beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Samuraylar

“Ağalarına, sahiblərinə sədaqətlə xidmət edənlər” – samuraylar I əsrdə mövcud olmuşlar. Samuray deyəndə, şübhəsiz ki, Yaponiya göz önünə gəlir.

Çünki samuraylar Yaponiyada yaranmış, yaşamış və fəaliyyət göstərmişlər. Samuraylar sahiblərinə bir növ mühafizə, cangüdən xidməti göstərmişlər. Yaponiyada I əsrdən XIX əsrədək samuray xidmətindən istifadə olunmuşdur. XIII-XVI əsrlərdə isə samuraylardan hərbiçi kimi də istifadə olunub.

“Samuray” sözü qədim yapon dilindən tərcümədə — “ali mənsəbə məxsus insanlara xidmət”, “sahibinə qulluq” mənasındadır. Samuraylar sahiblərinin həm özünü, həm əmlakını, həm də ərazisini qoruyurdular.

Samuray xidməti I əsrdə yaranmasına baxmayaraq, VII-VIII əsrlərdə bu xidmətdən daha geniş istifadə olunurdu. Çünki o zamanlar Yaponiyada feodal- monarxiya dövlətçilik quruluşunun ən “inkişaf” edən dövrü idi.Bütün torpaqlar şəxsi mülkiyyətə verilmiş və iri feodallar hökmranlıq edirdilər. Həmin dövrlərdə feodallar arasında silahlı toqquşmalar tez-tez baş verdiyi üçün iri feodallar ozünün, əmlakının, ərazisinin təhlükəsizliyi üçün samuraylar saxlayırdılar.

Samurayları adi kəndlilərdən silahları fərqləndirirdi və samuraylar onlar üçün ayrılmış xüsusi kəndlərdə yaşayırdılar. O zamanlar adi insanlara hər hansı bir silah saxlamaq və ya gəzdirmək qəti qadağan olunmuşdu. Sonralar samuray bir peşəyə çevrildi və nəsildən-nəsilə ötürülürdü. Gələcəyin samuraylarına xüsusi təlimlər keçirilir, cəsurluq, silahlardan məharətlə istifadə etmək öyrədilirdi. Bir sözlə, hərbiçi sənəti öyrədilirdi. Ancaq tanınmış zadəgan və tanınmış samuray ailələrindəki oğlan uşaqlarına bu cür tərbiyə verilir, təlimlər keçirilirdi.

samuraylar
Ümumiyyətlə, samuraylıq Yaponiyada həmişə sayılan, seçilən peşə olub. Samuraylar arasından məşhur adamlar da az çıxmayıb (məsələn: məşhur siyasətçi, məşhur rəhbər, hökmdar… və s.).

Deyilənə görə, alicənablıq, düzgünlük, əxlaqlı davranış samurayların qanında olub. Yəni – alicənablıq – samurayların ən üstün xasiyyətlərindən olub. Samuraylar o dərəcədə əxlaqlı, əqidəli olurdular ki, təhqir olunmaqdansa, özlərinə qəsd etməyi daha üstün tuturdular.

Samuraylar bir çox xüsusiyyətlərinə görə, Avropa cəngavərləri ilə eynidirlər. Hər ikisində də özlərinə məxsus şərəf, vicdan kodeksi olmuşdur.

Samuraylar həmişə qılınclı təsvir olunublar. Elə dövrlər olub ki, samuraylar bir deyil, 2 və daha artıq qılınc gəzdiriblər. Sonralar samuraylar odlu silahlardan da istifadə etməyi öyrənmiş və özləri ilə odlu silahlar da gəzdirmişlər.

Samuraylar arasında bəzi hallarda qadınlar da olmuşdur. Bu qadınlar silahlardan çox məharətlə istifadə etməyi bacarırmışlar.


Tarix: 10.12.2014 / 18:32 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Maraqlı Melumatlar