beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏDİS ELMİ

Hədis kəlməsi «yeni» mənasında işlənildiyi kimi, söz, xəbər mənalarında da işlənir. Bu kəlmədən törəyən bəzi fellər isə xəbər vermək, nəql etmək kimi mənalar verir.
Hədis kəlməsi zamanla Peyğəmbərdən (s.a.s) rəvayət edilən xəbərlərin ümumi adı olaraq işlənmişdir. Kəlimə Rəsulullah (s.a.s) tərəfindən də birbaşa bu mənada işlədilmişdir.

Hədisin dindəki yeri və əhəmiyyəti.

İslam şəriətinə görə hədis: Peyğəmbərin (s.a.s) dedikləri, etdikləri, görüb qadağan etmədikləri, əxlaqi və zahiri sifətləridir. Rəsulullah (s.a.s.) Allahdan aldığı vəhyi yalnızca insanlara çatdırmaqla qalmamış, eyni zamanda onları açıqlamış və öz həyatında da tətbiq edərək bizə örnək olmuşdur. Bu səbəblə ona yaşayan Quran deyilmişdir.
İslam alimləri ümumiyyətlə, dini mövzularla bağlı hədislərin Allah tərəfindən Peyğəmbərə (s.a.s) vəhy edilmiş olduğunu qəbul edirlər. Belə ki, Peyğəmbər (s.a.s) və onun əshabından nəql edilən bəzi xəbərlər bunun gerçək olduğunu ortaya qoyur.
Rəsulullahdan (s.a.s) belə rəvayət edilmişdir: «Mənə kitab (Quran), bir də onunla birlikdə onun kimisi (sünnət) verildi.» Əbu Davud «Sünən» 2/505
Yuxarıda qeyd edilən hədislərdən də aydın olur ki, Quran və hədis (daha geniş ifadəsiylə sünnət), Allah tərəfindən Rəsulullaha (s.a.s) göndərilmiş vəhy olma baxımından eynidirlər. Ancaq Quran ləfzi və mənası yönündən bir bənzərinin gətirilə bilinməməsi baxımından fərqlidir.
Vəhyə dayanan bir fiqh (hüquq) qaynağı olaraq hədis, Quran qarşısındakı vəziyyəti və gətirdiyi hökmlər baxımından aşağıdakı şəkillərdə olur.
Bir qisim hökmlər Quranın gətirdiyi hökmləri açıqlayır və tamamlayıcı məlumatlar verir. Quranda namaz qılmaq həcc etmək, zəkat vermək əmr edilmiş, fəqət bunların necə edilməsi göstərilməmişdir. Bu ibadətlərin necə ediləcəyini biz hədislər vasitəsilə öyrənirik.
Bəzi hədislər isə Quranın heç toxunmadığı mövzularla bağlı hökmlər qoyar. Misal olaraq yırtıcı quşların ətinin yeyilməsinin haram olması.
Dini baxımdan Qurandan sonra gələn bir hökmün qaynağı olaraq hədislərə lazımınca diqqət verilərək Peyğəmbərin (s.a.s) sünnətinə tabe olmaq Allah və Onun Rəsulu Muhəmməd (s.a.s.) tərəfindən əmr edilmişdir.

Hədislərə yaxından baxıldığında, bir birindən fərqli iki əsas qisimdən ibarət olduğu görünür: Sənəd və mətn.
Sənəd: Güvənmək, dayanmaq mənasını verən «sənəd» kəlməsi bir hədis termini olaraq mətnin əvvəlində yer alan və biri digərindən almaq və nəql etmək şəkli ilə hədisi rəvayət edən insanların Rəsulullaha (s.a.s) çatıncaya qədər sayıldığı qisimdir. Başqa bir sözlə ravilər (rəvayətçilər) zəncirinin adı olub, hədisin Peyğəmbərdən (s.a.s) kimlər vasitəsilə və hansı yollarla bizə çatdığını göstərir.
Mətn: Sənədin ya da ravilər zəncirinin özündə son olaraq rəvayət edilən əsl hədis qisminə deyilir.

Hədislərin sinifləndirilməsi:

