beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏBİR VƏ ŞÜKÜR

İMAN İKİ CÜRDÜR: SƏBİR VƏ ŞÜKÜR

İman, səbir ilə şükürdən ibarətdir. İman iki sinifdir: bir sinfi səbir, digər sinfi şükürdür. Sələf-salihindən bir çoxları: "Səbir imanın yarısıdır"- demişlər.

Abdullah bin Məsud demişdir: "İman iki sinifdir. Bir sinfi səbir, digər sinfi şükürdür. Bundan əlavə Allah-taala İbrahim surəsində (5), əş-Şura surəsində (33), Səba surəsində (19), Loğman surəsində (31) səbirlə şükrü birləşdirərək: «…Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!…»- buyurmuşdur. İmanın belə təsnif edilməsinin bir çox səbəbləri var.
1. Qəlblə təsdiq və dillə iqrar etmək. Əməl (itaət və ibadət etmək) və niyyətdən ibarət olan iman, əslində iki qisimdir: biri əməl, digəri isə tərkdir. Əməl Allah-taalaya itaət və ibadət deməkdir ki, şükrün mahiyyətir. Tərk isə günahdan uzaqlaşmağa səbir etməkdir. Din bütövlükdə bu iki şeydən ibarətdir. Biri əmr edilənləri icra etmək, digəri yasaqları tərk etməkdir.
2. İman iki əsas üzərində qurulmuşdur. Biri yəqin, digəri səbirdir: Bu aşağıdakı kəlamlarda zikr edilmişdir: «(Çətinliklərə) səbir etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik» (əs-Səcdə, 24). "Yəqin"- əmrin, qadağanın, savabın və cəzanın gerçək mənalarının bilinməsinin qayəsidir. "Səbir" ilə də əmrlərin yerinə yetirilməsi, yasaqlardan nəfsin uzaqlaşdırılması nəzərdə tutulmuşdur. Əmrin, qadağanın, savabın və cəzanın Allah tərəfindən olduğunu təsdiq etmək, ancaq yəqinliklə hasil olur. Əmrləri yerinə yetirməyə davam etmək, qadağalardan nəfsi çəkindirmək, ancaq səbirlə mümkün olur. Buna görə əmrləri yerinə yetirməklə, yasaqları tərk etməklə imanın yarısı səbir, digər yarısı isə şükür olmuş olur.
3. İman söz və əməldən ibarətdir. Söz qəlbin və dilin təsdiqidir. Əməl isə qəlblə əzaların əməlidir. Yəni bir kimsə Allahı qəlbi ilə təsdiq edib, dili ilə iqrar etməzsə, mömin olmaz. Məsələn, Allah-taala Firon qövmündən xəbər verərək: «(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər…» (ən-Nəml, 14) –buyurmuşdur. Allah-taala həmçinin Ad və Səmud qövmündən xəbər verərək: «Biz Ad və Səmud da məhv etdik (Onların başlarına nələr gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı» (əl-Ənkəbut, 38)- buyurmuşdur. Həmçinin Allah-taala Musa peyğəmbərin Firona belə dediyini xəbər verərək: «(Musa da) ona: “Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!”- …» (əl-İsra, 102) –bu¬yur¬muşdur. Bu kimsələr qəlbi ilə Allah-taalanı bildilər, fəqət bil¬məklə mömin olmadılar. Yenə əgər bir kimsə, qəlbində olmayan şeyi dili ilə söyləyirsə, bununla mömin yox, münafiqlərdən olur. Yenə bir kimsə qəlbilə bilib dili ilə təsdiq edərsə, Allah-taalanı və Onun elçisini sevmədikcə, Allah dostlarına dost, düşmənlərinə düşmən olmadıqca, qəlbi ilə Allaha təslim olub, Onun elçisinə tabe olub, şəriəti tam ola¬raq qəbul etmədikcə, yalnız qəlbilə bilib, dililə iqrar etməklə mömin sayılmır. Əmrləri tam yerinə yetirmədikcə iman kamil olmaz.
Bu dörd dayaq və ünsür imanın əsaslarıdır. Bunlar elm və əməldən ibarətdir ki, hər biri ancaq səbirlə əldə edilir. Buna görə iman iki qisimdir. Biri səbirdir. Digəri isə səbirdən doğan elmlə olan əməldir.
