beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran şəfadır

Allah təala Qurani Kərimi ard-arda, insanların məsləhətlərinə görə nazil etmişdir. Qurani Kərim bərəkətli, mübarək, müqəddəs, bənzəri olmayan bir kitabdır. Allah təala buna belə işarə etmişdir: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi, 29).

Yəni, bu Quranın xeyirləri və dini faydaları çoxdur. O endirilmişdir ki, ayələrini düşünək, onda olan fövqalədə sirrləri və uca hikmətləri təfəkkür edək. Möhkəm ayələr Quranın anası, yəni əsasıdır. İnadçılıqdan və özünü böyük tutmaqdan uzaq, mütəşabeh ayələrə fitnə çıxarmaq məqsədi ilə tabe olmaqdan çəkinən, haqqı istəyən, tabe olaraq anlayıb düşünən kimsələr öyüd alarlar və Allaha yönəlməklə hidayətə nail olarlar. Həmçinin bu Quranla ağıl sahibləri çoxlu öyüdlər alarlar. Bunda müsəlman və ya qeyri-müsəlman hər irqdən, hər rəngdən, hər dindən, hər sinifdən olan insana bir çağırış vardır. Bu onu göstərir ki, hər bir insan Quranın ayələrini düşünə bilmək imkanına sahibdir. Şəxsiyyətli hər insan da bunu edə bilər. Bunda isə böyük gözəlliklər və incəliklər vardır. (İzzet Derveze, et-tefsiru’l-hadis, Ekin Yayınları: 1/388-389). Həsən əl-Bəsri belə demişdir: “Allaha and olsun ki, onu düşünmək, hərflərini əzbərləmək, hökmlərinə əhəmiyyət verməməklə olmaz. Hətta insanlardan biri belə deyər: Allaha and olsun ki, Quranı oxudum, Ondan oxumadığım heç bir hərf də saxlamadım. Halbuki, Allaha and olsun ki, onun heç birini oxumamışdır. Belə ki, nə əxlaqında, nə də əməlində Quranın heç bir izi-tozu üstündə görsənmir (İbn Kəsir, Müxtəsər). Qurani Kərimi oxuyanlar üçün hər hərfinə görə on savab yazılır. Səmərqəndi öz təfsirində qeyd edir ki; “Kim Qurani Kərimi oxumazsa, ayələrini düşünüb ibrət almazsa, günahlarından tövbə etməzsə, ibadətini artırmazsa və içərisindəkilərlə əməl etməzsə o ağılsız və cahildir. Bütün elmləri öyrənmiş olsa da, öyrəndiyi elmlər onu Quranın ayələrini düşünməyə və içərisindəkilərlə əməl etməyə sövq etmirsə əsl cahil (elmsiz) odur. Müasir alimlərin bir çoxu belədir. Onları dünya malı, vəzifə həvəsi, şan-şöhrət aldatmış, Quranın ayələrini düşünməkdən və əməl etməkdən uzaqlaşdırmışdır. Belələri cəza görəcəklər. (Səmərqəndi, Təfsirindən).

Heç bir şübhə olmasın ki, Qurani Kərim şəfadır. Allahın izni ilə xəstə olan qəlblər və hətta böyük yaralar Quranla müalicə olunur. Bu həqiqəti Allah təala bizə xəbər vermişdir. Allah təala buyurur: “- Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): “Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar)” (Qurani Kərim, Fussilət 44).

Allah təala başqa bir ayəsndə bizə belə buyurur:
“- Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır” (İsra surəsi 82). Bu ayədə olan “min”, yəni dan, dən şəkilçisi onu bildirir ki, həqiqətən də Quranın hamısı şəfadır. Necə ki, həmin ayənin sonunda Allah təala bunu bizə xəbər vermişdir. Qurani Kərim cəhalətin getməsi, şəkk-şübhənin açıq aşkar dərmanıdır. Qəlbində şübhə olan, sıxıntı olan, əsəb xəstəliyi olan, darıxma hiss edən hər bir müsəlman insan səmimi qəlblə və inanaraq Qurani Kərimi ərəbcə oxusa, ona necə şəfa verdiyinin, qəlbini necə təmizlədiyinin şahidi olar. Allah təala buyurur: “- (Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!” (Yunus surəsi 57).

Qurani Kərimi diqqətlə və bütün başqa fikirləri özündən uzaqlaşdıraraq oxuduqda insanda qəribə hadisələr və gözəlliklər baş verir. Ən əvvəl insanın qəlbinə rahatçılıq gəlir, onun bütün pis fikirləri ondan uzaqlaşır. Fikirləri yaxşılığa doğru dəyişir, darıxması gedir, ləzzət almağa başlayır. Onda möhkəmlik yaranır. Çox oxunduqda əgər bədənində hansısa xəstəlik varsa onun ağrısı biruzə verir. Oxumağa davam etdikdə ağrı yumşalmağa və tədricən azalmağa başlayır. Əgər insan şər qüvvələr tərəfindən xəstələnibsə, məsələn, insana sehr-cadu ediblərsə, ona bəd nəzər dəyibsə Qurani Kərimi oxumaqla onu müalicə etmək olar. Buna islam şəriətində rüqyə deyilir. Rüqyə budur ki, imanlı bir müsəlman Quran oxumağa başladıqda əlini bədəninin ağrıyan yerinə qoyaraq oxumağa davam edir, əgər insana nəzər dəyibsə, yaxud ona sehr-cadu edilibsə Quranın ayələrini oxuduqca onda dəyişikliklər və bəzi hallar baş verəcək. Bir az oxuduqdan sonra tərləyəcək, yaxud hansısa bir yerində istilik yaranacaq, yaxud titrəyəcək, yaxud ürəyi darıxmağa başlayacaq. Belə hallarda oxumağa davam edilməlidir. Nəticədə insan hər gün və davamlı olaraq Quranı oxumağa davam etsə o bütün istiqamətlərdə yaxşılığa doğru gedəcək. Ümumiyyətlə çalışmaq lazımdır ki, Qurana qarşı səhlənkar olmayasan. Çünki kim davamlı və daimi Quran oxumağı özünə sevdirsə Quran da onu sevməyə başlayacaq. Bu barədə açıq-aşkar ayələr və Peyğəmbərin (ona və ailəsinə salam olsun) hədisləri var. Yuxarıda bəzi ayələri qeyd etmişik. Allahın rəsulu buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”. Dünyada ən xeyirli insan təsəvvür edin ki, Quranı öyrənən və öyrədəndir. Quranı öyrənmək və öyrətmək dünyada gördüyümüz və əməl etdiyimiz bütün işlərdən xeyirlidir. Biz çalışmalıyıq ki, xeyirli insanlardan olaq. Allah yanında xeyirli olmaq üçün əlimizdən gələn bütün imkanlardan istifadə etməliyik və istifadə edə bilərik. Bu məsələyə digər məsələlər kimi səhlənkar yanaşmaq olmaz. Çünki biz Quranı öyrənib oxusaq və eyni zamanda başqalarına öyrətsək görün nə qədər hörmətli olarıq. İnsan çalışmalıdır ki, Allah yanında hörmətli olsun. Heç vaxt ağzı ilə nə dediyini dərk etməyən, ədəbsiz sözlər işlədən, fikirlərində yalnız bu dünya dərdi olan insanlar Qurana olduğu kimi əhəmiyyət verə bilməz. Bunun üçün ciddi cəhdlə çalışmaq və əzm etmək lazımdır.


Tarix: 12.04.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 505 Bölmə: Maraqlı melumatlar