beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaradılış Qayəmiz

Bu gün insnları Tövhidə çağıran, onlara şirkdən qaçmağı və şirkə düşməməyi öyrədən - insanların ən xeyirlisi və ən gözəl bir şeyə çağıranıdır.

İbn Qeyyim deyir ki: “Tövhid iki qismdir: 1) Tövhid fil-Mərifə vəl-İsbat – bilmək və təsdiq etmək. Rububiyyə və İsim və Sifətlər bura daxildir. 2) Tövhid əl-İləhiyyə vəl İbaədə - ilahlaşdırmaq, ibadət və ya Tövhid Fi ət-Talabi vəl-Qasd – tələb və qəsd. “De: "Ey kafirlər!” (əl-Kəfirun 1). “De: "Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək". Əgər onlar üz döndərsələr, deyin: "Şahid olun ki, biz müsəlman¬larıq!" (Ali İmran 64).
(İbn Qeyyim "Mədaricus-Salikin” 3/ 449-450. )

Əqidə nədir? Əqidə - Aqd – bağlamaq, düyün vurmaq deməkdir. “Mənim əqidəm belədir” deyildiyi zaman, yəni “mən qəlbim ilə bu inanclara bağlanmışam” deməkdir. Əqidə qəlbin etiqadıdır. İslam şəriəti iki hissəyə bölünür.
1) Etiqadi - əməllə bağlı olmayan inanclar. Məs: Allahın Rəbliyinə etiqad, imanın altı dayağına iman və s. bunlar əsasdır. Onların üzərində digər şəriət əhkamları qurulur.
2) Əməli – şəri əməllərdir. Məs: Namazın qılınması, orucun tutulması və s. Bunlar isə əsasın üzərində qurulan budaqlardır. Əsas səhih olmasa bunların heç birinin faydası olmayacaqdır. Etiqad düz olmadıqda, budaqların heç birinin faydası olmayacaqdır. "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Allaha şərik qoşsan bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan". (əz-Zumər 65). Allah Peyğəmbərə (s.a.v) müraciət edərəkən buyurur: “Əgər sən də Allaha şərik qoşsan əməllərin puça çıxar və mütləq ziyan çəkənlərdən olarsan”. Ona görə də bütün Peyğəmbərlərin ilk dəvəti Tövhid olub, insanları şikrdən çəkindirmək idi. Allah Qurani-Kərimdə Nuh, Saleh, Hud, İbrahimin (aleyhissalamı) adlarını çəkir. Onların sözləri insanlara: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın”- deməkdən ibarət idi. Peyğəmbərimiz Muhəmməd (s.a.v) on üç il Məkkədə insanları bu əqidəyə dəvət etdi. Çünki, təməl nə qədər möhkəm olarsa onun üzərində qurulan da möhkəm olar. Zəlalət üzərində qurulan hər bir şey isə zəlalətdir. Nə üçün Peyğəmbər (s.a.v) on üç il yalnız Tövhidə dəvət etdi?

Bu Dəvətin Səbəblərdən Bəziləri:
1) Çünki, məxluqatın yaradılışının səbəbi Tövhiddir. Əgər bu səbəb tək olsaydı kifayət edərdi. “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”. (əz-Zəriyət 5). Sələflər bu ayədə olan Liyabudun – Vahhidun - kimi təfsir emişlər. Ləm – Ğayədir. Bu da məqsədə (səbəbə) dəlalət edir. Peyğəmbərlər İbadət Tövhidi üçün gəlmişlər. Allah insanları yalnız bir məqsəd ilə yaratmışdır – o da İbadətdir. Yaratmağın hikməti ibadətdir. İbadət nə deməkdir? Xudu və Zull – İtaət və Zəlillik. Bu ibadətə Məhəbbət və Qiyədə (ardınca getmək) əlavə edilərsə bu da şəri ibadət olur. Tariq Muabbad - ərəblər hazır olan yola da “zəlil olmuş yol” deyirlər. Alimlər İbadət kəliməsinə bir çox təriflər vermişdilər. Lakin ən gözəl tərif İbn Teymiyyənin verdiyi tərifdir: “Bura Allahın sevdiyi və razı qaldığı zahiri və batini hər bir söz və əməl (namaz, oruc, dua, qurban, nəzir, məhəbbət, qorxu, niyyət və s.) daxildir”. İbadət üç şeylə olur: Dil - Qəlb - Əməl və bu ibadətlər üç şeyin üzərində qurulur: Məhəbbət - Ümüd - Qorxu.

2) Allah Tövhid olsun deyə Quranı nazil etdi. “Əlif Ləm Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar Məhz onlar nicat tapanlardır”. (əl-Bəqərə 1-5). «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 1-7). Allahın «Qalx və qorxut» buyurduğunun mənası, şirkdən qorxudub çəkindirmək və tövhidə dəvət etmək deməkdir. «Öz Rəbbini üca tut» tövhid ilə onu təzim et. «Libasını təmizlə» yəni əməllərini şirkdən təmizlə. «Pis şeylərdən uzaqlaş» yəni bütlərdən uzaq dur. Onlardan uzaq durmaq isə bütləri və bütpərəstləri tərk edib, onlardan uzaq durmaq deməkdir. Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O, da qalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi.

