beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QƏLBLƏRİN QIFILI

Allahın kitabını oxuyarkən qəlbin titrəməsi, hisslərin və duyğuların çoşması necə də gözəldir! Mənaları dərk etmək, yaşamaq, onların ürəyə yayılan bir məlhəm olduğunu hiss etmək insana necə də xoş hisslər bəxş edir! Rəbbin kəlamının qəlbə, ağıla şəfa və mərhəmət olduğunu bilərək təsirlənmək necə də əvəz olunmazdır!

Rəbbimizin kəlamını aram-aram oxuyarkən, dildə və dodaqlarda səsə çevrilməsi olduqca xoşdur. Amma bu kəlam qəlbimizdə də yer tutmalıdır. Tutmalıdır ki, həyatımıza tətbiq edə bilək. Tutmasa onu oxumağın bizə nə faydası dəyər?!

Bilirsinizmi, Peyğəmbərimiz [s.a.s] bəzən bütün gecəni namaz qılarkən yalnız bir ayəni təkrarlayardı. Bir tək ayə ilə sabah namazına qədər ayaq üstə dayanar, o ayənin mənasının əzəmətindən başqa ayəyə keçə bilməzdi. Belə ayələrdən; “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” [Maidə, 118]. Rəbbimizin kəlamlarını dərindən anlamaq istəyəndə, aram-aram oxuyarkən insanın önündə üfüq açılır.Ayələrin mənaları daha çox genişlənir. İnsan elə bil həmin ayəni yeni oxuyurmuş kimi hiss edir. “Tam zamanında gəldi bu ayə” deyə düşünür. Qəlb açılır və hətta əvvəllər anlaya bilmədiyi mənaları duymağa başlayır. Rəbbimiz o möminin qəlbinə sanki bir rəhmət toxumu atır, duyğularını cilovlaya bilmir mömin və ayənin təsiri onun hərəkətlərində, rəftarında və əxlaqında əks olunur.

Hər zaman xatırladılır və bir daha xatırlayaq ki, Rəbbimiz insanlara Quranı necə oxumağı buyurmuşdur; “Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” [Muhamməd, 24]. Quranı sadəcə oxumaq deyil, onun ayələrini düşünmək, fikirləşmək, təfəkkür edib anlamağa çalışmaq lazımdır.

“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların [kafirlərin] ancaq ziyanını artırır.” [İsra, 82]. Mömin, Rəbbinin kəlamını qəlbi ilə oxumasa o ayələr onun qəlbinə şəfa və məlhəm olarmı?! Ayələrin mənaları yalnız təfsir kitablarında və alimlərin dediklərində məhdudlaşmır. Bəzən Allah, Onun ayələrini oxuyan möminin qəlbinə elə ilham nazil edir ki, heç bir təfsir kitabında olmayan mənalar; anlayır, başqa qapılar açılır önündə. Təfsirlərdə qeyd olunmayan mənaları görə bilməsi bir səhv deyil ki. Əslində ayələrin mənalarını yalnız təfsirlərdə olanlarla inhisarlaşdırmaq özü bir səhvdir. Bu zaman adamın yadına, – Allah rəhmət etsin, – Şeyx Şa’ravi düşür. Quran ayələrindən xatirələr hazırlayar və o xatirələr barəsində söhbətlər edərdi. Qurandan qəlbinə toxunan, könlünü titrədən ayələrdən yeni-yeni mənaları məclislərdə camaatla bölüşərdi.
Elə bunlarla yanaşı Şeyx Seyid Qutubun da müəllif olduğu kitabı qeyd etmək olar. O, kitabına “Quranın kölkələrində” adını vermişdi.

Təbii ki, bu cür yanaşmalar əvvəlki təfsirçilərdə də olmuşdur və onlar da Quranı təfsir etdikdən sonra kitablarına müxtəlif adlar vermişdilər. Məsələn; İbn Kəsir “Əzəmətli Quranın təfsiri”, İbn Cərir “ət-Tabari”, əs-Süyuti “Səpələnən mirvarilər”, əz-Zəməxşəri “Kəşşaf”, Qurtubi “Əhkam ayələlərinin məcmuası”, beləcə Əbi Ssəud və başqaları da olmuşdur. Çünki onlar Allahın ayələrindəki muradı tapmaq və çatdırmağa çox önəm vermişdilər. Beləcə əsrlər keçdikcə bu ümmətin yeni-yeni alimləri Qurandan daha çox mənalar kəşf edəcəklər. Quran daim yenilənir, çünki bu bir həyat kitabıdır. Dövran nə qədər dəyişsə də, Quran da hər zamana uyğunlaşacaqdır.

