beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haqqı söyləyib şəhid olan alim

Məşhur hədis alimi İmam Nəsainin vəfatının ildönümü yaşadığımız səfər ayına təsadüf edir. Əhli-sünnə məzhəbinin altı ən mötəbər hədis məcmuəsindən birinin müəllif olan Əbu Əbdürrəhman Əhməd ibn Şüeyb Nəsai hicri 214-cü (miladi 829-cu) ildə Xorasanın Nəsa şəhərində anadan olub.

O, hədis elminin incəliklərini öyrənmək üçün müxtəlif bölgələrə səfərlər etmişdi. İmam Nəsai təhsilə 15 yaşında başlamış, Ənəs ibn Malikin tələbəsi Qüteybə ibn Səiddən, Əhməd ibn Hənbəlin oğlu Abdullahdan, İshaq ibn Rahiveyhdən, altı hədis məcmuəsindən birinin tərtibçisi Əbu Davuddan və sair alimlərdən dərs almışdı.

Nəsai gözəl əxlaqa, vüqar və əzəmətə malik idi. Iki gündən-bir oruc tuturdu (bu cür oruc tutmaq qaydasına Həzrət Davud Peyğəmbərin (ə) orucu deyirlər). Nəsai İmam Əliyə (ə) dərin məhəbbət duyduğuna və o həzrətin uğrunda şəhid olduğuna görə, bəzi tədqiqatçılar onun şiə məzhəbində olduğunu iddia etmişlər (əksəriyyətin fikrincə, o, şafii məzhəbinə mənsub idi).

Nəsainin hədisçilik elminə həsr edilmiş bir neçə kitabı vardır. Onun şah əsəri olan Sünən 57 fəsldə toplanmış 5729 hədisdən ibarətdir. Kitabda heç bir başqa hədis məcmuəsində rast gəlinməyən nadir mövzularda hədislər mövcuddur. Məşhur tədqiqatçı alim Şəmsəddin Zəhəbinin fikrincə, Nəsai hədis seçimində ciddiyyəti ilə hətta Müslimi də üstələyirdi. Bununla yanaşı, Sünənün-Nəsaidə təkrar hədislərin sayı çoxdur; hətta bir hədis 16 yerdə təkrar edilib.

Nəsai hazırki Sünəndən əvvəl daha geniş bir hədis məcmuəsi hazırlamış və adını “Müctəna” qoymuşdu. Bu kitabda 12 mindən artıq hədis vardır. Ehtimala görə, Nəsai sonralar onu ixtisar edib yenidən işləyərək, hazırki Sünəni tərtib etmişdir. Buna görə də hazırda istifadə edilən Sünənün-Nəsai “süğra” (kiçik) ləqəbi ilə tanınır.

Nəsai o dövrün qaydalarına uyğun olaraq, hədis öyrənmək üçün bir neçə ölkəyə səfər edir, bir müddət Misirdə yaşadıqdan sonra Şama gəlir. Şam uzun müddət Əməvilər xilafətinin paytaxtı olduğu üçün buranın əhalisi Əməvilərə qarşı rəğbətli, Əhli-beytə qarşı qısqanc idi. Diməşq şəhərində əhalinin Həzrət Əliyə (ə) qarşı kin-küdurətini müşahidə edən Nəsai özünün məşhur “Xəsaisu Əmirül-möminin” (Əmirül-mömininin xüsusiyyətləri) kitabını qələmə alır. Bu kitab Həzrət Əlinin (ə) fəzilətləri barədə 194 hədisdən ibarətdir. Deyilənlərə görə, diməşqlilər bundan sonra Müaviyyənin fəzilətləri barədə də hədislər söyləməsini ondan tələb edirlər. Nəsai isə cəsarətlə onlara cavab verir: “Müaviyyə haqqında Peyğəmbərin: “Allah onun qarnını doyuzdurmasın” hədisindən savayı nə isə buyurduğundan xəbərim yoxdur”.

Nəsainin işarə etdiyi bu hədisi Müslim öz Səhihində qeyd edib. Abdullah ibn Abbas bir gün küçədə uşaqlarla oynayırdı. (Abdullah ibn Abbas hicrətdən bir neçə il əvvəl, müsəlmanlar Şibi-Əbu Talibdə mühasirədə olduqları vaxt doğulmuşdu və bu hadisə baş verən zaman uşaq idi). Allahın Rəsulu gəldi, əli ilə onun çiyninə toxunub buyurdu: “Get, Müaviyəni yanıma çağır». Abdullah gedib Peyğəmbərin çağırışını Müaviyəyə çatdırır. Bu vaxt Müaviyə süfrə arxasında yemək yeyirmiş. Abdullaha deyir ki, yeməyimi qurtarıb gələrəm. Abdullah qayıdıb cavabı Peyğəmbərə çatdırır. Peyğəmbər onu ikinci dəfə göndərir. Abdullah eyni cavabla qayıdır. Onda Peyğəmbər Müaviyənin barəsində belə bəd-dua edir: “Allah onun qarnını doyuzdurmasın” (Səhihü Müslim, Kitabül-birr, 25-ci bab, hədis 6628). Məşhur tarixçi Ibn Kəsir yazır ki, Müaviyə Diməşqdə hakimiyyət sürərkən gündə yeddi cür ət xörəyi, halva və meyvə yeyir, axırda deyrdi: “Vallahi, doymadım. Bu qədər nemət ola-ola qarnımı doyuzdurmağa aciz qalmışam” (Ibn Kəsir. Əl-Bidayətü vən-nihayə, XI, 401-402).

Bəlkə də elə bu əhvalata əsaslanaraq, Buxari, Müslim və Nəsainin ustadı olan Ishaq ibn Rahiveyh deyirmiş: “Müaviyənin fəzilətləri haqqında heç bir səhih məlumat yoxdur” (Ibn Həcər. Fəthül-bari, VII, 129). Imam Buxari də ehtimal ki, bu fikirdə imiş. Çünki o öz Səhihində əksər səhabələr haqqında babları “filankəsin mənaqibi” (yəni filankəsin fəzilətləri) adlandırdığı halda, Müaviyəyə növbə çatanda bu babı sadəcə olaraq “Müaviyənin zikri” adlandırıb.

Diməşqlilər Nəsainin cavabından hədsiz qəzəblənib, hamılıqla onun üstünə tökülür və döyməyə başlayırlar. Yaşı 90-ı haqlamış Nəsai bu zərbələrdən ölümcül xəsarət alır, bir neçə gün ağır xəstə yatdıqdan sonra dünyasını dəyişir. Deyilənlərə görə, o, qarnının aşağı hissəsinə dəyən təpiklərin təsirindən daxili qanaxmadan vəfat edib. Nəsainin harada dəfn olunması barədə məlumatlar fərqlidir. Bəziləri Diməşq məscidində Müaviyə haqqında dediyi sözlərdən sonra alimin Rəmlə məntəqəsinə sürgün olunduğunu, sürgündə dünyasını dəyişib Beytlül-Müqəddəsdə (Qüdsdə) dəfn edildiyini yazırlar. Başqa bir məlumata görə, məsciddə ağır xəsarət aldıqdan sonra öz vəsiyyətinə əsasən, onu Məkkəyə aparırlar; müqəddəs şəhərə çatan kimi dünyasını dəyişir və Mərvə ilə Səfa təpələrinin arasında torpağa tapşırılır (hicri 303, miladi 915-916-cı il).


Tarix: 03.01.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 614 Bölmə: Maraqlı melumatlar