beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Borcun məsuliyyəti

Sual: Dolanışığımızı qazanmaqda ərimə kömək etməkdən ötrü işləyirəm. Belə ki, onun məvacibi bizim əsas ehtiyaclarımızı və övladlarımızın təhsilini ödəmir. Bəzi borclarımızı ödəmək üçün ayrı-ayrı adamlardan borca pul götürmüşəm. Allaha həmd olsun, deyə bilərəm ki, Allah-Təala “pul” məsələsində bizim imanımızı sınağa çəkir. Bir gün, borclarını ödəməyən bir müsəlmana veriləcək şiddətli cəza barədə bir xütbəyə qulaq asırdım. Xütbədə həmçinin qeyd olunurdu ki, Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) borcunu ödəməyənlər üçün cənazə namazı qılmırmış. Xütbə verən borc barədə bir duadan bəhs etdi, lakin duanı yazmaq imkanım olmadı. Zəhmət olmasa qəbirdə borca görə veriləcək cəza və borcu ödəmək üçün ediləcək dua barədə məlumat verəsiniz.

Cavab:
Həmd Allaha məxsusdur.
Əvvəla, əl-Məvsuəh əl-Fiqhiyyə (21/102)əsərində bildirildiyi kimi fəqihlər dayn (borc) kəlməsini “yerinə yetirilməsi vacib öhdəlik” kimi tərif etmişlər. Dayn kəlməsinin lüğəti mənası ərəb dilində boyun əymək və rəzil olmaq deməkdir. İstilahi (şəriətdəki) məna ilə lüğəti məna arasındakı əlaqə aydındır. Borc götürən əsir sayılır. Belə ki, Peyğəmbərimizə (Allahın ona salavatı və salamı olsun) istinadən rəvayət olunan hədisdə belə deyilir: “Yoldaşınız borcuna görə əsir edilib”. Hədisi Əbu Davud (3341) rəvayət etmişdir. Şeyx əl-Albani “Sahih Əbi Davud”da bu hədisi həsən deyə təsnif edib.

İkincisi:
İslam şəriətində borc məsələsinə münasibət olduqca ciddi olmaqla, müsəlmanlar bundan çəkindirilir və borc götürməkdən mümkün qədər uzaq durmaları təşviq olunur.

Aişəyə (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) namazda belə dua etdiyini bildirir: “Allahummə inni əuzu bikə minəl-mə`səmi vəl-məğrəm” (Allahım, günahdan və borcdan Sənə sığınıram). Bir nəfər ondan soruşdu: “Sən nə üçün tez-tez borcdan ötrü Allaha sığınırsan?” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Borca girən adam danışanda yalan danışır, söz verəndə sözünün üstündə durmur”. Buxari (832) və Muslim (589); ən-Nəsai (4605) Muhəmməd ibn Cəhşə (Allah ondan razı olsun) istinadən onun belə söylədiyini xəbər verir:

“Biz Allah Rəsulunun yanında oturmuşduq. Bu zaman o başını səmaya tərəf qaldırdı, sonra ovucunu alnına qoydu və dedi: “Sübhənallah! Mənə şiddətli xəbərdarlıq (vəhy) nazil olub!” Biz sakit durduq və qorxduq. Ertəsi gün mən ondan soruşdum: “Ey Allahın Rəsulu! Sizə nazil olan şiddətli xəbərdarlıq nədir?” O dedi: “Canım Əlində Olana and olsun! Bir insan Allah yolunda döyüşdə həlak olub, yenidən dirilsə, yenə həlak olub dirilsə, yenə həlak olsa və bu zaman borcu olsa, borcu ödənməyənə kimi cənnətə daxil olmaz”. Şeyx əl-Albani bu hədisi “Səhih ən-Nəsai”də (4367) həsən deyə təsnif edib.