3) İnsanlar doğru yolu tapsınlar, Allahdan qeyrisinə ibadət etməsinlər. “Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir”. (əz-Zumər 29). İbn Qeyyim deyir ki: “Allah bu ayədə müşrik ilə Muvahhid bir kimsəni ayıraraq misal çəkmişdir. Müşrik - əxlaqı pozulmuş, bir-birinə düşmən olan, ayrılığa düşmüş bir cəmaata sahib qul halında olub bir neçə ilaha ibadət edir. Bu ilahların istəkləri fərqli olduğu üçün heç birini də razı salmır. Müvahhid – olan Allaha ibadət etdiyi üçün halı – şirkdən uzaq olan, hədəf və məqsədini aparan yolu bilən və bütün ixtilaflardan uzaq olaraq hüzur içində olan bir kimsədir. Onun üzərində Rəbbinin rəhməti, ehsanı vardır. Bu iki qul heç bir olarmu?”.
(“İlamul-Muvakkin” 1/187. )

4) Tövhid bütün Peyğəmbərlərin göndərilməsinə səbəbdir. "Biz hər ümmətə Allaha ibadət edin və tağutdan çəkinin deyə peyğəmbər göndərdik". (ən-Nəhl 36). “Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Yoxsa qorxmursunuz?". (əl-Əraf 65). “Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar”. (əl-Əraf 73). “Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir”. (əl-Əraf 85). “Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: "Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm. Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram". (Hud 25-26).

5) Bu, dəvətdə ən birinci olandır. “De: "Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm". (Yusuf 108). Peyğəmbər (s.a.v) Muazı (r.a) Yəmənə göndərdiyi zaman ona olan ilk nəsihəti: “İnsanları Lə İləhə İlləllah – kəliməsinə dəvət et!”- deməsidir.(əl-Buxari 1395, Muslim 19. ) Bu başlıq dəlildir ki, müsəlman Tövhidi bildikdən sonra insanları buna dəvət etməlidir. Bu zaman iki şeyə diqqət etmək lazımdır: 1) Dəvət etdikdə Tövhidə dəvət etmək. 2) Dəvəti də yalnız Allah üçün İxlasla etmək. Səhl ibn Sad (r.a) rəvayət edir ki: "Allah Rəsulu (s.a.v) Xeybər günü belə buyurdu: "Sabah bu bayrağı mütləq Allahın fəthi ona nəsib edəcəyi bir adama verəcəyəm ki, o, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Səhər açıldıqda (səhabələr) Allah Rəsulunun (s.a.v) yanına getdilər. Hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (s.a.v) belə buyurdu: "Əbu Talibin oğlu Əli haradadır?" Ona: "Gözü ağrıyır!"- dedilər. Peyğəmbər (s.a.v) dedi: "Xəbər göndərin, gəlsin". O, xəbər göndərilib gətirildi. Allah Rəsulu (s.a.v)mübarək tüpürcəyini onun gözlərinə sürtərək dua etdi. O, saat sağaldı. Sanki heç bir ağrısı yoxmuş kimi oldu. Daha sonra bayrağı ona verdi. Əli dedi: "Ya Rəsulullah! Xeybər (Yəhudiləri) ilə onlar da bizim kimi (müsəlman) olana qədər vuruşacağam". Peyğəmbər (s.a.v): "(Ey Əli!) Tələsmə! Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, Allah bir nəfəri sənin səbəbinlə hidayətə yönəldərsə, bu sənin üçün qırmızı dəvələrdən də xeyirli olar!"- deyə buyurdu”.(əl-Buxari "Fəth" 2942, Muslim 2406, ən-Nəsai “Sunənul-Kubra” 8403, 8587, İbn Hibban 6932, Əhməd "Müsnəd" 333. )

6) Bu ən son anda da olandır. “Rəbbi ona: "Təslim ol!"– dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!"– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz! Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedi¬lər: "Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!" (əl-Bəqərə 131-133). Peyğəmbər (s.a.v) buyurdu: “Kimin son sözü Lə İləhə İlləllah olarsa Cənnətə daxil olar”.

7) İnsana dinə girmək üçün ən birinci və ölüm anında ən son əmrdir. Ona görə də Peyğəmbər (s.a.v) ölüm anında olan kimsələrə Lə İləhə İlləllah kəliməsini təlqin etməyi əmr edərdi. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Ölüm anında olan yaxınlarınıza Lə İləhə İlləllahı təlqin edin".
(Muslim 916.)

8) Tövhid səni Cəhənnəmdən qurtaracaq ən böyük səbəbdir və bütün xeyirlərin əsasıdır. Həmçinin - ən böyük və bağışlanılmaz günah olan Allaha şərik qoşmaq dünya və axirətdə olan bütün bəlaların başıdır. Həyatdakı bütün digər pozuntular zəncirvari şəkildə həyatın əsası olan Tövhidin pozulmasından törəyir. Bu mövzu insan həyatında ən mühüm məsələdir. Ömər (r.a) deyir ki: “Biz Allahın İslam dini sayəsində gücləndirdiyi bir cəmaatıq. İslamdan başqasını seçəcək olsaq, onda Allah bizi zəlil edər”
(Tərğib Vət-Tərhib 3/ 351, 4393. ) İslam ordusu Roma imperiyasının idarəsi altında olan Kipri fəth edərkən bütün müsəlmanlar qələbə sevincini yaşadığı halda məşhur səhabə Əbu Dərdə (r.a) kədərlənərək ağlayırdı. Bunun səbəbini soruşduqda, o dedi: “Baxın onlar necə də əzəmətli bir xalq idi. Hətta onların qüdrətli rəhbərləri də var idi. Onlar Allahın buyuruqlarını tərk etdikləri üçün Allahın da onları necə alçaltdığına baxın. Qorxuram ki, bir vaxt bu ümmət də Allahı və Onun Rəsulunu tərk edər, Allah da onları bu cür alçaldar” (Hilyətul-Övliya” 1/ 216. )

