beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailə Qurmaq Həm Də Ibadətdir

Evlənmək ibadət məqsədilə də
olsa, subay qalmaqdan daha
yaxşıdır
Bir kişi ilə bir qadın arasında
Allahın qoyduğu prinsiplər
çərçivəsində olan əlaqə "evlilik"
adlanır. İslam dinində evlənmək
ibadət sayılır. Evliliyin, yəni kəbin
kəsdirməyin əsas səbəblərdən
biri də nəslin artırılmasıdır.
Kəbin lüğətdə "əlavə etmək",
"toplamaq" və "müqavilə
imzalamaq" deməkdir. İslam
hüququnda isə "evlilik
müqaviləsi" mənasında işlədilir.
Dini istilahda kəbin belə ifadə
edilir: "Evlənmələri qadağan
olmayan bir oğlanla bir qızın
arasında bağlanan, müştərək
həyat və nəsli davam etdirmək
üçün bir əlaqə meydana gətirən
müqavilədir". Kəbində hər iki
cinsin bir-birinin imkanlarından
istifadəetmə və birinin digəri
üzərində haqqı, bir-biri
qarşısında məsuliyyəti mənası da
var.
Kəbindən sonra qadın özünə aid
haqqlara sahib olur və malik
olduğu malı istədiyi kimi istifadə
edəbilmə səlahiyyətini özündə
saxlayır. İslamaqədərki
bütpərəstlik qaydalarından fərqli
olaraq İslam hüququnun gətirdiyi
prinsiplər çərçivəsində qadının
hüquqları xeyli genişdir.
Uca Allah Qurani-Kərimdə
insanların evlənməsini istəyir.
Evlənməyə gücü çatmayanların
evləndirilməsini isə cəmiyyətin
borcu olduğunu söyləyir və
onların ruzisini Özünün
verəcəyini bildirir: "Aranızdakı
subay kişiləri, qul və
kənizlərinizdən əməlisaleh
olanları evləndirin. Əgər onlar
yoxsuldurlarsa, Allah onları Öz
lütfündən varlandırar. Axı Allah
genişürəklidir, biləndir" ("Nur"
surəsi, 24/32).
İslam hüququna görə, kəbin
kəsdirmək, evlənmək həm də
ibadətdir. Çünki kəbinin şərtlərini
İslam bildirir. Kəbin kəsdirib
evlənənlərin də
mükafatlandırılacaqları
müjdələnir. İbnul-Humam (ö.
861/1457) belə deyir: "Kəbin
kəsdirmək ibadətlərə daha
yaxındır. Hətta evlənmək, ancaq
ibadət niyyəti ilə subay
qalmaqdan daha yaxşıdır" (İbnul-
Humam, "Fəthul-Qadir",
Bulaq-1315, II, 340). Bu islam
dininin rahibliyə münasibətini də
dəqiq ifadə edir.
İslamda kəbin kəsdirilərkən,
evlənmək istəyən qızla oğlanın
yaxud, hüquqi nümayəndələrinin
və şahidlərin xaricində hansısa
din xadiminin olması məcburi
deyil. Ancaq rəsmi olaraq
qeydiyyatdan keçməsi üçün
həmin məsələyə baxan məmurun
olması əsasdır və mütləq
qeydiyyatdan keçirilməlidir. "Din
adamı" ifadəsi yanlış olduğu kimi
belə bir adamın da kənardan
gətirilib kəbində oturdulması
məqsədəuyğun deyil. Kəbində
dua edilir. Bunu isə evlənən
şəxslər yerinə yetirə biləcəyi kimi,
ailə üzvlərindən başqa biri də icra
edə bilər.
Bu gün cəmiyyətimizdə rəsmi
dövlət qeydiyyatından əvvəl "din
bilginləri"nə kəbin kəsdirilir.
Hətta bəziləri həmin evliliyin Allah
yanında mötəbərliyini göstərmək
üçün əvvəlcədən hazırlanmış
kağız da verirlər. Daha sonra
uşaq olandan sonra Vətəndaş
Vəziyyəti Aktlarının Dövlət
Qeydiyyatı İdarəsinə (VVADQ)
müraciət edilir. Hətta elə ailələr də
var ki, heç rəsmi evlilikləri yoxdur.
Bunlar əsla düz deyil. İslam bu
cür evliliyə müsbət yanaşmır.
