Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam

İslam (ərəb. الإسلام‎‎, əl-'islām) — monoteist dinlərdən biri.

"İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
sülh (salam da bu kökdəndir);
boyun əymək, itaət etmək (Allaha təslim olmaq).

Beləliklə ümumi nəzər budur ki, İslam yeganə Allaha (ərəb. الله‎‎) təslim olmaq, boyun əymək deməkdir.

İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.[1]
Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
Nübuvvət sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə, kitablara və bu kitablardan sonuncusunun Qurani-Kərim olduğuna iman gətirməkdir. İslamın şiə məzhəbində hər bir peyğəmbər kimi, Məhəmməd peyğəmbər üçün də Allah tərəfindən təyin olunan canişinlərin — 12 imamın haqq olduğuna iman gətirilməlidir.
Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.

İslam dinini qəbul edənlər müsəlman adlanırlar.

Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın peyğəmbəri Məhəmmədin etdiklərini sünnə öyrənib, özlərinə örnək götürürlər.

Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xums və zəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk eləsin.

İslam dünyanın ən geniş yayılmış ikinci böyük dini[2] və sürətlə yayılan dinlərdən biridir. [3] Dünyada təqribən 1 milyard 200 milyona yaxın müsəlman yaşayır.[4] Əksər müsəlmanlar İslamın iki cərəyanından birinə mənsubdur; bunların 80-90% sünni, 10-20% şiədir.[5] [6] Müsəlmanların təxminən 13%i ən böyük müsəlman ölkəsi olan İndoneziyada yaşayır [7], 25% Cənubi Asiyada [8], 20% Yaxın Şərqdə [9], 2% Orta Asiyada , 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada. İslam – üç dünya dinindən biridir. İslam icmaları 120-dən çox ölkədə var. Onlar 1,2-1,5 milyard insanı birləşdirir. 35 ölkənin əhalisinin çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.

Tarixi

İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilib. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan qureyşilər qəbiləsi, haşimilər tayfasının nümayəndəsi Məhəmməd peyğəmbərdir. Məhəmməd peyğəmbər dünya tarixinin ən nüfuzlu şəxsiyyətlərindəndir.

İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəhydir.

İslam ideologiyasının formalaşması

Ərəbcə "Allah" kəlməsinin yazılışı

VII-VII əsrin əvvəllərində gedən ərəb fəthləri nəticəsində xilafətin tərkibinə erkən feodal münasibətlərinə keçmiş ölkələr daxil oldu. Fateh ərəblər bu münasibətlərin təsiri altına düşdüklərinə görə İslam ideologiyasında dəyişiklik meydana gəldi. Yeni feodal quruluşu öz əksini sünnədə tapdı, bu da İslamın inkişafında yeni mərhələ açdı. Sünnə IX sərdə kodeks halına salınandan sonra İslamın mühüm kitablarından biri oldu. Feodal xilafətində mürəkkəb sosial və siyasi vəziyyəti əks etdirən sünnə praktiki olaraq böyük əhəmiyyətə malik oldu.

Kəndli, yoxsul və bədəvilərin anti-feodal hərəkatları öz ideoloji ifadəsinin müxtəlif müsəlman təriqətlərinin nəzəriyyələrində tapmışdır. İslamda VII əsrin ortalarında ictimai bərabərsizlik uğrunda amansız mübarizə aparan birinci təriqət xaricilər idi.

İslamın VII-VIII əslərdə xilafətdə yayılması xristianlıq, iudaizm, zərdüştlük və əsasən maniliyin müqaviməti ilə rastlaşdı. Xeyli kobud antropomorfizmin və ibtidai determinizmin (təqdir haqqında nəzəriyyə halında) tərəfdarları olan erkən İslamın vaizləri və ilk çağlarda İslam həqiqətlərinin heç bir əsaslandırmaya ehtiyacı olmadığını hesab edənlər başqa dinlərin tərəfdarları ilə toqquşmalarda aciz qalırdılar. Feodal ideologiyası olan İslamın müdafiəsi üçün yaranan toqquşmalarda, VII əsrin ortalarında mötəzililər çıxış edirdilər. Qədim yunan və Ellinis fəlsəfəsi və onun dialektikası ilə tanış olan, İslamda ədalətli ortodokslarla mübarizə aparan mötəzililər müsəlman ilahiyyətinin – kəlamın əsasını yaratdılar. Kəlamın banisi görkəmli mötəzili, ortodokslarla güzəştin tərəfdarı, sonralar onları tərəfinə keçmiş və onlara güclü təsir etmiş Əşəri (873-935) hesab olunur.

İslamda parçalanma, təriqətlər

İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyukləri sünnü və şiə təriqətləridir.

Feodal müsəlman cəmiyyətinin inkişafı feodal-hüquqşunaslığın fiqhinin hazırlanmasını tələb etdi. Sünnilərdə fiqhin əsasları və ya kökləri kimi, Quran və sünnə ilə birlikdə icma və qiyas qəbul edildi. VII və IX əsrlərdə müsəlman hüququnun qaydaları işlənib hazırlandı. Sünnülər bu məsələlərdə dörd məzhəbə – hənəfilərə, malikilərə, şafeilərə, hənbəlilərə bölündülər.

IX-XI əsrlərdə feodal münasibətlərinin inkişafı dövründə islamın mistik-asketik istiqaməti – sufilik inkişaf etdi.


Tarix: 04.01.2013 / 14:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 904 Bölmə: Maraqlı melumatlar
loading...