4. Nəfsin iki gücü vardır. Biri irəli atılma gücü, digəri isə sığınma gücüdür. Nəfs bu iki qüvvənin hökmləri arasında dolaşır. Sevdiyi bir şeyin üstünə atılır, xoşlanmadığından qaçır və çəkinir.
5. Dinin hamısı Allah-taalanın rəhmətinə ümid etməklə əzabından qorxmaqdan ibarətdir. Buna görə mömin həm Allahın rəhmətinə ümid edər, həm də əzabından qorxar. Məsələn, Allah-taala əl-Ənbiya surəsinin 90-cı ayəsində buyurmuşdur: «…Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edərlər».
Əl-Buxarinin rəvayətinə görə, Allahın elçisi (sav) yatağına girdikdə sağ tərəfi üstündə yatardı, sonra bu duanı edərdi: "Allahım! Özümü Sənə təslim etdim, üzümü Sənə çevirdim, işimi Sənə tapşırdım, arxamı Sənə dayadım, ümidim də sənədir, qorxum da Səndəndir, Səndən sığınacaq yer varsa, o da Sənsən. Kitabına inandım və göndərdiyin peyğəmbərlərə iman etdim".
(əl-Buxari, 6313; Müslim, 2710)
Bir möminin Allahın rəhmətinə ümid etməsi və əzabından qorxması lazımdır. Allahın rəhmətinə ümid etmək və əzabından qorxmaq ancaq səbirlə olur. Allahın əzabından qorxmaq mömini səbrə sövq edər, rəhmətinə ümid etmək isə şükür etməyə gətirər.
6. Qulun bu dünyada etdiklərinin hamısı ya ona həm bu dünyada, həm də axirətdə fayda verər, yaxud həm bu dünyada, həm axirətdə zərərli olar və yaxud birində faydalı, digərində zərərli olar. Bunlardan ən şərəflisi qulun axirətdə ona fayda verəcək olanını etməsi, zərər verəni tərk etməsidir. Qulun özünə faydalı olanı şükür, zərərliləri tərk etməsi isə səbirdir.
7. Qul əmrlərdən, yasaqlardan və müqəddəratdan qurtulmaz. Bu üç şey qula fərz olan səbirlə, şükürdür. Qul əmrləri icra edərək şükür edər, yasaqları tərk etməyə və müqəddərata səbir edər.
8. Qul üçün iki dəvətçi var. Biri dünyaya və dünyanın şəhvət və ləzzətinə dəvət edər, digəri isə Allaha, axirətə və axirətdə Allahın dostları üçün hazırlanmış əbədi nemətlərə dəvət edər. Şəhvət və həvəsə dəvəti qəbul etməmək səbirdir. Allaha və axirətə dəvəti qəbul etmək isə şükürdür.
9. Din əzm və səbat (qərarlı olmaq) kimi iki əsasdan ibarətdir. Şəddad bin Əvs demişdir: Allahın elçisi namazlarında belə dua edərdi: “Allahım! Səndən işlərimdə səbatı, doğruluğa qarşı əzmi diləyirəm. Səndən nemətlərinə şükür və yenə Sənə gözəl ibadət etmə gücünü verməyini diləyirəm. Səndən dürüst bir qəlb və doğru bir dil istəyirəm. Səndən bildiyin xeyirləri istəyirəm. Bildiyin şərlərdən Sənə sığınır və xatalarıma görə Səndən əfv diləyirəm.”
(həsəndir: ən-Nəsai, 3/54; ət-Tabərani, “əl-Kəbir”, 7180. Təhqiqatçı bu hədisin çoxlu araşdırmaları zamanı sənədlərdə zəif sənədlər olsa da, ümumən həsən olmasını demişdir.)
Şükrün əsli və əsası təqva ilə əməl etməyin sağlam olmasıdır. Səbrin əsli və əsası səbatın qüvvətli olmasıdır. Hər hansı bir qul təqva ilə əməl etmək və səbatla qüvətləndirilirsə, Allahın yardımına qovuşmuş olur.
10. Din iki təməl üzərində qurulmuşdur. Biri haqq, digəri isə səbirdir. Bunlar: «…bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!» (əl-Əsr, 3) ayəsi ilə bildirilmişdir. Quldan haqqa özünün əməl etməsi və onu insanlara tövsiyə etməsi tələb olunur. Məhz, bu şükrün mahiyyətidir. Buna görə səbir imanın yarısıdır. Allah hər şeyi daha doğru bilir!


Tarix: 09.05.2013 / 11:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Maraqlı melumatlar