Lakin nədənsə bu məsələ əhəmiyyət baxımından ondan qat-qat aşağı dərəcədə olan digər məsələlərin kölgəsində qalmışdır. Müsəlmanlar Tövhid elminə çox diqqət yetirməlidirlər. Müsəlman: “Yenə də Tövhid!”- deməməlidir. Əsla! Həmişə Tövhid olmalıdır. Bu bizim dünya və axirətdə səadətimizin açarıdır. Hər bir müsəlman ailəsində Tövhid kitabı masaüstü bir kitab olmalıdır. Hər il oxunan, təkrarlanan bir kitab olmalıdır. Bu kitabı tərk etmək şərdir. Bilsən bu kitabda sənin üçün nə qədər xeyir vardır!? “Mən Tövhidi öyrənmişəm” deyən kimsə artıq xəta etmişdir. Tövhid Nəhv və Sarf elmi deyil ki, bir dəfə öyrəndin kifayət etsin. Tövhid – Allahın sənə verdiyi ömürlə bərabər davam edən bir kitabdır. Oxudun bitirdin, yenə də təkrarla, çünki şeytanın səndən ən çox istədiyi şey şirk etməyindir.

Ümmətdə Şirkin Zühur Etməsinə Başlıca Səbəblər:

1) Cahillik – düzgün əqidəni bilməmək və ya öyrənmək istəməmək, çox az diqqət etmək və ya heç diqqət yetirməməkdir. Nəsillər yetişmişlər ki, bu əqidəni bilmirlər, əqidəyə zidd olan məsələləri bilmirlər. Haqqı yalan, yalanı isə haqq kimi bilirlər. İbn Qeyyim deyir: “Cahillik öldürücü xəstəlikdir. Onun müalicəsi (şəfası) iki şeydədir; Quran və Sünnə. Müalicə edən isə Rəbbani alimdir”. ”. Cahillik elmə zidd olandır. Öldürücü xəstəlikdir. İnsanı elə tələf edir ki, özü də hiss etmir. Cahillik xəstəlikdir, insanı elə bir tərzdə kor edir ki, xilasının harada olduğunu bilmir. Alimlər diri, cahillər isə ölüdürlər. Bu əqidə Tövqifidir. Yəni sənin, mənim ağlım üzərində qurulmur. Onu quran Allahdır - əqidədə ictihada yer yoxdur. Əqidənin mənbəsi iki əsasdır: Quran və Sünnə. Nə üçün? Çünki, Allahı Onun Özündən başqa heç kəs yaxşı tanıya bilməz. Allahdan sonra onu gözəl tanıyan Peyğəmbəri Muhəmməddir . İlk əvvəl əqidədə problem yox idi. İnsanlar bir əqidə, bir cəmaat idilər. Lakin xeyirli dövr, xeyirli əsr getdikdən sonra zəlalət əhli gəldi, əqidələr çoxaldı, cəmaatların sayı isə artı. Bütün bu cəmaatlar Quran və Sünnə ilə getdiklərini iddia edirlər. Lakin Quran və Sünnə onları tanımır, tanımaq da istəmir. Əqidələri fəlsəfə, ağıl, kiminsə ideyası, qəzəbi və hissləri üzərində qurulmuş camaatlar. Lakin biz Quran və Sünnəyə fəhm (başa düşmək) qaydasını da əlavə edirik. Sizin (zəlalət əhlinin Quran və Sünnəni) başa düşmək fəhmini yox, Quran və Sünnəni ən gözəl anlayan, bununla yaşayan səhabələrin fəhmini. Auf ibn Məlik (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: "Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir".(İbn Məcə.)
"İbn Ömərin (r.a) rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah (s.a.v) buyurdu: "Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir".(ət-Tirmizi, əl-Albani "Səhih Hədislər Silsiləsi" 1348.) Başqa rəvayətdə: Rəsulullah (s.a.v) buyurdu: "O, da camaatdır" (Əhməd 4/ 102, əl-Albani "Ziləlul-Cənnə".)

Bu iki şəfanı öz yerinə qoyan, başa salan lazımdır. Hər bilən yox, Rəbbani bilən lazımdır. Çox insanlar müalicə etmək üçün özləri bu iki əsasa baş vururlar. Lakin onlar alim olmadıqları üçün ölüm tapırlar. Rəbbani alim bu iki əsası sənə doğru başa düşməyə yardımçı olacaqdır. Elm dərmandır. Lakin insan bədəninə uyğun olmayan dərman qəbul etsə bu onu ya şikəst edər ya da ki həlak. Çünki, həkim olmadan qəbul etmiş və bunu ona lazım olan miqdarda etməmişdir. Məhz buna görə də Xəvariclər həlak olmuşlar. Onlar Quran və Sünnəni götürdülər, lakin lazım olan yerə qoymadılar. Elə zənn etdilər ki, böyük günah sahibi əbədi Cəhənnəmlikdir. Onlar bunu öz ağıllarından deyil, bu iki mənbədən götürdülər. Digər məzhəb və təriqətlərin azmalarına səbəb də bir başa bu iki əsasa baş vurmaları idi. Lakin onların başa düşməkdə həkimləri səhabələr deyildilər. Onlar həkim olaraq alimləri deyil, ağıllarını götürdülər. Bu ümmətin fərqi elmin miras edilməsidir. Yəni, yeni nə isə ortaya çıxmır, nə qalıbsa Peyğəmbərdən (s.a.v) miras olaraq qalan elmdir. Alimlər isə varis olaraq bunu götürüblər.

2) Onların Fanatik olaraq, hətta səhf olduqları halda ata-babalarının yolu ilə getmək. Kor-koranə olan təqlid. Əqidə məsələlərində öz imamına, axunduna, xocaya kor-koranə təqlid etmək (səhf və düz olmasına) baxmayaraq. Heç bir dəlilə əsaslanmadan iman gətirmək. “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır”. (ət-Tövbə 31). “Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (əl-Bəqərə 170). “Onlara: "Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin"– deyildikdə: "Atalarımızın tutduğu yol bizə bəsdir"– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun?” (əl-Maidə 104). “Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: "Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!"– dedilər”. (əz-Zuxruf 23). “Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!" Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar”. (əl-Əhzab 66-67). “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır”. (ət-Tövbə 31).

