beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kafirə rüqya oxumaq

Sual: İslama dəvət məqsədilə kafir bir kəs üçün rüqya (Qurani Kərimdən, səhih sünnədən dualar) oxumaq olarmı? Belə ki, rüqya yaxşı nəticə verərsə, ola bilsin ki, həmin insanda islam dininə qarşı rəğbət oyansın və maraqlansın, sonradan islamı qəbul etsin. Əlbəttə, həmin insana rüqyanın özündə heç bir qüvvənin olmadığını, nə baş verirsə Allah Təalanın izni ilə olduğunu əvvəlcədən bildirəcəyik. Allah sizi xeyir ilə mükafatlandırsın.

Cavab:
Həmd Allaha məxsusdur.

Kafir bir insana rüqya oxumamaq üçün heç bir səbəb yoxdur. Allah Təala Qurani Kərimdə qulları üçün şəfa yaratmışdır, necə ki, balda, yağda və digər əşyalarda yaratmışdır. Bunlar şəfa tapmaq üçün vasitələrdir və Allah Təala isə Şəfa Verəndir, nəticədə qeyd etdiyiniz qeyri-müsəlman biri üçün rüqya oxumaqda heç bir yanlışlıq yoxdur. Əlalxüsus da, bunu etməklə həmin insanın islamı qəbul edəcəyini ümid edirsinizsə, bu daha mühüm əhəmiyyət kəsb edir.

Həmçinin, səhih bir hədisdə rəvayət olunanlar qeyri-müsəlman biri üçün rüqya oxumağın icazəli olduğu rəyini daha da gücləndirir. Əbu Səid, (Allah ondan razı olsun), demişdir: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) səhabələrindən bir camaat səfərə yola çıxır və ərəb qəbilələrindən birinin yanına yaxınlaşırlar. (Qəbilə mənsubları İbn əl-Qeyyim “əl-Mədaric” əsərində qeyd etdiyi kimi ya kafir, ya da çox xəsis bir camaat idilər). Səhabələr (həmin ərəb qəbiləsindən) onları qonaq etmələrini xahiş edirlər, lakin onlar bunu etməkdən imtina edirlər. Daha sonra qəbilənin başçısını (əqrəb) sancır və onlar bunu müalicə etmək üçün hər bir yola baş vururlar, lakin heç bir şeyin faydası olmur. Onlardan bəziləri: “Bəlkə yaxınlıqda qalan həmin insanların yanına gedək? Bəlkə onlarda bunun üçün nə isə bir şey var. Beləliklə onların yanına gedib deyirlər: “Ay camaat, bizim başçımızı (əqrəb) sancıb və biz müalicə etmək üçün hər bir yola baş vurduq, lakin heç bir şeyin köməyi olmadı. Sizdən kimdəsə bir şey varmı? Səhabələrdən biri dedi: Bəli, Allaha and olsun ki, var. Mən onun üçün rüqya oxuyaram, ancaq biz sizdən bizi qonaq etmənizi xahiş etdik, siz isə bizə heç bir şey vermədiniz, odur ki, Allah haqqı əvəzində bir şey verməsəniz biz sizə rüqya oxuyan deyilik. Beləliklə, qoyun sürüsü vermək qarşılığında razılığa gəldilər, sonra səhabələrdən biri ona (rüqya oxuyaraq) üfürməyə başladı və “Əl-həmdu lilləhi Rabbil aləmin” oxudu. Sonra xəstə gileyləndiyi şeydən tez şəfa tapdı və gəzməyə başladı və onda hər şey qaydasına düşdü. Sonra aralarında razılaşdıqlarını yerinə yetirdilər və səhabələrdən bəziləri dedilər: “Gəlin bunları bölək”. Rüqya oxuyan səhabə dedi: “Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gedib baş verənləri ona danışmadıqca heç bir şey etməyin və baxaq görək Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bizə nə əmr edəcək. Beləcə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına getdilər və baş verənləri ona xəbər verdilər. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Siz hardan bildiniz ki, bu rüqyadır? Sonra əlavə edərək: “Siz düzgün etmisiniz, bunları (qoyunları) bölün və mənə də bir pay ayırın” deyə bildirdi. Sonra Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) təbəssüm etdi. Buxari, 2276; Müslim, 2201

