan dəlil: "Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" – deyə peyğəmbər göndərmişdik. (ən-Nəhl, 36)
Hədisdən dəlil: "Peyğəmbərlər başqa-başqa qadınlardan olan qardaşlardır! Anaları ayrı, dinləri isə vahiddir. (yəni, hər bir peyğəmbər tövhidə (Tək Allahlığa) dəvət etmişdir)".(Muslim)

6.Üluhiyyə tövhidi nədir?
Bu, dua, nəzir, qurban və s. ibadətləri yalnız Allah üçün etməkdir.
Qurandan dəlil: "Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur..."(Muhəmməd, 19)
Hədisdən dəlil: "Qoy sənin onları dəvət edəcəyin ilk şey – Allahdan başqa heç bir ilahın olmamasına şəhadət gətirmək olsun!" (əl-Buxari və Muslim)

7."Lə ilahə illəllah"ın mənası nədir?
Mənasi: "Allahdan başqa həqiqi (ibadətə layiq olan) məbud yoxdur".
Qurandan dəlil: "Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir..."(Loğman, 30)
Hədisdən dəlil: "Lə ilahə illəllah deyən və Allahdan qeyri ibadət olunanları inkar edən hər kimsənin malı da, qanı da haramdır.(yəni, malını mənimsəmək və qanını axıtmaq)".(Muslim)

8."Allahın sifətlərində tövhid" nə deməkdir?
Allahın ad və sifətlərini Quranda və Peyğəmbərin (s.ə.s) hədislərində vəsf olunduğu kimi təsdiq etməkdir.
Qurandan dəlil: Ona bənzər heç bir şey yoxdur. O (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir" (əş-Şura, 11)
Hədisdən dəlil: "Sizin uca Rəbbiniz hər gecə (Özünə layiq keyfiyyətdə) dünya səmasına nazil olur". (Muslim)

9.Tövhidin müsəlmana olan səmərəsi nədir?
Hər bir müsəlman tövhidi qəbul etməklə dünyada haqq yola yönəlir, axirətdə isə əmin-amanlıqda olur.
Qurandan dəlil: "İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam, 82)
Hədisdən dəlil: "Bəndələrin Allah üzərində olan haqqı Ona şərik qoşmayana əzab verməməsidir". (əl-Buxari və Muslim)

10.Allah haradadır?
Allah ərşin üzərindədir.
Qurandan dəlil: "Rəhman ərşin üzərinə istiva etdi! (yəni, ucaldı və yüksəldi)". (Taha, 5)
Hədisdən dəlil: "Allah bir yazı yazdı: "Həqiqətən, Mənim rəhmətim qəzəbimi qabaqladı". Bu da Onun dərgahında, ərşin üzərində (olan lövhi-məhfuzda) yazılmışdır".(əl-Buxari)

11.Allah zatı ilə bizimlədir yoxsa elmi bizimlədir?
Şübhəsiz ki, Allahın elmi bizimlədir. O, hər şeyi görür və eşidir.
Qurandan dəlil: "(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm! (Taha, 46)
Hədisdən dəlil: "Doğrusu siz (hər şeyi) eşidəni, (sizə) yaxın olanı çağırırsınız! O da sizinlədir.(yəni, sizi görür və eşidir)". (əl-Buxari və Muslim)

12.Ən böyük şirkin zərəri nədir?
Ən böyük şirk əbədi Cəhənnəmdə qalmağa səbəb yaradır.
Qurandan dəlil: "...Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir...(əl-Maidə, 72)
Hədisdən dəlil: "Allaha şərik qoşub ölən şəxs Cəhənnəmə daxil olar". (Muslim)

13.İnsan şirk edə-edə digər yaxşı əməlləri ona fayda verə bilərmi?
Xeyr, şirk ola-ola yaxşı əməl öz sahibinə heç cür fayda verə bilməz.
Qurandan dəlil: "Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı!" (əl-Ənam, 88)
Hədisdən dəlil: "Hər kimsə etdiyi əməldə qeyrisini Mənə şərik qoşarsa, Mən onu da, şərik qoşduğunu da tərk edərəm". (Muslim)

14.Müsəlmanlar arasında şirk mövcuddurmu?
Bəli, təəssüflər olsun ki, mövcuddur, özü də çox.
Qurandan dəlil: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar" (Yusif, 106)
Hədisdən dəlil:"Ümmətimdən olan qəbilələr müşrikləri və bütpərəstləri haqlamayınca (onların əqidəsini qəbul etməyincə) qiyamət qopmaz".(ət-Tirmizi – "səhih"dir)

15.Allahdan qeyrisinə dua etməyin hökmü nədir?
Allahdan qeyrisinə edilən dua, sahibini Cəhənnəmə varid edən şirkdir.
Qurandan dəlil: "Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya dua (ibadət) etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!" (əş-Suara, 213)
Hədisdən dəlil: "Allahdan qeyrisinə dua (ibadət) edib ölən şəxs Cəhənnəmə daxil olar".(əl-Buxari)

16.Məgər dua uca Allah üçün edilən ibadətdir?
Bəli, dua uca Allah üçün edilən ibadətdir.
Qurandan dəlil: "Rəbbiniz buyurdu: "Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlüklərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir, yaxud əl-Mumin 60)
Hədisdən dəlil: "Dua ibadətdir". (ət-Tirmizi – "səhih"dir)

17.Ölülər duanı eşidirlərmi?
Xeyr, ölülər duanı eşitmirlər!
Qurandan dəlil: "Şübhəsiz ki, sən nə ölülərə, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən!" (ən-Nəml, 80) "Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən" (Fatir, 22)
Hədisdən dəlil: "Həqiqətən, Allahın yer üzünü səyahət edən mələkləri vardır ki, onlar ümmətimin salamını mənə çatdırırlar". (ən-Nəsai – "səhih"dir)