3) Ğuluv – İbadət etməkdə, əməldə, tərifdə, adətlərdə həddi aşmaq deməkdir. Ölmüş saleh kimsələri öz məqamlarından yuxarı qaldırmaq. Etiqad etmək ki, onlar da Allah kimi hansısa qüvvəyə sahibdirlər. Şirkin Yaranması – birdən-birə baş verməmişdir. Şeytan öz işini addım-addım görür. İlk şirk də salehləri Ğuluv etməkdən sonra baş vermişdir. Ğuluv – şişirtmək deməkdir. Cəfa - ğuluvun əksidir. Adəm övladlarının dinlərini tərk etmələrinə səbəb onların salehlərlə bağlı olan həddi aşmalarıdır. Saleh – saleh əməllər edən, fitnə-fəsad daşımayan kimsədir. Saleh – Allahın və qulların haqqını verəndir. Sabiquna Bil-Xayrat – xeyirdə irəli keçən, mübah olan əməlləri edən kimsədir. Salehlərlə bağlı hədd haradadır? Allah üçün onları sevmək, hörmət etmək, qorumaq, əgər Peyğəmbərdirsə şəriətinə əməl etmək. Bu da dinin salehlərə qarşı qoyduğu həddir. Həddi aşmaq isə - onlara Allahın layiq olduğu sifətləri vermək, Lövhi-Məhfuzda olanları bilməsi, şəriətin qoyduğu çərçivədən çıxmaqdır. Tərif etdikləri zaman Allah səviyyəsində tərif etmək (İtra - o, tərif ki, onda yalan da vardır). Sevgidə həddi aşmaları onların salehləri ucaltmalarına, onlardan kömək istəmələrinə gətirib çıxartdı. Peyğəmbər (s.a.v) həcc vaxtı daş atmaq üçün səhabələrdən daş gətirmələrini əmr etdi.İbn Abbas (r.a) da xırda daşlar yığıb gətirdi.
“Peyğəmbər (s.a.v) buyurdu: "Ey insanlar! Dində çox şişirtməkdən çəkinin. Sizdən əvvəlkiləri dində çox şişirtmək həlak etdi (əgər insan torpaq atsa Cəfa, yox əgər alma boyda daş atsa artıq Ğuluv etmişdir)"
(Əhməd 1/ 215, ən-Nəsai 5/ 268, 4063, İbn Məcə 3029, əl-Həkim 1711, əl-Albani “Səhihul-Cəmi” 2680. )

Peyğəmbər (s.a.v) buyurdu: "İfrata varanlar həlak oldular və bunu üç dəfə təkrar etdi"
(Muslim 2670, Əbu Davud 4608, Əhməd 1/ 386, Əbu Yəla 5004)

