beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbadət Ləzzəti (onu əldə etməyin səbəbləri)

Birinci nəfs ibadət həzzini əldə edənə qədər Allaha itaət etməyə səy göstərməlidir. Başlanğıcda ola bilsin ki, zəiflik, axsaqlıq olsun. Lakin, əsas olan bu əmələ tam iradə ilə, əzmkarlıq nümayiş etdirərək girişdikdə Allahın izni ilə hədəfə çatmaq olar. Burada dözümlülük, səbir gərəkdir. Allah taala buyurur: “Ey iman gətirənlər! Səbrli olun və bir-birinizə səbir, doğru yol tövsiyə edin! Allahdan qorxun, bəlkə nicat tapasınız!” (Ali-İmran, 200).

Peyğəmbər (s) buyurur: “Mücahid Allah yolunda öz nəfsi ilə mübarizə aparandır”. Bu hədisi Tirmizi rəvayət etmişdir. Sələflərdən biri belə buyurur: “Nəfsimi Allaha tabe olmaq istiqamətinə yönəldirəm. Onu həmin istiqamətə apardıqca gülərək ağlayır”. Həqiqətən, amala çatmaq yolunda çətinliklər dayanır lakin o amala çatmaq üçün səbir, iradə gərəkdir.
Ibn Rəcəb buyurur ki, sənin nəfsin minik heyvanın kimidir. O səndən ciddilik, möhkəmlik öyrənsə, özü də möhkəm olar. Yox əgər səndən tənbəllik öyrənsə, özü də elə olar, istəklərinə və şəhvətinə uyar.
Həmçinin, çox yeməyi, içməyi və çox danışmağı tərk etmək ibadət həzzinə nail olmağın səbəblərindəndir. Müsəlman yemək, içmək, geyim təlabatını yalnız ibadətini və digər əməllərini yerinə yetirə biləcək səviyyədə ödəməlidir ki, heç bir şeydə israfa yol verməsin. Allah taala buyurur: “Ey adəm övladları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyinin! Yeyin, için və israf etməyin! Allah israf edənləri sevməz” (əl-Əraf, 31). Rəsulullah (s) buyurur: “Ye, iç, geyin, sədəqə ver! Ancaq, israf etmə!” Sələflərdən biri buyurur: “Az günah işlətməklə qəlb, az yeməklə qarın, az danışmaqla isə dil rahat olar”. Elə bu səbəbdən də insan çox yemək yedikdə ağırlaşır və namaza durduqda özünü ağır, narahat hiss edir. Namaz başlanandan imamın “əs-səlamu aleykum və rahmətullah” deyəcəyi anı gözləyir. Əbu Süfyan əd-Dərani buyurur: “Nəfs acdıqda və susuzladıqda qəlb təmizlənər, rahatlaşar”.
Ibn Qeyyim buyurur: “Adəm övladının bədəninın yaradılışı yerlə, ruhunun yaradılışı isə göylə bağlıdır. Əgər o, bədəni nisbətən ac və yuxusuz halda ibadət etməyə qalxsa, ruhunda zəriflik və rahatlıq hiss edər. Nəticədə ruh yaradıldığı yerə can atar, ülvi mövqedən ilham alar. Yox, əgər bədənini həddən artıq tox, gününü yatmaqla, yalnız özünə qulluqla keçirərsə, özünü yaradıldığı yerə tapşırar. Xülasə, bədən dincəldikcə, ruh da dincələr, rahatlaşar. Ülvi və ali mövqeyə can atar. Bədən ağırlaşdıqca, şəhvətlərə və istəklərə tabe olduqca, ruh da ağırlaşar, mövqeyini itirər”. Bizim dediklərimizdən elə başa düşülməməlidir ki, insan, yeməyini bədəninə zərər gətirə biləcək səviyyədə az yeməlidir. Əksinə biz həm dini həm də dünyəvi nöqteyi nəzərdən çox yeməyin zərərlərini anlatmağa çalışırıq.
Çox yeməyin və içməyin zərəri olduğu kimi çox və mənasız yerə danışmağın da zərərləri var. Ilk öncə bu xüsusiyyət həmin ibadət həzzini əldə etməyə mane olur. Dil Allahın sevib razı qaldığı əməllərlə, zikrlə dolu olmalı, yaxşı işləri əmr edib, pis işlərdən çəkindirməli və Allah yolunda dəvət etməlidir. Bu, dilin ən gözəl istifadə formasıdır. Bəyənilməyən söhbətlərdən başqa ifrat dərəcəyə çatdırmamaq şərti ilə bütün söhbətlər barəsində danışmaq olar. Bilmək lazımdır ki, dildən çıxan hər bir kəlam yazılır. Həmçinin çox danışmaq qəlbin sərtləşməsinə gətirib çıxarar. Rəsulullah (s) buyurur: “Allahı zikr edən söhbətlərdən başqa çox söhbət etməyin! Həqiqətən, Allahın zikrindən başqa şey barəsində çox danışmaq qəlbi sərtləşdirər. Həqiqətən, Allaha ən uzaq olan insanlar qəlbi sərt olan kəslərdir”. Bu hədisi Tirmizi İbn Ömərdən (Allah onlardan razı olsun!) rəvayət etmişdir.