Sağlamlıq yönündən hədislər üç qismə bölünürlər:
Səhih, Həsən, Zəif.
Səhih hədis: Ədalət sahibi ravilərin, yenə eyni vəziyyətdəki ravilər vasitəsilə Peyğəmbərə (s.a.s) qədər çatan dəqiq bir sənədlə rəvayət etdikləri, zəif illəti (xüsusiyyəti) olmayan hədisdir.
Bu cür hədislərin Peyğəmbərdən (s.a.s) gəldiyinə hər hansı bir şübhə yoxdur. Yuxarıdakı təriflərdən də göründüyü kimi bir hədisin səhih ola bilməsi üçün bəzi şərtlərin olması vacibdir. Şərtlər bunlardır:
a) Hədisi nəql edən ravilər adil olmalıdır. Burada qeyd edilən ədalət - şirk, bidət kimi bütün böyük və kiçik günahlardan çəkinmək və təqva sahibi, səmimi bir müsəlman olmaq mənasındadır. Bu keyfiyyətə sahib kimsələrə hədis elmində «adil» deyilir.
b) Ravilər rəvayət edəcəkləri hədisləri, doğru bir şəkildə öyrənmə, aradan uzun bir zaman keçsə belə eynilə xatırlaya biləcək bir ölçüdə öyrəndiyini qoruma qabiliyyətinə sahib olmalıdır. Öyrənmə və öyrəndiyini qoruma bacarığına sahib olmayan ravilərin nəql etdikləri hədislər «səhih» qəbul edilməz.
c) Hədisi nəql edən ravilərin hər biri özündən hədis nəql etdikləri kimsələr ilə birbaşa görüşərək hədis almış və ən azından görüşmə imkanına sahib insanlar olmalıdır.
d) Etibarlı bir ravi tərəfindən rəvayət edilən hədis, daha etibarlı bir və ya birdən çox ravinin rəvayətinə tərs düşərək qalmamalıdır.
e) Hədisin mətn və sənədində onu zəif edən hər hansı bir qüsur olmamalıdır.
Bu şərtlərin hamısını özündə daşıyan hədis səhihdir.

Həsən Hədis

Lüğətdə «gözəl» mənasına gələn həsən kəlməsi istilahında səhih hədislə zəif hədis arasında yer alan, fəqət səhih hədisə daha yaxın olan hədis növünə verilən addır. Aralarındakı fərq, həsən hədisin ravilərinin vəziyyəti dəqiq olaraq bilinməməklə birlikdə yalançılıqla günahlandırılmamış, dürüst etibarlı olmalarına baxmayaraq hafizələrinin sağlamlığı baxımından səhih hədis ravilərindən daha aşağı dərəcədə olmasıdır. Həsən hədis bu iki xüsusiyyətdən başqa digər xüsusiyyətləri özündə daşıyır.

Zəif hədis

Səhih və ya həsən hədisin daşıdığı şərtlərin birini və ya bir neçəsini daşımayan hədisdir.
Hədisin ravisi ədalətindəki qüsur, yaddaşının zəifliyi, sənəddəki qırılma səbəbləriylə hədisin Peyğəmbərə (s.a.s) aid olduğu zəif qəbul edilir.
Hədis alimləri zəif hədislə əməl edilib-edilməməyi mövzusunda üç rəy irəli sürmüşlər:
1) Heç bir məsələdə zəif hədisə əməl edilə bilməz. Bu görüşü Buxari və Müslim qəbul etmişdir.
2) Hər məsələdə zəif hədisə əməl edilə bilər. Əhməd bin Hənbəl və Əbu Davud «zəif hədis rəy, yəni qiyasdan daha yaxşıdır» - deyərək bu görüşü mənimsəmişlər.
3) Bəzi şərtləri daşıması halında, əməllərin fəziləti ilə bağlı mövzularda zəif hədislə əməl edilə bilər. İbn Həcər əl-Əskalani bu şərtləri belə sıralayır.

a) Hədis daha çox zəif olmamalıdır.
b) Zəif hədis, kitab və sünnətə dayanaraq əməl edilən bir əməl olmalıdır.
c) Zəif hədislə əməl edilərkən sabit olduğuna qəti gözlə baxmamalı, ehtiyatlı əməl edilməlidir.

Qüdsü və Nəbəvi hədis:

Mənası Allaha, ləfzləri isə Peyğəmbərə (s.a.s) aid olan hədislərə «qüdsi» hədis, məna və ləfzi Peyğəmbərə (s.a.s) aid olan hədislərə də «nəbəvi» hədis deyilir.
Allah tərəfindən gələn vəhy olmaları baxımından, Quran ayələri ilə qüdsi hədislər arasında bir fərq yoxdur. Lakin Quran, həm anlamı, həm də ləfzi baxımından Allaha aid ikən, «qüdsi» hədis yalnız məna baxımından Allaha aiddir.

Quran ilə qüdsi hədis arasında digər fərqlər bunlardır:

a) Qüdsi hədis namazda oxunmaz
b) Dəstəmazsız toxunulması caizdir.
c) Ləfzi Allaha aid olmadığı üçün Quran kimi möcüzəvi deyildir.
d) Ləfzi rəvayəti şərt olmayıb, sadəcə məna olaraq rəvayət olunması caizdir.
Qüdsi hədisin ilk qaynağı Allah olduğu və əsasən xitab ondan gəldiyi üçün rəvayət edilərkən əvvəlinə «Peyğəmbərin (s.a.s) rəvayət etdiyinə görə Allah Təala belə buyurdu» və ya «Rəsulullah (s.a.s) Rəbbindən rəvayət etdiyi hədisdə belə buyurdu» bir şəkildə rəvayət ləfzi gətirilir.
Digər hədislərə görə qüdsi hədislərin sayı çox azdır.
Hədisin dindəki önəmli yeri zamanla müstəqil bir elm halına çevrilməsinə səbəb olmuşdur. Hədis alimləri İslamda Qurandan sonra ən önəmli yeri tutan bu elm sahəsini, səhih olanını səhih olmayandan ayırmaq üçün hədisin sənəd və mətninin araşdırılmasından bəhs edən bir elm olaraq tanıtmışdırlar.