Xristianlar İsanı (aleyhissalamı) sevgidə şişirtdikləri üçün ona İlahi keyfiyyətləri verdilər. Yəhudilər isə İsa üçün “zinadan doğulan” deməklə cəfa etdilər. Vasat (orta) ümmət isə bu iki əməlin ortasında orta yolu tutanlardır.
Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Məni Xristianların Məryəm oğlu İsanı tərif etdikləri kimi tərif etməyin. Mən sadəcə bir qulam, deyin Allahın qulu və rəsulu. Məni tərif etməkdə həddi aşmayın. Məni Allahın layiq bildiyi dərəcədən artıq yüksəltməyin. Rəbbim məni necə vəsf edibsə, elə də vəsf edin"(əl-Buxari 3445, Əhməd 23,24, əd-Darimi 2784, İbn Hibban 6239, Əbu Yəla 153. )
Şirk isə on əsr və ya on nəsildən sonra Nuhun (aleyhissalam) qövmündə salehləri ğuluv etməklə ortaya çıxdı. "İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar". (Yunus 19)". "İnsanlar tək bir ümmət idilər". (əl-Bəqərə 213). İbn Abbas (r.a) deyir ki: "Adəm ilə Nuh arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövrdə yaşayan insanların hamısı da Allahın şəriəti üzrə idilər. Onların hamısı İslam dini üzrə idilər. Daha sonra ixtilafa, rəsulların şəriətlərinə uymağı tərk etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qoxudan Rəsullar göndərdi. Göndərilən ilk Rəsul isə Nuh idi" (İbn Kəsir 1/ 250, Məcmuul-Fətava 20/ 106. )
İstənilən bir günah da belədir. Qadınların geyimi heç vaxt bu günkü kimi qısa olmayıb. İstənilən bir dövlətin adət ən-ənəsi olan geyimlərinə, milli geyimlərinə nəzər salsaq görərik ki, paltarı uzun və baş örtüyü də var. Lakin vaxt keçdikcə şeytan müəyyən bəhanə və hiylə ilə onların geyimlərini gördüyümüz hala gətirmişdir. Artıq pis bir əməl gözəl, gözəl bir əməl isə pis göstərilmişdir. Nuhun qövmü ilə baş verən də şeytanın addım-addım gəlməsi idi.
"Və (öz tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri atmayın". (Nuh 23). İbn Abbas (r.a) rəvayət edir ki, bunlar Nuhun (aleyhissalam) qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların toplandıqları yerlərdə bütlərini ucaltsınlar və onların adlarını həmin bütlərə versinlər. Onlar da deyilən kimi etdilər. Bütləri düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı. (Uzun müddət keçdikdən sonra) elm unudulduqda o, bütlərə ibadət etməyə başladılar.(əl-Buxari 4920.)
Abd ibn Humeyd, Əbu Mutahhardan rəvayət edir ki, Əbu Cəfər (Bəkri) yanında Yezid ibn Muhəlləbdən bəhs edildi. Əbu Cəfər dedi: "O, Allahdan başqa ilk ibadət edilən yerdə öldürüldü”. Sonra Vədd haqqında danışdı. Vədd müsəlman bir kimsə idi və qövmü tərəfindən sevilirdi. O, ölüncə Babil torpaqlarında qəbrinin ətrafında toplandılar və onun ölümünə üzüldülər. İblis onların Vəddə üzüldüklərini gördükdə dedi: "Sizin buna çox üzüldüyünüzü görürəm. Sizin üçün onun bir surətini çəkməmi istəyirsinizmi? Beləcə o, sizin toplandığınız yerdə olacaq və onun sayəsində Vəddi xatırlayacaqsınız". Onlar da: “Bəli, çək!”- dedilər. İblis onlara Vəddin bir surətini çəkdi. Onlar da onun surətini toplandıqları yerə qoydular və onu xatırlamağa başladılar. Onların Vəddi xatırladıqlarını gördükdə bu dəfə dedi: "Sizin hər birinizin evində belə bir bütlər düzəltməyimə nə deyirsiniz? Beləcə bundan sizin hər birinizin evində olacaq və onu xatırlayacaqsınız". Onlar: "Bəli, olar"- dedilər. (Şeytan) hər ev əhlinə onun kimi bir bütlər düzəltdi. Onlar da bu bütlərə yönəldilər. Büt vasitəsilə Vəddi xatırlamağa başladılar. Onların uşaqları böyüdü. Atalarının bu bütlərə nə cür davrandıqlarını gördülər. Nəsillər çoxaldı. Onu xatırlamaq məsələsi unudulub getdi. Sonda isə onu Allahdan başqa İlah halına gətirdilər. Allahdan başqa yer üzündə ilk ibadət edilən şey Vəddin adı verilən Vədd bütüdür"
(Durrul-Mənsur 6/ 269, İbn Urvə Hənbəli "Kəvakibud-Dərari" 6/ 112/ 2.)
Onlar bu bütləri düzəltdikləri zaman onlara ibadət etmirdilər. Çünki bunun qadağan olunduğunu bilirdilər. Onların alimləri bu bütlərin qoyulmasına icazə verdikləri zaman böyük bir qəbahətə yol verdilər. Şeytan onlara vəsvəsə etdi: “bütləri düzəldin ki, olara baxdıqda ibadət yadınıza düşsün”. Çünki insanlar onlar üçün darıxırdılar. Bu bidətdir. Uzun illər keçsədə belə Nuhun qövmünün bidəti onları şirkə gətirib çıxartdı. Buradan da İmam Əhmədin bu sözləri yada düşür. Allah buyurur: "Onun əmrinə qarşı çıxanları başlarına gələcək bir bəladan, yaxud da düçar olacaqları bir əzabdan qorxsunlar". (ən-Nur 63). "Bu bəlanın nə olduğunu bilirsiniz? Bəla – şirkdir. Çünkü, bir kimsə Peyğəmbərin (s.a.v) sözlərindən bəzilərini rədd edəcək olursa, qəlbinə bir miqdar azmaq düşər və sonda da məhv olar" (Şeyx Useymin "Üç əsas" şərhi.)
Onların niyyətləri gözəl idi. Salih insanların bütlərini qoyduqda niyyətləri, onlara çox ibadət etmələrini xatırlamaq idi. Onlar şirk qoşmaq haqda heç düşünmürdülər. Ona görə də gözəl niyyət haramı halal etmir. Saleh kimsələr öldükdən sonra, elm yaddan çıxandan sonra şeytan öz vəsvəsəsini etdi. Ümmətdə alimlərin yeri onda bilinir.

Artıq onlarda belə bir etiqad yaranmışdır ki: Mən bu qəbrin ətrafına gəlib burada Allaha dua etsəm, qurban kəssəm, nəzir desəm daha tez qəbul olunar, nəyinki evimdə oturub dua etsəm. Vaxt keçdikcə artıq salih inanlar üçün düzəldikləri bütlərdən istəməyə başladılar. Ey filankəsin cəddi Allaha dua et ki, bizə şəfa versin. Şeytan bir başa onlara şirki göstərərək demədi ki: “Gəlin Allaha şərik qoşun”. Çünki bilirdi ki, bunu bir başa etsə heç kəs qəbul etməz. Mərhələ-mərhələ, addım-addım gəldi. Halbuki, Adəm ilə Nuh arasında on əsr var idi. Bütün insanlar da bir din üzərində idilər.

Xatırlama - İblis Adəm (aleyhissalama) necə vəsvəsə etdi? Allah Adəmə əmr etdi ki – “Bu ağacdan yemə! Qalan nə istəyirsənsə et!” Lakin şeytan ona vəsvəsə edərək dedi ki: “Bilirsənmi ki, Allah sənə bu ağacdan yeməyi nə üçün qadağan edib?” Adəm dedi: “Xeyr”. Şeytan: “Çünki, sən bu ağacdan yesən sənə əbədi həyat və tükənməz bir mülk veriləcəkdir”. “Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?" (Ta ha 120). Bir başa demədi: “Get, o, ağacdan ye!” İblis Adəmi - əleyhissəlam - aldatdı, onun nəslini isə yaxşı niyyətlərlə aldadır. Salehləri unutmayın, onları ziyarət edin, xatırlayın ki, siz də salehlərdən olasınız. Sonra bir müddət keçdikdən sonra salehləri Allah ilə aralarında vasitəçi edir, bir müddətdən sonra isə bir başa onlara ibadət etməyə təşviq edir və Tövhid əhlinə qarşı çıxaraq belə deyir: “Siz yeni din gətirmisiniz, biz ata-babalarımızdan belə görmüşük, öz əslinizə hörmət etmirsiniz” və s. Uca Allah Nuhun qövmünü suya qərq etdi, Tövhid əhlindən başqa hamı məhv oldu. İllər, əsrlər ötdü, yeni nəsillər gəldi. Onlar da ata-babalarının başına gələni unutdular. Şeytan yenidən öz addımlarını atmağa başladı. Allah yeni Peyğəmbər, yeni kitablar nazil etdi. Rəvayət edildiyinə görə yüz iyirmi dörd min Peyğəmbər gəlib-getdi və beləcə Muhəmməd 9s.a.v) qədər davam etdi. “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır”. (Fatir 6).

