beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk yaradılış (II hissə)

Əbu Bəkrə(r.a) dedi ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) dedi: “- Zaman artıq Allahın səmaları və yeri ilk dəfə yaratdığı vəziyyətinə dönüb. İl on iki aydır. Onlardan dördü haramdır. Üçü ard-arda Zilqadə, Zilhiccə, Məhərrəm və Cəmadiyəl axirlə Şaban ayının arasında olan Mudar qəbiləsinin Rəcəb ayıdır.”
Əbu Zər(r.a) dedi: “ – Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) günəşin batdığı vaxt əbu Zərə: “- Bilirsən o hara gedir?” dedi. Mən dedim ki, Allah və rəsulu daha yaxşı bilir. O dedi: “ O gedib ərşin altında səcdə edər və təkrar gəlməsi üçün izn istəyər.Ona izn verilər. Bu aramla günəş səcdə edib izn istədikdə ondan qəbul olunmaz və izn verilməz. Ona deyilər ki, gəldiyin yerə qayıt. O da qərbdən doğar. Bu Allahın: “Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).” ayəsinin ifadəsidir.”

Əbu Hüreyrədən(r.a) Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) dedi: “Günəş və Ay qiyamət günü büküləcəklər”.
Bu barədə Qurani kərimdə Təkvir(Sarınma) surəsi vardır. Bu surədə Allah Təala buyurur: “Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2 - Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
3 - Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
4 - (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
5 - Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
6 - Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
7 - Ruhlar (bədənlərə) qovuşacağı zaman” (Təkvir 1-7 ci ayələr). Bükülmə haqqında digər bir ayə belədir: “- Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik) ” (Ənbiya 104).
Bizim mövzumuz ilk yaradılışla bağlı olduğu üçün bükülmə haqqında təfsilata girməyəcəyik.
Əbu Hüreyrə(r.a) Rəvayət edir ki, Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) bir gün əlimdən tutdu və mənə belə dedi: “Allah Təala torpağı şənbə günü yaratdı. Ondakı dağları bazar günü yaratdı; ağacları bazar ertəsi günü yaratdı. Məkruhları(xoşa gəlməyən şeyləri) çərşənbə axşamı günü yaratdı. Nuru çərşənbə günü yaratdı və heyvanları cümə axşamı günü yaydı. Adəmi(ə.s) əsr vaxtından sonra, əsr ilə gecə arasındakı gündüzün ən son saatında ən son məxluq olaraq yaratdı” (Müslüm).
Allah Təala buyurur: “ - (Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir! O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi)” (Fussilət 9-10).
Başqa bir ayədə deyir: “- Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! ” (əl-Əraf 54).
Abdullah ibn Abbas(r.a) rəvayət edir; “ Yəhudilər göy gurultusunun nə olduğunu Məhəmməd peyğəmbərdən(ona Allahın salavatı və salamı olsun) soruşdular:
“Buludlara hakim olan mələkdir. Yanlarında oddan qamçılar var. Bununla buludları Allahın istədiyi yerə sürər” deyə cavab verdi. Onlar təkrar soruşdular:
“Bəs bu eşidilən səs, o nədir?”
“Bu buludların istənilən yerə getmələri üçün onlara edilən bir sövqdür” dedi. Yəhudilər: “Doğru dedin. İndi isə İsrailin, Yaqubun(ə.s) özünə haram etdiyi şey nədir, onu bize de?” dedilər. Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun):
“Yəqub(ə.s) (irqun-nə sa deyilən) yerindən başlayıb dizinə, topuğuna qədər enən bir ağrısı var idi. Dəvə ətindən ve südündən başqa özünə uyğun gələn nə yemək, nə içmək var idi. Bu səbəblə o bunları haram etdi.” dedi. Yəhudilər: “Düz dedin” dedilər. (Tirmizi)
Əbu Hüreyrə(r.a) rəvayət edir: “ Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) buyurdu ki: “Cəhənnəm Rəbbinə şikayət edərək dedi ki: “Ey Rəbbim! Bir qismim digər qismimi yeyir.” Bundan sonra ona iki nəfəs icazə verdi. Bir nəfəs qışda, bir nəfəs də yayda. Bax bu yay nəfəsi ən şiddətli şəkildə hiss etdiyiniz hərarətdir. O birisi də ən şiddətli hiss etdiyiniz soyuqdur”. (Buxari)
Aişə(r.a) dedi: “Nəbi (ona Allahın salavatı və salamı olsun) səmada bulud topası kimi işarə görəndə gedər, gələr, girər, çıxar, üzü dəyişilərdi. Səmadan yağış yağdıqda bu halı ondan aparılardı.” Aişə(r.a) bunu ona bildirmişdir. O belə demişdir: “Nə bilim, ola bilsin ki, havanın belə buludlu olması “- Onu (özlərinə vəd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. (Hud isə onlara belə dedi: ) “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!” (əl-Əhqaf 24) deyən qövmün dediyi kimi ola bilər”.
