Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əshabələrin ədaləti (Allah onlardan razı olsun)

Əshabə (səhabə) sözünün lüğəti və istilahi mənası:
Əshabə sözü lüğətdə, yoldaş (sahib) sözündən götürülmüşdür. Bu söz, davamçı və ardıcıl mənaları əsasında bir neçə məna kəsb edir.
(Lisanul Ərəb: 1, 519.)

Əshabə sözünün şəriət baxımından tərifi: İman gətirib, Peyğəmbərlə (s.a.v) görüşən və müsəlman olaraq ölən. (əl-İsabə: 1, 10.) Bu haqda digər təriflər də mövcuddur.

Əshabələr Peyğəmbərlə (s.a.v) yoldaşlıqlarına, uca və pak Allah yanında olan dərəcələrinə görə biri-birlərindən fərqlənirlər. Əhli sünnə və camaata görə, əshabələrin ədalətli olması fikri birmənalıdır. Qarşıda, Məhəmmədin (s.a.v) əshabələrinin ədalətli olmaları haqda Əhli sünnə və camaat alimlərinin sözlərini qeyd edəcəyik.

Əshabələrin ədalətinə dəlalət edən sübutlar:
Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı". ( əl-Fəth: 18.)

Bu ayədə uca və pak Allah Özünün, ağac altında Peyğəmbərə  beyət edən möminlərdən razı qaldığını bəyan edir. Allah onların ürəklərində olan imanı, sədaqəti bildiyi üçün o zaman onlara Öz dərgahından arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi. Bu, ağac altında Peyğəmbərə (s.a.v) "Rizvan" beyəti edənlərin imanlarında sadiq olmalarına dair, Allah təalə tərəfindən bir şahidlikdir.

Səhih hədislərin birində Peyğəmbər (s.a.v) deyir: "Ağac altında beyət edənlərdən, yalnız qırmızı dəvə sahibi istisna olmaqla, heç biri cəhənnəmə daxil olmayacaqdır".
(Camiut Tirmizi: Kitabul Mənaqib, Babun Fi Fadli Mən Bayəə Təhtəş Şəcərə: 2862. Hədisin əsli Müslimdədir. Kitabu Fədailus Əshabə: 1496.)

Deyilən qırmızı dəvə sahibi, Peyğəmbərlə (s.a.v) yola çıxan, əl-Cədd ibn Qeys adlı bir münafiq idi. Ağac altında Peyğəmbərə  beyət edənlərin sayı 1400 nəfər, bəzi rəvayətlərə görə isə 1500 nəfər idi. Allah bu kəslərin imanına şahidlik etdi və qəlblərinin, zahiri əməllərinə uyğun olduğunu təsdiqlədi. Onların arasında yalnız bir nəfər münafiq olduğunu isbatlamışdır. Bu adam haqqında da Peyğəmbər (s.a.v) xəbər verdi. Həmin adam orada olsa da Peyğəmbərə (s.a.v) beyət etməmişdi. Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Hədid: 10.)

Bu ayədə Allah təala fəthdən öncə malını Allah yolunda xərcləyənlərə və Onun yolunda döyüşənlərə ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Fəthdən sonra da, malını Allah yolunda xərcləyənlərə və Onun yolunda döyüşənlərə ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Deyilənlərin təsdiqi Allah təalanın bu ayəsindədir: "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar. Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər".
(əl-Ənbiya: 101-103.)

Bu isə Peyğəmbərin (s.a.v) , istər fəthdən öncə, istərsə də fəthdən sonra iman gətirib malını Allah yolunda xərcləyən bütün əshabələrinə, Allah təalanın ikinci şahidliyidir. Uca və pak Allah qənimətin məsrəflərini qeyd edərək buyurur: "(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!" ( əl-Həşr: 8.)

Ayədə deyilən "Allahdan mərhəmət və riza diləyən" sözləri, onların qəlbi əməllərindən xəbər verən sözlərdir. Allah təala da onların bu işdə sadiqliyini təsdiqləmişdir. Digər bir ayədə isə Allah təala buyurur: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd peyğəmbərə qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!" ( əl-Həşr: 9.)

Başqa bir ayədə Allah təala Məhəmməd (s.a.v) ümməti haqqında deyir: "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır".
(Ali İmran: 110.)

Allahın, "insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz" deyərək vəsf etdiyi bir ümmət, haqq yoldan azmış təriqətlərin bu topluma verdikləri vəsf ilə uyğun gəlmir. Demək onlar deyirlər ki, "üç nəfərdən başqa bütün mühacir və ənsarlar mürtəd olmuşdur". (Usulul Kafi: 2, 344. )
Halbuki Allah təalanın üç nəfərdən başqa hamısı mürtəd olan bir ümmət haqqında, "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz" sözlərini deməsi mümkün deyildir.
Hədislərin birində, Peyğəmbər (s.a.v) buyurur: "Mənim əshabələrimi söyməyin. Nəfsim əlində olana and olsun ki, əgər sizlərdən biri Uhud dağı mislində qızıl xərcləsə, onların xərclədiklərinin nəinki bir ovucuna, heç yarısına da çatmaz".
( Müslim: Fədailus Əshabə: 2540.)

