beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞƏRİİ PAKLIQ (Təharət)

Namaz İslamın ikinci əsasıdır. Onun düzgün olması üçün şəriətin tələb etdiyi qaydada təmizlənmək lazımdır. Bu təmizlik su və ya torpaq ilə olur.
Suyun növləri: 1. Özü təmiz olub başqasını da təmizləyən təmiz su. 2. Az miqdarda olduqda natəmiz şeylərlə çirklənmiş, çox miqdarda olduqda isə natəmizliklə dadı, rəngi və ya iyi dəyişmiş murdar su.
Diqqət! Çirkab qatılmış su çox miqdarda olduqda onun rəngi, dadı və ya iyi dəyişmədikcə murdar olmaz. Az miqdarda olan su çirkabın toxunması ilə murdar olur. Su iki qüllədən, yəni 210 lr-dən artıq olduqda çox sayılır.
Qablar: Qızıl və gümüş qablardan başqa, hər bir qabı istifadə etmək olar. Qızıl və gümüş qabda təmizlənən pak olur, amma bu qablardan istifadə etdiyinə görə günah qazanır. Həmçinin kafirlərin qab-qacaqlarını və paltarlarını istifadə etmək icazəlidir. Yalnız bunların murdarlığı isbat olunduqda qadağan olunur.
Ölmüş heyvanın dərisi: Bu birmənalı olaraq murdar sayılır. Ölmüş heyvan iki növ ola bilər: 1. Əslən əti yeyilməyən. 2. Kəsilmədən ölmüş, əti yeyilən heyvan. Bu növ heyvanın dərisi aşılanarsa, onu sulu işlərdə deyil, quru işlərdə istifadə etmək olar.
Subaşından təmizlənmək (əl-İstinca): Ön və arxa ifrazat orqanlarından xaric olan natəmizliyin təmizlənməsi su ilə olduqda istinca, daş və ya kağız ilə olduqda isticmar adlanır. İsticmar etmək üçün istifadə olunan vasitə pak, icazəli və təmizləyici olmalı, yeyinti məhsulu olmamalıdır. Bu təmizlikdə üç və daha artıq daş istifadə olunmalıdır. İfrazat çıxışlarından xaric olan hər ifrazata görə istinca və ya isticmar etmək vacibdir.
Subaşında ehtiyacını ödəyərkən aldığı vəziyyətdə lazımi qədərdən artıq qalmaq haramdır. Həmçinin su mənbələrinə, istifadə olunan yola, insanların dincəldikləri kölgəliklərə, meyvəli ağacın altına və açıq sahədə üzünü qibləyə tərəf tutub, subaşına çıxmaq da haramdır.
Subaşına gedən insanın üzərində Allahın adı olan əşyanı özü ilə aparması və ya bu zaman danışması bəyənilmir (məkruhdur). Həmçinin çala yerlərə yüngül subaşı etmək, sağ əl ilə övrət yerinə toxunmaq və bağlı yerdə qibləyə tərəf dönmək bəyənilmir (məkruhdur). Bunları yalnız zərurət halında etmək olar.
Ehtiyacını ödəyən insanın təmizlənərkən yumaq və ya silmək saylarını tək sayda etməsi, eyni anda həm sudan, həm də daş (kağız və s.) istifadə etməsi müstəhəbdir.
Misvaklanmaq: Əl-Ərak ağacının çubuqları kimi yumuşaq çubuqlardan misvak kimi istifadə etmək sünnədir. Namazdan, Quran oxumadan və dəstəmazda ağzını yaxalamadan öncə, yaxud yuxudan oyanandan sonra, həmçinin məscidə və ya evə daxil olduqda, ağız boşluğunun qoxusu dəyişdikdə və s. hallarda misvakdan istifadə etmək daha gərəklidir. Misvaklanmaq və dəstəmaz almaq kimi işləri sağ tərəfdən başlamaq, natəmizlikləri isə sol əl ilə təmizləmək sünnədir.