Abdullah bin Məsud( r.a) dedi ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) sadiq(sözündə doğru), məsduq(doğruluğu təsdiq olunmuş) bizə dedi ki; “Sizdən birinizin ana bətnində yaradılışı qırx gündə toplanır. Sonra o qədər müddətdə(ikinci qırx gündə) ələqə olur. Sonra o qədər müddətdə(üçüncü qırx gündə) müdğə(ət parçası) olur. Sonra Allah bir mələk göndərir. Ona bu dörd kəlimə əmr olunur.Ona(mələyə) deyilir ki, onun əməlini, ruzisini, əcəlini, günahkar və ya yaxşı(itaətkar) olmağını yaz. Sonra ona ruh üfürülür. Sizdən biriniz əməl işlər o vaxta qədər ki, onunla cənnət arasında bir zira(təxminən 50 sm) məsafə qaldıqda ona yazılan onu keçər və cəhənnəm əhlinin əməlini işlər. Yenə əməl edər, onunla cəhənnəm arasında bir zira(50 sm) qaldıqda ona yazılan onu keçər və cənnət əhlinin əməlini işlər.”
Məşhur hədis alimi Şeyx Məhəmməd ibn əl-Hüseyn əl-Acurri bu hədisin şərhində deyir ki: “- Ey istəyən insan bil ki, şübhəsiz Allah Azzə və Cəllə, qulları üçün ruzi işini tamamlamışdır. Hər ruzi tələb edən öz ruzisini yeyər, onda artma olmaz, əksilmə də olmaz, ta ki, əcəli gələnə qədər… Əcəllər də bunun kimi nə artar, nə də əksilər. Allah Azzə ve Cəllə onun xeyirli və şərli əməlini də yazmışdır. Günahkar və ya yaxşı olmağını, yəni cəhənnəmliklərdənmi yoxsa cənnətliklərdənmi olmağını da yazmışdır. Qullar tamamlanmış olan bu işlərdə əməl edərlər. Buna iman etmək vacibdir. Kim buna iman etməzsə kafir olar.” (Seyfullah Erdoğmuş, İmam Acurri Kirk hadis şerhi, Ankara 1999).
Məhəmməd peyğəmbərin bu sözünü doğrulayan ayələr vardır. Bu ayələrin birində Allah Təala buyurur: “- Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.” (əl- Həcc 5)
Burada Allah Təala üç mərhələni zikr etdi, bəzi ayələrdə isə bu mərhələyə əlavələr vardır. Məsələn, Allah Təala Muminun surəsində buyurur ki: “ - Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik).
- Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
- Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!
- (Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz!
- Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!” (əl-Muminun 12-16).
İbn Rəcəb deyir ki, bu Adəmoğlunun yaradılıb ruh üfürülməsindən əvvəlki yeddi mərhələsidir.
Qatadə(ona Allahın mərhəməti olsun) rəvayət edir: “Bu ulduzlar üç məqsədlə yaradıldı:
1- Allah onları səmaya bəzək etdi.
2- Şeytanlara atılan daş etdi.
3- Gecələri istiqamət təyin etmək üçün işarə etdi. Kim ulduzlar haqqında bunların xaricində bir izah gətirərsə xətaya düşər, nəsibini itirər, mənasız bir yükün altına girər, haqqında elmi olmayan, peyğəmbərlərin və mələklərin belə bilməkdə aciz qaldıqları bir şeyə girmiş olar. Allaha and içərək deyirəm: Allah heç kimin nə həyatını, nə ruzisini, nə də ölümünü hər hansısa bir ulduza bağlı etməmişdir. Əksini iddia edənlər Allah haqqında yalan deyərək iftira edirlər...”
Əbu Musa(r.a) rəvayət edir: “ Allahın rəsulundan(ona Allahın salavatı və salamı olsun) eşitdim, bunu dedi:
“Allah Təala Adəmi(ə.s) yer üzünün bütün hissələrindən aldığı bir ovuc torpaqdan yaratdı. Adəmin(ə.s) oğulları da yer üzərinin hissələrinə görə meydana gəldi. Bir qismi ağdır, bir qismi qızılıdır, bir qismi qaradır. Bunlar arasında orta rənglilər də var. Bundan başqa bir qismi itaətkardır, bir qismi üsyankardır, bir qismi pis qəlbli, bir qismi yaxşı qəlblidir.” (Əbu Davud)
Əbu Hüreyrə(r.a) rəvayət edir: “Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) buyurdu ki: “Allah Təala Adəmi(ə.s) yaratdığı və ona ruh üfürdüyü zaman Adəm(ə.s) asqırdı və əlhəmdulillah deyərək Allah Təalaya Onun izniylə həmd etdi. Rəbbi də ona: “Ey Adəm yərhəmukallah(Allah səsnə mərhəmət etsin), yaxın mələklərdən bu oturan qrupun yanına get və “Assalamu aleykum” de!”. Adəm(ə.s) belə etdi və mələklər: “Və aleykum-us-salamu və rahmatullahi və bərəkətuhu!” deyə cavab verdilər. Sonra Adəm(ə.s) Rəbbinə tərəf döndü. Rəbbi ona: “Bu cümlə sənin və övladlarının arasında olan salamlaşmadır” dedi.
