beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mülk surəsinin şərhi

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
1 – {Hökm əlində olan Allah nə qədər ucadır. O, hər şeyə qadirdir!}
Allahın xeyirləri çox və genişdir, dünyada və axirətdə göylərin və yerin hökmü Allahın əlindədir.
2 – {Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır.}

Ölüm ruhun bədəndən ayrılması, həyat isə, ruhun bədənə qovuşmasıdır. Həyat insanın yaradılıb ona ruh verilməsidir. Ölüm və həyat verməkdə məqsəd insanlara əmrlər verib, sonra onları imtahana çəkərək, qarşılığını verməkdir. İmtahandan əsas məqsəd ən yaxşıları və itaətkarları üzə çıxarmaqdır.

3 - {Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!}
Bu yaradılış yaradanın qüdrətinin bir nümunəsidir.

4 - {Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!}
Allahın yaratdığı səmada heç bir nöqsan tapa bilməyəcəkdir.

5 - {And olsun ki, Biz dünya səmasını qəndillərlə bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.}
Qatadə deyir ki, uca Allah ulduzları üç şey üçün – səmanı bəzətmək, şeytanları qovmaq, dənizdə və ya quruda istiqamətləri təyin edib hərəkət etmək üçün – yaratmışdır. Şeytanları bu dünyada atılan mərmi ulduzlarla, axirətdə isə, şiddətli atəşlə cəzalandıracaqdır.

6 - {Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!}
7 - {Onlar qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!}
8 - {O, qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora atıldıqca onun gözətçiləri onlardan: “Məgər sizə qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar}.
9 - Onlar deyəcəklər: “Bəli, bizə qorxudan peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb demişdik: “Allah heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq çox azmısınız!”
Göndərilmiş Peyğəmbər bizi xəbərdar etmiş, Allahın əzabı ilə qorxutmuş və bu günü bizə xatırlatmışdı, biz isə, onu yalançı sayıb demişdik: “Allah sizin dilinizlə qeybdən, axirətdən və şəriət məsələlərindən heç bir şey nazil etməmişdir." Üstəlik biz onlara "Siz sadəcə olaraq çox azmısınız!" – deyirdik.

10 - {Onlar: “Əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!” – deyəcəklər.}
Əgər biz aqil insanlar kimi onları dinləyib, sözlərinə əməl etsəydik, cəhənnəm əhlindən olmazdıq.

11 - {Və beləcə öz günahlarını etiraf edəcəklər. Rədd olsun Cəhənnəm əhli!}
Onlar cəhənnəm əzabına layiq görüldükləri günahları, küfrü və Peyğəmbərləri təkzib etdiklərini etiraf edəcəklər. Onlar öz günahlarını etiraf etdikdən sonra Allah da onları əzaba düçar edəcəkdir. Çünki onlar öz günahlarını etiraf etməklə üzrxahlığa yer qoymayacaqlar.

12 - {Rəbbindən görmədən qorxanları isə bağışlanma və böyük bir mükafat gözləyir!}
13 - {İstər sözünüzü gizli saxlayın, istər açıq deyin. (Allah) ürəklərdə olanları biləndir!} heç nə Ondan gizli qalmaz.
14 - {Məgər yaradan bilməzmi?! O, incəliyinə qədər biləndir, xəbərdardır!}
Məgər yaradan öz yaratdığının ürəyindən və ağlından keçənləri bilməzmi?
Axı uca Allah insanı Öz əli ilə yaradıb. Yaradılmış haqqında ən mükəmməl elmə onu yaradan sahib ola bilər. Ona görə də O ürəyin dərinliyində olanları da bilir.

15 - {Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, ruzisindən yeyin. Axır dönüş də Onadır!}
O sizin üçün yer üzünü yaşaya biləcəyiniz qədər rahat etmişdir. Onu kor-kobud, keçilməz etməmişdir. Siz də bu rahat yer üzünün hər yanında gəzin dolaşın, orada olan ruzilərlə qidalanın. Bu uca Allahın xatırlatmasıdır. Belə nemətlərin müqabilində onlar da qayıdış gününü unutmamalıdırlar. Bilməlidirlər ki, bir gün qəbirlərindən çıxacaq və Onun hüzuruna gedəcəklər.