Aşağıda Əl-Hafiz ibn Həcərin, Allah ona rəhmət etsin, hədis ilə bağlı verdiyi şərhlər və faydalar əks olunub:

“Onlardan (həmin qəbilədən) onları (səhabələri) qonaq qəbul etmələrini istədilər”, yəni onlardan qonaqlıq istədilər. Tirmizi ilə yanaşı digər elm əhlindən rəvayət olunan Əmaş hədisində belə deyilir: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bizdən otuz nəfər göndərdi və biz axşam bir camaatın yanında məskən saldıq və onlardan qonaqlıq (qonaq etmələrini) istədik.”

“Bunu müalicə etmək üçün hər bir yola baş vurdular”, yəni əqrəb sancmasına qarşı onu müalicə etmək üçün adətən etdikləri hər bir şəfa üsuluna, ənənəvi yola baş vurdular, doğru olan şəfa üsulunu tapmaq üçün əlindən gələni etdilər.

“Beləliklə onların (səhabələrin) yanına getdilər”. Cabir hədisində Əl-Bəzzar əlavə edir: “Və onlara dedilər: “Eşitdiyimizə görə sizin dostunuz nur və şəfa ilə gəlib. Onlar (Səhabələr): “Bəli” dedilər.

“Sizdən kimdəsə bir şey varmı?” Əbu Davud rəvayət etdiyi hədisdə bunu əlavə edir: “Bizim yoldaşımıza fayda vermək üçün sizdə bir şey varmı?”

“Onlardan bəziləri dedi”. Əbu Davudun rəvayət etdiyi hədisdə deyilir: “Camaat (səhabələr) arasından bir nəfər dedi: Bəli, vallahi mən rüqya oxuyaram.” Bunu söyləyən hədisin rəvayətçisi Əbu Səid idi. Onun rəvayət etdiyi hədisin mətni belədir: “Mən dedim, bəli məndə (bir şey var). Ancaq əvəzində bizə qoyun verməsəniz ona rüqya oxuyan deyiləm.”

Süleyman bin Qəttanın rəvayət etdiyi hədisin sözlərində deyilir: “Mən onun yanına gəldim və Kitabın Açılışını (Fatihə surəsini) oxuyaraq onun üçün rüqya etdim.

“Beləcə onlar razılaşdılar”, yəni razılığa gəldilər.

Bir sürü qoyun qarşılığında”...Əmaşın rəvayət etdiyi hədisdə: “Onlar dedilər: biz sizə otuz qoyun verərik.”
“Sonra ona üfürməyə başladı”, yəni yüngülcə üfürməyə və yaxud azca tüpürcək ilə tüpürməyə başladı.

İbn Əbu Həmzə demişdir: Rüqya zamanı üfürmək oxumaqdan sonra edilir ki, özü ilə qiraətin bərəkətini tüpürcəyin toxunduğu bədən üzvləri hissələrinə daşısın ki, üfürdüyü zaman bərəkət onun tüpürcəyi ilə birgə nəql olunsun”.

“Əl-həmdu lilləhi Rabbil aləmin”. Şöbənin rəvayətində isə: “O onun üstünə Kitabın Açılışını oxumağa başladı.” Əmaşın rəvayətində deyilir ki, o bunu yeddi dəfə oxudu.

“Sonra o sürətlə sağaldı.” Burada (sağalmaq) kimi tərcümə olunmuş “naşata” sözünün mənası “o cəld ayağa qalxdı” deməkdir. Eyni kökdən “racul naşit” ifadəsi gəlir və mənası aktiv və fəal kişi deməkdir.“

“Gileyləndiyi şeydən”. Hədisdə zikr olunan “iqal” (burada “şikayət, giley”) deyə tərcümə olunub, heyvanın qabaq ayağını bağlamaq üçün ipə deyilir.

“Onda hər şey qaydasına düşdü”, yəni problemi aradan qalxdı. Burada problemi “qalabah” (və mə bihi min qalabah-burada “onda hər şey qaydasına düşdü” kimi tərcümə olunub) kimi vəsf etmək olar. Çünki, problemdən əziyyət çəkən şəxs bir tərəfdən digər tərəfə dönür, yırğalanır ki, problemin mənbəyini müəyyən etmək mümkün olsun.