Dəstəmaz: Dəstəmazın əsas əməlləri bunlardır; 1. Üzü bir dəfə yumaq. Bura ağız və burnun yuyulması da daxildir. 2. Əllərin dirsəklərə qədər bir dəfə yuyulması. 3. Başın hər tərəfinə bir dəfə məsh etmək. Qulaqlara məsh etmək də buraya daxildir. 4. Ayaqları topuqlara qədər yumaq. 5. Tərtib. 6. Ardıcıllıq.
Dəstəmazın müstəhəb əməlləri isə bunlardır: misvaklanmaq, əvvəldə əlləri yumaq, ağız və burunu üzdən öncə yaxalamaq və oruc olmadıqda bu əzaları dərindən təmizləmək, yaş barmaqları qalın saqqalın aralarına çəkmək, barmaqların aralarını sürtmək, sağ əzalardan başlamaq, əzaları iki və ya üç dəfə yumaq, sağ əl ilə buruna su alıb, sol əl ilə təmizləmək, əl ilə əzaları sürtmək, dəstəmazı tam rahat şəkildə almaq və sonra bəlli duanı oxumaq.

Dəstəmazın vacib əməlləri: Əvvəldə “Bismillah” (Dəstəmazın əvvəlində "bismilləh" deməyin hökmü barədə alimlərin fikir ayrılığı mövcuddur. Bəziləri bunu vacib, bəziləri isə müstəhəb hesab edirlər. (tərc.) demək. Gecə yuxusundan oyanan insanın əlini su qabına salmadan öncə əllərini üç dəfə yaxalaması.
Dəstəmazın bəyənilməyən (məkruh) əməlləri: Çox soyuq və ya isti su ilə dəstəmaz almaq. Bir əzanı üçdən artıq sayda yumaq. Əzalarda qalan suyu çırpmaq. Gözün içərisini yumaq. Dəstəmazdan sonra əzaları qurulamaq isə icazəlidir.
Diqqət! Ağızı yaxalayarkən suyu ağızda çalxalamaq lazımdır. Burunu yaxalayarkən suyu təkcə əl ilə deyil, həm də nəfəs ilə buruna çəkmək və elə də geri çıxartmaq lazımdır. Ağız və burunun təmizlənməsi yalnız bu qaydada doğru sayılır.
Dəstəmazın təsviri: Dəstəmaz almaq istəyən qəlbi ilə niyyət etməli, sonra bismilləh deyib əllərini üç dəfə yuyur, ağzını və burnunu yaxalayır, sonra üzünü (baş tüklərinin bitən yerindən alt çənəyə qədər uzununa, bir qulaqdan digər qulağa qədər eninə) yuyur, sonra bilək də daxil olmaqla əllərini dirsəklərlə birlikdə yuyur, sonra üz tərəfdən başlayıb, başın arxa tərəfinə qədər qulaq arxası dəri də daxil olmaqla məsh edir, sonra şəhadət barmaqlarını qulaq boşluqlarına daxil edib, baş barmaqlarla qulağının arxasına məsh edir, sonda isə ayaqlarını topuqlarlarla birlikdə yuyur.
Diqqət! Saqqal qalın deyilsə, üz dərisi yuyulmalı, qalındırsa, saqqalın üst tərəfi yuyulmalıdır.
Xofların üzərinə məsh etmək: Xoff dəridən və ya oxşar şeylərdən tikilən ayaq geyimidir. Yun və oxşar mallardan hazırlandıqda corab adlanır. Xofların üzərinə yalnız dəstəmaz aldıqda məsh etmək olar və bunun üçün aşağıdakı şərtlər tamamlanmalıdır: 1. Xufları tam dəstəmaz alıb, ikinci ayağını yuduqdan sonra geyinmək. 2. Təmizliyi su ilə etmək. 3. Ayağa geyinilən geyim yuyulması vacib olan yerləri örtməlidir. 4. Geyim geyinilməsi icazəli olan geyimlərdən olmalıdır (yəni oğurluq, yaxud ipəkdən hazırlanmış olmamalıdır). 5. Geyim pak olmalıdır.