Başqa bir rəvayətdə Peyğəmbər (s.a.v) buyurur: "Qiyamət günü Nuh peyğəmbər çağrıldıqda deyəcəkdir: "Ey Rəbbim, Sənin çağırışına səs verirəm, hüzurunda hazıram".
Allah təala deyəcək:" Sənə verilən şəriəti insanlara çatdırdınmı?"

Nuh (aleyhissalam) deyəcək: "Bəli".
Nuhun ümmətinə deyiləcək: "O sizə şəriəti çatdırıbmı?"
Onlar deyəcəklər: "Bizə heç bir xəbərdar edən elçi gəlməmişdir".
Allah təala Nuha deyəcək: "Sənin şəriəti çatdırdığına dair kim şahidlik edə bilər?"
Nuh deyəcəkdir: "Məhəmməd və ümməti. Sonra onlar Nuh (aleyhis salatu vəs salam) üçün şahidlik edəcəklər". Peyğəmbər  bu hərəkəti Qurandan bir ayəinin nümunəsi kimi dəyərləndirmiş və aşağıdakı ayəni oxumuşdur: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd peyğəmbər də) sizə şahid olsun...". ( əl-Bəqərə: 143.)

Daha sonra Peyğəmbər (s.a.v) bu ayəyə təfsir verərək dedi: "Orta, ədalətli deməkdir".
( Səhih əl-Buxari: Ət-Təfsir: Bab, "Va kəzəlikə cəalnəkum ummətən vasatan", 4487.)

Bu, Peyğəmbərin (s.a.v) özünün ayəyə verdiyi təfsirdir. Ədalətli olmaq, orta mövqedə olmaqdır. Allah təala bununla bir daha isbat edir ki, bu ümmət Onun şahidliyi ilə ədalətli ümmət sayılır.
Peyğəmbərin (s.a.v) əshabələrinin ümumi şəkildə ədalətli olmalarına dəlalət edən amillərdən biri, onların Peyğəmbərdən (s.a.v) nəql etdikləri rəvayətlərin elm adamları tərəfindən yoxlanılmasıdır. Belə ki, onlar, heç bir əshabənin Peyğəmbərin (s.a.v) adından yalan danışdığına rast gəlməmişlər. Hətta əshabə zümrəsinin son vaxtlarında bidətlərin geniş yayılmasına baxmayaraq əshabələrdən heç kəs bu təriqətlərə daxil olmamışdır. Bu da onu göstərir ki, Allah təala bu insanları seçmiş və Öz Peyğəmbərinə (s.a.v) yoldaş (əshabə) olaraq ixtiyar etmişdir.
(Abdullah ibn Məsud (r.a) deyir: "Allah bəndələrinin qəlblərini araşdırmış və onların içərisində Məhəmmədin qəlbini ən xeyirli olaraq seçmiş, onu Özünə Peyğəmbər götürmüş və şəriəti ilə elçi göndərmişdir. Məhəmmədin qəlbindən savayı digər bəndələrinin qəlblərinə baxmış və onların içərisində əshabələrin qəlblərini ən xeyirli bilərək onları Öz peyğəmbərinə vəzir seçmişdir" (Müsnədi Əhməd: 1, 279).

Mühüm bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, əshabələrin ədalətli olmasını demək, onların məsum (xətasız) olmaları mənasına gəlmir. Biz Peyğəmbərin (s.a.v) əshabələrinin ədalətli olmalarını desək də, onların məsum (xətasız) olduqlarını demirik. Çünki onlar da bəşər övladı sayılırlar. Peyğəmbər  hədislərinin birində buyurur: "Hər bir adəm övladı xəta edəndir".( Müsnədi Əhməd: 2, 198.)

Onlar da xəta edən adəm övladıdırlar. Bəzən xəta edir, bəzən də dürüst qərar verirlər. Lakin onların etdikləri xətalar, gördükləri savab işlər dənizində itib-batmışdır. Uca və pak Allah onlardan razı qalmışdır.

İbn Əbdülbərr (Allah ona rəhmət etsin) adlı alim deyir: "Müsəlmanlar içərisində haqq əhli olan Əhli sünnə və camaat, bütün əshabələrin ədalətli olmalarını yekdilliklə vurğulamışlar". ( əl-İstiyab: 1, 8.)

İbn Həcər əl-Əsqəlani (Allah ona rəhmət etsin) deyir: "Əhli sünnə bütün əshabələrin ədalətli olmasını yekdilliklə vurğulamışlar. Bu məsələdə yalnız sözü keçməyən (ərəb. şuzuz) bidətçilər müxalif olmuşlar".
(əl-İsabə: 1, 17.)

Eləcə də əl-İraqi, əl-Cuveyni, İbn əs-Salah, İbn Kəsir və başqa alimlər Peyğəmbərin (s.a.v) əshabələrinin ədalətli olması haqda müsəlmanların yekdil rəyini qeyd etmişlər.

(Bu haqda geniş məlumat almaq üçün bu kitaba müraciət edin. "Əshabətu Rəsuləllah Fil Kitab vəs Sünnə", dördüncü fəsil, Əshabələrin ədaləti.)