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) iki dinar borcu olan və Əbu Qətadə (Allah ondan razı olsun) adlı səhabənin onun borcunu ödəyəcəyini öhdəsinə götürməyənə kimi onun üçün cənazə namazı qılmaqdan imtina etmişdi. Ertəsi gün onu gördükdə (Əbu Qətadə): “Borcu ödədim” dedi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “İndi dərisi soyudu”. Əhməd Müsnəd (3/629); ən-Nəvəvi “əl-Xulasət” (2/931) və İbn Müflih “əl-Ədəb əl-Şəriyyə” (1/104) əsərində hədisin həsən olduğunu bildirmişdir. İmam Əhmədin “Müsnəd”ində başqa təhqiqatçılar bu hədisin həsən olduğunu bildirmişlər.

əl-Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) “Fəth əl-Bari” də (4/547) belə demişdir:
“Hədis borc məsələsinin nə qədər ağır olduğunu və yalnız zəruriyyət halında borca girmək lazım olduğunu göstərir”. Sitatın sonu.
Səvbana (Allah ondan razı olsun) istinadən Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə söylədiyi xəbər verilir:
“Kim üç şeydən-təkəbbürlük, xəyanətdən[1] və borcdan azad olduğu halda vəfat edərsə cənnətə daxil olar”.
Tirmizi (1572). Şeyx əl-Albani “Səhih ət-Tirmizi”də hədisin səhih olduğunu bildirmişdir.

Əbu Hureyraya (Allah ondan razı olsun) istinadən onun belə söylədiyi xəbər verilir: “Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: “Möminin ruhu borcu ödənənə kimi asılı qalır ”.
Tirmizi (1078)

əl-Mübərakfuri Tuhfətul-Əhvəzi[2] (4/164)deyir:
“Möminin ruhu asılı vəziyyətdə qalır” ifadəsi barədə əs-Suyuti belə demişdir: “Yəni, uca məqamına çatmasının qarşısı alınır. əl-İraqi belə demişdir: “mənası budur ki, onun borcunun ödənilib-ödənilməyəcəyi müəyyən olunanadək nicat tapacağı yaxud həlaka düçar olacağı barədə qərar verilmir”. Sitatın sonu.
Sələfdən bir çoxunun borcdan çəkindirdiklərinə dair rəvayətlər nəql olunub.
Ömər ibn əl-Xəttaba (Allah ondan razı olsun) istinadən onun belə söylədiyi xəbər verilir: “Borcdan uzaq durun, çünki (borcun) əvvəli sıxıntı, sonu dava-dalaşdır”. Malik əl-Muvatta (2/770).

Abd ər-Rəzzaqın Müsənnəfində (3/57) belə deyilir:
İbn Ömər (Allah ondan və atasından razı olsun) demişdir:
“Ey Həmran! Allahdan qorx və borclu olduğun halda ölmə ki, heç bir dinar və dirhəmin olmadığı (bir gündə) sənin savablarından götürməsinlər”.

Üçüncü:
Borc barədə bu cür şiddətli xəbərdarlıq həm fərd, həm də cəmiyyət üçün yaratdığı zərərli nəticələrindən dolayıdır.
Borcun fərd üçün fəsadları

Bu barədə əl-Qurtubi əl-Cami li Əhkəm əl-Quran(3/417) əsərində belə deyir:
“Alimlərimiz belə demişlər: “(Borclu olmaq) rüsvayçılıq və rəzillikdir. Çünki insanın fikri-zikri buna qarışır və borcu ödəmək barədə narahatçılıq keçirir, borc verən ilə görüşdükdə onun qarşısında özünü alçalmış hiss edir; borc yiyəsi borc müddətini uzatdıqda ona minnət qoya bilər və o da susmağa məcbur qala və minnəti qəbul edə bilər. Borc verənə (müxtəlif üzrlər irəli sürərək filan şey oldu və s. ona görə ödəyə bilmədim) əks halda “borcumu ödəyəcəydim” söyləyə bilər, sonra da yalan danışa, yaxud həqiqətdə belə olmadığı halda borca düşdüyünü bildirərək bununla borc verənin qəlbinin yumşalmasına nail omağa və hətta borc verənin ona (yenə möhlət verməsini) və borcunu silməsinə can ata bilər,. Bundan başqa borcunu ödəmədən dünyasını dəyişə bilər. Odur ki, borcuna görə həbs olunacaq. Necə ki, Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: “Möminin ruhu qəbirdə borcu səbəbindən borcu ödənməyincə girov saxlanılır”. ət-Tirmizi (1078). Bütün bunlar insanın dininin gözəlliyini itirir və onun kamilliyini azaldır. Sitatın sonu.