Ey mənim qardaşım! İnsanların qınağından, sözlərindən qorxma! Bir şeyi unutma ki, Haqq daima yardıma məzhər olur, lakin bununla birlikdə sıxıntı, çətinliklərlə sınanır. Buna heyrət etmə, çünki bu Rahmənin sünnətidir. “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik…”. (əl-Ənam 112). O, halda bizim ümüdsüzliyə qapılmağımız caiz deyildir. Çünki gözəl aqibət təqva əhlinindir. Məgər Nuha (aleyhissalama) qarşı çıxmadılar, və ya digər Peyğəmbərləri incitmədilər? Onlara da: “Siz ata-babalarınıza hörmət etmirsiniz, əcdadlarınıza qarşı çıxırsınız”- deyirdilər. Elə zənn edirdilər ki, bunu etməklə öz əcdadlarına hörmət edir və haqlarını qoruyurlar. Salehləri şişirtməyin nəticəsi bax budur.

4) Şirkin yaranmasının səbəblərindən biri də insanların Peyğəmbərlərin, salehlərin gəzdikləri, oturduqları yerləri əhatəyə alaraq oraları üstün saymalarıdır. Şirkin qarşısını almaq üçün – Peyğəmbər (s.a.v) və Səhabələr şirkə aparan kiçik bir şey olsa belə onun qarşısını dərhal alardılar. Ölüm anında olan Peyğəmbərin (s.a.v) düşündüyü Tövhid, şirkin qarşısını almaq idi. Bu, məslənin nə dərəcədə mühüm olduğunu göstərir. Çünki salehlərin qəbirlərini şişirtmək sonda onlara ibadətə gətirir ki, insanlar da bunun dindən olduğunu zənn edirlər. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Allahım! Qəbrimi ibadət olunan büt (vasan) etmə! Öz Peyğəmbərlərinin qəbirlərini məscidlərə (ibadət olunan yerə) çevirən bir qövmə Allahın şiddətli əzabı düçar olar” .(Məlik 1/ 172, Əhməd 2/246, Əbu Yala 6681, əl-Albani “Səhih”. )
Peyğəmbər (s.a.v) buyurdu: "Allah Peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirən Yəhudilərə və Xristianlara lənət etsin"
(əl-Buxari, Muslim.)
Həmiçinin – Peyğəmbər (s.a.v) Lat, Uzza, Manat adlanan bütlərin dağıdılmasını əmr edir. Yunus ibn Bukeyr, Əbu Xalidə Xalidi ibn Dinar, Əbu Aliyəyə dedi: "Tustəri fəth etdiyimiz zaman Hurmuzun mal saxladığı evin başında yazı olan ölü bir bədənin uzanmış olduğu bir çarpayı tapdıq. Onu Ömər ibn Xattabın (r.a) yanına gətirdik. Kəbi çağırdı və o, yazını ərəbcəyə çevirdi. Mən ərəblərdən o, yazını oxuyan ilk insanam. Bu Daniel deyilən birisi idi. O, nə zaman ölmüşdür? dedim. Üç yüz ildir. Ondan dəyişən nədir. Başında bəzi saçlarından başqa heç bir şey dəyişilməmişdi. Belədir, çünkü Peyğəmbərlərin ətlərini torpaq çürütməz. İnsanlar ondan nə diləyərdilər? Göy üzü tutulduğu zaman onun cəsədini çıxararaq yağmur gözləyərdilər”. Dedim: “Siz nə etdiniz?” Gündüz vaxtı bir-birindən ayrı on üç qəbir qazdıq, gecə olduqda isə onu birində dəfn etdik və qəbiri yerlə düz etdik ki, insanlar başa düşməyib sonradan gəlib qazmasınlar". Səhabələrin hərəkətinə nəzər salın. Ömər: “Oranı əhatəyə alın, təmiz saxlayın, gələcək nəsillər üçün qoruyun”- demədi. Əksinə şirkin qarşısını dərhal alaraq belə yerləri yerlə bir edərdilər ki, insanlar axtarıb tapmasınlar. Şirkin qarşısını almaq Tövhidi qorumaqdır.
Həmçinin - Ömər (r.a) beyət ağacının kəsliməsini əmr etdi. Çünki, insanlar artıq oranı ibadətgah etmişdilər. Ağaca iplər, cürbəcür əskilər bağlayıb, ətrafında təvaf edir, bərəkət diləyirdilər. Ömər (r.a) təhlükəni görüb ağacın kəsilməsini əmr etdi. Qureyşdə şirk necə başladı? Nuhun qövmündən qalan bütlər torpağın altından çıxdılar.
Allahu Əkbər! Alaq otlar olur ki, təmizləyirsən yenə də çıxır. Şirk də belədir, qarşısını alırsan başqa yerdən çıxır. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) ilə birlikdə Səmud qövmünün ərazisi olan Hicr ərazisinə gəldik. Oranın quyularından su aldıq və xəmir yoğurduq. Peyğəmbər (s.a.v) aldığımız suları boşaltmağımızı və yoğurduğumuz xəmirləri isə dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər : "Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu qövmün yurduna girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir bənzəri sizlərə də toxunmasından qorunmaq üçün onların yurdlarına girməyin.
(Muslim 2980 – Hicr – Mədinə ilə Şam arasında bir vadinin adıdır. Bura Salehin (aleyhissalamın) qövmü olan Səmudun mərkəzi idi. Allah bu qövmü Peyğəmbərinə itaət etmədiklərinə görə məhv etmişdir. Tarixçilər Səmudu Nuhun nəslindən sayırlar. Səmud ibn Cabir ibn İram ibn Şam ibn Nuh. Saleh İbrahimdən əvvəl yaşamışdır. Quran surələrinin adlarından da biri əl-Hicr surəsidir. Maraqlananlar bu surəyə baxa bilərlər.)