Hədis elmləri;

1) Rivayətul-hədis elmi: Peyğəmbərin (s.a.s) sünnətini (hədisləri) toplayan, nəql edən elm.
2) Dirayətul-hədis elmi: Hədislərin səhihlik vəziyyətini müəyyənləşdirmək, sənəd və mətnlərin vəziyyətlərini anlamağa imkan verən elmdir.
3) Cərh və Tə'dil elmi: Səhabələri çıxmaq şərti ilə bütün hədis ravilərinin doğruluq və onlara güvəniləcəyini araşdıran bir elmdir. Ümumi olaraq ravilər adlarına və künyələrinə görə sıralanır və hər birinin həyatı, kimlərdən hədis rəvayət etdiyi, kimlərə hədis nəql etdiyi, ravilər arasındakı yeri, ədalət və doğruluq vəziyyətləri , onun haqqında hədisçilərin fikirləri ifadə edilir.
4) Ravilər tarixi elmi: Hədis rəvayəti baxımından ravilərin tərcümeyi-hallarını verən elmdir. İbn Sa'dın «Tabaqat», Buzarinin «Tarix», İbn Həcərin «Əl-İsabə» əsərləri bu elmin ən məhşur qaynaqlarındandır.
5) Hədislərin varid olma səbəbləri elmi: Hədislərin söyləniş səbəblərini müəyyən etməyə çalışan elmdir. Hədislərin daha yaxşı başa düşülməsi üçün Süyutinin «Əl-Lüma» adlı əsəri vardır.
6) Qaribul-Hədis elmi: Hədis mətnlərində keçən az işlənildiyi və ərəbcəyə sonradan girdiyi üçün başa düşülməsi çətin olan kəlmələrin açıqlanması bu elmin mövzusunu təşkil edir.
7) İləlül-Hədis: Hər kəsin aşkar edə bilməyəcəyi, lakin hədis alimlərinin müəyyən edə biləcəyi və hədisin səhihliyinə əngəl olan gizli qüsurları araşdıran bir elmdir. Əhməd bin Hənbəlin «Kitabul-İləli» bunlardandır.
8) Muxtəliful-hədis elmi: Bu elm əslində olmadığı halda, xarici görünüşü baxımından aralarında mübahisə var kimi görünən hədisləri ələ alır, görünən bu mübahisəni aradan qaldırır.
9) Nəsx və Mənsux elmi: Biri digərinin hökmünü ortadan qaldıran hədislərdən bəhs edən elmdir. Bu sahənin ən önəmli qaynağı Haziminin «Əl-İ'tibar» adlı əsəridir.

Hədislər günümüzə necə çatmışdır.

Quran ayələri nazil olduqca onları hədis katiblərinə yazdıran Peyğəmbər (s.a.s) qabaqlar öz hədislərini yazmağı qadağan etmiş, lakin hədisləri bir-birinə rəvayət etmələrinə izn vermişdir. Bu qadağanın səbəbi, əshabın Quranla hədisləri bir-birinə qarışdırmaq təhlükəsilə, ərəb yazısının təkmilləşməmiş olması, oxuma yazma bilənlərin azlığı, yazı əşyalarının azlığı kimi səbəblər ola bilər. Daha sonralar bu problemlər ortadan qalxdıqda və ya azaldıqda Peyğəmbərin (s.a.s) hədislərin yazılmasına izin verdiyini görürük.
Hədis yazan 30-40 səhabədən biri olan Abdullah bin Amr 1000-ə qədər hədis yazmış və bunları bir səhifə halına gətirmiş, adına da «Əs-Səhifətus-Sadıka» (Doğru səhifə) deyilmişdir. Sağlığında Peyğəmbərdən (s.a.s) bir çox hədis rəvayət edən səhabə Onun (s.a.s.) vəfatından sonra bunları başqalarına nəql etmiş, beləcə hədislər həm sözlü, həm də yazılı bir şəkildə sonrakı nəsillərə gəlib çatmışdır.

Başlıca hədis qaynaqları bunlardır;

1. Buxari və Müslimin «əl-Cəmius səhih» əsərləri
2. Əbu Davud, Tirmizi, İbn Macə, Nəsainin «Sünən» əsərləri
3. Əhməd bin Hənbəlin «Müsnəd» əsəri
4. İmam Malikin «Muvatta» əsəri

Cavid Musayev
Bakı Dövlət universitetinin İlahiyyat fakültəsinin tələbəsi


Tarix: 17.04.2013 / 15:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 570 Bölmə: Maraqlı melumatlar