Borcun cəmiyyət üçün fəsadları
Mütəxəssislər borcun fəsadları və iqtisadiyyat üçün təhlükəsi barədə danışmışlar. Bunlara aiddir:
1.Aqibəti barədə düşünmədən öz şəhvətini dərhal məmnun etmək arzusu;
2.Məsuliyyətsizlik və özünə inamsızlıq;
3.Sərvətin yanlış bölgüsünün aparılması.
Bu fəsadları daha yaxşı başa düşmək üçün Şeyx Sami əl-Süveylimin Məvqif əl-Şəriəh əl-İsləmiyyə min əl-dayn (6-11) adlı kitabına baxa bilərsiniz.

Dördüncü:
Borc vermək və götürmək üçün şərtlər
Yuxarıda deyilənlərə əsaslanaraq alimlər borcun icazəli olması üçün üç şərt irəli sürürlər:
1.Borc götürən borcunu ödəməkdə qətiyyətli olmalı;
2.Borc götürənin borcunu ödəmək qabilyyətində olacağını bilməli yaxud buna güclü qənaəti olmalı;
3.Borc şəriətdə icazə verilən məqsədlər üçün götürülməlidir.

İbn Abd əl-Bərr ət-Təmhid (23/238) adlı əsərində belə demişdir:
“Bir insanın cənnətə daxil olmasına əngəl törədəcək borc növü-Ən doğrusunu Allah bilir-(aşağıdakı formada) ola bilər: “(Vəfatından öncə) borcunu ödəmək üçün kifayət qədər pul qoyur, lakin borcunu ödəmək barədə göstəriş verməyib; yaxud (sağlığında) borcunu ödəmək imkanı olduğu halda ödəməmişdir; yaxud bəzi haram və ya israf xarakterli işlər üçün borc götürmüş və bunu ödəmədən vəfat etmişdir”.
Yoxsul və sıxıntıda olduğundan öhdəliyinə düşən bir haqqı ödəmək məqsədilə borc götürüb ödəmək üçün (vəfat etdikdən) arxaya bir şey qoymayan şəxsə gəldikdə buna görə Allah-Təala onun cənnətə daxil olmasına mane olmayacaq inşallah. Sitatın sonu.
Beşinci: Bir halda ki, siz ərinizə və ailənizə dolanışıq xərclərinizi ödəməkdə kömək məqsədilə borc götürmüsünüz, bu xeyir əməlinizə görə inşallah Allah Sübhənahu və Təala sizi mükafatlandıracaq. Bu əməlinizə görə Allahdan diləyim budur ki, sizi mükafatlandırsın. Bunu unutmayın ki, Allah sizə borcunuzu ödəməyə kömək edəcək. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “İnsanların malını qaytarmaq niyyəti ilə götürən kimsənin (borcunu) onun əvəzinə Allah qaytarar, (onu) tələf etmək (və qaytarmamaq) niyyəti ilə götürən kimsəni isə Allah məhv edər”. Buxari (2387)

Borcu ödəmək üçün təkidlə və ciddi səy göstərin, Allaha təvəkkül edin, borcunuzu ödəməyi asanlaşdırması üçün Ona dua edin.