Əmmamənin də üzərinə məsh etmək olar, amma bunun üçün aşağıdakı şərtlər tamamlanmalıdır: 1. Əmmamə kişi geyimi kimi nəzərdə tutulmalıdır. 2. Adətən əmmamə başın hansı hissələrini örtürsə, o yerləri örtməlidir. 3. Məsh etmək qüslün deyil, dəstəmazın pozulmasına görə olmalıdır. 4. Təmizlik su ilə aparılmalıdır.
Qadın hicabının üzərinə də məsh etmək olar və bunun üçün də müəyyən şərtlər tamamlanmalıdır: 1. Baş örtüyü qadınlara xas olmalıdır. 2. Baş örtüyü boğazdan örtülməlidir. 3. Məsh etmək qüslün deyil, dəstəmazın pozulmasına görə olmalıdır. 4. Təmizlik su ilə aparılmalıdır. 5. Adətən hicab başın hansı hissələrini örtürsə, o yerləri örtməlidir.
Məshin müddəti: Daimi yaşadığı yerdə olan insan bir, səfərdə olub namazları qısaltmaq güzəştinə sahib olan insan isə üç sutka müddətində məsh edə bilər.
Daimi yaşadığı yerdə yaşayan insan üçün məsh müddətinin başlama anı, geyimi geyindikdən sonra dəstəmazı pozulduqda etdiyi ilk məshin vaxtından başlayıb ertəsi gün həmin vaxta qədər (24 saat) davam edir.
Faydalı məlumat: Kim səfərdə olarkən məsh çəkib sonra daimi yaşadığı yerə gələr, yaxud yaşadığı yerdə olarkən məsh çəkib sonra səfərə çıxar, yaxud məshin başlama vaxtını xatırlamazsa yaşadığı yerdə yaşayan adam kimi (24 saat) məsh çəkməlidir.
Gibs və sarğının üzərinə məsh etmək olar, amma bunun üçün müəyyən şərtlər tamamlanmalıdır: 1. Sarğı ehtiyac üzündən daşınmalıdır. 2. Sarğı ehtiyac yerindən artıq yeri tutmamalıdır. 3. Dəstəmazın digər əzalarından sonra dərhal məsh etmək lazımdır. Əgər sarğı ehtiyac olan yerdən artıq yeri tutarsa, sarğını bu yerlərdən açmaq lazımdır. Əgər sarğının bu yerlərini açıb zərər görməkdən ehtiyat edərsə, sarğının üzərinə məsh edə bilər.
Xoffun məsh çəkilən hissəsi, ən çox halda ayaq barmaqlardan başlayıb topuqların üst hissəsinə qədərdir. Məsh edərkən əl barmaqlarını da aralı tutub, məsh etmək lazımdır.
Faydalı məlumatlar:  Birinci sağ ayağa deyil, hər ikisinə eyni anda məsh etmək daha yaxşıdır. Xoffun altına və ya arxasına məsh etmək sünnədən deyil. Əgər xoffun yalnız bu hissələrinə məsh etməklə kifayətlənərsə, məshi düzgün sayılmaz.  Xufflara məsh etmək əvəzinə, onları yumaq və ya məshi təkrarlamaq məkruhdur. Əmmamə və hicabın əksər hissəsinə məsh etmək vacibdir.
Dəstəmazı pozan amillər: 1. Ön və arxa ifrazat yerlərindən xaric olan yel və ya sperma kimi təmiz, yaxud sidik və ya məzi kimi nəcisin çıxması. 2. Yatmaqla və ya ürəyi getməklə ağlına hakim olmamaq. Oturaq halda və ya ayaq üstdə mürgüləmək müstəsnadır. 3. Kiçik və ya böyük subaşının adət olunmayan yerdən çıxması. 4. Kiçik və ya böyük subaşından başqa, bədəndən hər hansı murdar şeyin, qan və s. – çox miqdarda xaric olması. 5. Dəvə ətinin yeyilməsi. 6. Əl ilə övrət yerinə toxunmaq. 7. Arada heç bir maneə olmadan kişinin qadına və ya qadının kişiyə şəhvətlə toxunması. 8. Dindən çıxmaq.
