beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axirət həyatını inkar edən barədə hökm və onu inandırmağın yolu

Sual: Axirət həyatını inkar edən barədə hökm nədir? Bu inkarçıları necə inandırmaq olar?

Cavab:

Həmd Allaha məxsusdur.

Axirət həyatını inkar edən kafirdir. Çünki Allah təala buyurur:

“ Onlar dedilər: “Dünya həyatımızdan başqa (bir həyat) yoxdur və biz bir daha dirildilməyəcəyik!”

Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! (Allah) deyəcəkdir: “Məgər bu (dirilmə) həqiqət deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu həqiqətdir!)”– deyəcəklər. O buyuracaqdır: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!” [əl-Ənam 6:29-30]

“ O gün (haqqı) yalan hesab edənlərin vay halına!
O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.
(Amma )bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdir!”– deyir.
Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.
Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
Sonra onlar Cəhənnəmə girəcəklər
və (onlara) deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz (Cəhənnəm)!” [əl-Mutaffifun 83:10-17]

“Lakin onlar Qiyaməti də yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.” [əl-Furqan 25:11]


“Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.” [əl-Ənkəbut 29:23]


Bu inkarçıları inandırmağa gəldikdə bunu aşağıdakı şəkildə etmək olar:

Birinci:

İlahi kitablarda və səmavi dinlərdə peyğəmbər və rəsullardan insanların qiyamət günü dirilməsinə dair çox saylı rəvayətlər nəql edilmişdir və bütün bunlar onların xalqları, qövmləri tərəfindən qəbul edilmişdir, elə isə bunu inkar edib fəlsəfəçi və yaxud prinsip və yaxud bir ideyanın müəllifindən nəql olunan bir şeyə necə inanırsınız? Halbuki onlardan (fəlsəfəçilər və yaxud digər müəlliflərdən) nəql olunanlar qiyamət günü insanların dirilməsi barədə nəql olunan mətnlərə mötəbərlik, səhihlik baxımından yaxın belə gəlmir?

İkinci:

İnsanın ağlı, məntiqi aşağıdakı bir sıra səbəbdən qiyamət günü insanların diriləcəyini təsdiq edir:

1. Heç kəs “heç bir şey olmadığı” halda xəlq olunduğunu, heç bir şey olduqdan sonra var olduğunu təkzib edə bilməz. Heç bir şey olmadığı halda onu Xəlq edən və onu mövcud edən onu təkrar diriltməyə qadirdir. Necə ki, Allah təala buyurur:

“Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.”[əl-Rum 30:27]

“O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.”[əl-Ənbiya 21:104]

2. Heç kəs səmaların və yerlərin yaradılışındakı əzəməti, onların genişliyini və yaradılışındakı mükəmməlliyi inkar edə bilməz. Bütün bunları yaradan insanı yaratmağa qadirdir və onları təkrar xəlq etmək Allah üçün daha asandır. Allah təala buyurur:

“Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilmir.”[əl-Ğafir 40:57]

“Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan (Allahın) ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir.”[əl-Əhqaf 46:33]

“81 Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.

82 Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.”[Yasin 36:81-82]

3. Ağıl və bəsirət sahibi olan hər kəs torpağın quru və ölü olduğunu görür. Üzərində heç bir bitki örtüyü yoxdur, sonra yağış yağdıqda çiçəklənir və ölü olduqdan sonra bitkilər təkrar dirilir. Ölü olduqdan sonra torpağa can verən Allah ölüləri də canlandırıb diriltməyə qadirdir. Allah təala buyurur:

“Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.”[əl-Fussilət 41:39]

Üçüncü:

Həqiqət, qiyamət günü insanların dirilməsinin mümkün olduğuna şahidlik edir. Ölülərin təkrar dirilməsinə dair bu barədə əhvalatlar sübuta yetirilmişdir. Əl-Bəqərə surəsində Allah təala bizə beş əhvalat barədə danışır. Bunlardan birincisi:

“Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: “Allah bu kəndiölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.” [əl-Bəqərə 2:259]

Dördüncü:

Allahın hikməti hər kəsin qazandığı əməllərə görə cavab verməsi üçün ölümdən sonra insanların diriləcəyini zəruri edir. Əgər bu cür olmasa, insanların xəlq olunması əbəs yerə olardı. Bunun heç bir dəyəri və yaxud hikməti olmazdı, bu həyatda insanlar və heyvanlar arasında fərq olmazdı. Allah təala buyurur:

“115 Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”

116 Haqq Hökmdar Allah (hər şeydən) ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir.” [əl-Möminin 23:115, 116]

“Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm.” [Ta-Ha 20:15]

“38 Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! (Allahın ölüləri diriltməsi) Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu (bunu) bilmirlər.

39 (Allah ölüləri dirildəcəkdir ki, )ixtilafda olduqları şeyləri onlara bildirsin və kafirlər də özlərinin yalançı olduqlarını dərk etsinlər.

40 Biz bir şeyi (yaratmaq) istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur.” [Ən-Nəhl 16:38-40]

“Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!” [əl-Təğabun 64:7]

Əgər həşr gününü inkar edənlərə bu sübutlar izah edildikdən sonra onlar bunları inkar etməkdə israr etsələr, elə isə “Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.” [əl-Şuara 26:227]

Şeyx Muhəmməd ibn Üseymin (Allah ona rəhmət etsin)

İbn Üseymin 'Fətvalar Toplusu', (2/22-25)


Tarix: 03.04.2013 / 21:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 467 Bölmə: Maraqlı melumatlar