beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurbanlıq və onun əhkamları

Allah təala buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Yaxşılıq edənlərə (Cənnətlə) müjdə ver!” (əl-Həcc: 37). “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər: 2).

Qurban nədir?
Qurban Zül-hiccənin onunda bayram namazından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvandır.

Qurbanın hökmü!
Qurban kəsmək təkidlə buyurulmuş Sünnələrdəndir. Hənəfi məzhəbinə görə isə imkanı olanlara hər il vacibdir. Qurban kəsmək bayram namazından sonra, Allaha ən sevimli olan əməllərdəndir.

Qurbanın fəziləti!
Qurban kəsən adam kəsdiyi heyvanın hər tükünə görə savab qazanır. Hər savab isə on qat artırılır. Allah istədiyi şəxsin savabını artırar. Qurbanın ilk damla qanı axanda onu kəsənin günahı bağışlanır.

Qurbanın hikməti!
Allaha yaxınlıq.
Əcdadımız İbrahimin (aleyhissalam) sünnəsini diriltmək. O, öz oğlu İsmail üçün qoyun kəsmişdir.
Bayram günü ailə üçün rahatlıq, kasıb və fağırlar arasında mərhəmət və müsəlmanların birinin digərinə köməyi.
Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allaha həmd etmək.
Qurbanlıq heyvanın növləri və yaşları!
Qoyun və ya qoç: Altı aydan böyük olmalıdır.
Keçi: Bir yaş və ya çox.
Inək: Iki yaşı tamamlanmalıdır.
Dəvə: Dörd yaşı tamam olmalıdır.
Qurbanlıq heyvanın şərtləri!

Qurbanlıq heyvanda heç bir eyib: bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş – olmamalıdır. Lakin buynuzda olan az sınıq və qulaqda olan az kəsiyin eybi yoxdur.
Qurbanı kəsməyin vaxtı, bayram namazından sonra başlayır və bayramın dördüncü günü əsr namazına qədər davam edir.
Kəsilmiş heyvanın bölünməsi!
Yaxşı olar ki, qurbanlıq heyvan üç hissəyə bölünsün. Bir hissəsi kasıblara sədəqə kimi paylansın, bir hissəsi kasıb və ya varlı olmasından asılı olmayaraq yaxın qonşulara, dostlara və qohumlara verilsin, bir hissəsi də qurban kəsdirənin özü və ailəsi üçün saxlansın.

Qurban kəsənin edəcəyi müstəhəb əməllər!
Qurban kəsmək istəyən Zül-hiccə ayının birindən etibarən saçını və dırnaqlarını qırxmamalıdır. Bacardığı qədər heyvanı özü kəsməlidir. Kəsməyi bacarmayanlar həmin vaxt kəsdirdikləri heyvanın yanında olmalıdırlar. Qurbanını qibləyə tərəf yönəldib "Bismilləh vallahu əkbər, Allahummə, həzihi minkə və ləkə, Allahummə həzihi anni və an əhli" (bunun mənası: Allahın adı ilə. Allah hər şeydən ucadır. Allahım, bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım bu mənim və ailəmin əvəzinədir. (Yaxud: Allahım, bu, filankəs və onun ailəsinin əvəzinədir.)). Peyğəmbərin (sav) etdiyinə uyğun olaraq heyvanın qara ciyərindən yemək yaxşıdır.
Diqqət!•Bir qoyun bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər. Peyğəmbər (sav) iki qoyun kəsir və biri haqda deyir: "Allahım, bu, Muhəmməd və onun ailəsi üçündür". İnək və dəvə isə yeddi nəfər və onların ailəsinin əvəzinə kəsilə bilər. Ölən adam vəsiyyət edibsə, onun əvəzinə də kəsmək yaxşıdır. Hətta vəsiyyət etməsə belə onun adını ailə ilə birlikdə hallandırmaq olar.
•Qəssaba əməkhaqqı olaraq qurban əti vermək olmaz. Əməkhaqqını pul verdikdən sonra, əti sədəqə kimi vermək olar.
•Qurban kəsə bilməyən kasıbların əvəzinə Peyğəmbər (sav) qurban kəsmişdir. O, ikinci qoyunu kəsərkən demişdi: "...Allahım bu isə mənim və ümmətimdən qurban kəsməyənlərin əvəzinədir".
•Qurban kəsdirməyi, yaşadığı yerdən asılı olmayaraq başqasına tapşırmaq olar.
Bəzi geniş yayılmış nöqsanlar!
Dişi heyvanın kişilər üçün, erkək heyvanın isə qadınlar üçün kəsilməsinin qadağan olmasına inanmaq.
Heyvanın yalnız bir nəfəri əvəz etməsinə inanmaq.
Qurbanın ömür boyu bir dəfə vacib olmasına inanmaq.
Ölən adama vacib olmasına inanmaq.

Son duamız Allaha həmd etmək, Peyğəmbərimiz Məhəmmədə salavat və salam deməkdir.


Tarix: 13.04.2013 / 15:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Maraqlı melumatlar