Allah Təala əlləri bağlı olduğu halda Adəmə(ə.s) dedi:
“İstədiyini seç!” Adəm(ə.s):
“Rəbbimin sağ əlini seçdim. Rəbbimin iki əli də sağdır, mübarəkdir” dedi. Sonra Allah Təala sağ əlini açdı. İçində Adəm və onun zürrüyyətinin bənzərləri var idi. Adəm(ə.s) dedi: “Ey Rəbbim! Bunlar nədir?” Allah Təala: “Bunlar sənin zürriyyətindir” dedi.
Hər insanın iki gözü arasında ömrü yazılı idi. Aralarında biri hamısından daha parlaq, daha nurlu idi. Adəm(ə.s): “Ey Rəbbim, bu kimdir?” dedi. Allah Təala:
“Bu sənin oğlun Davuddur. Mən ona qırx illik ömür təqdir etdim.” dedi. Adəm(ə.s):
“Ey Rəbbim! Onun ömrünü uzat!” tələbini etdi. Rəbbi:
“Bu ona təqdir olunmuş olandır” dedikdə Adəm(ə.s):
“Ey Rəbbim, mən ona öz ömrümdən altmış il verirəm” deyə israr etdi. Bundan sonra Allah Təala: “Sən və bu tələbin bərabərsiniz” buyurdu. Sonra Adəm(ə.s) cənnətə yerləşdirildi. Allahın istədiyi qədər orada qaldı. Sonra cənnətdən yer üzərinə endirildi. Adəm(ə.s) burada öz əcəlini il bə-il sayıb hesablayırdı. Bir vaxt ölüm mələyi gəldi. Adəm(ə.s) ona: “Tələsdin, tez gəldin. Mənə min il ömür təqdir edilmişdi!” dedi. Mələk: “Yaxşı, amma sən oğlun Davuda(ə.s) altmış ilini verdin” dedi. Beləliklə o bunu inkar etdi, onun zürrüyyəti də inkar etdi. O unutdu, zürrüyyəti də unutdu”. Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) əlavə etdi: “O gündən etibarən yazma və şahidlik əmr edildi. (Tirmizi)
Aişə(r.a) rəvayət edir: “Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun) buyurdu ki; “Mələklər nurdan yaradıldılar, cinlər dumanlı bir alovdan yaradıldılar. Adəm(ə.s) də sizə vəsfi ediləndən yaradıldı(yəni torpaqdan).”
Bununla da bizdə ilk yaradılış haqqında müəyyən qədər təəssüratlar oldu. Lakin bu mövzu həm dərin, həm də əsaslı şəkildə öyrənilməsi lazım olan mövzulardandır. Biz çox dərinə getmədən, səthi şəkildə səhih qaynaqlara dayanmağa çalışaraq, ilk yaradılış haqqında sizlərə cüzi də olsa məlumat verdiyimizi düşünürük. Daima sizdən gələn məsləhət və iradları qəbul edərək xətalarımızın çox olduğunu etiraf edirik. Allah Təala bütün günah və xətalarımızı bağışlasın və bizi doğru yolda müvəffəq etsin. Bütün peyğəmbərlərə salam olsun. Allah Təalaya razı olduğu qədər həmd və şükürlər olsun.
Qaynaqlar:
1. Qurani Kərim(Azərbaycan dilindən tərcüməsiylə). Məhəmmədhəsən Qənioğlu, Tariyel Bilaloğlu, Bakı: Göytürk, 2000.
2. Qurani Kərim, Vasim Məmmədəliyev, Ziya Bünyadov (elektron kitab).
3. Buxari Əbu Abdullah Muhamməd b. İsmail, əl-Camiu-s-Sahih, trc. Mehmed Sofuoğlu, İstanbul, 1987.
4. Muslim Əbu-l-Huseyn b. əl-Həccac əl-Kuşeyri, əl-Cəmiu-s-Sahih, trc. Mehmet Sofuoğlu, İstanbul, ts.
5. Kutub-i Sitte, Hadis Külliyatı, (elektron kitab).
6. Seyfullah Erdoğmuş, İmam Acurri Kirk hadis şerhi, Ankara 1999.


Tarix: 08.05.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 434 Bölmə: Maraqlı melumatlar