Xristian cəmiyətlərində kəbinin
dini yoxsa, mülki vəziyyət olduğu
ən çox mübahisə edilən
məsələlərdən biri olmuşdur. Bəzi
xristian ölkələrində kəbin
bütövlükdə kilsələrdə kəsildiyi
halda, bəzilərində dövlət
müəssəsələrində qeydiyyatdan
keçirilməsi vacibdir. 1787-ci ilin
noyabr ayında Fransada çıxan
kral buyruğu ilə katolik
məzhəbində olmayanların
istəsələr, yaxınlıqdakı kilsədə və
ya yaşadıqları məhəllənin hakimi
qarşısında kəbin kəsdirə
biləcəkləri qəbul edilmişdir.
Bunlardan birincisi, dini, ikincisi
isə mülki kəbin sayılıb. Hazırda da
xristianlarda kəbini dini ayinlərlə
ruhanilər kəsir. Bəzi xristian
ölkələri sonradan mülki evliliyi
qəbul etməklə yanaşı, əvvəlcə dini
kəbinin kəsdirilməsini şərt
qoşmuşlar. Məsələn, Yunanıstan
və Ruminiyada mülki kəbindən
əvvəl dini kəbinin kəsdirilməsi
əsas qəbul edilir. ABŞ, İngiltərə və
Skandinaviya ölkələrində isə
cəmiyyət istədikləri kimi kəbin
kəsdirmə haqqına sahibdir. Ailə
həyatı quracaq insanların
seçiminə uyğun olaraq kilsədə,
yaxud nigah məmurunun
önündə kəsilən kəbinlə əlaqəli
sənədlər daha sonra lazım olan
dövlət müəssəsələrində
birləşdirilir. Bəzi ölkələrdə isə
mədəni evlənmə şəkli məcburi
olaraq qəbul edilib. Hollandiya,
İsveçrə, Türkiyə və Azərbaycan
kimi ölkələri buna nümunə
göstərmək olar. Bu dövlətlərdə
rəsmi məmur tərəfindən
kəsilməyən kəbin qəbul edilmir.
İslam evlənməyi tərk edib
ibadətlə məşğul olmağı yaxşı
qarşılamır
Bir dəfə üç nəfər Hz.Peyğəmbərin
yanına gələrək, onun necə ibadət
etdiklərini soruşdular. Onlara
Rəsulullahın ibadəti haqqında
bilgi verildi. Az olduğunu görüb
təəccüblə: "Biz Peyğəmbərlə bir
ola bilərik? Onun keçmiş və
gələcək günahları bağışlanıb", -
dedilər. Onlardan biri bütün
gecəni namaz qılmaqla
keçirəcəyini, başqası hər gün
oruc tutacağını və üçüncüsü də
qadınlara yaxınlaşmayacağını
bildirdi. Bu xəbər Hz.Peyğəmbərə
çatdırıldı. Allah Rəsulu onları
yanına çağırdı: "Allaha and olsun
ki, mən sizin Allahdan ən çox
qorxanınızam. Ondan ən çox
çəkinən də mənəm. Bəzən oruc
tutur, bəzən də orucumu açıram.
Namazlarımı da qılar, bəzən də
uzanıb istirahət edirəm.
Qadınlarla da evlənirəm. Mənim
yolumdan üz çevirən məndən
(mənim ümmətimidən) deyil
(Buxari, "Nigah", 1; Muslim,
"Siyam", 74, 79), - buyururaraq,
insanın təbii ehtiyaclarını təmin
etməyin İslamın gətirdiyi
prinsiplər olduğunu bildirib.
Kəbinin şərtləri
İslam alimlərinin əksəriyyətinə
görə, evliliyin altı əsas şərti var:
1.Hər iki tərəfin qəbulu, 2.Qadın,
3.Kişi, 4.Şahidlər, 5.Mehir və 6.
Elan (toy).
Bugünkü İslam alimləri isə dövlət
qeydiyyatından keçməyi və
kəbinin rəsmiləşdirilməsini də
əsas şərt kimi qəbul edirlər. Hər
iki tərəfin qəbulu isə "Mənimlə
evlənməyi qəbul etdinmi?"
təklifinə qarşı tərəfin "qəbul
etdim" şəklində cavabı əsas
hesab edilir.