Xatib əl-Bağdadi deyir: "Onlar haqqında qeyd etdiyimiz sitatların heç biri Quranda və ya hədislərdə varid olmasaydı, yenə də onların keçdikləri məşəqqətli yollar bunun üçün kifayət edərdi. Belə ki, onların etdikləri hicrət, cihad, kömək, ev-eşiklərini və mallarını xərcləmələri, (islama düşmənçilik göstərən) doğma ata və övladlarına qarşı döyüşmələri, dinlərini qorumaları üçün biri-birlərinə verdikləri tövsiyələri, güclü imanları və tam yəqinlikdə olmaları, onların ədalətli və pak olmalarına şahidlik etməyə kifayət edərdi. Onlar özlərindən sonra qiyamətə qədər, adil və pak olmasına şahidlik edilənlərin ən xeyirlisidirlər".
(əl-Kifayətu Fi İlmir Rivayə: səh, 96.)

Əshabələrin ədalətinə ləkə yaxmaq istəyənlər kimlərdir?

Peyğəmbərin (s.a.v) əshabına ləkə yaxan təriqətlər və onların dəlilləri.

Peyğəmbərin (s.a.v) əshabələrinin ədalətinə dörd təriqət şübhə ilə yanaşmışdır:

Birinci: Əbu Bəkr, Ömər və Osmanın xilafətini inkar edənlər.
İkinci: Xəvariclər.
Üçüncü: Nasibilər.
Dördüncü: Mötəzililər.
Onlar bu əsaslarla, Peyğəmbərin (s.a.v) əshabələrinin adilliyinə etibar etməmişlər:

Birinci: Peyğəmbərin (s.a.v) bəzi əshabələrinin günah işlər görməsi;
İkinci: Quran və sünnə dəlillərinə əsasən bəzi əshabələrin münafiq olmaları;
Üçüncü: Onların ədalətli olmalarını deməklə, hamısını bir səviyyədə tutmuş oluruq. Bizə görə hamının bir səviyyədə olması məqbul sayılmadığı üçün, onların ədalətli olmaları da qəbuledilməzdir;
Dördüncü: Peyğəmbərin (s.a.v) bütün əshabələrinin ədalətli olmasına heç bir dəlilin olmaması.

Deyilən əsassız iddiaların cavabı belədir:

Peyğəmbərin (s.a.v) "bəzi əshabələrinin günah işlər görməsi" barədə deyilənlərə gəldikdə biz deyirik: "Onların günah işlər görməsi, ədalətli olmalarına zərər vermir. Bizim etiqada görə onlar, ədalətlidirlər, məsum (xətasız) deyillər".

Quran və sünnə dəlillərinə əsasən "bəzi əshabələrin münafiq olmaları" haqqında dedikləri sözlər yalandır. Münafiqlər əshabələrdən deyildilər. Şəriət məfhumunda əshabə, iman gətirib, Peyğəmbərlə (s.a.v) görüşən və müsəlman olaraq ölən kimsədir. Münafiqlər nə Peyğəmbərlə (s.a.v) görüşərkən, nə də ölərkən mömin deyildilər. Bu əsasla, onlar əshabə tərifinə daxil deyillər.

"Onların ədalətli olmalarını demək, hamısını bir səviyyədə görməkdir," sözləri doğru deyildir. Bu heç uyğun gəlmir. Biz deyirik ki, onlar ədalətlidirlər və onların bəziləri digərlərindən üstündür. Əbu Bəkr (r.a) Peyğəmbərin (s.a.v) bütün əshabələrindən üstündür. Ondan sonra Ömər, sonra Osman, sonra Əli, sonra cənnətlə müjdələnən on nəfər, sonra Bədr döyüşündə iştirak edənlər, daha sonra ağac altında beyət edənlər və s. i. a. Demək istəyirik ki, əshabələr üstünlük baxımından eyni səviyyədə deyillər. Elə bu haqda Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" ( əl-Hədid: 10.)

Əgər Quran ayəsinə görə peyğəmbərlər bərabər səviyyədə deyillərsə, bəs əshabələr necə? Bu haqda Allah təala buyurur: "(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik..." ( əl-Bəqərə: 253.)

"Peyğəmbərin (s.a.v) bütün əshabələrinin ədalətli olmasına heç bir dəlilin olmaması" haqqında deyilənlərə gəlincə, biz bu haqda Quran və sünnədən bəzi dəlilləri əvvəldə qeyd etmişik. Heç şübhəsiz ki, bidət əhli bu haqda bəzi dəlillər gətirmişlər. Lakin biz onların dəlillərindən öncə Allahın bu ayəsini qeyd edirik: "(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər". ( Ali İmran: 7.)

Əshabələrin ədalətli olmadıqlarını deyənlər Allahın kitabından və Peyğəmbərin (s.a.v) sünnəsindən şübhələr gətirirlər.Həmin şübhələrə geniş nəzər salaq və onları cavablandıraq.


Tarix: 03.05.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 288 Bölmə: Maraqlı melumatlar
loading...