Haram və məkruh olan şeylərə baxmaqda da həm zərər var, həm də bu əməl amala çatmağa əngəl olur. Səhifələrində rəzilliyə səsləyən və fitnəyə səbəb olan biabırçı şəkillər və yazılar olan qəzet və jurnallar bu çirkin əməlin yayılmasında fəallıq göstərir. Bilinməlidir ki, bədənin hər bir əzası ibadət funksiyası daşıyır. Allah taala buyurur: “Həqiqətən, qulaq, göz, və qəlb hamısı məsuliyyət daşıyırlar” (əl-İsra, 36). Peyğəmbər (s) buyurur: “Təsbih etmək sədəqədir, həmd etmək sədəqədir, şəhadət kəlməsini demək sədəqədir, təkbir etmək sədəqədir, yaxşı işləri əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək də sədəqədir”. Bu hədisi Müslim Əbu Zərdən rəvayət etmişdir. Şah Kərmani deyir ki, daxilində iman yaşadıb davranışını peyğəmbərin (s) sünnəsinə tabe edən, gözlərini haramlardan, nəfsini isə istəklərindən qoruyub yalnız halal yaşam tərzi sürən insana zaval yoxdur.
Müsəlman anlamalıdır ki, onun səadəti yalnız bu həzzə nail olmaqdadır. Insan üçün rahat həyat şəraiti yarandıqda belə onun Allahla irtibatı olmadıqca haqqında danışdığımız həzzə nail ola bilməz. Var-dövlət, şan-şöhrət, cəh-cəlal olsa belə onlardan da üstün iman var. Və insan hər zaman o imana ehtiyac duyur. Keçici dünya nemətləri ilə iman arasında böyük fərq var. Bu kəlamın doğruluğunu yoxlamaq istəsən, var-dövlət sahibləri ilə iman sahiblərinin həyatlarını müqayisə et!
Insanın bu həyatda xoşbəxt olması və səadətə qovuşması yalnız Allahla irtibata girib, qəlbini ona bağlaması ilə mümkindir. Imam İbn Qeyyim buyurur: “Qəlbdə elə bir qarışıqlıq var ki, onu yalnız Allaha tərəf yönəlməklə aradan qaldırmaq olar. Orada elə bir vəhşət var ki, onu yalnız xəlvətdə olarkən Allahla olan irtibat apara bilər. Orada elə bir hüzn var ki, onu yalnız rəbbini tanıyıb xoş müamilə sahibi olmağın sevinci yox edə bilər. Orada elə bir həyacan var ki, onu yalnız Allaha sığınmaq sakitləşdirə bilər. Orada elə bir od var ki, onu yalnız Allahın əmrinə, nəhyinə, qəzavü-qədərinə razı olub və Onunla görüşəcəyin günə kimi bu yolda ola biləcək çətiniklərə səbr etməklə söndürmək olar”.
Hər bir müsəlman öz yeməyini gözəl biçimdə etməlidir. Peyğəmbər (s) buyurur: “Həqiqətən, Allah gözəldir və yalnız gözəl oan şeyi qəbul edər”. Yeməyi haram, içməyi haram, qazandığı haram olan kəs də əllərini göyə qaldıraraq “ey rəbbim, ey rəbbim” deyir. Bunlar hara, duaların qəbul olması hara!? Imam Əhməd bin Hənbəlidən qəlbləri yumşaldan nədir deyə soruşulduqda o, belə cavab verir: “Halal yemək. Mömin yüksək və təqva zirvəsinə o zaman yüksəlir ki, günah olmayan bir şeyin günah olmasından ehtiyat edərək onu tərk edər”. Sələflərdən biri buyurur ki, halal olan on şeyin doqquzunu orada haram olmasından qorxaraq tərk etdik.
Həmçinin, mömin gərək günahların böyüyündən də, kiçiyindən də uzaqlaşa bilsin! Süfyan əs-Sövri deyir ki, günah işlətdiyimə görə gecə namazından məhrum oldum. Imam Şafii İmam Malikin yanında tələbə olarkən onun zəkalı və kamallı olduğuna heyran olmuş və demişdir: “Görürəm ki, Allah sənin qəlbinə elə bir nur vermişdir ki, onu heç bir günah zülməti söndürə bilməz. Hifzimin zəifliyindən gileylənirəm. Mənə günahları tərk etmək bacarığın öyrət”. Imam Malik isə buyurdu: “Bil ki, elm bir nurdur, fəzilətdir. Ona nail olmaq üçün asi olmamaq gərəkdir”.
Ibn Mutəmir buyurur: “Günahın kiçiyini də tərk et, böyüyünü də! Məhz əsl təqva budur. Kiçik günahı xor görmə! Həqiqətən, dağlar qum parçalarından ibarətdir”.
Peyğəmbər (s) buyurur: “Günahları xor görməkdən çəkinin! Insan etdiyi günahlara dırnaqarası baxdıqda, həmin günahlar onu həlak edər”. Bu hədisi Əhməd, Təbərani və Beyhəqi Səhl bin Səddən rəvayət etmişlər.


Tarix: 17.04.2013 / 15:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqlı melumatlar