Kim dəstəmazlı olduğunu yəqin bilib, onun pozulmasını ehtimal edər və ya dəstəmazının pozulmasını yəqin bilib pozulmadığını ehtimal edərsə, yəqin olduğu fikirə qərar verməlidir.
Qüsl: Qüslü vacib edən hallar bunlardır: 1. Spermanın ləzzət ilə çıxması. Yaxud yatmış insandan ləzzətlə və ya ləzzətsiz çıxması. 2. Orqanın baş hissəsinin qadının orqanında itməsi. Hətta boşalma olmasa belə. 3. Kafirin və ya mürtədin islamı qəbul etməsi. 4. Aybaşı qanının ifrazı. 5. Nifas qanının çıxması. 6. Müsəlmanın ölməsi. Qüslün fərz əməlləri: Qüsl alarkən bədənin hər hissəsinə, eləcə də ağız və buruna su vurmaq kifayətdir. Qüslün kamil şəkildə alınması doqquz əməllə tamamlanır: 1. Niyyət. 2. Bismilləh demək. 3. Əllərini qaba salmadan öncə onları üç dəfə yumaq. 4. Ayıb yerlərini və ətrafını yumaq. 5. Dəstəmaz almaq. 6. Başına üç dəfə su tökmək. 7. Bədəninə su vurmaq. 8. Yaş əl ilə bədənini sürtmək. 9. Sağ tərəfdən başlamaq.
Dəstəmazı olmayan insanın bunları etməsi haramdır: 1. Qurana əl vurmaq. 2. Namaz qılmaq. 3. Kəbəni təvaf etmək. Qüslsüz adama isə bunlarla yanaşı, aşağıdakılar da qadağan olunur: 4. Quran oxumaq. 5. Məsciddə dayanmaq. Boynunda qüsl olan insanın dəstəmaz almamış yatması və təmizlənərkən suyu israf etməsi məkruhdur.
Təyəmmüm almaq üçün aşağıdakı şərtlər olmalıdır: 1. Su tapmadıqda. 2. Təyəmmümü pak, mübah, tozlu, yanmamış torpaq ilə almaq. Təyəmmümün əsas əməlləri üzə və əllərin bilək hissəsinə qədər tam məsh etmək, ardıcıllğı və tərtibi qorumaqdır. Təyəmmümü pozan amillər: 1. Dəstəmazı pozan amillər. 2. Su olmadığı üçün təyəmmüm edən su tapdıqda. 3. Təyəmmüm etməyə imkan verən amil, xəstəlik və s. – aradan qalxdıqda. Təyəmmümün sünnə əməlləri: 1. Ardıcıllığa və tərtibə riayət etmək. 2. Təyəmmümü namazın son vaxtına qədər saxlamaq. 3. Təyəmmümdən sonra dəstəmazdan sonra oxunan duanı oxumaq. Təyəmmümün məkruh əməlləri. Torpağa bir dəfədən artıq əli ilə sürtmək.
Təyəmmüm etməyin qaydası: Təyəmmüm etməyə niyət edərək, bismilləh deyib, əllərinin iç hissəsini bir dəfə torpağa vuraraq üzünə və saqqalına, sonra sol əlinin içi ilə sağ əlinin, sağ əlinin içi ilə də sol əlinin üzərinə məsh edir.