16 - {Göydə olanın yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!}
Bir vaxtlar yeri aralayıb, yer üzündə rahat gəzib-dolaşan Qarunu yerin dibinə batırdığı kimi, sizi də belə etməyəcəyinə əminsinizmi? Əgər siz yerin altını görsəydiniz, oranın necə qaynayıb-qarışdığına şahid olardınız.

17 - {Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?!
Onda Mənim qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz.} Əvvəllər Lut tayfasının və fil döyüşünü edənlərin üstünə daş yağdırılmışdı. Əgər siz də belə bir əzabı görsəniz, xəbərdarlıqların nə olduğunu anlayarsınız. Təəssüf ki, o zaman bu elm fayda verən deyil.

18 - {Onlardan əvvəlkilər də təkzib etmişdilər. Mənim onları cəzalandırmağım necə oldu.}
Onlara olan inkarımı verdiyim əzabla göstərdim.

19 - {Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən O, hər şeyi görəndir!}
Quşların çəkisini yüngül edib, onlara qanad verib və bu qanadları havada tərpətməklə müəyyən üsulla üçmağı öyrədən nöqsanlardan və eyiblərdən pak olan Allahdır. O hər şeyi biləndir.

20 - {Yaxud bu əsgərləriniz kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?!
Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!} Sizi Allahın əzabından heç kəs qoruya bilməz. Əgər Allah rəhmət və dəstəyi ilə sizə kömək göstərməsə, kim sizə kömək edə bilər. Kafirlər şeytan tərəfindən çox böyük hiyləgərliklə aldadılırlar.

21 - {Əgər Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?!
Xeyr onlar dikbaşlıqdan və nifrət etməkdən əl çəkmirlər.} Əgər Allah sizə verdiyi ruzini yağışı və s. kəssə, Ondan başqa sizə kim ruzi verə bilər. Amma kafirlər yenə də haqqa qarşı inadkardır. Onlar nə düşünər, nə də ibrət alarlar.

22 - {Elə isə, üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!}
Üzü üstə yeriyən Allaha asilik göstərərək, günahlara qərq olan kafirdir. Allah onları elə üzləri üstə həşr edəcəkdir. Düz yolda gedən isə mömindir. O, bu dünyada Allahın yolunu tutub, elm və bəsirətlə irəliləyər. Qiyamət günündə də Allah onu həşr edib, düz yol ilə cənnətə aparar.

23 - {De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!”}
24 - {De: “Sizi yer üzünə yayıb səpələyən Odur. Onun hüzuruna toplanacaqsınız!”}
25 - {Onlar deyirlər: “Əgər doğru danışanlardansınızsa, bir xəbər verin görək, bu vəd, nə vaxt yerinə yetəcəkdir?”}
26 - {De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aşkar qorxudan bir peyğəmbərəm!”}
Qiyamətin nə vaxt qopacağını bilmək yalnız Allaha məxsusdur. Mən sadəcə olaraq sizi xəbərdar edir, küfrünüzün aqibəti ilə sizi qorxuduram. Allahın mənə çatdırılmasını əmr etdiklərini çatdırıram. O, mənə qiyamətin nə vaxt qopacağını sizə bildirməyi əmr etməmişdir.

27 - {Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək və onlara: “Sizin istədiyiniz əzab budur!” – deyiləcəkdir.}
Dünyada istehza edib Peyğəmbərdən tələb etdiyiniz əzab budur.

28 - {De: “Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan kim qurtara bilər?!}
Hətta bu halda siz əzabdan qurtula bilməyəcəksiniz.

29 - {De: “O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin açıq-aydın azmış olduğunu biləcəksiniz!”}
30 - {De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib getsə, kim sizə axar su gətirə bilər?!}
İçmək üçün sizə nemət kimi verilmiş qar, yağış, quyu və çay suyu tükənsə, axar suyu sizə yenidən kim verə bilər. Təbii ki, bunu Allahdan başqa heç kəs edə bilməz. O sizə yağış və ya çaylar vasitəsi ilə nemətini bəxş edər.


Tarix: 10.04.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Maraqlı melumatlar