“Siz hardan bildiniz ki, bu rüqyadır?”. Əl-Dəvudi demişdir: yəni, sənə bu barədə nə xəbər verdi...? Məbad ibn Sirinin rəvayətində deyilir: “Ona nə xəbər verdi?” Bu ifadə təəccüb ifadə etmək və eləcə də bir şeyə heyrətini bildirmək üçün işlənir, və bu misalda tamamilə yerinə düşür. Şöbə öz rəvayətində əlavə etmişdir: “Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bunu nəhy etməsi qeyd olunmur. Süleyman ibn Qəttahın rəvayətində “Siz haradan bildiniz ki, bu rüqyadır?” ifadəsindən sonra əlavə var: “Mən dedim: bu mənə bir ilham kimi gəldi”, yəni bunu etmək üçün mənə sanki ilham gəldi.

“Mənə də bir pay ayırın, onlardan mənə də bir az verin”-sanki bunu söyləməklə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onlara qarşı dostca söz atırdı.
Hədis göstərir ki, Allahın Kitabını oxumaqla rüqya etmək olar və bu məsələ “zikr və dua əl-məsur” (Quran və Sünnədə rəvayət olunan dualar) adlı eyni başlığa daxildir və eləcə də Quran və Sünnədə varid olanlara zidd olmadıqca digər dualar da bura daxildir.

Hədis dəlalət edir ki, bir kəs digərinə yaxşılıq etməkdən imtina edərsə, qarşı tərəf eynilə həmin tərəfə eyni davrana bilər. Necə ki, Səhabələr onlara qonaqlıq vermək istəməyən kəslərə rüqya etməkdən imtina etdilər.

Bu hədis eləcə də, dəlildir ki, müəyyən nas olmadığı halda, ictihad etmək olar. Eləcə də səhabələrin köksündə Qurani Kərimin, xüsusilə də Fatihə Surəsinin əzəmətindən, Ona bəslənən ehtiram, hörmətdən bəhs edir və göstərir ki, hər kəsin ruzisi bölünmüşdür, ruzisi təqdir edilən, bölünən kəsin qarşısını heç kəs ala bilməz. Həmin insanlar (qeyri-müsəlmanlar) səhabələrə qonaqlıq verməkdən imtina etdilər, lakin Allah Öz qəzavü-qədərində səhabələr üçün onların malından pay ayırmaq təqdir etmişdi və kafirlər isə bundan imtina etdilər, odur ki, Allah qəbilə başçısının əqrəb tərəfindən sancılmasını istədi ki, səhabələr onlar üçün qədərdə yazılan paylarını götürsünlər. Həmçinin, hədis Allah Təalanın açıq-aydın hikmətini göstərir - belə ki, ən çox cəzaya məruz qalan qonaqlıq verməkdən ən çox imtina edən qəbilə başçısı oldu. Çünki, insanlar adətən öz böyüklərinin, rəhbərlərinin əmrlərinə tabe olurlar. Bir halda ki, rəhbərləri səhabələrə qarşı qonaqpərvər davranmaqdan onları çəkindirmişdir, nəticədə əlinin altında olanlar deyil onun cəzası xüsusi olaraq verilmişdi ki, bu da ən layiqli bir cəza idi.

Məvsuəh əl-Fiqhiyyə əsərində deyilir:
Kafir birinə müsəlmanın rüqya oxumasının icazəli olduğuna dair fəqihlər arasında heç bir ixtilaf yoxdur. Onlar dəlil qismində Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) hədisini irəli sürürlər. Hədis yuxarıda qeyd olunur...Onların dəlili budur ki, yaxınlıqlarında məskən saldıqları və qonaqpərvərlik tələb etdikləri qəbilə kafir idi və Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) isə səhabələrin kafir bir qövmə rüqya oxumasını inkar edib, etirazını bildirmədi.

Ən doğrusunu Allah bilir. (6714)


Tarix: 03.04.2013 / 21:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 495 Bölmə: Maraqlı melumatlar