Borcu ödəmək üçün edilən dua:
Sünnədə borcu ödəməkdə Allahdan kömək istəmək ilə bağlı bir sıra dualar var. Bu dualar aşağıda verilir:
Suheylin belə söylədiyi xəbər verilir: Əbu Saleh bizdən birimizə yatmaq istədikdə sağ tərəfi üstə uzanıb belə söyləməyimizi əmr edərdi:
“Allahummə rabbəs-səmavati və rabbəl -ardı, və rabbəl-arşil-azim. Rabbənə və rabbə kulli şeyin. Faliqal-həbbi vən-nəva, və munzilət-təurati vəl-incili vəl-furqan. Əuzu bikə min şərri kulli şeyin əntə axizun binasiyətihi. Allahummə əntəl-əvvəlu fəleysə qabləkə şeyun, və əntəl-axiru fəleysə bə`dəkə şeyun, və əntəz-zahiru fəleysə fəuqakə şeyun, və əntəl-batinu fəleysə dunəkə şeyun, iqdi annəd-deynə və əğninə minəl-fəqri”.
“Allahım! Səmanın və yerin Rəbbi, uca Ərşin Rəbbi, bizim və hər bir şeyin Rəbbi! Toxum və çəyirdəyi cücərdib çatladan, Tövratı və İncili, Furqanı (Quranı) nazil edən! Kəkilindən tutduğun (üzərində tam nəzarətinin olduğu) hər bir şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, səndən üstə heç nə yoxdur, Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə və bizi yoxsulluqdan qurtar”.
Hədisi Əbu Hureyra Allahın Rəsulundan rəvayət etmişdir. Muslim (2713)

Əliyə (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə onun belə söylədiyi xəbər verilir: “Mukatib[3] mənim yanıma gəldi və dedi: “(Köləlikdən azad olmaq borcumu) ödəyə bilmirəm, kömək et”. O dedi: “Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) mənə öyrətdikləri bəzi sözləri sənə öyrədimmi? Sir[4] dağı qədər borcun olsa Allah sənin əvəzinə ödəyər! O dedi: “De: “Allahumməkfini bihələlikə an həramikə və əğnini bifadlikə ammən sivakə (Allahım! Məni Öz halalınla kifayətləndərib haramına möhtac etmə! Məni Öz lütfünlə Özündən başqasına möhtac etmə )
ət-Tirmizi (2563) belə demişdir: “Bu, həsən qərib hədisdir”. Şeyx əl-Albani “Səhih ət-Tirmizi”də hədisin həsən olduğunu bildirmişdir.


Əbu Səid əl-Xudriyə (Allah ondan razı olsun) istinadən onun belə söylədiyi xəbər verilir: “Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) bir gün məscidə daxil oldu və Əbu Umamə adlı ənsardan bir nəfərin orada olduğunu gördü. O dedi: “Ey Əbu Umamə! Namaz vaxtının xaricində məsciddə xeyir ola? O dedi: “Dərdim və borclarım, ey Allahın Rəsulu”. O dedi: “Sənə bunları söyləcəyin zaman Allah Azzə və Cəllənin sənin dərdini sovuşduracağı və borclarını ödəyəcəyi kəlamları öyrədimmi? O: “Bəli ey Allahın Rəsulu”. (Peyğəmbər): “Səhər-axşam bu duanı de:
“Allahummə inni əuzu bikə minəl-həmmi vəl-həzəni, və əuzu bikə minəl-aczi vəl-kəsəli, və əuzu bikə minəl-cubni vəl-buxli, və əuzu bikə min ğalabətid-dayn və qahri ər-rical”
(Allahım,üzüntü və kədərdən Sənə sığınıram, acizlik və tənbəllikdən Sənə sığınıram, qorxaqlıq və xəsislikdən Sənə sığınıram, borc altında qalmaqdan və insanların məni sıxışdırmasından Sənə sığınıram)”. O (Əbu Umamə) deyir: “Mən bunu etdim, Allah Azzə və Cəlli məni üzüntüdən qurtardı və borclarımı verdi”.
Əbu Davud (1555). Hədisin isnadında Ğassan ibn Auf var. Zəhəbi hədisin şərhində demişdir: “Ravi güclü deyil ”. Odur ki, Şeyx əl-Albani “Daif Əbu Davud”da hədisi zəif deyə təsnif etmişdir. Lakin hədisdə qeyd olunan dua “Allahummə inni əuzu bikə minəl-həmmi vəl-həzəni…” Əbu Umamənin bu hadisəsindən başqa bir rəvayətdə Səhiheyndə sübuta yetirilib.
Ən doğrusunu Allah bilir.


Tarix: 10.04.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 693 Bölmə: Maraqlı melumatlar