beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAM SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN MƏNBƏYİDİR

Bir dinin adı altında ortaya çıxdığını bildirən insanların bir qismi o dini səhv anlamış və səhv tətbiq etmiş ola bilər. Bu səbəblə də həmin insanlara baxaraq o din haqqında fikir söyləmək yanlış olar. Bir dini tanımağın ən doğru yolu o dinin müqəddəs qaynağını araşdırmaqdır. İslamın müqəddəs mənbəyi Qurandır. Quran əxlaqı sevgi, şəfqət, mərhəmət, ədalət, təvazökarlıq, fədakarlıq, xeyirxahlıq və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi mənada yaşayan bir müsəlman son dərəcə kübar, gözütox, dərin düşüncəli, incə ruhlu, təvazökar, ədalətli, xoşniyyət, səmimi, etibarlı və hərtərəfli şəkildə kamil bir insan olur, ətrafındakılara da sevgi, sayğı, rahatlıq və həyat sevinci bəxş edir.

Müasir dövrdə gənclərimizin Allahın yoluna qayıtması hər kəsi sevindirmişdi. Bununla İslam Universitetləri, mədrəsələri, elm məclisləri çoxaldı, gənclərimiz İslam dininə yiyələnməyə başladılar. Amma təəssüflər olsun ki, bu sevincin ömrü qısa oldu. Çünki bəzi radikal qruplar İslam gənclərinin birliyini pozaraq onları terrora, çirkin əməllərə yönəltdilər. İslam dininin ən çox önəm verdiyi əmin-amanlığı, sabitliyi pozdular.. Öz çirkin əməllərinin əslində İslam olduğunu gənclərə təlqin etmək istədilər. Amma şübhə yoxdur ki, İslam dini onların bu çirkin əməllərindən uzaqdır. Onlar öz nəfslərinə uyaraq, öz istək və arzularına uyğun dinə yeniliklər edərək haqq yolundan uzaqlaşdılar.

Terrorun ən başlıca mənası qeyri-hərbi, yəni mülki hədəflərə qarşı siyasi məqsədlə zor istifadə etməkdir. Başqa sözlə desək, terrorun hədəfləri tamamilə günahsız olan dinc insanlardır. Bu insanların yeganə “günahı” onun terrorçunun gözündə “qarşı tərəf, bizdən olmayan tərəf” olmasıdır. Bu səbəblə də terror günahsız insanlara qarşı zor tətbiq edilməsi mənasına gəlir ki, bunun da heç bir əxlaqi anlamı və üzrlü səbəbi yoxdur.

Quran Allahın insanlara yolgöstərən olaraq endirdiyi bir kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xoşniyyətlilik, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam özündə Allahın sonsuz mərhəmət və şəfqətini əks etdirən, insanlara rahatlıq və sülh dolu bir həyat bəxş etmək üçün Yer üzünə endirilmiş bir dindir. Quran ayələrində insanlar Yer üzündə mərhəmətin, şəfqətin, xoş münasibətin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına çağırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur:


Allah taala buyurmuşdur:
«Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düş-məninizdir!»

Ayədən də göründüyü kimi, Allah insanların əmin-amanlığının onların Quran əxlaqına uyğun yaşaması ilə əldə olunacağını bildirir.
Quran əxlaqına görə, bir müsəlman onların müsəlman olub-olmamasından asılı olmayaraq bütün digər insanlarla mehriban və ədalətli davranmağa, zəifləri və günahsızları qorumağa və yer üzündə fitnə-fəsadın qarşısını almağa borclu və məsuldur. Fitnə-fəsad yer üzündə insanların əmin-amanlığını və rahatlığını, sülhü pozan hər cür anarxiya və terror halıdır. Bir ayədə də buyurulur ki, “Allah fitnə-fəsadı sevməz!”(əl-Bəqərə 205)


Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə-fəsad nümunələrindən biridir. Allah Quranda bu vəziy-yəti belə açıqlayır:

Allah taala buyurmuşdur:
“...Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölüm-dən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”
(əl-Maidə ,32)

Göründüyü kimi, tək bir insanı belə, “bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş” bir insanı belə öldürən bir adam bütün insanları öldürmüş qədər böyük bir günah qazanır. Bu halda terrorçuların törətdiyi cinayətin, soyqırımının və indi gündəmdə olan ifadə ilə desək, “intihar hücumları”nın nə qədər böyük bir günah olması aydın görünür. Allah terrorçuluğun bu əzazilliyinin axirətdəki “mükafatı”-nın nə olacağını belə bildirir:

Allah taala buyurmuşdur:
«Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!» .
(Şura 42)

Bütün bunlar göstərir ki, günahsız insanlara qarşı terror əməlləri hazırlamaq və onları həyata keçirmək İslama tamamilə zidd bir işdir və heç bir müsəlman belə bir günah edə bilməz. Əksinə, müsəlmanlar bu gün belə günah iş tutan insanların qarşısını almaqla Yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara rahatlıq və əmin-amanlıq gətirməyə görə məsuliyyət daşıyırlar. Müsəlmançılıq terrorla bir yerdə ola, hətta birgə təsəvvür edilə bilməz, əksinə, İslam terrorun qarşısındakı ən böyük maneə və terror probleminin çözülməsi yoludur.