Quranın mənalarını duymaq, anlamaq və araşdırmaq mühüm məsələdir. Amma təbii ki, Qurandan mənalar çıxarmaq, onu təfsir etmək hər bir adamın işi deyil. Bunun üçün ilkin fundament, əsaslar, prinsiplər olmalı və müəyyən qaydalara riayət edilməlidir. Məsələn;

1.Qurani Kərimin cizgiləri, sərhədləri, çərçivəsi və şərtləri. Bunu dedikdə ilk ağla gələn onu düzgün oxumaqdır. Təbii ki, bu da doğru fikirdir. Onu düzgün oxumaq, tələffüz etmək və təcvid qaydalarını bilməkdir. Bu, Quranın cizgilərini təsəvvür etməyə ilk addımdır. Bunsuz kəlamları anlamaq, məfhumunu dərk etmək qeyri‐mümkündür.
2.Ərəb dilini tam, düzgün və dərindən bilmək. Rəbbimiz buyurub ki; “Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, [mənasını] anlayasınız.” [Yusuf, 2.] Başqa bir ayədə də “[Biz onlara] heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə [Allahdan] qorxsunlar.” [Zumər, 28]. Ayələrə diqqət etsək, Allah təala “ərəb dili”ni qeyd edərək bizə xitab edir. Burada “dil”in nə qədər önəmli olduğuna və “dil”i bilmənin əhəmiyyətinə işarə vardır. Deməli ərəb dilinin bütün qaydalarını, qrammatikasını, ədəbiyyatı və sairə kimi amillərini bilmək mütləqdir.
3.Qurani Kərimdəki ortaq və ümumi mənaları bilmək lazımdır ki, Allah təalanın buyurmadığı və ayənin muradı olmayan tamam başqa mənalar ortaya çıxmasın.
4.Yalnız lüğəvi və fiqhi çərçivədə ilişib qalmamaq mühümdür. Təbii ki, fiqhi və lüğəvi əsasların hamısını tam bilmək məcburi olsa da, mənaları araşdırarkən, murada yetişmək istərkən dar çərçivə daxilində oturub qalmaq doğru deyil.
5.Qurani Kərimin buyuruqlarına riayət etmək, o həyat kitabının göstərdiyi kimi yaşamağa çalışmaq, qoyduğu həddi-hüduda riayət etmək, bir sözlə Quranı həyat düsturu etmək gərəkdir. Həsən əl-Basri deyir ki; “Sizdən əvvəlkilər Qurani Kərimi Rəblərindən göndərilən məktublar kimi qəbul edərdilər. Gecələri onu oxuyub araşdırar, gündüzləri isə həyata keçirməyə çalışardılar.”
6.Təbii ki, Quranı çox oxumalıdır, daim tilavət etməlidir. Beləcə möminlə Quran arasında bir yaşantı bir rəftar ortamı yaranır. Qurana daha yaxın olmaq, daha çox vaxt keçirmək istədiyi üçün Quran da ona daha çox yaxınlaşacaqdır. Mömin Rəbbinin kəlamına nə qədər çox vaxt versə, Rəbbi də o qədər gizli və sirli mənaları açar onun üçün.
7.Gecələri çox namaz qılmaq çox əhəmiyyətlidir. Çünki gecə vaxtı təmiz, saf və pak olur. Quranın qəlbə yatması da daha asan olur.
8.Quranın üfüqünə qərq olmaq, mənalara və ayələrin muradına çatmaq istəyirsən mömin, bütün maneələrdən uzaq olmalıdır. Onun fikrini dağıda biləcək heç bir şey qalmamalıdır. Fikri və qəlbi ilə tam olaraq Qurani Kərimə yönəlməli və bunun üçün də təbii ki, qabaqcan yerini hazırlamalı, pak, təmiz və hazır gəlmək lazımdır.
9.Qurani Kərimi tam ixlasla və səmimiyyətlə oxumaq vacibdir.
10. Möminin o mənaları bölüşə biləcəyi, onu anlayan və düzəlişlər edə biləcək həmdəmi, dostu, yaxını olmalıdır.

İbn Məsud nə gözəl demişdir; “Quran daşıyan seçilməlidir. İnsanlar yatanda gecələri ilə, insanlar yeyəndə gündüzlərilə, insanlar fərəh içində olanda hüznü ilə, insanlar gülərkən ağlaması ilə, insanlar nə olsa danışarkən susması ilə, insanlar qürurlanarkən təvazökarlığıyla.” Qurani Kərim elmini daşıyan mömin bəndə bunlarla tanınmalı və fərqlənməlidir. İbn Məsud o insanı məhz belə vəsf edib.
Fudeyl bin İyad da başqa bir kəlam ilə vəsf etmişdir Qurani Kərim alimini; “Qurani Kərim daşıyan İslamın bayrağını daşıyır, əylənənlərlə əylənməməli, boş vaxt keçirənlərlə olmamalı, nə də lağ-lağı edənlərlə bir araya gəlməlidir. Bu, Qurani Kərimin haqqını uca tutmaqdır.”
İbrahim əl-Xəvvas deyib ki; “5 şey nəfsin dərmanıdır: Quran oxuyub onu diqqətlə araşdırmaq, mədəni boş tutmaq, gecə namazı, sabah namazı vaxtı ONA yalvarış və saleh insanlarla oturub durmaq.”

Allah bizlərə Quranı haqqıyla oxuyub, onu anlamağı, dərk etməyi və buyurulanlarla əməl etməyi nəsib etsin!


Tarix: 05.01.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 929 Bölmə: Maraqlı melumatlar