Subhənəllah! Peyğəmbər (s.a.v) Allahın qəzəbinə uğramış qövmlərin ərazisindən keçdikdə qorxaraq, ağlayaraq keçərdilər. İbn Teymiyyə Hira mağarası haqqında deyir ki: "Peygəmbər (s.a.v) peygəmbərlikdən öncə orada ibadətə çəkilərdi. İlk olarak vəhy orada ona nazil oldu, lakin ona vəhyin ilk enməsindən sonra bir daha o, mağaraya çıxmadı, ona nə özü, nə səhabələri yaxınlaşmadı. Peygəmbərlikdən sonra Məkkədə on il qaldı. O, mağaranı ziyarət etmədi, oraya qalxmadı. Eyni şəkildə Məkkədə onunla birlikdə olan möminlər də oraya çıxmadılar. Peyğəmbər (s.a.v) hicrətdən sonra Hudeybiyyə ümrəsinə və Məkkənin fəthi vaxtı Məkkəyə gəldi və orada iyirmi gün qaldı. Lakin Hira mağarasına getmədi və oranı da ziyarət etmədi”.
(Məcmuul-Fətava 27/ 251. )

5) Müsəlmanlar evlərində doğru əqidəni övladlarına öyrətməkdən məhrum olublar. Valideyin dindən başqa övladına hər bir şeyi öyrədir, evlənməyi, pul qazanmağın yollarını və s. Qəzet və jurnallar insanlara yalnız əyləncəni öyrədir. İmam Malik deyir ki: "Bu ümmətin əvvəli nə ilə islah olunmuşsa (düzəlmişsə, nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla islah olunur. O, gün din olmayan heç bir şey, bu gün də din olmaz"
(Qadi İyad "əş-Şifa" 2/ 88. )
İbn Abbas (r.a) rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin (s.a.v) tərkində idim. O, buyurdu: "Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəyəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə! Kömək istədikdə Allahdan kömək istə! Bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar, sənə Allahın yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə toplansalar, sənə Allahın yazdığından artıq zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur" .
(ət-Tirmizi 2516. əl-Albani "Səhihul-Cəmi" 7834.)
Başqa bir rəvayətdə: (Peyğəmbər ): "Allahı qoru ki, Onu öz önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin (pis) günündə yada salsın. Bil ki, səndən yan keçən bəla sənə toxunmamalı idi. Başına gələn bəla isə səndən yan keçməməli idi. Bunu da bil ki, (Allahın) yardımı, zəfəri - səbrlə birlikdədir. Qurtuluş – kədər və sıxıntı ilə bərabərdir və şübhəsiz ki, hər bir çətinliklə birlikdə - asanlıq vardır"
(əl-Albaninin tədqiqi ilə "Riyadus-Salihin" 63.)

6) İnsanların Quran və Sünnədən uzaqlaşaraq dünyaya bağlanmaları, Allahı unutmaları. Dünya nemətlıri, var-dövlət çoxaltmaq, vəzifə dalıyca qaçmaq və s. işlər insanı Rəbbindən uzaq etmişdir. "…Dünya malı axirət yanında yalnız cüzi bir şeydir". (ət-Tövbə 38). Zeyd ibn Sabit (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurmuşdur: “Kimin niyyəti dünya malı əldə etmək olarsa, Allah onun işlərini puç edər, yoxsulluğu onun gözləri arasına qoyar, dünya malından da ona yalnız qədərinə yazılmış şeylər nəsib olar. Kimin də niyyəti Axirəti qazanmaq olarsa, Allah onun işlərini yoluna qoyar, onun qəlbini zəngin edər, dünya malı isə ona ram edilmiş halda gələr”.
(İbn Macə 4105, 4244. əl-Albani səhih olduğunu bildirmişdir.)

Ərəblərdə günahlar elə bir həddə çatmışdı ki, heç bir qövm və tayfada belə bir azğınlıq olmamışdı. İçki evlərdə çəlləklər halında saxlanılır, qız uşaqları diri-diri basdırılır, 10 nəfər bir qadınla yaxınlıq etdikdən sonra qadın uşağı xoşuna gələn kişiyə isnad edirdi. Riba o, qədər çox idi ki, Kəbəni tikəndə söz verdilər ki, yalnız halal puldan tiksinlər. Bu qədər günahlar ola-ola Peyğəmbər (s.a.v)heç birindən başlamadı. Dəvətini yalnız Tövhiddən başladı. Çünki, bütün bu sadaladıqlarımız günahlar bağışlanandır. Bu gün müsəlmanlar şirkdən başqa hər şeydən danışırlar, xilafət qurmaq, təkfir etmək və s. Allahın haqqı tapdalanır, danışan isə yoxdur. İnsan¬ların haqqı tapdalanan kimi danışırlar. Şirk qulun Cəhənnəmdə əbədi qalması¬na, əməllərinin puç olmasına, illərlə etdiyi əməllərin itməsinə, yox olmasına səbəbdir. Allah müşrikə Cənnəti haram etmişdir. Günahlar isə belə deyildir.