Təklif və qəbul
Təklif və qəbulda bunlara riayət
etmək lazımdır:
1. Hər iki tərəf evlənmək
istədiklərini kəbin kəsilən yerdə
açıqlamalıdır. Təklifdən dərhal
sonra, cavab verilməlidir.
2. Təklif və qəbul hər yöndən bir-
birinə uyğun olmalıdır. Bunların
arasında hiylə, səhv və ayrılıq
varsa, kəbin sayılmaz.
3. Təklif və qəbul hər iki tərəf və
şahidlər tərəfindən eşidilməli və
başa düşülməlidir. Ancaq lal və
karlar xüsusi işarələrlə istəklərini
yerinə yetirə bilərlər.
4. Təklif və qəbulda işlədilən
sözlər başa düşülən olmalıdır.
Kəbində valideynin rolu
Ağlı yerində olan kişi öz iradəsiylə
istədiyi qızla evlənə bilər. Vəkil
vasitəsi ilə evlənmək də
mümkündür. Lakin mütləq qızı
görməlidir. Evlənəcək yaşa çatan,
həddi büluğda olan bir qız da
valideynlərinin razılığı olmadan
ərə gedə bilər. Lakin valideynin
razılığını almaq daha yaxşıdır.
"Əhzab" surəsinin 50-ci ayəsi də
qadının kəbin kəsilərkən, qarşı
tərəf ola biləcəyini göstərir
("Əhzab" surəsi, 33/50). "Bəqərə"
surəsinin 230-cu ayəsində də bir
oğlanla evlənərkən qadın qarşı
tərəf olaraq göstərilib.
Hz.Peyğəmbər: "Subay qadın özü
haqqında valideynindən daha
çox haqq sahibidir", - (Əbu
Davud", "Nigah", 25; Tirmihi,
"Nigah", 18; İbn Macə, "Nigah",
11; Darimi, "Nigah", 13)
buyuraraq bu məsələyə öz
münasibətini bildirmişdir.
Bəzi valideynlər bundan sui-
istifadə edirlər. Övladlarını ancaq
öz istədikləriylə evləndirməyə
çalışırlar. Lakin unudurlar ki,
ömür boyu bir yastığa baş
qoyacaq valideyn yox, övladıdır.
Bu məsələdə valideynlərin sadəcə
öz təcrübələrindən istifadə
edərək onlara məsləhət vermələri
daha məqsədəuyğundur. Onları
məcbur etməyə ixtiyarları yoxdur.
Kəbində şahidlər və şahidlik
Bütün müqavilələrdə olduğu kimi,
evlilik müqaviləsi olan kəbində
şahidlərin olması daha sonra bir
narazılığın çıxması anında hər iki
tərəfin haqqının qorunmasına
xidmət edir. Şahidin əsas rolu
kəbində hər iki tərəfin bir-birinə
etdiyi təklifi və cavabı aydın
şəkildə eşitmələri və başa
düşmələrindən ibarətdir. Buna
görə, şahidlərin eyni yerdə və
birlikdə olmaları lazımdır. Ayrı-
ayrı yerlərdə və ya başqa
vaxtlarda şahidlik edənlərin
şahidlikləri qəbul edilmir. Hər
yerindən duranı da şahid olaraq
seçmək olmaz. Bunun üçün
şahiddə aşağıdakı cəhətlər
olmalıdır:
1. Yetişkin olmalıdır. Dəli və
uşaqların şahidlikləri qəbul
edilmir.
2. Mütləq iki şahid olmalıdır.
3. Şahidə heç bir təzyiq
olmamalıdır.
4. Şahid müsəlman olmalıdır. Hər
iki tərəfin müsəlman olduğu bir
evlənmədə hər iki şahidin də
müsəlman olması, əsas qəbul
edilib. Çünki müsəlman
olmayanın müsəlmanın üzərində
vəlayət haqqı yoxdur (baxın,
"Nisa" surəsi, 4/141).
5. Şahidin kor olması onun
şahidliyinə mane sayılmır. Eşitmə
və başadüşmə qabiliyyətlərinin
olması kifayətdir.
6. Şahidlər evlənmək istəyənlərin
qohumlarından ola bilər.
Söz kəsmək kəbin sayılırmı?
