Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən uzun xalçası

Azərbaycanda xalçaçılıq nümunələrinin yarandığı ilk şəhərlərdən biri Təbrizdir. Təbriz xalçaçılarının toxuduqları ən məşhur xalçaçılıq nümunəsi “Ərdəbil xalçası«dır. Bu xalça uzun müddət dünyanın ən böyük xalçası olmuşdur. Uzunluğu 11,5 m, eni 5,34 m, ümumi sahəsi 61 m2 olan xalça dünyanın nadir xalçalarından biridir.

1539-cu ildə Səfəvi hökümdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. Xalçanın digər adı „Şeyx səfi” xalçasıdır. “Şeyx Səfi” xalçası 1893-cü ildə auksionda satılarkən İngiltərəyə gətirilib. Bəzi məlumatlara görə, xalçanı “Ziegler & Co.” adlı xalçaçılıqla məşğul olan bir şirkətə satıblar. Xalçanın satılması ilə əlaqədar danışıqların 1888-ci ildən başlanması barədə söhbətlər də var. 1892-ci ildə Londonda “Vincent Robinson & Co.” şirkəti tərəfindən ticarət evində böyük bir xalça satışa çıxarılıb. Həmin xalça məhz Şeyx Səfi (Ərdəbil) xalçası olub. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulub. Xalçanın şöhrəti tezliklə Viktoriya və Albert muzeyinin rəhbərliyinə də çatıb. Muzeyin William Morris adlı dizayneri bu xalçanın möhtəşəm olmasını muzeyin rəhbərliyinə çatdırıb və onun mütləq muzeydə olmasının vacibliyini qeyd edib.

Ərdəbil xalcası

Muzeyin xalçanı almaq üçün lazımi məbləğdə pulu olmadığı üçün rəhbərlik londonlulara müraciət edib. Xalçanın İngiltərədə qalması, muzeyə verilməsi üçün pullar yığılmağa başlanıb. Çox qısa müddət ərzində 2000 funt sterlinq məbləğində pul toplanıb və xalça həmin dövrdə John Henry Middleton-un (1893-96-cı illərdə muzeyə rəhbərlik edib) rəhbərlik etdiyi “Viktoriya və Albert” muzeyinin ən qiymətli eksponatlarından birinə çevrilib. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Hazırda xalça böyük və xüsusi şüşə içərisində qorunur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan xalçaçılıq mədəniyyətinin əvəzsiz incisi olan bu mükəmməl sənət əsərinin təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir.


Tarix: 26.11.2014 / 13:10 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqlı Melumatlar
loading...