Allah taala buyurmuşdur:
«Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!» ;
(əl-Qəsəs,50)

Allah taala buyurmuşdur:
«Onlar yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir» .
(ən-Nəcm 23)

Çünki yuxarıda qeyd edilən radikal qruplar və onların nadan başçıları İslam gənclərini dində həddini aşmağa və İslam dini ilə əlaqəsi olmayan çirkin əməllərə sövq etdilər.

Allah taala buyurmuşdur:
«De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!"» .
(əl-Maidə 77)

Dində həddini aşmağı (ifrata varmagı) bütün növləri ilə Allah və onun elçisi Məhəmməd (s.ə.v.) qadağan etmişdir. Həddini aşmaq Allah və onun elçisinin önünə keçmək və Allah və onun elçisinin kəlamlarını heçə saymaqdır.

Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Dində ifrata varmaqdan (həddini aşmaqdan) çəkinin” (sünın ən-Nəsai,3057)

Digər hədisi şərifdə (s.ə.v.) buyurmuşdur: “Həddini aşanlar həlak oldu, həddini aşanlar həlak oldu, həddini aşanlar həlak oldu” (səhih Müslim,2670)

Əlbəttə ki, dində həddini aşaraq İslam gənclərini radikallığa və İslam dini tərəfindən lənətlənmiş terror hadisələrinə cəlb edənləri şeytan aldatmış, onları doğru yoldan uzaqlaşdıraraq onların çirkin əməllərini gözəl göstərmişdir. Uca Allah Qurani-Kərimdə belə insanlar haqqında buyurmuşdur:

Allah taala buyurmuşdur:
«Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!» .
(əl-Fatir ,8)

Allah taala buyurmuşdur:
«Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar» .
(Məhəmməd surəsi,14)

Allah taala buyurmuşdur:
«Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!»
(əl-Mülk surəsi,22)

Məlum olduğu kimi İslam dini həmişə həddini aşmağın əleyhinə olmuş və onunla mübarizə aparmışdır. Çünki İslam dini rəhmət və mərhəmət dinidir: Uca Allah Qurani-Kərimdə sonuncu elşisi Məhəmmədi (s.ə.v.) insanlara rəhmət olaraq göndərdiyini bildirmişdir.

Allah taala buyurmuşdur:
«Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz» .
(əl-Bəqərə , 185)

Allah taala buyurmuşdur:
«Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır» .
(ən-Nisə ,28)

Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Bu din rahatlıq dinidir, kim bu dində çətinliyə (həddini aşmağa) baş vursa, o, məğlub olmuşdur” .
(səhih əl-Buxari ,39)

Digər bir hədisdə deyilir: “Allah mülayimdir və mülayim olmağınızı sevər. Allah mülayimliyə görə verdiyini sərtliyə görə verməz” .
(səhih Müslim 6544)

Hədislərin birində həmçinin deyilir:
“Kim mülayim olmaqdan məhrum olarsa, artıq xeyirdən məhrum olmuşdur” .
(səhih Müslim 6543)

Başqa bir hədisdə deyilir:
“Əgər Allah bir ailəyə xeyir istəyərsə, onlara mülayimlik bəxş edər” .
(Əhməd,6/71)

Həmçinin İslam dini insanlara həmişə orta yolu seçməyi bildirmiş, şiddətli olmağı və həddini aşmağı qadağan etmişdir.

Allah taala buyurmuşdur:
«(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiya-mətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun…» .
(əl-Bəqərə ,143)

İslam ümmətinin əsas xüsusiyyəti də budur. Hətta Uca Allah hər şeydə, hətta yemək-içməkdə belə həddini aşmağı qadağan etmişdir.

Allah taala buyurmuşdur:
«...gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!» .
(əl-Ə`raf , 31)

Allah taala buyurmuşdur:
«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!» .
(əl-İsra ,29)

Çox təəssüf ki, bugünkü dövrümüzdə radikal qruplaşmalar (Xəvariclər ) dini məsələlərdə hədlərini aşaraq batilcə-sinə, səfirlikləri, ticarət mərkəzlərini, avtobusları və sairə yerləri partladaraq günahsız insanların qanlarını axıdırlar. Neçə-neçə körpənin həyatına son qoyurlar, nə qədər anaları gözü yaşlı qoyurlar. Bunu edən nadanlar bu çirkin əməllərinə görə axirətdə Allah qarşısında özlərinə necə bəraət qazandıracaqlar. Məgər şadlıq sarayını, avtobusu, ticarət obyektini və s. ictimai yerləri partladaraq insanları qətlə yetirmək cihaddırmı?
Hansı ki, nadanların kafirlərə qarşı mübarizə apardığını iddia edərək qeyd edilən terror hadisələrinin baş verdiyi ölkələrin çoxu müsəlmanlardır. Terror hadisəsinin hamısında demək olar qətlə yetirilənlərin çoxu körpə uşaqlardır. Budurmu cihad?

Əlbəttə ki, qəlbində İslam sevgisi daşıyan hər kəs belə çirkin əməllərin Allah qatında nə qədər günah olduğunu yaxşı dərk edir. Məgər onlar bilmirlər ki, buna görə Allah qarşısında cavab verəcəklər!? Bəlkə belə nadanlar İraqdakı şəxsi mübarizəsi ilə İslam ümmətinə qarşı çıxırlar? Nəyə görə? Bu nadanlar Qərbə qarşı mübarizə apardıqlarını iddia etsələr də, amma daha çox müsəlmanları öldürürlər


Tarix: 08.04.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 443 Bölmə: Maraqlı melumatlar