18.Ölüdən və ya qeybdə olandan kömək diləyə bilərikmi?
Xeyr, nə ölüdən, nə də qeybdə olandan kömək diləmək olar! Əksinə, biz yalnız Allahdan kömək diləməliyik.
Qurandan dəlil: "O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da sizə cavab verdi (duanızı qəbul etdi)". (əl-Ənfal, 9)
Hədisdən dəlil: "Peyğəmbərə (s.ə.s) bir narahatlıq və ya bir müsibət üz verdikdə deyərdi: "Ey əbədi, ey əzəli (olan Allah)! Sənin rəhmətinə Səndən kömək diləyirəm". (əl-Hakim – "həsən"dir)

19.Allahdan qeyrisinə and içmək olarmı?
Xeyr, Allahdan qeyrisinə and içmək olmaz.
Qurandan dəlil: "De: "Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz". (ət-Təğabun, 7)
Hədisdən dəlil: "Kim Allahdan qeyrisinə and içərsə artıq şirk etmiş olar".(Əhməd "səhih"dir)

20.Həmayil (göz muncuğu və s.) və tilsimlər asmaq olarmı?
Onları asmaq olmaz, çünki bunu etmək şirkdir.
Qurandan dəlil: "Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!" (əl-Ənam, 17)
Hədisdən dəlil: "Kim (gözdəymədən və s. Qorunmaq üçün) tilsim asarsa artıq şirk etmiş olar". (Əhməd – "səhih"dir)

21.Uca Allaha nə ilə təvəssül etməliyik?
Allaha saleh əməllərlə, Onun ad və sifətləri ilə təvəssül etməliyik.
Qurandan dəlil: "Ən gözəl adlar Allahındır! Onu bu adlarla çağırıb dua edin" (əl-Əraf, 180)
Hədisdən dəlil: "Sənin Özünə verdiyin, Sənə məxsus hər bir adla Səndən istəyirəm!" (Əhməd – "səhid"dir)

22.Dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olurmu?
Xeyr, dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olmur.
Qurandan dəlil: "(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm". (əl-Bəqərə, 186)
Hədisdən dəlil: "Doğrusu siz (hər şeyi) eşidəni, yaxın olanı çağırırsınız! O da sizinlədir". (yəni, sizi görür və eşidir.) (əl-Buxari və Muslim)

23.Peyğəmbərin (s.ə.s) vasitəçiliyi nədir?
Peyğəmbərin (s.ə.s) vasitəçiliyi Allahın ona nazil etdiyini təbliğ etməkdir.
Qurandan dəlil: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et" (əl-Maidə, 67)
Hədisdən dəlil: Peyğəmbərin (s.ə.s) səhabələri: "Biz şəhadət gətiririk ki, artıq sən təbliğ etdin, yerinə yetirdin və nəsihət etdin!" söylədikdə o, demişdir: "Allahım şahid ol!" (Muslim)

24.Peyğəmbərin (s.ə.s) şəfaətini kimdən istəməliyik?
Biz Peyğəmbərin (s.ə.s) şəfaətini yalnız Allahdan istəməliyik.
Qurandan dəlil: "De ki: "Şəfaət bütünlüklə Allaha məxsusdur". (əz-Zumər, 44)
Hədisdən dəlil: "Allahım, onu mənə şəfaətçi et!". (yəni, Peyğəmbəri (s.ə.s)) (ət-Tirmizi – "həsən"dir)

25.Allahı və onun Rəsulunu (s.ə.s) necə sevməliyik?
Məhəbbət itaət etməklə və buyuruqları yerinə yetirməklə həqiqi məhəbbət hesab olunur.
Qurandan dəlil: "(Ya Muhəmməd) De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın". (Ali-İmran, 31)
Hədisdən dəlil: "Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz". (Muslim)

26.Peyğəmbəri (s.ə.s) mədh etdikdə mübaliğə edə (həddi keçə) bilərikmi?
Peyğəmbəri (s.e.s) mədh etdikdə mübaliğə etmək olmaz.
Qurandan dəlil: "De ki: "Mən də sizin kimi bir insanam.Mənə vəhy olunur ki, sizin ilahınız tək olan Allahdır". (əl-Kəhf, 110)
Hədisdən dəlil: "Nəsranilər Məryəm oğlunu (mədh edib) mübaliğə etdiyi kimi, siz də məni (mədh edib) mübaliğə etməyin! Mən ancaq bir qulam. Odur ki, deyin: "Allahın qulu və elçisidir!" (əl-Buxari)

27.İlk yaradılan məxluq kimdir?
İnsanlardan Adəm (a.s), əşyalardan isə qələm ilk yaradılmış məxluqdur.
Qurandan dəlil: "O zaman sənin Rəbbin mələklərə belə demişdir: "Mən palçıqdan bir insan (Adəmi) yaradacam!" (Sad, 71)
Hədisdən dəlil: "Həqiqətən, Allahın yaratdığı ilk məxluq qələmdir". (Əbu Davud, ət-Tirmizi – "həsən"dir)

28.Muhəmməd (s.ə.s) nədən xəlq edilib?
Allah Muhəmmədi (s.ə.s) nütfədən xəlq etmişdir.
Qurandan dəlil: "Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan Odur!" (Ğafir, yaxud Mumin 67)
Hədisdən dəlil: "Həqiqətən sizlərdən hər biri anasının bətnində xəlq olunarkən (hamiləliyin ilk) qırx günündə nütfə halında olur,...".(əl-Buxari və Muslim)


Tarix: 08.06.2013 / 13:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 606 Bölmə: Maraqlı melumatlar