Tövhidin Faydaları Və Səmərələri -
1. Tövhidi həyata keçirən, haqqını verən bir qul hesaba çəkilmədən, əzaba uğramadan Cənnətə girəcəkdir.
2. Tövhidi gerçəkləşdirmək günahların bağışlanması və kəffarəsidir.
3. Dünya və axirətin sıxıntısı, qəmi, kədəri və əzabından qurtulub hüzura və rahatlığa çıxmağın ən böyük vəsiləsi və səbəbidir. 4. Tövhid qəlbdə xardal dənəsi ağırlığından daha az miqdarda olduğu zaman Cəhənnəmdə əbədi qalmaqdan qurtulmaqdır.
5. Sahibinə hidayəti, kamilliyə çatmağı, dünya və axirətdə əmin-amanlığı təmin etməkdir.
6. Tövhid, Allahın razılığına və savabına nail olmağın yeganə səbəbidir.
7. Zahiri və batini bütün əməllərin və sözlərin qəbulu, kamilliyə və savaba çatmaq tövhidə bağlıdır.
8. Tövhid qulun yaxşılıq edib, pislikdən çəkinməsini asanlaşdırır. Onu müsibətlərə qarşı səbrli edir.
9. Tövhid qəlbdə tam olduğu zaman Allah onun sahibinə imanı sevdirir. Qəlbində onu gözəl göstərir. Küfrü, üsyanı və günahı isə ona çirkin göstərir.
10. Tövhid qulu yaradılmışlara qul olmaqdan, onlara bağlanmaqdan qurtarır. Həqiqi və ən yüksək izzət və şərəf də elə budur. 11. Tövhid qəlbdə tam və kamil olduğu və tam bir ixlasla yerləşdiyi zaman əməlin azı çox olur, əməllərin və sözlərin mükafatı sayılmayacaq miqdarda qat-qat artır. Qulun tərəzisində onun ixlası göylər və yerin qarşılamayacağı qədər ağır gəlir.
12. Allah tövhid əhli olan quluna dünyada və axirətdə izzət və şərəfi, hidayəti, asanlığı, xeyirli söz və əməllərində isabətli olmağı zəmanət verir.
13. Allah iman əhli Muvahhidləri dünya və axirətin pisliklərindən qoruyur və onlara təmiz, gözəl bir həyat bəxş edir.

Tövhid ilə yanaşı Muvahhid bir kimsədə şirkə düşmək qorxusu (ondan qorunmaq) da olmalıdır. Çox az bir kimsə öz Tövhidinə görə qorxur. Bu Tövhidi istəyən, həris olan bir kimsə mütləqdir ki, şirkdən qorxmalı və ondan qaçmalıdır. O, qorxu daima Muvahhidin qəlbində olmalıdır, qəlbi daima Allahdan qorxan kimsə isə daima Allaha itaətdə olacaq, Allahdan bağışlanma diləyəcək və şirkdən qaçacaqdır. Şirkə düşməmək üçün də insan şirkin bütün növlərini bilməlidir. Şeytanın ən başlıca məqsədi insanları şirkə salmaqdır. Çünki, bunu Allaha vəd vermişdir: “İblis dedi: "Onların dirildiləcəyi günə qədər mənə möhlət ver". Allah dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdənsən". İblis dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən". Allah buyurdu: "Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam”. (əl-Əraf 14-18). İbrahim (aleyhissalam) dua edərək onu və ailəsi üçün Allahdan istəyir ki: "…Məni və övladlarımı bütlərə tapınmaqdan uzaq elə!" (İbrahim 35). Əgər möminlərin imamı və Allahın dostu, öz qövmünə qarşı mübarizə aparan, bütləri sındıran kimsə şirkə düşməkdən qorxurdusa, deməli bütün müsəlmanlar Allaha şərik qoşmaq təhlükəsinə görə qorxu hissi keçirməlidirlər. Bundan sonra kim əmin ola bilər?

Bu gün insnları Tövhidə çağıran, onlara şirkdən qaçmağı və şirkə düşməməyi öyrədən - insanların ən xeyirlisi və ən gözəl bir şeyə çağıranıdır. Günümüzdə insanları Tövhidə dəvət edənləri görürsən ki, incidir, təhqir edirlər, “sən düz danışmırsan”, “biz ata-babalarımızı belə görmüşük” və s. Bu kimi sözlər deyirlər. Sələflər deyirlər ki: “Əgər onlar nəyə dəvət olunduqlarını, Tövhidin mahiyyətini bilsəydilər, mən onlar üçün atalarından, analarından belə əziz olardım”. Lakin siz anlamayan bir qövmsünüz. Bunu Allahın haqqını bilən kimsə bilə bilər.

Şükürlər olsun aləmləri Rəbbi olan Allaha! Şükürlər olsun ki, verdiyi nemətlər sayəsində bu kitabı tərcümə edib toplaya bildik. Allaha nə qədər şükr etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini verə bilmərik. Çünki Uc Allahın bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, bunun da şükrə ehtiyacı vardır. Necə ki, Davud (aleyhissalam) buyurur: "Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim". Allah: "İndi Məni tanıdın və Mənə şükr etdin, ey Davud! Çünki, şükr etməyin də Mənim bir nemətim olduğunu bildin". (Başqa rəvayətdə: "Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə, yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram"(İmam Əhməd "Kitəbuz-Zuhd" 361, 362. )

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. "Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildə¬cək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85).


Tarix: 10.04.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1913 Bölmə: Maraqlı melumatlar