İki valideyn öz arasında
"uşaqlarımızı böyüyəndə
evləndirərik", deyərsə, kəbin
kəsilmiş sayılmır. Söz vermək
kəbinli olmaq deyil. "Qızımı
oğluna verəcəyəm... Mən də
oğluma alacağam", sözünü
vermək kəbin kəsdirmək yox,
sadəcə vədləşməkdir. Sözündən
dönmək hər nə qədər çirkin bir
davranış olsa da hüquqi yöndən
bağlayıcı deyil. Yəni "o vaxtı elə
demişdim, amma indi o fikrimi
dəyişdirdim" desə, heç nə
dəyişməz. Uşaqlar da həmin
vaxta qədər kəbinli sayılmazlar.
Ancaq bu cür vədləşmələr İslam
tərəfindən yaxşı qarşılanmır.
Uşaqların böyüməsini gözləmək
və özlərinin istədikləri ilə
evlənməsi daha yaxşıdır. Əks
təqdirdə uşaqlar bir-birini
istəməsələr, heç də yaxşı olmayan
hallar meydana gələr.
İkinci dəfə kəbin kəsdirmək
lazımdırmı?
Bəzi məscidlərdə mollalar,
axundlar və imamlar kəbini
təzələmək duası oxuyurlar.
VVADQ-dan rəsmi qeydiyyatdan
keçən insanlar müxtəlif
səbəblərlə yenidən kəbin
kəsdirməyi vacib əməl sayırlar.
Əgər ailə rəsmi qeydiyyatdan
keçibsə (mehir məsələsi tərəflər
arasında razılaşdırıbsa), din adı
altında kəbin kəsdirməyə ehtiyac
yoxdur. Hz.Peyğəmbərin
zamanında ikinci dəfə kəbin
kəsdirmək məsələsi olmamışdır.
Allah Rəsulu da bir çox insanın
kəbinini kəsib.
İkinci dəfə kəbin kəsdirməyin
istər məsciddə olsun, istər evdə
İslamla heç bir əlaqəsi yoxdur.
Çünki kəbin kəsdirmək kişi ilə
qadını bir-birinə ömürlük
bağlayan bir müqavilədir.
Boşanma olmadığı müddətdə bu
müqavilənin qüvvədən düşməsi
mümkün deyil. "Kəbin təzələmək"
ifadəsi, ümumiyyətlə yanlışdır.
Çünki kəbin köhnələn, xarab olan
bir nəsnə deyil ki, onu
yeniləşdirəsən. Kəbin ya var, ya
da yoxdur. Varsa, təzələmək lazım
deyil. Kəbinin insan qarşısında
qoyduğu vəzifələri yerinə
yetirmək lazımdır.
Kəbinin qeydiyyatdan keçirilməsi
Əvvəllər kəbinləri dövlətin rəsmi
nümayəndəsi olan, həm də dini
məhkəmə rəisi sayılan qazılar
(qadı) şahidlərin hüzurunda
kəsərdilər. Hazırda isə bu işə
rəsmi olaraq Vətəndaş Vəziyyəti
Aktlarının Dövlət Qeydiyyatı
İdarəsi nəzarət edir.
Qeydiyyatdan keçməyin əsas
olması qadının hüquqlarını
qorumaq üçündür. Çünki
başqalarına kəsdirilən kəbindən
sonra kişi istədiyi vaxt qadını
boşaya bilər. Əks təqdirdə, lazım
gələrsə qadının heç bir
məhkəməyə müraciət etməyə
hüququ əsası olmaz. Nəticədə isə
ortaya xeyli problemlər çıxa bilər.
Əvvəllər kəbinlərin məsciddə
kəsdirilməsi evliliyin əhəmiyyətini
göstərmək üçün idi. Hazırda isə
kəbin rəsmi dövlət idarəsinin
qeydiyyatla məşğul olan
məmurlarına kəsdirilməlidir.
Yuxarıda İslamın tələb etdiyi
şərtlər yerinə yetirildiyi təqdirdə
həmin kəbinin VVADQ-da
qeydiyyatda keçirilməsindən
sonra kimlərəsə təkrar
kəsdirməyə ehtiyac yoxdur. Hər
kəs, o cümlədən evlənənlər Allah
qarşısında şəxsən
cavabdehdirlər. Bunu yalnız şəxs
özü müəyyən edir və əməlləri ilə
bu məsuliyyətin mövcudluğunu
sübut edir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 278 Bölmə: Maraqlı melumatlar