Murdar şeyləri təmizləməyin qaydası; Canlılar: Canlılar murdar və paklıq baxımından iki qismə bölünürlər: 1. Murdar (nəcis) olanlar: Məsələn, it, donuz və əsası bunlardan olan hər şey, eləcə də əti yeyilməyən quşlar və yaradılış baxımından pişikdən böyük olan heyvanlar. Bu növ heyvanların sidiyi, peyini, təri, ağız suyu, sperması, südü və qusuntusu murdar (nəcis) sayılır. 2. Pak olanlar: Buraya isə üç qism daxildir: A. İnsan. İnsanın sperması, təri, ağız suyu, südü, burun ifrazatı, bəlğəmi, qadın cinsiyyət orqanındakı nəmlik və digər bütün ifrazatları pakdır. Yalnız sidik, nəcis, məzi, vədi və qan murdar sayılır. B. Əti yeyilən heyvanlar və onların sidiyi, peyini, sperması, südü, təri, ağız suyu, burun ifrazatı, qusuntusu, məzisi və vadisi təmiz hesab olunur. C. O heyvanlar ki, özünü onlardan qorumaq çətindir. Məsələn eşşək, pişik, siçan və s. Bu kimi heyvanların yalnız ağız suyu və təri pak hesab olunur.
Meyitlər: İnsan, balıq, çəyirtkə, eləcə də əqrəb, qarışqa və ağcaqanad kimi bədənində axar qan olmayan canlıların ölüsündən başqa, bütün ölülər murdar sayılır.
Cansızlar: Yuxarıda deyilən murdar şeylərin cansızları istisna olmaqla yer, ağac və s. bu kimi cansızlar pak sayılır.

Faydalı məlumatlar: Qan, qusuntu və irin murdardır. Pak heyvanın az miqdarda olan bu ifrazatları namaz və digər hallarda bağışlanandır. İki növ qan pakdır. 1. balıq qanı. 2. kəsilmiş heyvanın ətində və damarlarında qalan qan. Əti yeyilən heyvan sağ ola-ola ondan qoparılan parça, qan laxtası və rüşeym murdar sayılır. Murdar şeyləri təmizləmək üçün niyət etmək lazım deyil. Məsələn əgər murdarlıq yağışın yağması ilə gedərsə, pak sayılar. Murdar şeyə əl ilə toxunmaq, yaxud ayaq ilə tapdalamaq dəstəmazı pozmur. Sadəcə olaraq, bədənin və paltarın harasına dəyibsə, oranı da təmizləmək lazımdır. Murdar şeylər aşağıdakı şərtlərlə təmizlənir. 1. Təmiz su ilə yumaq. 2. Əgər sıxılan şeydirsə, onu suyun xaricində sıxmaq. 3. Yumaqla təmiz olmursa, batan yeri qaşımaq. 4. İtin murdarladığı şeyi təmizləmək üçün yeddi dəfə su ilə, səkkizincidə isə torpaq və ya sabun ilə yumaq lazımdır.
(Müəllif bu murdarlığın sabun ilə təmizlənməsini qeyd etmişdir. Lakin daha əsaslı görüşə görə, bu təmizlik tam olaraq yalnız torpaqla həyata keçirilə bilər.)

Qeydlər: Yerə düşən murdar şey sidik kimi maye halındadırsa, onun üzərinə su töküb murdarlığı, iyini və rəngini itirmək kifayətdir. Yox, əgər murdar şey peyin kimi cisimlidirsə, murdar şeyin özünü və izini itirmək lazımdır. Murdarlıq sudan başqa, bir şeylə təmizlənmirsə, onu su ilə təmizləmək lazımdır. Əgər murdar olan yer dəqiq bilinmirsə, onun yuyulduğuna əmin olmaq üçün həmin yer tam yuyulmalıdır. Nafilə namazı qılmaq üçün dəstəmaz alan insan həmin dəstəmazla fərz namazı qıla bilər. Yatan və ya yel çıxan insan ifrazat orqanlarını yumamalıdır. Çünki yel pakdır. Belə halda namaz qılmaq və ya başqa iş üçün dəstəmaz almaq kifayətdir.---------------


Tarix: 01.05.2013 / 16:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 438 Bölmə: Maraqlı melumatlar